PDF Oxu

Siyasət

  • 38

Tolerantlığın Azərbaycan modeli

Tolerantlığın Azərbaycan modeli

Prezident İlham Əliyev: "Nümunəvi tolerantlıq örnəyi kimi tanınan Azərbaycanda tarixən dinlər və etiqadlar qarşılıqlı hörmət şəraitində fəaliyyət göstəriblər..."

Hər hansı bir mədəniyyətin meydana gəlməsində dini dünyagörüşü və multikulturalizm düşüncəsinin böyük əhəmiyyəti vardır. Bu, həm fərdi, həm də ictimai dünyagörüşünə də istinad edir. Məhz bu mənada, müxtəlif dinlər arasında olan qarşılıqlı anlaşma və qiymətləndirmələr multikulturalizm baxımından da funksionallığa malikdir. Milli kimliklə bərabər dini kimlik də fərqli təzahürləri olan bir fenomendir. Belə ki, dinlərarası dialoq,tolerantlıq, multikulturalizm, din və etiqad azadlığı XX əsrin ikinci yarısından etibarən qlobal arenada aktuallıq kəsb etməkdədir.

İlkin olaraq qeyd etməliyəm ki, Cənab Prezident İlham Əliyev müxtəlif çıxışlarında Azərbaycanın iqtisadi inkişafı ilə bərabər humanitar sahədə də ciddi inkişaf həmlələri etdiyini bildirməkdədir. Məhz dini dözümlülük və tolerantlıq məsələsi də bu baxımdan əhəmiyyət daşıyır. Möhtərəm Prezident, eyni zamanda, bu tolerantlığı multikulturalizm perspektivindən də qiymətləndirir. Digər tərəfdən bu yaxınlarda İngiltərədə keçirilən konfransda Leyla xanım Əliyevanın nitqi də böyük əhəmiyyətə malikdir: "Dini və mədəni dözümlülük bizim üçün nailiyyət deyildir. Bu, bizim gündəlik həyat tərzimizdir. Bu, həm də bizim bildiyimiz yeganə həyat tərzidir. Zərdüştilük Azərbaycanda yaranıb. Böyük yəhudi icmaları eramızdan əvvəl VII-V əsrlərdə torpaqlarımızda məskunlaşıblar. IV əsrdə xristianlıq dövlət dini olub. Bundan sonra isə VIII əsrdən başlayaraq, Azərbaycanda, islam dini yayılıb.Bu gün Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlardır. Bununla yanaşı, ölkəmizdə xristian və yəhudi icmaları, eyni zamanda, demək olar ki, bütün etiqadları təmsil edən daha kiçik icmalar da mövcuddur. Siz Azərbaycanda məscidləri, kilsələri, sinaqoqları və digər dini ibadətgahları yanaşı görə bilərsiniz. Buradakı dindarlar heç bir təqibdən qorxmayaraq öz dinlərinə sitayiş edirlər".

Dinlərarası dialoq, etiqad azaldığı və tolerantlıq

İnsanın mənəvi dünyası, onun formalaşmasında mühüm rola malikdir. Məhz dövlət də bu kontekstdə xüsusi qayğı ilə mənəvi dünyası inkişaf etmiş, ədalətli və ictimai şüura malik insanın yetişdirilməsini əsas məqsəd hesab edir. Hal-hazırda milli-mənəvi dəyərlər informasiya mübadiləsi və qloballaşma prosesində mühüm aktuallıq kəsb edir. Bu mənada, dinlərarası dialoq məfhumunu bir çox aspektdən başa düşmək lazımdır. Birincisi, bütün dinlər mütləqlik ideyasından və iddiasından yola çıxaraq özlərinin haqlı olduğunu düşünürlər. Bu baxımdan, hər hansı bir dinin başqa bir dindən üstün olma fikri qəbuledilməzdir. Məhz bu rakursdan dinlər arasında dialoq məfhumu aktuallıq kəsb edir. Dinlərarası dialoq dinlər arasında deyil, hər hansı bir dinə inanan şəxslər və dindarlar arasında etik və sosial münasibətlərin yaranması deməkdir.

İkincisi isə, dinlərarası dialoqun fəlsəfi-etik rakursdan başa düşülməsi aktuallıq kəsb edir. Məhz son zamanlarda bu mənada aktuallıq kəsb edən "Qlobal Etika" məfhumu, dini-etik dəyərlərin müştərək funksionallığı kontekstində böyük əhəmiyyət kəsb edir. Belə ki, məşhur teoloq Hans Künq "Qlobal Məsuliyyət:Yeni Dünya Əxlaqı Axtarışında"( Global Responsibility: In Search of A New World Ethic-1990 ) adlı kitabında qeyd etdiyi üzrə bütün dinlərdən öyrəniləcək ümumi metafizik-transendental çox şey vardır. Nəticədə, etiqadların əsasında bütün insanların bərabərliyinə, fərdin və cəmiyyətin dəyərli olmasına, "yaxşı"nın axırda qalib gələcəyinə olan inam mövcuddur. Məhz islamın, "özün üçün istəmədiyini başqası üçün də istəmə" sözü, hinduizmdə "şəxs özü üçün zərərli olaraq dəyərləndirdiyi şeyi başqalarına qarşı etməməlidir", Konfyusizmdə "öz xoşuna gəlməyən bir şeyi başqasına etmə", taoizmdə də "yaxşı adam başqalarının qazanclarını öz qazancı, başqalarının itirdiklərini də öz itkisi olaraq görən şəxsdir", xristianlıqda "insanların sənə qarşı necə hərəkət etmələrini istəyirsənsə, sən də onlara qarşı o cürə hərəkət elə", yəhudilikdə isə "özün üçün nifrət yaradan şeyləri dostlarına qarşı etmə" şəklindəki kəlamlar ümumi etik dəyərləri ehtiva edir. Bu nümunələr, müxtəlif millət və mədəniyyətlər arasındakı müştərək dəyər və anlayışların meydana gəlməsi baxımından əhəmiyyətlidir.

Din və etiqad azadlığı məsələsinə gəldikdə isə, beynəlxalq bəyannamələrdə də qeyd olunduğu kimi, hər bir şəxs dini dünyagörüşü, vicdan və etiqad azadlığı baxımından sərbəstdir. Əlbəttə ki, müsair cəmiyyətin inkişafında bunun əksini düşünmək belə absurddur. Ümumiyyətlə, müasir dünyada başqasını anlama, dini tolerantlıq ciddi siyasi və humanitar məsələlərdən hesab olunur. Bu baxımdan, Azərbaycan dini tolerantlıq mövzusunda da model olma prespektivini gostərməkdədir. Məhz ölkəmizdə mövcud olan dinlər, təriqətlər və məzhəblərin müxtəlifliyi bunu təsdiq edir. Bütün bu dini icmalar arasında koordinasiyanı isə, əlbəttə ki, uğurlu siyasətə əsaslanan siyasi iradə həyata keçirir. Nəticədə, Azərbaycan, din və vicdan azadlığı və tolerantlıq məsələlərində model olma istiqamətində ciddi addımlar atmaqdadır.

Rəşad İlyasov,fəlsəfə doktoru

Digər xəbərlər