Prezident İlham Əliyevin siyasi idarəçiliyi yenilikçiliyə, novatorluğa, harizmaya, xalqın böyük dəstəyinə söykənir
Hər xalqı, dövləti, ilk növbədə, onun rəhbəri, lideri ilə tanıyıb qəbul edirlər. Bu, bütün dünya xalqlarının qəbul etdiyi və dərin tarixi kökləri olan bir ənənədir. Dövlət başçısı olmaq, siyasi liderlik hakimiyyətlə yanaşı, böyük məsuliyyət yükünün daşıyıcısı olmaq deməkdir. Bu mövqeyə iddialı olanların sayı kifayət qədər olsa da, siyasi hakimiyyət məsuliyyətini daşımağa heç də hər bir insan qadir deyil. Bundan ötrü yüksək pozitiv siyasi göstəricilər, başqa sözlə, xalqın böyük dəstəyinə və siyasi harizmaya söykənən əsil siyasi liderlik tələb olunur. Yalnız əsil dövlət xadimi dövlətin, xalqın mənafeyini qoruya bilir, bununla bağlı ölçülüb-biçilmiş, tarazlaşdırılmış, məsuliyyətli qərarlar qəbul edir.
Uzaqgörənlik, müdriklik, yüksək təşkilatçılıq qabiliyyəti
Siyasi proseslər bilavasitə ictimai həyatın bütün sferalarını əhatə edir. Bəllidir ki, cəmiyyətlə onun siyasi təsisatları arasında üzvi bağlılıq, harmoniya mövcuddur. Burada siyasi novatorluq və uzaqgörənlik həlledici rol oynayır. Nüfuzlu siyasətçinin uzaqgörənliyə, müdrikliyə, yüksək təşkilatçılıq qabiliyyətinə, siyasi lider olmaq bacarığına, güclü intuisiyaya, bütövlükdə, fitri istedada malik olması başlıca şərtdir. Bu müsbət keyfiyyətlər Prezident İlham Əliyevin praktik, əməli fəaliyyətində yüksək, dolğun ifadəsini tapır.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına qəbul edilib. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.
Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.
1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın Sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası Sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq, deputat səlahiyyətlərinə xitam verilib.
Azərbaycanın inkişafı, tərəqqisi son 9 ildə daha da sürətlənib
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2004-cü ilin aprelində AŞPA-nın işində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif olunub.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 % səsini qazanan cənab İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir. Evlidir. Üç övladı, iki nəvəsi var.
Prezident İlham Əliyevin təltif olunduğu orden, mükafat və fəxri adlar aşağıdakıları əhatə edir: Heydər Əliyev ordeni (Azərbaycan Respublikası), Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), Rumıniya Ulduzu Ordeni (Rumıniya), Kral Əbdüləziz Ordeni (Səudiyyə Ərəbistanı Krallığı), Şərəf Ordeni (Gürcüstan), "Şərəf Legionunun Böyük Xaçı" Ordeni (Fransa), Şeyxülislam Ordeni (Azərbaycan Respublikası), Rusiya Pravoslav Kilsəsinin "Prepodobnıy Serqiy Radonejskiy" birinci dərəcəli Ordeni, "Böyük Kordon" Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası), MDB ölkələrin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının "Şərəf Ordeni", FİLA-nın Şərəf Zalının ən yüksək "İdman Əfsanəsi" ordeni, Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Xaç ordeni (Polşa), I dərəcəli Knyaz Yaroslav Mudrı ordeni (Ukrayna), "Mübarək əl-Kəbir" ordeni (Küveyt Dövləti), Yunanıstan parlamentinin Qızıl medalı (Yunanıstan), Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı, "Üç ulduz" ordeninin "Böyük xaç kavaleri" dərəcəsi.
Linkoln Universitetinin Fəxri Doktoru (ABŞ), Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri Doktoru, L.N.Qumilyov - Avrasiya Milli Universitetin Professoru (Qazaxıstan), Bilkənt Universitetinin Fəxri Doktoru (Türkiyə), Vergilər üzrə Milli Akademiyanın Fəxri Doktoru (Ukrayna), Ploesti Neft və Qaz Universitetinin Fəxri Doktoru (Rumıniya), Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri Professoru (Bolqarıstan), Kyung Hee Universitetinin Fəxri Doktoru (Cənubi Koreya), İordaniya Universitetinin Fəxri Doktoru (İordaniya), Korvinus Universitetinin ictimai elmlər üzrə Fəxri doktoru (Macarıstan), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru (Rusiya Federasiyası), Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru (Ukrayna), Məhdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru (Türkmənistan Respublikası), Bakı Dövlət Universitetinin Fəxri doktoru (Azərbaycan), Belarus Dövlət Universitetinin Fəxri professoru (Belarus Respublikası).
Son 19 ildə özünü göstərən pozitiv, dinamik inkişaf tempi, bu dövr ərzində Azərbaycanın ardıcıl, davamlı, yüksələn xətlə tərəqqisi Azərbaycanı Cənubi Qafqazda ən aparıcı dövlətə çevirib. Cənab İlham Əliyevin Prezidentliyi dönəmində - son 9 il ərzində bu inkişaf, tərəqqi daha da sürətlənib, ölkəmiz Cənubi Qafqazın iqtisadi gücünün 80 faizinə yiyələnməyi bacarıb. Başqa sözlə, bu gün Qafqazın güneyində istehsalın, mübadilənin, ticarət dövriyyəsinin 80 faizindən çoxu Azərbaycanın payına düşür. 2008-ci ildə müvafiq göstəricilər daha yüksək templə inkişaf edir. Beləliklə, Prezident İlham Əliyevin 9 illik hakimiyyəti dönəmində Azərbaycan həyati əhəmiyyətli sahələrdə mühüm nailiyyətlər əldə edib.
Uğurla gerçəkləşdirilən sosial-iqtisadi inkişaf strategiyası
2003-cü ildən başlayaraq, ölkənin sosial-iqtisadi tərəqqisi getdikcə daha da sürətlənir, bu proses artıq dönməz xarakter alıb. Cənab İlham Əliyevin uğurla davam etdirdiyi, gerçəkləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanın böyük tərəqqisini şərtləndirir, ölkəmizin beynəlxalq aləmdə və regionda nüfuzunu və mövqeyini getdikcə daha da möhkəmləndirən amil kimi çıxış edir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür, ölkəmiz ictimai-siyasi, qlobal, mədəni-kütləvi xarakterli bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir, 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının da məhz Azərbaycanda keçirilməsi qərara alınıb.
Azərbaycan Prezidentinin dövlətə rəhbərliyinin ilk aylarında imzaladığı 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərman onun ölkənin sosial-iqtisadi tərəqqisinə ilk andan böyük diqqət göstərdiyini təsdiqləyir. Sözügedən Fərman ölkə iqtisadiyyatının müasir dövrun tələblərinə uyğun şəkildə idarə olunması zərurətindən irəli gəlir və bu sahədə kompleks tədbirlər proqramını əhatə edir. Bu qəbildən olan ardıcıl məqsədyönlü addımlar regionların inkişafına, qeyri-neft sektoruna diqqətin artırılmasına, yeni iş yerlərinin açılmasına böyük təkan verib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən və uğurla həyata keçirilən Dövlət Proqramları burada önəmli yer tutur. Bütün bunlar bir çox yerli müəssisələrin müasir texnologiyalar əsasında yenidən qurulması, yerli müəssisələrdə beynəlxalq standartlara cavab verən məhsulların istehsalı və bu məhsulların dünya bazarına çıxarılması, habelə, aqrar islahatların başa çatdırılmasına dair Dövlət Proqramlarının hazırlanmasına zəmin yaratmışdır.
Qeyri-neft sektorunun inkişafına göstərilən xüsusi diqqət
Bu müddət ərzində ölkənin strateji inkişafı ilə bağlı 2004-2008 və 2009-2012-ci illəri əhatə edən iki böyük Dövlət Proqramı qəbul edilərək böyük müvəffəqiyyətlə yerinə yetirilib. Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi, bu sahənin inkişafına göstərilən xüsusi diqqət, insan kapitalı amilinin önə çəkilməsi ilə ölkəmizin sosial-iqtisadi inkişafında ciddi nailiyyətlər qazanılıb. Son on ildə qeyri-neft sektorunda orta illik artım tempinin 11 faiz olması bunu əyani şəkildə sübut edir. 2011-ci ildə isə real ÜDM 2003-cü illə müqayisədə 3 dəfədən çox artıb, 2011-ci ilin yekunlarına əsasən, Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin 70 faizdən çoxu Azərbaycanın payına düşüb. 2012-ci ilin 11 ayında isə bu göstərici 80 faizdən çox olub. Son 8 ildə ölkənin strateji valyuta ehtiyatları 22 dəfədən çox artıb, 2011-ci ilin yekunlarına əsasən, 41 milyard ABŞ dollara çatıb. Hazırda ölkəmizin xarici valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyir.
Hər iki Proqramın böyük uğurla, müvəffəqiyyətlə gerçəkləşdirilməsi daha böyük strateji hədəflərə yönələn "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanıb qəbul edilməsinə və tətbiqinə, gerçəkləşdirilməsinə zəmin yaradır. Bununla yanaşı, 9 il ərzində ən müxtəlif fəaliyyət sahələrini əhatə edən çoxsaylı layihələr, proqramlar reallaşdırıb ki, bunlar da Azərbaycan dövlətçiliyinin təməlini, əsaslarını daha möhkəmləndirir, ölkəmizin hərtərəfli tərəqqisinə stimul verir. Dövlət başçısının böyük qətiyyətlə həyata keçirdiyi islahatlar Azərbaycanın inkişaf perspektivi baxımından, sözün həqiqi mənasında, yeni üfüqlər açıb. Bu, Onun yüksək idarəçilik qabiliyyətinin əyani təzahürüdür və Prezidentin mükəmməl iş təcrübəsinin göstəricisi kimi çıxış edir.
Yüksək dəqiqliklə qiymətləndirilən ümumi inkişaf qanunauyğunluqları
İlham Əliyev ölkənin bütün problemlərinin həllinə xüsusi diqqət yetirir və onlara milli dövlətçilik prinsipləri baxımından yanaşır. Dövlət başçısı müasir şəraitdə Azərbaycan cəmiyyətinin ümumi inkişaf qanunauyğunluqlarını yüksək dəqiqliklə qiymətləndirməyi bacarır. Bu qanunauyğunluqlar müasir dünyanın, qlobal cəmiyyətin inkişaf prioritetlərindən irəli gəlir. Prezident İlham Əliyev praqmatik siyasət həyata keçirərək, bəşəri dəyərlər çərçivəsində ümummilli maraqların maksimum reallaşmasına çalışır və bu istiqamətdə dövlət başçısının əldə etdiyi böyük uğurlar kifayət qədər təqdirəlayiqdir.
Azərbaycan Prezidenti dövlətin, ölkə vətəndaşlarının bütün sosial-iqtisadi fəaliyyət sahələrində müasir texnologiyalara yiyələnməsinə xüsusi önəm verir. Bu, Prezident İlham Əliyevin ölkənin strateji inkişaf perspektivinə konseptual baxışının göstəricisidir.
