PDF Oxu

Siyasət

  • 28

Leyla xanım Əliyevanın genişmiqyaslı layihələri Azərbaycan həqiqətlərini dünyaya bəyan edir

Cibutidə İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanıması görülən işlərin məntiqidir

Leyla xanım Əliyevanın genişmiqyaslı layihələri Azərbaycan həqiqətlərini dünyaya bəyan edir

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı görülən işlər öz nəticəsini verib. Müasir dövrümüzdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyalı Azərbaycanlı Gənclər Təşkilatının sədri, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın həyata keçirdiyi genişmiqyaslı layihələr Azərbaycan diasporunun fəaliyyətində əhəmiyyətli rol oynayır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirdiyi zamanda Leyla xanım Əliyeva genişmiqyaslı layihələrlə çıxış edərək, Azərbaycan həqiqətlərini dünyaya bəyan edir.

Bu gün RAGT Rusiyanın bütün regionlarını əhatə edən və ölkələrimizin gələcəyi üçün çox böyük əhəmiyyətə malik olan mühüm gənclər təşkilatlarından birinə çevrilib. Məlum olduğu kimi, RAGT-ın 70-dən artıq regional bölməsi vardır. Rusiyanın bir sıra ali məktəblərində Azərbaycan gənclik qrupları yaradılıb. Gənclər mütəmadi olaraq müxtəlif müsabiqələr, sərgilər, konfranslar təşkil edir, humanitar və xeyriyyə layihələrində - "Qanın milləti yoxdur" devizi altında pulsuz qanvermə aksiyası, beynəlxalq İDEA hərəkatının layihələri və digər tədbirlərin həyata keçirilməsində fəallıq nümayiş etdirirlər.

Xaricdə yaşayan azərbaycanlı gənclər ölkəmizdə yaşanılan həqiqətləri dünya birliyinə çatdırır və Vətənimizin, dilimizin, mədəniyyətimizin, ənənələrimizin qorunmasında birmənalı çıxış edirlər. RAGT bir təşkilat kimi sülh və firavanlıq aşılayır.

Bütün görülən işlərdən belə qənaətə gəlinir ki, müasir dövrümüzdə RAGT gəncləri təşəkkül və cəmiyyətdə özünütəsdiq yolu ilə savadlı və etibarlı şəkildə irəli aparan təşkilatdır. Özünün belə böyük coğrafi əhatə dairəsi və geniş maraqları sayəsində haqlı olaraq ümumrusiya təşkilatına çevrilmiş RAGT Rusiyada yaşayan minlərlə azərbaycanlı gənci ictimai fəaliyyətə cəlb etməyə nail olub və bu iş davam etdirilir. Leyla xanım ölkəmizin hüdudlarından kənarda Azərbaycanın imicinin formalaşması, həqiqətlərin ictimaiyyətə çatdırılması məsələsinə düşünülmüş, məqsədli şəkildə yanaşır. Belə ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Leyla xanım Əliyeva tərəfindən bu kampaniya dünyanın 50 ölkəsində həyata keçirilir və onun fəallarının yorulmaz əməyinin nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalıda törədilmiş vəhşilikləri soyqırımı kimi tanımışdır. Bundan əlavə, Xocalı dəhşətləri Meksika və Pakistan parlamentləri tərəfindən də soyqırımı kimi qəbul olunmuşdur. Bu günlərdə isə Cibutidə İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanımışdır. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 39-cu sessiyasında Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun fəaliyyətləri ilə bağlı qurumun təqdim etdiyi qətnamə layihəsi İƏT XİNŞ tərəfindən həmin sessiyada qəbul edilib. Beləliklə, İƏT XİNŞ Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanınıb.

Forum tərəfindən təqdim edilən qətnamə layihəsində qurumun gördüyü işlər arasında DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayından həyata keçirilən "Xocalıya ədalət" kampaniyasına dair xüsusi bənd ayrılıb. Bu bəndə əsasən, İƏT XİNŞ üzvü olan ölkələri və İƏT-in qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək olmağa, bu soyqırımı aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün səy göstərməyə çağırıbdır.

Görülən işlərin nəticəsidir ki, 20 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımı nəticəsində 613 dinc sakinin qətlə yetirildiyi dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bu görülən işlər Leyla xanım Əliyevanın dediyi kimi "...etdiklərimizin heç biri Xocalı soyqırımının yaralarını sağalda bilməz. Bizim edə biləcəyimiz yalnız həmin dəhşətli tarixi yad etmək və qətliam zamanı öldürülən və ya ömürlük əlil olan uşaq, qadın və kişiləri unutmamaqdır".

Həqiqətən də, Xocalıda baş verənlərin ağrısı bu günədək hiss olunur. Bu ağrılar Leyla xanım Əliyevanın fəaliyyətində dünyaya bəyan edilir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər