PDF Oxu

Siyasət

  • 23

HEYDƏR ƏLİYEV - ƏBƏDİ ZƏKA, ƏBƏDİ LİDER DASTANI

Azərbaycan xalqının son əsrdə yetişdirdiyi ən dahi şəxsiyyət, dərin zəka sahibi, dünya şöhrətli siyasi xadim

HEYDƏR ƏLİYEV - ƏBƏDİ ZƏKA, ƏBƏDİ LİDER DASTANI

"Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər". Bu fikirlər Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevə məxsusdur. Onun zamanında söylədiyi bu müdrik kəlam dahi şəxsiyyətin 80 illik mənalı ömrünün hər bir dəqiqəsini, saatını əks etdirir. Əslində, dahi adlandırılan şəxsiyyətlərin dahiliyi məhz xalqının, millətinin yaddaşında daim qalması, hər zaman xatırlanmasındadır. Heydər Əliyev isə Azərbaycan xalqının son əsrdə yetişdirdiyi ən dahi şəxsiyyət, dərin zəka sahibi, dünya şöhrətli siyasi xadim idi.

Hazırda Azərbaycan gəncliyi güclü, demokratik, inkişaf edən müstəqil Azərbaycan dövlətinin vətəndaşları olmalarında, belə bir ölkədə yaşamaq hüququ əldə etmələrində məhz Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevə borcludurlar. Ağır günlərində daima xalqının yanında olmağı bacaran Heydər Əliyev deyirdi: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır". Müasir Azərbaycan tarixinin son otuz iliylə birbaşa bağlılığı olan bu şəxsiyyət dövlət başçısı fəaliyyətində yuxarıda qeyd etdiyi müdrik kəlamı həmişə başlıca prinsip kimi tutub. Xalqına xidmət etməyi ən böyük mükafat sayan Ümummilli Liderin arzuları bu gün artıq özünü doğrultmaqdadır. Müstəqil, demokratik və güclü Azərbaycan məhz Onun qoyduğu yol ilə Prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir.

Genofondun qorunması məhz Onun yürütdüyü strateji xəttin ayrılmaz tərkib hissəsi idi

Hazırda qətiyyətlə söyləyə bilərik ki, vətəndaşı olduğumuzla qürur duyduğumuz müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Lakin müstəqil dövlətçiliyin qurulmasına aparan yol müstəqil fikirdən, düşüncədən başlayır. Hər bir azad dövlətin əsasını təşkil edən müstəqil fikir isə müasirliyin, azadlığın ən vacib amillərindən sayılır. Çox güclü siyasi analitik qabiliyyətə, strateji baxışlara malik olan Heydər Əliyevin bu istiqamətdə xalqı, milləti qarşısında xidmətlərinin əsası hələ Onun Azərbaycanda birinci rəhbərliyi (1969-1982) dövrünə təsadüf edir. Milli düşüncə və azad fikrin daşıyıcıları hesab olunan milli genofondun qorunması məhz Onun yürütdüyü strateji xəttin ayrılmaz tərkib hissəsi idi. Ulu Öndərimizin uzaqgörənliyi sayəsində milli təfəkkürü formalaşdıran ziyalılar təbəqəsi sovet repressiyaları və təqiblərindən qorunmuş oldu. Təbii ki, dünyanın ən totalitar rejimi adını qazanmış bir dövlətin sözünün ən kəsərli vaxtında bağlı sərhədlər daxilində özünün siyasi karyerası və həyatını təhlükə altına qoyaraq, müstəqil düşüncəli ziyalıları qorumaq, xalqının taleyini özünün taleyindən üstün tutmaq heç də asan məsələ deyildi. Bu işi ancaq güclü vətənpərvərlik hisslərinə sahib olan Ümummilli Lider Heydər Əliyev bacara bilərdi.

Bu dahi şəxsiyyəti, fenomenal siyasətçini digərlərindən fərqləndirən başlıca özəlliklərindən biri də müsbət mühafizəkarlıq və novatorluq ideyalarının ahənginin yaradılması idi. Ümummilli Liderimiz deyirdi: "Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür. Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Fenomen insan olan Heydər Əliyev mənəviyyatda kamil mühafizəkarlığın, qədim tarixi köklərə və zənginliyə malik adət-ənənələrdən gələn, millətin mənəvi inkişafında, birliyində güclü əsas rolunu oynaya biləcək milli-mənəvi ideyaların qorunub-saxlanılmasını, gələcək nəsillərə ötürülməsinin təmin edilməsini istəyirdi. Lakin dahi şəxsiyyət xalqın yüksək mühafizəkar mənəvi ideyalara malik olması ilə yanaşı, onun inkişafında, qlobal dünyaya inteqrasiyasında müasirliyin, yeniliyin tərəfdarı idi. O, düşüncədə təkmil müasirlik tələb edirdi. Azərbaycanın müstəqil dövlət kimi güclü əsaslarının formalaşmasında müasir yeniliklərin, kəşflərin uğurlu tətbiqinə çalışırdı. Bunun məntiqi nəticəsi olaraq müstəqil Azərbaycanın suverenliyinin qarantı rolunu oynayan "Əsrin müqaviləsi" adını almış saziş dövlətimiz üçün ən çətin zaman sayılan 1994-cü ilin sentyabrında imzalandı. Bu sazişin imzalanması nəticəsində Azərbaycan iqtisadiyyatının lokomotivi rolunu oynayan neft sektoruna dünyanın ən aparıcı şirkətlərinin axını başladı. Ən müasir texnologiyaların tətbiqi həyata keçirildi. Məhz sözügedən uğurlu neft strategiyası sayəsində Azərbaycan son illərdə iqtisadi artım templərinə görə dünyada öncül yerlərdən birini tutur. "Əsrin müqaviləsi"nin imzalanması nəticəsində Ümummilli Lider Heydər Əliyev nəinki neft strategiyasının təməlini qoydu, yeni neft əsrini başlatdı, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafının ana xəttini müəyyən etmiş oldu.

Dahi şəxsiyyətin qəlbində vuran ürək son ana kimi xalqı, milləti və dövləti üçün döyündü

Xalqımızın Heydər Əliyevə Ümummilli Lider, Ulu Öndər statusunun verməsinin başlıca səbəbi isə Onun 1993-cü ildə ölkəmizin parçalanmaq, məhv olmaqdan xilas etməsidir. Xalqının bir çağırışı ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider fəaliyyətinin əsas qayəsini təşkil edən məşhur bir kəlamını səsləndirdi: "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram". Doğrudan da, dahi şəxsiyyətin qəlbində vuran ürək son ana kimi xalqı, milləti və dövləti üçün döyündü. Ulu Öndərin fundamental yaddaşı, dəmir məntiqi, gərgin siyasi vəziyyətlərdən çıxmaq bacarığı, hər bir vəziyyətə uyğun qərar vermək qabiliyyəti, güclü iradəsi hər bir rəhbərə xas olan xüsusiyyətlər deyil. Məhz onun fenomen bacarığı əsasında yaradılmış siyasi kurs müstəqil Azərbaycanın güclü əsaslara söykənən davamlı iqtisadi inkişaf yoluna qədəm qoyması ilə yanaşı, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan cəmiyyətimizdə bütövlüyü, həmrəyliyi, milli birliyi də təmin etdi. Keçən əsrin 90-cı illərinin əvvəllərində xalqı ayaqda saxlaya biləcək Azərbaycançılıq ideyasının komponentlərinin birləşdirilərək sistem halına salınması, xalqımızın qədim dövlətçilik ənənələrində varislik prinsipinin bərpası da məhz Ümummilli Liderin uzaqgörənliyinin, məntiqi təfəkkürünün nəticəsidir. O deyirdi: "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam".

Heydər Əliyev Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır

Heydər Əliyevin dahi, fenomen şəxsiyyət olması, dünya səviyyəli lider kimi qəbul edilməsi heç kimə sirr deyil. Dünyanın ən tanınmış siyasi xadimlərinin Ümummilli Lider barədə səsləndirdikləri fikirləri xatırlatmaq kifayətdir ki, Heydər Əliyev şəxsiyyətinin dünyanın strateji bölgələri sırasında xüsusi əhəmiyyətə malik Cənubi Qafqaz və beynəlxalq aləmdə hansı çəkiyə malik olduğu aydınlaşsın. Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Corc Buş deyirdi: "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində Onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır". Bütün bu qeyd olunan nüansların yekunu olaraq daha bir məqama toxunmaq vacibdir. Ümummilli Lider Heydər Əliyev xalqımızın, millətimizin xatirələrində hər zaman əbədi olaraq yaşayacaq. Müasir Azərbaycan bu gün bölgədə Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin Heydər Əliyev siyasi kursuna dayanan siyasəti ilə günü-gündən inkişaf etməkdədir. Bu gün Müasir Azərbaycan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Liderliyi ilə qanunvericilik bazasının təkmilləşdirməklə, sosial-iqtisadi sahədə müxtəlif layhələri həyata keçirməklə, bölgədə sülhün və sabitliyin inkişafı yolunda ən dəyərli töhfələri verməklə adını dünyanın maraq dairəsinə olan dövlətləri sırasına yazdıra bilib. Və bütün bu amillər məhz Ulu Öndər Heydər Əliyev zəkasının uğurlu davamı, tarixi təntənəsidir.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər