PDF Oxu

Siyasət

  • 17

Heydər Əliyev zirvəsi

Heydər Əliyev zirvəsi

Azərbaycan müasir dövlətçiliyi məhz Heydər Əliyev dühası sayəsində real məzmun və məna kəsb edib

Ümummilli Liderimiz Heydər Əliyev dövlət rəhbəri və nüfuzlu ictimai-siyasi xadim kimi 30 ildən artıq parlaq, unudulmaz fəaliyyəti dövründə Azərbaycanın tərəqqisinə, ölkənin ictimai, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrindəki dirçəlişə böyük töhfə verib. Azərbaycan müasir dövlətçiliyi məhz Heydər Əliyev dühası sayəsində real məzmun və məna kəsb edib. Yalnız əsil dövlət xadimi dövlətin, xalqın mənafeyini qoruya bilir, bununla bağlı ölçülüb-biçilmiş, tarazlaşdırılmış, məsuliyyətli qərarlar qəbul edir. Bu mənada, siyasət elmi digər elm sahələrindən daha mürəkkəb olduğu üçün nüfuzlu siyasətçinin uzaqgörənliyə, müdrikliyə, yüksək təşkilatçılıq qabiliyyətinə, siyasi lider olmaq bacarığına, güclü intuisiyaya, bütövlükdə, fitri istedada malik olması başlıca şərtdir.

Azərbaycanın tərəqqisinə, rifahına həsr olunan şərəfli ömür yolu

Müasir dövrdə hər bir dövlətin demokratik inkişaf yoluna sadiqliyi bəzi mühüm meyarlarla yanaşı, həm də hakimiyyətin xalqa xidmət göstəricisi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə hansı səviyyədə əməl etməsilə ölçülür. Xalqdan mandat almış hakimiyyət fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan sosial-iqtisadi islahatlar kursunu həyata keçirməyə çalışır. Ümummilli Liderimizin yüksək idarəçilik məharəti və böyük siyasi təcrübəsi sayəsində müstəqil, çiçəklənən və firavan Azərbaycanın təməli qoyulub. Ulu Öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Azərbaycan xalqı və dövlətinin gələcəyi üçün tarixi önəm kəsb edir.

Dahi Öndər Heydər Əliyev böyük, mənalı ömrünü Azərbaycan xalqının tərəqqisinə, onun rifahının yüksəlməsinə həsr edib, azərbaycanlıların dünya xalqları arasında şərəfli yer tutmasına, ölkəmizin elminin, mədəniyyətinin və intellektual səviyyəsinin inkişafına böyük səy göstərib. Heydər Əliyevin ümumilikdə dövlət rəhbəri və nüfuzlu ictimai-siyasi xadim kimi 30 ildən artıq fəaliyyəti ölkəmizin inkişafında, müasirləşməsində yeni mərhələdir. Ümummilli Lider ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın tərəqqisinə, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrdə dirçəlişinə böyük töhfə verib. Heydər Əliyev dühası sayəsində Azərbaycan müasir dövlətçiliyi real məzmun və məna kəsb edib.

Tarixin gedişini dəyişən böyük, dahi şəxsiyyət

Tarixən şəxsiyyət amili xalqların, millətlərin, dövlətlərin formalaşıb inkişaf etməsində, mövcudluğunda və çiçəklənməsində həmişə mühüm rol oynayıb. Güclü şəxsiyyətlər, bir qayda olaraq, tarixin gedişinə güclü təsir göstərə bilirlər. Bu tarixin sınağından çıxmış bir həqiqət, bir aksiomadır və real həyatda dəfələrlə öz təzahürünü, təsdiqini tapıb.

Hər xalqı, hər dövləti ilk növbədə onun rəhbəri, lideri ilə tanıyıb qəbul edirlər. Bu, bütün dünya xalqlarının qəbul etdiyi və dərin tarixi kökləri olan bir ənənədir. Bu mənada dövlət başçısı olmaq, siyasi liderlik hakimiyyətlə yanaşı, böyük məsuliyyət yükünün daşıyıcısı olmaq deməkdir. Bu mövqeyə iddialı olanların sayı kifayət qədər olsa da, siyasi hakimiyyət məsuliyyətini daşımağa heç də hər bir insan qadir deyil. Bundan ötrü yüksək pozitiv siyasi göstəricilər, başqa sözlə, xalqın böyük dəstəyinə və siyasi harizmaya söykənən əsil siyasi liderlik tələb olunur. XX əsrin məşhur siyasətçisi Uinston Çörçillin vurğuladığı kimi, yalnız bu böyük məsuliyyəti lazımi səviyyədə dəyərləndirən siyasi liderlər həqiqi dövlət xadimi ola bilirlər.

Müasir dövrdə "orta statistik" siyasətçiləri doğrudan da seçkilərdən başqa bir şey maraqlandırmır. Onlar daha çox prezident, parlament, bələdiyyə seçkilərini hədəf götürür, populist vədlər, taktiki siyasi gedişlər hesabına mövqe tutmağa, öz korporativ maraqlarını həyata keçirməyə can atırlar.

Siyasi uzaqgörənlik, novatorluq nümunəsi

Prinsip etibarı ilə, bu, anlaşılan və başadüşüləndir. Çünki yalnız əsil dövlət xadimi dövlətin, xalqın mənafeyini qoruya bilir, bununla bağlı ölçülüb-biçilmiş, tarazlaşdırılmış, məsuliyyətli qərarlar qəbul edir. Bu mənada, siyasət elmi digər elm sahələrindən daha mürəkkəbdir. Belə ki, siyasi proseslər bilavasitə ictimai həyatın bütün sferalarını əhatə edir.

Bəllidir ki, cəmiyyətlə onun siyasi təsisatları arasında üzvi bağlılıq, harmoniya mövcuddur. Burada siyasi novatorluq və uzaqgörənlik həlledici rol oynayır. Nüfuzlu siyasətçinin uzaqgörənliyə, müdrikliyə, yüksək təşkilatçılıq qabiliyyətinə, siyasi lider olmaq bacarığına, güclü intuisiyaya, bütövlükdə, fitri istedada malik olması başlıca şərtdir. Aydındır ki, cəmiyyət inkişaf etdikcə iqtisadi, sosial, siyasi və mənəvi proseslərin qarşılıqlı əlaqəsi daha sıx olur. Bu, dövlətin və cəmiyyətin idarə olunması məsələlərinə dərin, sistemli yanaşma zərurətini ortaya qoyur. Bütün bunlar dövlət və cəmiyyət səviyyəsində idarəetmə tiplərinin və növlərinin daha dərindən tədqiqini, onların qarşılıqlı şəkildə uzlaşdırılmasını tələb edir.

Sosial-siyasi proseslər kompleks şəkildə götürüldükdə idarəetmənin çoxcəhətli obyekti kimi çıxış edir. İdarəetmə prosesi öz-özlüyündə çoxcəhətlidir. Bu proses, hər şeydən əvvəl, insanın öz tələbatlarını reallaşdırmağa yönəlmiş məqsədyönlü fəaliyyətini ifadə edir. Müasir şəraitdə, elmi-texniki tərəqqi dövründə müəyyən funksional idarəetmə proseslərinin texniki vasitələr, kompüterlər və s. tərəfindən getdikcə daha fəal və uğurla həyata keçirilməsi elmlə praktikanın vəhdətinin təzahürü kimi meydana çıxır. Obyektiv olaraq bir istiqamətdə öz rolunu itirən insan amili digər istiqamətdə daha qabarıq şəkildə üzə çıxır.

Zirvədən-zirvəyə doğru

Bu baxımdan, Ümummilli Liderimiz Heydər Əliyevin böyük, mənalı, zirvədən - zirvəyə doğru yönələn, hər bir ləyaqətli azərbaycanlı üçün pozitiv nümunəyə çevrilən mənalı həyat yolu bizim hər birimizə dəyərli nümunə, hər bir vətən övladı üçün xoş örnəkdir. Heydər Əliyevin ömür yoluna, tərcümeyi-halına nəzər saldıqda, hər bir azərbaycanlı qürur duyur, qəlbində böyük fəxarət hissi oyanır. Ümummilli Lider, Azərbaycan dövlətinin banisi Heydər Əliyev çağdaş dünyanın siyasi tarixində iz qoyub getmiş, bu tarixə öz adını əbədi həkk etmiş böyük insandır. Qədim yunan filosofları o kəsləri dahi hesab edirdilər ki, o, heç kəsin görə bilmədiklərini görə bilsin, çətin sınaqlardan üzüağ, alnıaçıq çıxsın. Heydər Əliyev, məhz belə dahilərdən idi. Tarixi proseslərin dəfələrlə sınaqdan çıxardığı dəyişilməz bir postulat var - ölkələrin və xalqların tarixini, adətən, öz xalqı ilə mənən - fikrən bir olan böyük şəxsiyyətlər yaradırlar.

Məhz Heydər Əliyevin Azərbaycan və dünya tarixindəki rolu bu baxımdan dəyərləndirilməlidir. Heydər Əliyev ona görə güclü idi ki, o, dövlətçi idi, ona görə dövlətçi idi ki, ədaləti hər şeydən üstün tuturdu. Heydər Əliyev ona görə güclü idi ki, o hər hansı çətin bir məqamda gücün siyasətinə qarşı siyasətin gücünü qoyaraq, "haqlı adam güclüdür" düsturunu işə salırdı. Ədalətin zəfər çalması uğrunda bütün ömrü boyu çalışan Heydər Əliyev üçün "ədalət" və "dövlət" məfhumları arasında möhkəm bağlılıq var idi. İnsanlar antik dövrdən üzübəri ədalətli dövlət axtarışındadır.

Tarixdə əbədiyaşarlıq qazanan Lider

Heydər Əliyev fenomeni məhz bu axtarışın fonunda daha da əzəmətli, möhtəşəm görünür. O, həm sovet dönəmində, həm də müasir dövrdə - Azərbaycanın müstəqilliyinin bərpası, tanınması, möhkəmlənməsi illərində göstərdiyi misilsiz fəaliyyətə görə tarixdə əbədi yaşayacaqdır. Ümummilli Liderimiz bütövlükdə siyasi səhnəyə daxil olduğu illərdən - gənclik dövründən başlayaraq, özünü böyük şəxsiyyət kimi sübuta yetirmiş, qurucu insan, mahir idarəçi və düşüncə sahibi olduğunu göstərmişdir. Marksizm-leninizm nəzəriyyəsi tarixdə şəxsiyyətin rolunu həmişə inkar edib. Bu da, o məqsəd daşıyırdı ki, ayrı-ayrı xalqların öz liderləri ətrafında birləşməsi mümkün olmasın. Lakin bu yanlış nəzəriyyə tarixin qarşısında duruş gətirə bilmədi. Heydər Əliyev xalqın tarixində dönüş yarada bilən, xalqın tarixini dəyişə bilən bir Lider idi.

Ümummilli Liderimizin daha çox xatırlanan fəaliyyəti 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmasından sonrakı illərə təsadüf edir. Bu qayıdış xalqın tələbi və istəyi ilə həyata keçdi. Bu illər ərzində respublikamız iqtisadi inkişafa doğru istiqamət götürdü. Azərbaycan dünya birliyinə inteqrasiya etməyə başladı. Respublikamızın haqq səsi Heydər Əliyevin sayəsində beynəlxalq ictimaiyyətə çatdırıla bildi. Ən böyük problemlərimizdən birinin çözülməsinə, dünya azərbaycanlılarının təşkilatlanması prosesinə başlanıldı, diaspor hərəkatı geniş vüsət aldı. Heydər Əliyevin hakimiyyəti illərində dünya azərbaycanlılarının birliyi yaranmağa başladı. Bütün bunların səbəbkarı məhz Heydər Əliyev şəxsiyyətidir.

Müstəqil dövlətçiliyimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin mütərəqqi ideyaları bu gün Azərbaycan dövlətinin inkişafına, möhkəmlənməsinə, xalqın sosial-iqtisadi rifahının yüksəlməsinə öz böyük töhfələrini verməkdədir. Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və inkişaf etdirməsi müasir şəraitdə Azərbaycanın dinamik tərəqqisini, inkişafını şərtləndirən mühüm amil, başlıca meyarı kimi çıxış edir.

Naib NİFTƏLİYEV

Digər xəbərlər