PDF Oxu

Siyasət

  • 24

AZƏRBAYCAN DÜNYADA SÖZ SAHİBİDİR

AZƏRBAYCAN DÜNYADA SÖZ SAHİBİDİR

İLHAM ƏLİYEV: "Növbəti illərdə Azərbaycanın uğurlu inkişafı heç kimdə şübhə doğurmur - nə ölkə əhalisində, nə beynəlxalq maliyyə qurumlarında"

Ölkə Prezidentinin regionlara etdiyi mütəmadi səfərləri bir daha onu deməyə əsas verir ki, Azərbaycan hakimiyyəti daim xalqının yanındadır və ölkənin inkişafı istiqamətində aparılan davamlı, uğurlu mütərəqqi işlər dövlətin gücünün, qüdrətinin göstəricisidir.

Prezident İlham Əliyevin Füzuli rayonuna etdiyi səfəri də məhz bu kontekstdəndir. Belə ki, səfəri çərçivəsində dövlət başçısının müxətlif əhəmiyyətli sosial obyektlərin açılışnda iştirak etməsi zamanı söylədiyi fikirlərdən də aydın olur ki, Azərbaycanın iqtisadi göstəriciləri beynəlxalq aləmdə yüksək qiymətləndirilir: "Bütün beynəlxalq kredit reytinqləri böhranlı illərdə Azərbaycanın iqtisadi göstəricilərini yüksək qiymətləndirirlər, iqtisadiyyatımız rəqabət qabiliyyətli, dayanıqlı iqtisadiyyatdır. Biz iqtisadi siyasətdə ancaq daxili imkanlara arxalanırıq. Bizi bəzi başqa ölkələrdən fərqləndirən cəhət məhz ondan ibarətdir ki, xarici dövlət borcumuz çox aşağı səviyyədədir. Biz yalnız Azərbaycanın daxili imkanlarını səfərbər edərək, öz iqtisadi gələcəyimizi qururuq".

Bu sahədə, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılmış addımları təhlil edən ölkə başçısı, xüsusilə qeyd edib ki, Azərbaycanda qeyri-neft iqtisadiyyatı önəmli dərəcədə artıb: "Artıq 2012-ci il başa çatır. Bu ilin yekunları da bunu göstərir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faizə yaxın artıb. Bu da dünya miqyasında, xüsusilə, böhranlı illərdə çox yüksək göstəricidir. Növbəti illərdə bu gün icra edilən layihələrin başa çatması və yeni layihələrin icra edilməsi nəticəsində, Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Mən bu məsələ ilə bağlı artıq əvvəlki dövrlərdə fikirlərimi kifayət qədər geniş şəkildə bildirmişəm. İqtisadi cəhətdən inkişaf etmiş ölkəyə çevrilmək üçün, əlbəttə ki, bölgələrin inkişafı lazımdır".

"Bizim bütün iqtisadi proqnozlarımız çox müsbət və çox təsirlidir"

Əldə edilən nailiyyətlətin qəbul olunmuş Dövlət Proqramları sayəsində qazanıldığını vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, ölkədə yoxsulluq həddi kifayət qədər azalmışdır: "Biz son illər ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində, bu istiqamətdə də böyük nailiyyətlərə çata bilmişik. İşsizlik azalıb. Yoxsulluq böyük dərəcədə - beş dəfə azalmışdır".

Ölkə başçısı növbəti illərdə də Azərbaycanın uğurlu inkişaf edəcəyini bildirib. Qeyd edib ki, bu amil heç kimdə şübhə doğrumamalıdır: "Azərbaycanın inkişafı heç kimdə şübhə doğurmur - nə ölkə əhalisində, nə beynəlxalq maliyyə qurumlarında. Bizim bütün iqtisadi proqnozlarımız çox müsbət və çox təsirlidir. Əlbəttə, hər birimiz çalışmalıyıq ki, ölkəmizi daha da inkişaf etdirək, gözəlləşdirək. Xüsusilə, bölgələrdə abadlıq-quruculuq işləri daha da sürətlə getməlidir. Biz bu inkişafı Füzuli rayonunun timsalında görürük. Mən çox şadam ki, son iki il ərzində rayonda böyük dəyişikliklər baş vermişdir. Mən yenə qeyd etmək istəyirəm ki, Prezident kimi dördüncü dəfədir Füzuliyə səfər edirəm. Son səfərimdən sonra keçən dövr, doğrudan da, Füzuli rayonu üçün çox böyük uğurlarla zəngin olan bir dövr olmuşdur. Qısa müddət ərzində böyük işlər görülmüş, parklar salınmış, yeni sənaye müəssisələri yaradılmışdır. Abadlıq işləri görülür və bu, məni çox sevindirir. Çünki Füzuli rayonu ölkəmiz üçün çox böyük əhəmiyyətə malik olan bir diyardır. Füzulililər bütün dövrlərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində öz rolunu oynamışlar. Müharibə dövründə böyük qəhrəmanlıq göstərmişlər".

"Bütün yaşayış məntəqələri, bütün kəndlər, o cümlədən, Şuşa və Xankəndi şəhərləri Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra qurulacaq, yenidən tikiləcək və Azərbaycan vətəndaşları orada yaşayacaqlar"

Ulu Öndər Heydər Əliyevin Füzuliyə daim böyük diqqət göstərdiyini xatırladan Prezident İlham Əliyev onu da qeyd edib ki, məhz Ümummilli Liderin sayəsində rayonun 22 kəndi erməni işğalından azad olmuşdur: "Məhz Onun rəhbərliyi ilə Füzulinin 22 kəndi işğalçılardan azad edilmişdir. Bu gün bu ərazilərdə həyat qaynayır, inkişaf edir. Füzulinin bərpası, işğaldan azad edilmiş torpaqların inkişafı, burada görülən işlər Azərbaycan dövlətinin gücünü göstərir. Onu göstərir ki, Bizim bütün iqtisadi proqnozlarımız çox müsbət və çox təsirlidir. Bütün yaşayış məntəqələri, bütün kəndlər, o cümlədən, Şuşa və Xankəndi şəhərləri Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra qurulacaq, yenidən tikiləcək və Azərbaycan vətəndaşları orada yaşayacaqlar. Hər birimiz, öz işimizlə o tarixi günü yaxınlaşdırırıq. Çünki ölkəmizin artan qüdrəti, beynəlxalq nüfuzu, ölkədə gedən müsbət proseslər bizim gücümüzü artırır".

"Bizim beynəlxalq nüfuzumuz, iqtisadi gücümüz artır, hərbi potensialımız da artır"

"Bu gün Azərbaycan beynəlxalq müstəvidə söz sahibidir, böyük hörmətə malik olan ölkədir" deyə vurğulayan dövlət rəhbəri bu uğurların təsadüfi olmadığını bildirib: "Təsadüfi deyil ki, 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləmişdir və bu gün biz dünyanın ən mötəbər qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvüyük, bu təşkilatda çox fəal və uğurla fəaliyyət göstəririk. Bu yaxınlarda biz Qoşulmama Hərəkatına üzv olduq və dərhal bu təşkilatın birinci zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox dəyərli qətnamə qəbul edildi. Orada göstərilir ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Yəni, bizim beynəlxalq nüfuzumuz, iqtisadi gücümüz artır, hərbi potensialımız da artır".

Ermənistanda aclıq və səfalətin hökm sürdüyü vəziyyətdə Azərbaycanın daim inkişaf perspektivləri ilə öndə olduğunu bir daha qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bölgənin aparıcı bölgəsinə çevrilib: "Ermənistana gəldikdə isə, onların işğalçı siyasəti özlərini ağır vəziyyətə salmışdır. Onların rəsmi statistik məlumatlarına görə, hər il yüz mindən artıq vətəndaş bu ölkəni tərk edir. Ümidsizlik, özbaşınalıq, səfalət və iqtisadi tənəzzül - bunlardır Ermənistanı başqa ölkələrdən fərqləndirən əlamətlər. Azərbaycan isə inkişaf edir və bizdə olan inkişaf uzunmüddətlidir, dayanıqlıdır. Bir daha demək istəyirəm ki, görülən tədbirlər nəticəsində, bu gün Azərbaycan bölgənin aparıcı ölkəsinə çevrilibdir. İllər keçdikcə Ermənistan ilə Azərbaycan arasındakı fərq dərinləşəcək - həm iqtisadi, həm hərbi və həm də demoqrafik sahədə. Bizim əhalinin sayı artır, Ermənistanda isə əhali azalır. Mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu deməyə bir neçə əsas amil var - iqtisadi imkanlar, beynəlxalq mövqeyimiz, beynəlxalq hüquq normaları və Azərbaycan Ordusunun qüdrəti. Mən əminəm və bir daha demək istəyirəm ki, işğala son qoyulandan sonra hazırda işğal altında olan bütün torpaqlar gözəlləşəcək, orada abadlıq işləri aparılacaq, yeni müəssisələr yaradılacaqdır. Biz öz tarixi və dini abidələrimizi bərpa edəcəyik. Erməni faşizminin, erməni vəhşiliyinin törətdiyi cinayətlərin fəsadlarını aradan qaldıracağıq. Ölkəmiz uğurla inkişaf edəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün biz bütün sahələrdə daha da fəal olmalıyıq. İlk növbədə, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir və getməlidir".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər