PDF Oxu

Siyasət

  • 19

Anti-Azərbaycan xarici qüvvələr və daxili müxalifət layiq olduqları cavabı aldılar

Anti-Azərbaycan xarici qüvvələr və daxili müxalifət layiq olduqları cavabı aldılar

İlham Əliyev: "Mənim iradlarımdan sonra Azərbaycanı istəməyən xarici qüvvələr, erməni lobbisi və əfsuslar olsun ki, onlarla bir düşərgədə olan daxili müxalifət bu məsələni böyük dərəcədə qabarıq şəkildə büruzə verməyə çalışmışdı"

Milli Olimpiya Komitəsinin 2012-ci ilin yekununa həsr olunmuş mərasimində müxtəlif beynəlxalq yarışlarda fərqlənən idmançılarımıza və məşqçilərimizə dövlət tərəfindən xüsusi mükafatlar təqdim olunub. Qeyd edək ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da həmin mərasimdə iştirak edib. Mərasimdə çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, bütövlükdə, 2012-ci il ölkəmiz üçün həm idman sahəsində, həm də başqa sahələrdə çox uğurlu il olub. Belə ki, ölkə qarşısında duran bütün əsas vəzifələr bu il də icra edilib, iqtisadiyyat uğurla inkişaf edib, eyni zamanda, sosial məsələlərin bir çoxu həll olunub.

"Mən çox şadam ki, bizim əsas tərəfdaşımız olan "bp" şirkəti bu fikirlərə, bu iradlara çox böyük məsuliyyətlə yanaşmışdır"

Ölkə rəhbəri, bütün bunlarla yanaşı, neft sahəsində də ciddi irəliləyişlərin olduğunu qeyd edib: "Çox şadam ki, artıq neft sahəsində də sabitləşmə dövrü başlamışdır. Bir müddət bundan əvvəl mən bu məsələ ilə bağlı Nazirlər Kabinetinin toplantısında fikirlərimi açıq şəkildə bildirdim ki, ictimaiyyət də bilsin. Bütövlükdə, bu məsələdə dönüş yaranmalı idi. Mən çox şadam ki, bizim əsas tərəfdaşımız olan "bp" şirkəti bu fikirlərə, bu iradlara çox böyük məsuliyyətlə yanaşmışdır. Bu gün səhər bp şirkətinin prezidenti mənimlə görüşdə şirkətin gələcək illər üçün planlarını açıqladı. Mən çox şadam ki, bu planların arasında neft hasilatının sabitləşdirilməsi məsələləri ön planda dayanır. Bu, onu göstərir ki, bizim aramızda olan əməkdaşlıq, doğrudan da, güclü əsaslar üzərində qurulubdur. Gələn ildən başlayaraq, iqtisadiyyatımızın əsas sahəsi olan neft sənayesində sabitləşmə olacaqdır. Bundan sonra dayanıqlı neft hasilatı uzun illər təmin ediləcəkdir".

"London Yay Olimpiya Oyunlarında ilk günlərdə qızıl medal əldə edə bilməməsindən sevinən və ondan sonra oyunların yekunlarına görə ermənilərlə bərabər məyus olan daxili müxalifət sevinməsin"

Xatırladaq ki, bir müddət bundan öncə, Azərbaycana qarşı çıxan bəzi xarici dairələr, erməni lobbisi və onların dəyirmanlarına su tökən sapı özümüzdən olan baltalar cəmiyyətdə çaşqınlıq yaratmaqdan ötrü qərəzlərə yol verərək, guya neft sahəsində uğursuzluqların yaşandığını iddia edirdilər. Belə ki, Prezident İlham Əliyevin bp şirkətinin fəaliyyətini tənqid etməsi, şirkətin fəaliyyət sistemlərinin düzgün qurulmamasında haqlı irad bildirməsi müxalifətin və onların xarici havadarlarının bu kimi qərəzlərə yol vermələrinə səbəb olmuşdu. Lakin bu ərəfələrdə bp prezidentinin ölkə rəhbərliyi ilə görüçməsi, onlara edilən iradları qəbul etmələri bir daha əsil həqiqəti üzə çıxarmış oldu. Prezident İlham Əliyevin çıxışından da bəlli olur ki, həmin görüşdən sonra sözügedən siyasi dairələr susmağa məcbur oldular: "Nə üçün mən bu barədə fikirlərimi bildirirəm? Ona görə ki, bu gün bu görüş baş tutdu. Eyni zamanda, ona görə ki, mənim iradlarımdan sonra Azərbaycanı istəməyən xarici qüvvələr, erməni lobbisi və əfsuslar olsun ki, onlarla bir düşərgədə olan daxili müxalifət bu məsələni böyük dərəcədə qabarıq şəkildə büruzə verməyə çalışmışdı. Sanki Azərbaycanda neft sənayesində hər hansı bir ciddi problem vardır. Sanki Azərbaycan ilə, SOCAR ilə onun tərəfdaşları arasında hansısa problemlər vardır. Problemlər ola bilər. Ancaq bizim üstünlüyümüz ondan ibarətdir ki, bu problemlər aşkarlanır, biz vaxtında öz fikirlərimizi bildiririk. Tərəfdaşlarımız da iradlarımıza böyük maraqla və böyük məsuliyyətlə yanaşırlar. Sadəcə olaraq, demək istəyirəm ki, bizi istəməyən qüvvələr, daxili qüvvələr, satqınlar, həmin o adamlar ki, idmançılarımızın London Yay Olimpiya Oyunlarında ilk günlərdə qızıl medal əldə edə bilməməsindən sevinən və ondan sonra oyunların yekunlarına görə ermənilərlə bərabər məyus olan daxili müxalifət sevinməsin. Erməni lobbisi, bizi istəməyən, Azərbaycanın uğurlu inkişafını istəməyən xarici qüvvələr sevinməsin".

"Xoşagəlməz meyillərin qarşısı alındı və gələn ildən başlayaraq neft-qaz sektorunda sabit iqtisadi inkişaf təmin ediləcəkdir"

Azərbaycan iqtisadiyyatının güclü iqtisadiyyat olduğunu bir daha vurğulayan dövlət başçısı xatırladıb ki, ölkənin neft-qaz sektorumuz həmin iqtisadiyyatın dayağıdır. Bu baxımdan, neft-qaz sektorunda sabit inkişaf bundan sonra da davam etdiriləcəkdir: "Yenə də qeyd etmək istəyirəm ki, bu sahədə Azərbaycan rəhbərliyinin qətiyyəti, tərəfdaşlarımızın məsuliyyəti və bp-SOCAR münasibətlərinin düzgün istiqamətdə davam etdirilməsi nəticəsində xoşagəlməz meyillərin qarşısı alındı və gələn ildən başlayaraq, neft-qaz sektorunda sabit iqtisadi inkişaf təmin ediləcəkdir".

Qarşidan gələn 2013-cü ilin də inkişaf ili olacağını qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda daha bir neçə nəhəng layihə həyata keçiriləcək: "Gələn il bütövlükdə ölkəmizin inkişafı üçün çox əlamətdar il olacaqdır. Çünki gələn il bir neçə nəhəng layihənin təməlini qoyacağıq. O layihələr ki, onların hər biri özlüyündə meqalayihədir. O layihələrin icra edilməsi üçün böyük vəsait qoyulacaqdır. Vəsaitin böyük hissəsi xarici tərəfdaşlar tərəfindən qoyulacaqdır. Yəni, ölkə iqtisadiyyatına investisiya axını təmin ediləcəkdir. Beləliklə, bu, bizə imkan verəcəkdir ki, iqtisadi gücümüzü artıraq və humanitar sahəyə, idmana, mədəniyyətə, sosial məsələlərin həllinə daha da böyük vəsait ayıraq".

"Bu oyunların bizə həvalə edilməsi, bu məsuliyyətin bizə tapşırılması əlbəttə ki, böyük tarixi əhəmiyyətə malik olan bir hadisədir"

Azərbaycanda idman sahəsində görülən işlərin də az rol oynamadığını bildirən ölkə başçısı xatırladıb ki, idman siyasəti dövlət tərəfindən aparılır: "Bizdə idman siyasəti dövlət tərəfindən aparılır. Bütün müvafiq qurumlar - həm dövlət qurumları və ictimai qurumlar, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, cəmiyyətlər və idman ictimaiyyəti bir ailə kimi fəaliyyət göstərir".

Belə ki, idmanın kütləviliyinin təmin edilməsi üçün Olimpiya Oyunlarında uğurlar çox böyük rol oynayır: "İlin idman yekunlarına gəldikdə, hamımız görürük ki, 2012-ci il idmançılarımız üçün çox uğurlu il olmuşdur. Təsadüfi deyildi ki, biz 2012-ci ili idman ili elan etmişdik. Bu, idmana dövlət tərəfindən olan diqqətin təzahürüdür. Eyni zamanda, biz doğrudan da, ilin əvvəlində bu qərarı verərkən idmançılardan qələbələr, uğurlar gözləyirdik. İdmançılar ümidlərimizi doğrultdular. 2012-ci ildə idmançılar tərəfindən müxtəlif beynəlxalq yarışlarda 700-dən çox medal qazanılmışdır. Onlardan 255-i qızıl medaldır. İdmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil etmişlər. Ölkəmizdə bir neçə mötəbər beynəlxalq yarış keçirilmişdir. Mən onların içərisində qızlar arasında futbol üzrə dünya çempionatını xüsusilə qeyd etmək istəyirəm. Çünki bu, bizim üçün birinci təcrübə və çox uğurlu təcrübə idi. Çünki həm FİFA, həm UEFA-nın prezidentləri Azərbaycanda keçirilmiş bu çempionatı yüksək qiymətləndirmişlər".

Dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında birinci Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsini yüksək şəkildə dəyərləndirən Prezident İlham Əliyev həmin qəraı tarixi adlandırıb: "Bu da tarixi qərardır. İlk növbədə, ona görə ki, bu, birinci Avropa Olimpiya Oyunları olacaqdır. Bu günə qədər, baxmayaraq ki, Olimpiya hərəkatı tarixən Avropa məkanından başlamışdır və Olimpiya Oyunlarının bərpası da müasir dövrdə yenə də Avropa qitəsində baş vermişdir, - Avropa Olimpiya Oyunları heç vaxt keçirilməmişdir. Birinci oyunların keçirilməsi özlüyündə ciddi bir addımdır, Olimpiya hərəkatında bir dönüşdür. Bu oyunların bizə həvalə edilməsi, bu məsuliyyətin bizə tapşırılması, əlbəttə ki, böyük tarixi əhəmiyyətə malik olan bir hadisədir. Mən bu münasibətlə Azərbaycan xalqını dərhal təbrik etmişdim. Bir daha demək istəyirəm ki, bu qərarın qəbul edilməsində bir neçə mühüm amil öz rolunu oynamışdır, ilk növbədə, ölkəmizin inkişafı. İyirmi bir ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. Tarix baxımından bu qısa müddət ərzində özümüzü dünya xəritəsində inkişafda olan, dinamik, müasir ölkə kimi təsdiq edə bilmişik. Bizim beynəlxalq nüfuzumuz həddindən artıq yüksək səviyyədədir".

Bu oyunları yüksək səviyyədə keçiriləcəyini vurğulayan dövlət başçısı bildirib ki, Olimpiya Oyunlarını, yəni, Yay və Qış böyük Olimpiya Oyunlarının keçirilməsinə hazırlıq dövrü təxminən 6-7 il olur: "Misal üçün, gələn ilin sentyabr ayında 2020-ci ilin Olimpiya Oyunlarının paytaxtı müəyyən ediləcəkdir. Yəni, kim olursa-olsun, o ölkənin hazırlanması, bütün bu məsələləri həll etmək üçün 6-7 il vaxt lazım olacaqdır. Bizim vaxtımız cəmi iki ildir. Ancaq bizim templərimiz də çox yüksəkdir. Yəni, dünyada ikinci belə ölkə yoxdur ki, bu templərlə inkişaf etsin. İki il, əlbəttə ki, çox az bir vaxtdır. Amma mən əminəm ki, bütün lazımi tədbirlər, texniki təşkilati məsələlər öz həllini tapacaq və birinci Avropa Olimpiya Oyunları tarixə düşəcəkdir".

Bütün bu kimi uğurlardan nəticə çıxararaq, bir daha vurğulamaq mümkündür ki, Azərbaycanın inkişaf perspektivləri davamlı xarakter almışdır. Və heç bir xarici və daxili qüvvələr bu inkişafın, bu qələbə və zəfərlərin qarşısını ala bilmək iqtidarında deyil. Çünki onların qarşısında güclü Azərbaycan dövləti, bu dövləti dəstəkləyən nəhəng xalq kütləsi dayanıb.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər