İlham Əliyev: "Hər bir vətəndaş, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir"
Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən, səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Xüsusilə, səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da, öz növbəsində, səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur.
Azərbaycan Səhiyyə Nazirliyinin dekabrın 1-dən 31-dək "Sağlam həyat uğrunda" devizi altında profilaktik tədbirlər aylığı keçirməsi də bu deyilənlərin aşkar təzahürüdür. Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev mətbuata verdiyi məlumata görə, bu tədbirlər ölkənin bütün regionlarını əhatə edəcək: "Ulu Öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə səbəb olub. Dövlət başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə, uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun və fondun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır. Ümumiyyətlə, səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramlarının icrası uğurla davam etdirilməkdədir. Səhiyyənin prioritet sahələri olan şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə növbəti beş ili əhatə edən yeni proqramlar hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Xüsusi olaraq, dekakbrın 1-dən 31-nə kimi "Sağlam həyat uğrunda" devizi altında aksiya keçirəcəyik. Ölkə Prezidenti cənab İlham Əliyev vətəndaşlarla görüşü zamanı hər bir vətəndaşın, hər bir insanın ildə bir dəfə müayinədən keçməsini bildirmişdir: "Hər bir vətəndaş, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir", - deyən Azərbaycan Prezidentinin sözlərinə görə, keçmiş dövrlərdə bizdə bu praktika olmayıb: "Hesab edirəm ki, biz bu sahədə görülən bütün işlərlə bərabər maarifləndirmə işlərini də yüksək səviyyədə qurmalıyıq. İnsanlar bilməlidirlər ki, ildə heç olmasa, bir dəfə müayinədən keçərsə, o zaman xəstəliyi aşkarlamaq da asan olacaq". Dövlət başçısının bu dəyərli çağırışına cavab olaraq "Sağlam həyat uğrunda" devizi altında aksiya keçirəcəyik. SN-in elmi-tədqiqat institutlarının rəhbərlik etdiyi briqadalar regionlarda əhalinin profilaktik məqsədlə müayinə edilməsində iştirak edəcək. Aylığın məqsədi insanları sağlam həyat tərzinə cəlb etmək və bunun üçün müayinələr aparmaqdır".
E.Ağayev onu da vurğuladı ki, insanlar xəstələndikdən sonra onların müalicəsinin aparılması iqtisadi baxımdan baha başa gəlir: "İnsanların xəstəliklərinin vaxtında aşkarlanması və onları müalicə etmək səhiyyə işçilərinin əsas borcudur. Əfsuslar olsun, bizim ən böyük bəlamız odur ki, ayaq üstə duranda hər şeyin yaxşı olduğunu düşünürük. Xəstəliyi olmayan insanlar da proflaktik məqsədlə həkimlərə müraciət etməlidirlər. Belə bir tədbir Bakıda da təşkil olunacaq. Bu aksiyanın ildə iki dəfə keçirilməsi nəzərdə tutulur".
Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamının getdikcə artmasına sübutdur və bu göstəricilərinin gələcəkdə daha da yaxşılaşdırılması üçün zəmin yaradır.
Azərbaycan səhiyyə nazirinin müavini əhalini dekabrın 1-dən 31-dək "Sağlam həyat uğrunda" devizi altında keçiriləcək profilaktik tədbirlər aylığında aktiv iştirak etməyə çağırdı.
RƏFİQƏ HÜSEYNOVA