Müasir şəraitdə yeni elmi nailiyyətlərə, qabaqcıl informasiya texnologiyalarına yiyələnmədən hər hansı ölkənin ciddi uğurlara nail olması qeyri-mümkündür. Dövlət başçısı dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü müəyyən edən başlıca amil qismində çıxış etdiyini dəfələrlə vurğulayıb. O, qeyd edib ki, Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf etməli, təkcə neft amilindən asılı olmamalıdır. Bu baxımdan, ölkədə qeyri-neft sektorunun inkişafına yönələn investisiyaların getdikcə artması və stimullaşdırılması diqqətdən yayınmır. Eyni zamanda, "Elektron Hökumət" layihəsinin hazırlanıb müvəffəqiyyətli dövlət və cəmiyyət səviyyəsində idarəetmənin səmərəsini effektivliyini artırır, dövlətin ictimai əhəmiyyətli informasiya resurslarını hər bir fiziki və hüquqi şəxs, eləcə də, müvafiq təşkilatlar, təsisatlar üçün lazımlı, əlçatan edir. Prezidentin müvafiq tapşırıqlarını və qərarlarını həyata keçirən hökumət də bütün səylərini məhz bu istiqamətdə səfərbər etməyə çalışır.
Sabitlik, əmin-amanlıq, sosial rifah
Bu prinsiplər Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir
Azərbaycanın sürətli tərəqqisi bu gün dünya, Avropa və Qafqaz regionu üçün böyük əhəmiyyət kəsb edir. Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, yeni neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumdaxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri Prezident İlham Əliyevin iqtisadi siyasətinin mahiyyətini təşkil edir.
Dinamik inkişafda olan iqtisadiyyat sabitlik, əmin-amanlıq, sosial rifah, demokratiya və vətəndaş cəmiyyəti, milli təhlükəsizlik, effektiv xarici siyasət anlayışları ilə ölçülür. Bu mənada, hökumətin sosial məsuliyyət prinsipinə söykənərək fəaliyyət göstərməsi hazırkı şəraitdə məhz zamanın tələbi kimi meydana çıxır. Bu, müasir, demokratik idarəetmənin mahiyyətindən irəli gələn xüsusiyyətdir. Prezident İlham Əliyev təkmil idarəçilik konsepsiyasında bu mütərəqqi prinsip hər zaman önə çəkilir və idarəetmə praktikasında rasional ifadəsini tapır. Dövlət idarəçilyində insan amilinə xüsusi əhəmiyyət verən Prezident İlham Əliyev idarəetmənin bu mütərəqqi təməl prinsiplərini hər zaman önə çəkir.
9 il ərzində ölkədə 900 mindən artıq yeni iş yeri açılıb
Cənab İlham Əliyev ilk dəfə Prezident seçilərkən ölkədə 600 min yeni iş yerinin açılmasına nail olacağını bildirmişdi. Hazırda dövlət başçısının bu istiqamətdə göstərdiyi səylərin böyük uğurla və müvəffəqiyyətlə nəticələnib. 9 il ərzində ölkədə 900 mindən artıq yeni iş yeri açılıb ki, bunların da mütləq əksəriyyəti daimi iş yerləridir. Prezidentin yürütdüyü siyasət, bütün parametrlərə görə, dərin elmi əsaslara söykənir. Ölkədə aparılan sosial tənzimləmə siyasəti bazar iqtisadiyyatı prinsipləri ilə vəhdət təşkil edir. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətimizdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşlarımızın maraqları ilə tam uzlaşır. Əksinə, ölkənin iqtisadi inkişafından, yeni neft strategiyasının uğurlu nəticələrindən əldə edilən dividendlər insanlarımızın sosial problemlərinin həllinə, vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşmasına yönəlir.
Azərbaycanın sosial-iqtisadi inkişafının yeni mərhələsində özəl sektorun milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxması heç də təsadüfi deyildir. Bu, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən irəli gələn xüsusiyyətdir. Zəngin iqtisadi biliklərə, müasir rəhbərlik, idarəçilik təfəkkürünə malik olan, dünyada baş verən iqtisadi prosesləri dərindən bilən Azərbaycan Prezidenti ölkənin sosial-iqtisadi tərəqqisində özəl sektorun, sahibkarların rolunu düzgün dəyərləndirir. Azərbaycanın bölgədə lider dövlətə çevrilməsində, iqtisadi cəhətdən güclü, siyasi baxımdan müstəqil ölkə səviyyəsinə gəlib çatmasında və beynəlxalq aləmdə layiq olduğu yeri qazanmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
Müvəffəqiyyətlə gerçəkləşdirilən regional və qlobal layihələr
Regional və qlobal layihələrin ölkəmizdə reallaşması və iqtisadiyyatımıza böyük həcmdə investisiyaların yatırılması qısa vaxt ərzində sıçrayışlı inkişafa gətirib çıxarmışdır. Eyni zamanda, Prezident İlham Əliyevin dövlətə rəhbərliyinin ilk mərhələsindən atdlığı addımlar onun iqtisadiyyatın inkişaf perspektivlərində sahibkarlığın rolu barədə yüksək səmərə verən əsaslı konsepsiyaya malik olduğunu təsdiqləyir.
Azərbaycanda gerçəkləşdirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri Avropanın enerji təhlükəsizliyi baxımından da, mühüm əhəmiyyət daşıyır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünyada rolunu xüsusilə artırıb. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də istismara verilməsi isə Azərbaycanı Avropya qaz ixrac edən ölkəklərdən birinə çevirib.
Beləliklə, Azərbaycanın sosial-iqtisadi tərəqqisi əhalinin sosial problemlərinin yüksək səviyyədə həllinə imkan yaradır. Prezident İlham Əliyev dövlət başçısı kimi üzərinə götürdüyü öhdəliklərə layiqincə əməl edir. Dövlət idarəçiliyinin sosial-siyasi incəliklərinə xüsusi diqqət yetirən dövlət başçısı əhalinin bütün təbəqələrinin nümayəndələri ilə bilavasitə təmas qurur, sadə insanlarını narahat edən müxtəlif problemlərin həllində öz diqqət və qayğısını əsirgəmir. O, ölkənin qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin durduğunu aydın təsəvvür edir. Onların həlli üçün konkret planlara, proqramlara, peşəkar, yüksək iş qabiliyyətli komandaya malik olan dövlət başçısı bu istiqamətdə böyük qətiyyət, iradə, əzmkarlıq nümayiş etdirir.
İctimai-siyasi proseslərə praqmatik yanaşma
Neft-qaz sənayesində gəlirlərin idarə olunması üzrə uzunmüddətli strategiyanın işlənib hazırlanması, Dövlət Heft Fondundan ayrılan vəsaitin şəffaflığını qorumaq məqsədilə, onun büdcə xərcləri çərçivəsində ünvanlı istifadəsini təmin edən tədbirlərin görülməsi deyilənləri bir daha təsdiq edir. Azərbaycan Prezidentinin fəaliyyəti, həm də regionların inkişafına xidmət edən kompleks tədbirlərin işlənib hazırlanması və uğurla həyata keçirilməsi ilə yadda qalıb. Elə hökumətin ilk iclasında dövlət başçısı bölgələrin inkişafındakı fərqi mümkün qədər azaltmağı, bu sahədə balansa nail olmağı özünün iqtisadi siyasətinin prioritetlərindən biri olduğunu vurğulamışdı.
Prezidentin ölkədə cərəyan edən ictimai-siyasi proseslərə praqmatik yanaşması da bir çox cəhətdən böyük maraq doğurur. O, dəfələrlə vurğulayıb ki, siyasi müstəvidə sivil rəqabətin tərəfdarıdır və Azərbaycanda zorakı vasitələrlə hakimiyyətə gəlməyin mümkün olmadığı hər kəs aydın dərk etməlidir.
Prezident açıqlamalarında hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının fəaliyyətindən də razı qaldığını bildirib, partiya qarşısında bir sıra müvafiq vəzifələr müəyyənləşdirib: "Yeni Azərbaycan Partiyasının üzvlərinin, fəallarının vəzifəsi ondan ibarətdir ki, hər kəs öz yerində bu məsələlərlə gündəlik həyatda məşğul olmalıdır... Biz elə etməliyik ki, siyasətimiz daim diqqət mərkəzində olsun və bu siyasət real nəticələrə gətirib çıxarsın. Mən bunu əvvəllər də demişəm, bir də deyirəm, mən siyasəti belə başa düşürəm: real, konkret iş görmək və ölkəmizi gücləndirmək, mövcud olan sosial problemlərin həlli üçün çalışmaq".
Dövlət başçısı öz fikrini hakim partiyaya alternativ siyasi qüvvənin olmaması ilə əsaslandırıb: "Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur. Mən partiyanın inkişafı üçün, partiya quruculuğu üçün əlimdən gələni edirəm və edəcəyəm. Partiyanın Sədri kimi bu yüksək məsuliyyəti dərk edirəm. Heydər Əliyevdən sonra partiyaya rəhbərlik etmək böyük şərəfdir. Əlbəttə ki, mən çalışıram, həm Prezident kimi öz vəzifə borcumu şərəflə yerinə yetirim və həm də partiya sədri kimi bütün işlərdə fəal olmağa çalışıram və bunu edirəm".
Real gerçəklik ondan ibarətdir ki, səmimi və konstruktiv dialoq çağırışları da bilavasitə hakimiyyətə məxsusdur. Radikal qüvvələr bu reallığa hörmətlə yanaşıb hakimiyyətlə sivil rəqabət və konstruktiv əməkdaşlığa nail olmalıdırlar ki, öz siyasi mövcudluqlarını az-çox qoruyub saxlaya bilsinlər.
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı prinsipial mövqe
Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi və onun həlli perspektivləri barədə prinsipial mövqeyi ölkə ictimaiyyəti tərəfindən xüsusi rəğbətlə qarşılanır və dünyada böyük maraq doğurur. Dövlət başçısı dəfələrlə bildirib ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilmiş, bir milyondan çox adam qaçqın və köçkün vəziyyətinə düşmüş, amma bu siyasət dünya birliyi tərəfindən qətiyyətli şəkildə pislənməmişdir. BMT-nin üzvü olan suveren dövlətin ərazisinin 20 faizi işğal edilib, dünya birliyi isə bu məsələyə lazımi münasibət göstərmir. Dövlət başçısının sözlərinə görə, bütün bunlar böyük ədalətsizlikdir və təəssüf ki, dünya birliyi bu işğala son qoymaq üçün təcavüzkara lazımi təzyiq edilmir.
Buna baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi dönəmində öz mövcud potensialını yüksək səviyyədə inkişaf etdirməyi bacaran Azərbaycan Ermənistanı diplomatik və sosial-iqtisadi müstəvidə maksimum sıxmağa nail olub, bu öz müstəqilliyi dönəmində ölkəmizin əldə etdiyi ən böyük nailiyyətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından müqayisəolunmaz dərəcədə üstündür. Bu gün Azərbaycan Ordusu Qafqazda ən güclü ordudur, onun gücü və büdcəsi hər il artır.
Azərbaycanın Cənubi Qafqazda liderliyi strateji əhəmiyyət kəsb edir
Prezident Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə həlli üçün səy göstərdiyini dəfələrlə vurğulayıb və qeyd edib ki, məhz bu məqsədlə ATƏT çərçivəsində danışıqlar prosesi davam etdirilir. BMT Baş Məclisini, Avropa Şurasını, İslam Konfransı Təşkilatını və digər təşkilatları məsələnin müzakirəsinə cəlb etməklə problemin dinc yolla nizama salınması üçün bütün imkanlardan istifadə edilir. Eyni zamanda, Azərbaycanın iqtisadiyyatı və müdafiə sənayesi möhkəmləndirilir.
