Noyabr ayının 22-23-ü tarixlərində Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası keçirildi. Assambleyada iştirak edən və səslənən fikirlərə əsasən, demək olar ki, bu iki gün ərzində Azərbaycan Avrasiya geosiyasi məkanının aparıcı partiyalarının siyasi dialoq platformasına çevrildi. Tədbirdə 30-a yaxın ölkənin 55-dən çox siyasi partiyasını təmsil edən 220 nümayəndənin iştirak etdiyi və 84 məruzənin dinlənildiyi assambleya sözügedən məkanın problemlərinin müzakirə olunduğu ali forum təsiri bağışladı.
İCAPP müasir dünyamızı düşündürən aktual çağırışlara xüsusi diqqət yetirir
Əhali potensialının 2 milyarda yaxın olan regionları birləşdirən, həmin bölgələrdəki ölkələrarası əməkdaşlığın gücləndirilməsini prioritet vəzifə kimi qarşıya qoyan İCAPP artıq qlobal səviyyədə ciddi qurum tək qəbul edilir. Çünki onun müzakirəyə qoyduğu predmetlər birbaşa olaraq, modern cəmiyyətləri narahat edən məsələlərdir. Elə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının iştirakçılarına göndərdiyi məktubda "Asiya və Okeaniyanın 300-dən çox siyasi partiyasını birləşdirən bu mötəbər qurum ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün uğurlu platformadır" deməklə, Assambleyanın əhəmiyyətini diqqətə çatdırmışdı. Məktubda vurğulanır ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının müasir dünyamızı düşündürən aktual çağırışlara xüsusi diqqət yetirməsini təqdirəlayiq hal hesab edirəm: "Qloballaşan dünyamızın müasir siyasi mənzərəsinin formalaşmasında Asiya regionu ölkələrinin rolu və əhəmiyyəti gündən-günə artır. Hazırda Asiya dünyanın iqtisadi mərkəzinə çevrilməkdədir. Aparıcı Asiya dövlətlərinin dinamik inkişafının kökündə dayanan yeni iqtisadi modellərin öz təsdiqini tapması dünya iqtisadi sisteminin əsas meyillərini təşkil edir. Müasirləşən Asiya zəngin mədəniyyəti, nəhəng iqtisadi potensialı və insan resursları ilə bəşəriyyətin gələcək taleyinin müəyyən edilməsinə böyük töhfə verir. Elə dövlət müstəqilliyinin 21-ci ildönümünü böyük iqtisadi və sosial yüksəlişlə qeyd edən Azərbaycan da iqtisadi inkişafın "Azərbaycan modelini" yaratmağa nail olmuşdur".
Assambleyaya olan maraq regional deyil, qlobal xarater daşıyırdı
Ümumiyyətlə, keçirilmiş assambleyaya olan maraq regional deyil, qlobal xarater daşıyırdı. Elə BMT baş katibi də iştirakçılara ünvanladığı müraciətdə deyirdi ki, Baş Assambleyanın iştirakçı ölkələri bir-birinin təcrübəsindən faydalanaraq, beynəlxalq və regional əməkdaşlıq sahəsində yeni imkanları lazımınca dəyərləndirəcək və dövrümüzün bu aktual problemlərinin həllinə layiqli töhfələrini verəcəklər. 2000-ci ildə ilk assambleyasını keçirəndən bəri ICAPP inkişaf edərək regionun müxtəlif dövlət, müxalif və müstəqil qurumları arasında dialoq və əlaqələndirmə forumuna çevrilib: "Bu assambleya gələcəkdə sabitliyə, tərəqqiyə, azadlığa gətirib çıxaracaq, qarşılıqlı anlaşma körpülərinin yaradılması üçün bir imkandır. Bu yolda addımlayarkən, sizi zəmanəmizin demokratik axarına uyğun olaraq qadınlara, gənclərə və vətəndaş cəmiyyətinə də səlahiyyətlər verməyə çağırıram. BMT öz növbəsində enerjidən tutmuş təhsilə, münaqişələrin qarşısının alınmasından tutmuş fəlakət risklərinin azaldılmasına qədər bütün məsələlərdə sizin tərəfdaşınız olaraq qalacaqdır".
