PDF Oxu

Siyasət

  • 21

Naxçıvanda “Dünya azərbaycanlılarının həmrəyliyi: ideyadan gerçəkliyə” mövzusunda konfrans keçirilmişdir

Naxçıvanda “Dünya azərbaycanlılarının həmrəyliyi: ideyadan gerçəkliyə” mövzusunda konfrans keçirilmişdir

"XXI əsrin astanasında dünya azərbaycanlılarının həmrəyliyinə daha böyük ehtiyac vardır." Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutundan AzərTAc-a bildirmişlər ki, ümummilli lider Heydər Əliyevin bu müdrik fikri dekabrın 26-da AMEA Naxçıvan bölməsi Yeni Azərbaycan Partiyası müəssisədənkənar ərazi ilk partiya təşkilatının "Dünya azərbaycanlılarının həmrəyliyi: ideyadan gerçəkliyə" mövzusunda keçirdiyi konfransda səsləndirilmişdir.

Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətində xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsas məzmununu xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir.

Konfransda AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva "Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi ideyası", həmin institutun əməkdaşı Elnur Kəlbizadə "Azərbaycançılıq milli məfkurə kimi" mövzularında məruzə etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi və dünya azərbaycanlılarının vahid ümummilli ideologiya – azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Azərbaycanın parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı ağır bir dövrdə xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn böyük dövlət xadimi Heydər Əliyev ölkəni parçalanmaq, məhv olmaq təhlükəsindən qurtarmış, azərbaycançılığı nəinki dövlətçilik konsepsiyasına, hətta bütün dünyada yaşayan azərbaycanlıların ümummilli ideologiyası səviyyəsinə yüksəldə bilmişdir. Elə məhz bu amil də onun adının bütün dövrlərin ən böyük azərbaycanlısı kimi tarixə yazılmasına səbəb olmuşdur.

Konfransda çıxış edən AMEA-nın müxbir üzvü, AMEA Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun direktoru Tariyel Talıbov bu gün də xalqımızın - dünya azərbaycanlılarının ümummilli ideallar ətrafında, Azərbaycan dövləti ətrafında sıx birləşməsinin vacibliyini vurğulamışdır.

Konfransa AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurmuşdur.

AzərTAc

Digər xəbərlər