Prezident İlham Əliyev dəfələrlə xatırladıb ki, münaqişənin yalınız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması mümkündür və Ermənistana işğal etdiyi əraziləri yubanmadan boşaltmağı məsləhət görüb: "Əgər bunu etməsə, Ermənistan özünü bütün regional və beynəlxalq layihələrdən kənarda saxlamaqda davam edəcək".
Prezident dəfələrlə bəyan edib ki, Azərbaycan öz ərazisində başqa bir erməni dövlətinin yaranması ilə heç vaxt razılaşmayacaq. Erməni işğalı nəticəsində 1 milyon insanın qaçqın həyatı yaşadığını dönə-dönə xatırladan İlham Əliyev münaqişə ilə bağlı BMT-nin məlum 4 qətnaməsinin olduğunu məqsədyönlü şəkildə vurğulayır. Prezident münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu, lakin Ermənistan tərəfinin hər vəchlə bundan yayındığını hər zaman önə çəkir. İlham Əliyev münaqişənin hərbi yolla həlli imkanları haqqında danşarkən hər zaman qeyd edir ki, əgər danışıqlar bir fayda verməsə, Ermənistan bizim torpaqlarımızı azad etməsə, onda Azərbaycan müxtəlif variantları nəzərdən keçirəcək və müharibə variantı da istisna edilmir.
Milli maraqlara söykənən tarazlaşdırılmış xarici siyasət
Prezidentin Azərbaycanın xarici siyasəti, tarazlı siyasətin vacibliyi barədə fikirləri də xüsusilə maraq doğurur. Dövlət başçısı Xarici İşlər Nazirliyində respublikamızın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin başçıları ilə görüşlərində Azərbaycanın xarici siyasəti qarşısında duran vəzifələrə, prioritetlərə tam aydınlıq gətirib. Bunlara dünya ölkələri ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq, xarici ölkələrdəki səfirliklərimizin fəaliyyətinin genişləndirilməsi, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlər problemi ilə bağlı dünya ictimaiyyətində dolğun təsəvvür yaradılması, xaricdə yaşayan azərbaycanlıların potensialından səmərəli istifadə edilməsi, Azərbaycanın iqtisadi maraqlarının qorunması kimi məsələlər daxildir.
Digər tərəfdən, Azərbaycan Prezidenti xarici siyasətdə milli dəyərlərə önəm verərək, hər bir türkdilli ölkənin problemi digərinin probleminə çevrilməli olduğunu vurğulayır. Türkdilli ölkələrin dövlət başçılarının VIII zirvə görüşündə bu məsələ Onun tərəfindən xüsusi olaraq önə çəkilib. Bu, bütövlükdə, türkdilli xalqların dünya siyasətindəki tarixi yerini, təsir imkanlarını, nüfuzunu təmin etməyə yönəlmiş müqəddəs amal, məsuliyyətli missiyadır. Prezident İlham Əliyev sammitdə çıxışında bu əməkdaşlığın konseptual əsaslarını dəqiqliklə izah edib: "Bizi birləşdirən tarixi köklər, ortaq mədəniyyət, etnik mənsubiyyət, qarşılıqlı - səmərəli fəaliyyətimiz üçün çox böyük amildir. Biz bir-birimizi daim dəstəkləməliyik. Hər bir türkdilli ölkənin problemi digərinin probleminə çevrilməlidir".
Bütün bunlar hazırkı şəraitdə Azərbaycanın üstün mövqeyini şərtləndirən amillərdir. Nəticə ondan ibarətdir ki, bu şərtlər daxilində Azərbaycanın regionda liderlik mövqeyi və nüfuzu daha da möhkəmlənərək strateji əhəmiyyət kəsb etməyə başlayır. Prezident İlham Əliyevin siyasi strategiyası bu istiqamətdə mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirir.
"Səs" Analitik Qrupu