Bəşəriyyətin inkişafının yeni istiqamət və formaları müəyyənləşdirilir
Qeyd edək ki, insan və təbii resursları ilə dünyanın ən zəngin və böyük regionu olan Asiya ölkələrində özünü göstərən inkişaf modelləri bəşəriyyətin yeni istiqamət və formalarını müəyyənləşdirməkdədir. Bu bölgədə yerləşən dövlətlərin bəzilərinin sıçrayışlı inkişaf nümayiş etdirməsi, siyasi sahədə daha çox sivil metodların intişar tapmasını həyata keçirməsi yeni modellərin meydana çıxmasını şərtləndirmişdi. Bu dövlətlərin müasir dövrün eyni tələblərilə qarşılaşması və birgə axtarış aparmalı onların bir xətt üzərində düzülmələrini də labüdləşdirir. Bu mənada, İCAPP daxilində siyasi dialoqun təşkil olunması Avrasiya məkanı üçün yeni münasibətlər vəd edir. Məhz son illərin ən sürətli inkişaf dövrünü yaşamış Azərbaycan dünyanın ən böyük regionunun siyasi partiyalarını birləşdirən İCAPP-ı mötəbər beynəlxalq quruma çevirmək missiyasında əhəmiyyətli addım atdı. Hətta bu assambleyanın təşkilinə cavabdeh olan Yeni Azərbaycan Partiyası bu siyasi münasibətlərin daha ha inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün İCAPP-in gənclər və qadınlar qolunun yaradılması təklifini də irəli sürdü. YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov bununla bağlı assambleyadakı çıxışında bildirib ki, əhalisinin əhəmiyyətli hissəsini gənclərin təşkil etdiyi Asiya regionunda belə bir qurumun yaradılması çox mütərəqqi haldır: "Eyni zamanda, gənclərin fəallığını daha da artırmaq, Asiya gənclərinin birliyinə dəstək vermək üçün İCAPP çərçivəsində gənclərin festivalının keçirilməsi də maraqlı və faydalı olardı. Yeni Azərbaycan Partiyası belə bir festivalın Azərbaycanda keçirilməsinə məmnuniyyətlə təşkilatçılıq edə bilər.
Digər təklifimiz Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Təşkilatının yaradılması ilə əlaqədardır. Asiya bölgəsi üçün belə bir qurumun yaradılmasının nə qədər önəmli olduğunu əsaslandırmağa, yəqin ki, heç bir ehtiyac yoxdur. Düşünürəm ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı Qadınlar Təşkilatının yaranması barədə ilkin razılaşma VII Baş Assambleya çərçivəsində qadın iştirakçıların yığıncağında qəbul oluna bilər".
Azərbaycan həqiqətləri yalana yer buraxmadı: erməni fiksiyası boykot edildi
Assambleyanın keçirildiyi müddət ərzində qonaqların böyük əksəriyyətinin Azərbaycanın inkişafından heyrətə gəldiklərini və ölkəmizin tərəqqi modelinin digər ölkələr üçün təcrübə olduğunu məmnuniyyətlə dilə gətirirdilər. Assambleyada ümumi fikir ondan ibarət oldu ki, Avrasiya regionunda perspektiv əməkdaşlıq və inkişaf yalnız təhlükəsizlik tədbirlərinin həyata keçirilməsindən asılıdır. Bu mənada da assambleyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində oldu və bütün iştirakçılar da problemin tezliklə sülh yolu ilə həll edilməsinə tərəfdar olduqlarını nümayiş etdirdilər. Hətta Ermənistanın nümayəndəsi Ovannisyanın assambleyanın gedişatında çıxış edərək, həyasızcasına yalan danışması da diqqətdən yayınmadı. Onun blefləri iştirakçılar tərəfindən qəbul edilmədi və çıxışı baykot edildi. Hər bir iştirakçı əlini stolun üstünə vurmaqla onu iclası tərk etməyə məcbur etdilər.
Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür
Eyni zamanda, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilmiş assambleyanın yekununda qəbul edilmiş Bakı Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənib. Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü vurğulanır. Bakı Bəyannaməsində deyilir: "Biz, Cənubi Qafqaz regionunda ədaləti, qanunun aliliyini, eləcə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri dəstəkləyirik. Bildiririk ki, Azərbaycanın ərazi bütövlüyü pozulmazdır. Biz Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin regionda sülhün, barışığın və təhlükəsizliyin təmin edilməsi, ölkədə demokratik strukturların gücləndirilməsi ilə bağlı mövqeyini yüksək qiymətləndiririk".
Siyasi partiyaların yeni əməkdaşlıq forması - İCAPP
Bir sözlə, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilmiş assambleya nəticəsinə görə, Azərbaycanı bütün dünyanın diqqət mərkəzinə gətirmiş oldu. İCAPP siyasi partiyaların siyasi dialoq platforması kimi dünya dövlətlər üçün nümunəvi əməkdaşlıq forması təqdim etdi. Azərbaycan isə bu əməkdaşlıq platformasının formalaşdırılmasına ən böyük töhfəsini vermiş oldu. Artıq əminliklə deyə bilərik ki,bundan sonra Azərbaycan Avrasiya geosiyasi məkanının siyasi partiyalarının da dialoq məkanına çevrilir.
"Səs" Analitik Qrupu