PDF Oxu

Siyasət

  • 24

İlham Əliyev: “Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz”

İlham Əliyev: “Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz”

"Ermənistan-Azərbaycan münaqişəsi bizim xarici siyasətimizin əsas istiqamətidir. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqedən əl çəkməyəcəkdir"- deyə Prezident İlham Əliyev bir daha bəyan edir.

Son 9 ildə Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi xarici siyasətin nəticəsi olaraq ölkəmizin beynəlxalq mövqeləri xeyli möhkəmlənib. Azərbaycan dünya dövlətlərinin əməkdaşlıq etdiyi məkana çevrilib. Bu gün xalqımızın mənafeləri beynəlxalq aləmdə yüksək səviyyədə qorunur, ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. Azərbaycanın artan imkanları, nüfuzu, dünya üçün önəmli ölkəyə çevrilməsi mövqeyini daha da möhkəmləndirir. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hansısa bir iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü müstəqil dövlətimizin əsl söz sahibi olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bildirir: "Biz bundan sonra da Ermənistanı bütün regional və qlobal layihələrdən təcrid etmək üçün öz siyasətimizi davam etdirəcəyik, o vaxta qədər ki, torpaqlarımız azad olunacaq".

Danışıqlarda ölkəmizin mövqeyi dəyişməzdir

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində son illərdə Ermənistan və Azərbaycan prezidentlərinin, xarici işlər nazirlərinin xeyli görüşləri olub. Danışıqların əsas mövzusu işğal altında olan bütün torpaqlarımızın qaytarılması, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmasıdır. Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bəyan edən Prezident İlham Əliyevin sərt bəyanatları, təbii ki, işğalçı Ermənistanı, ona havadarlıq edən dövlətləri və təşkilatları ciddi düşündürməlidir - Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz. Keçirilən hər bir görüşdə cənab İlham Əliyev Azərbaycanın dəyişməz mövqeyini diqqətə çatdıraraq, danışıqlar xatirinə danışıq aparmağın gərəkli olmadığını bildirir. Rəsmi Bakı qarşı tərəfdən qeyri-konstruktiv mövqeyindən əl çəkməyi, düzgün mövqe nümayiş etdirməyi tələb edir. Prezident İlham Əliyev öz mövqeyini bir daha bəyan edib: "Bunu hamı bilsin: Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcəkdir. Mən bilirəm ki, Azərbaycanın mövqeyi heç kim üçün sirr deyildir. Biz bunu dəfələrlə rəsmi və qeyri-rəsmi formatda bildirmişik, öz prinsipial mövqeyimizi ifadə etmişik və izah etməyə çalışmışıq ki, Azərbaycanın iştirakı olmadan bölgədə heç bir məsələ öz həllini tapa bilməz: nə siyasi, nə diplomatik, nə iqtisadi, nə enerji, nə nəqliyyat, nə hansısa başqa məsələ. Bu, reallıqdır. Bu, kiminsə xoşuna gələ bilər, kiminsə xoşuna gəlməyə bilər. Amma bu, reallıqdır və bu reallıqları biz yaratmışıq. Bu reallıqları öz işimizlə, öz məqsədyönlü fəaliyyətimizlə, Azərbaycanı gücləndirərək, iqtisadi və siyasi potensialımızı gücləndirərək, enerji siyasətimizi uğurla və ağılla apararaq, biz yaratmışıq. Vaxt keçdikcə, bizim bölgədə olan mövqeyimiz daha da güclənəcək, təsir imkanlarımız daha da güclənəcək, iqtisadi, siyasi, diplomatik, hərbi gücümüz daha da güclənəcəkdir və hamı bununla hesablaşmalıdır".

ATƏT-in missiyası səmərəsizdir

Son vaxtlar mətbuatda ATƏT-in Minsk Qrupunun mövcud olduğu müddət ərzində konkret nəticəyə nail ola bilməməsi tənqid edilir. Xatrıladaq ki, 1994-ci ildə Dağlıq Qarabağ probleminin nizamlanması missiyasını yerinə yetirmək məqsədilə ATƏT-in Minsk Qrupu yaradıldı. Həmin vaxtdan 18 il keçir. Həmsədrlərin bölgəyə səfərləri, münaqişəli tərəflərin dövlət başçılarının görüşlərinin təşkil olunmasında göstərdikləri səylər, öz aralarında müzakirələr aparmaları və s. məlum olan olaylardır. Amma bu gün xalqımızı maraqlandıran konkret nəticədir.

"Mən hesab edirəm ki, bizim atdığımız addımlar həm danışıqlar prosesində mövqeyimizin möhkəmlənməsinə, həm də bu məsələlərlə məşğul olan tərəflərin fəallaşmasına gətirib çıxarıb. Bu gün dünyada açıq-aydın dərk edilir ki, bu bölgənin uğurlu inkişafı üçün dondurulmuş münaqişələr öz həllini tapmalıdır. Bu həll ancaq və ancaq beynəlxalq hüquq normaları və prinsipləri əsasında ola bilər, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır"-Azərbaycan Prezidenti bəyan edir.

Bölgədə status-kvonun dəyişməsini ən çox istəyən ölkə Azərbaycandır. Çünki bu status-kvo bizim torpaqlarımızı 20 ilə yaxındır ki, işğal altında saxlayır. Ancaq bu status-kvo mənfi tərəfə yox, müsbət tərəfə dəyişməlidir. Əgər status-kvo Azərbaycanın maraqları hesabına dəyişəcəksə, biz buna imkan verməyəcəyik - deyən Prezident İlham Əliyev bildirib: "Birinci məsələ həll olunmalıdır- Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. Ondan sonra bölgədə sülh, əməkdaşlıq yarana bilər və Azərbaycan o təqdirdə, bu işlərdə fəal iştirak edəcəkdir. Hələ ki, Ermənistan-Azərbaycan münaqişəsi öz həllini tapmayıb. Əgər kimsə bunu dondurmaq istəyirsə, kimsə bu məsələni arxa plana qoyub başqa məsələni həll etmək istəyirsə, biz buna heç vaxt razı olmayacağıq və əlimizdə olan bütün imkanlarla bu hərəkətlərə qarşı mübarizə aparacağıq".

Sülh yolu baş tutmayanda, ümid güc yoluna qalır

BMT-nin Nizamnaməsinin 51-ci maddəsində açıq-aydın göstərilir ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün hüquqlara malikdir. Bunun üçün ölkəmizin qüdrətli ordusu, antiterror əməliyyatını aparmaq üçün maddi-texniki, maliyyə imkanları, güclü potensialı var. Lakin bu sözləri zəif, gücsüz duruma düşmüş işğalçı dövlət haqda demək mümkün deyil. Ölkə Prezidenti İlham Əliyev qeyd edir ki, ərazi bütövlüyümüzün təmin olunmasına yönəlmiş diplomatik səylər daha da gücləndiriləcək, Silahlı Qüvvələrin daha çevik idarə edilməsi və texniki təchizatının modernləşdirilməsi sahəsində görülən işlər davam etdiriləcək, ordunun gücü və döyüş qabiliyyəti ardıcıl olaraq artırılacaq, əhalinin, xüsusilə də, gənclərin vətənpərvərlik tərbiyəsi gücləndiriləcək.

"Azərbaycanın hərbi büdcəsi Ermənistanın, ümumilikdə, büdcəsi qədər olmalıdır" deyən və qısa müddətdə bu sözünə əməl edən Prezident İlham Əliyev işğalçı, xarici ianələrdən asılı olan Ermənistanın qüdrətli iqtisadiyyata malik Azərbaycanla rəqabət aparmaq imkanında olmadığını bəyan edir: "Siyasi potensialımız, iqtisadi gücümüz, ordu potensialımız və beynəlxalq haqq-ədalət prinsipləri bizim mövqelərimizi gücləndirir və mən əminəm ki, bütün bu amillər, bizim fəal və hücum siyasətimiz nəticədə torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxaracaqdır".

Göründüyü kimi, bölgədə yaranmış siyasi, iqtisadi durum, hərbi güc balansı Ermənistanın ziyanınadır. Bu durum isə, yaxın zamanda münaqişənin Azərbaycanın xeyirinə həll olunacağına böyük inam yaradır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər