YENİ 2013-CÜ İLDƏ ÖLKƏMİZ PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ ALTINDA DAHA YENİ UĞURLARA İMZA ATACAQ
Arxada qoyduğumuz 2012-ci il ölkəmiz üçün bir çox mühüm və mühüm olduğu qədər də əhəmiyyətli il kimi tarixə düşdü. Belə ki, 2012-ci il Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcı kimi tarixə düşdü. Çox qısa zaman kəsiyində, yəni 10 ilə yaxın müddətdə Azərbaycan iqtisadiyyatın əcmi 3 dəfə artırmaqla sosial-iqtisadi sahədə keçid dövrünü başa vurdu və yeni inkişaf mərhələsinə qədəm qoydu.
Statistik göstəricilər
2012-ci ilin statistikası göstərir ki, əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də sosial-iqtisadi inkişaf dinamikası təmin edilib. Bu ilin yekunlarına görə, ÜDM 1,2 faiz, qeyri-neft sektoru isə orta hesabla 10 faiz artıb. Ölkəmiz orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirib. Qeyri-neft sektorunda sənaye istehsalı 8 faizə yaxın, kənd təsərrüfatı isə 6,5 faiz yüksəlib, valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşıb. Strateji ehtiyatlar ÜDM-in 70 faizinə çatır ki, bu göstərici üzrə ölkə dünyada ən qabaqcıl yerlərdədir.
Uğurlu sosial-mənəvi siyasət
Sabit makroiqtisadi göstəricilər və böyük maliyyə imkanları Azərbaycanda uğurlu sosial-mənəvi siyasət həyata keçirmək üçün geniş imkanlar yaradır. 2012-ci ilin yekunlarına görə, əhalinin pul gəlirlərinin 12,2 faiz artması müqabilində inflyasiya cəmi 1,2 faiz təşkil edib ki, bu da inflyasiya ilə əhalinin pul gəlirləri arasında 10 faiz fərq olduğunu göstərir. Azərbaycan bu göstəricilərə görə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Hazırda Azərbaycanda orta maaş 500 dollara, orta pensiya 200 dollara bərabərdir. Ölkədə pensiyalar əmək haqlarının 40 faizini təşkil edir. Bu, Avropanın inkişaf etmiş ölkələrinin meyarları səviyyəsindədir. Cari ildə SSRİ dövründən qalmış əmanətlərin qaytarılmasına başlanıldı. Qeyd etmək lazımdır ki, bütün MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla bu vəsait məhz Azərbaycanda verilir. Son statistik məlumatlara görə, ölkədə yoxsulluğun səviyyəsi 6 faizə çatıbdır. Həmçinin, ölkəmizdə icra olunan ünvanlı sosial yardım proqramı hazırda 127 minə yaxın ailəni əhatə edir. Hər ailəyə ayda orta hesabla 112 manat vəsait ödənilir. İl ərzində 200-ə yaxın məktəb və əlavə korpuslar tikilib, 100-dən çox məktəb əsaslı təmir edilib. Bu proses davam etməkdədir.
Azərbaycanın mədəniyyət qələbəsi
2012-ci ilin yekunları barədə danışarkən, ilk növbədə, "Eurovision-2012" musiqi yarışması başda olmaqla, Azərbaycanın çoxsaylı dünya və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi ölkəmizin müstəqillik tarixində böyük uğurlar, möhtəşəm qələbələr, sürətli inkişaf və tərəqqi ili kimi yadda qalacaqdır. Azərbaycan tarix boyu heç vaxt siyasi, iqtisadi, mədəni, idman və digər sahələrdə bu qədər nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməmişdi. Əlbəttə, Avropanın bir nömrəli musiqi yarışması olan "Eurovision" müsabiqəsini qazanmaq musiqi sahəsində böyük nailiyyət olduğu kimi, onu uğurla keçirmək də böyük təşkilatçılıq bacarığı və beynəlxalq məsuliyyət tələb edirdi. Ölkə Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sədrliyi ilə qısa zamanda müsabiqənin keçirilməsi ilə bağlı bütün texniki və təşkilati məsələləri həll etdi, müsabiqənin keçirildiyi məkan - "Crystall Hall" tikilib istifadəyə verildi. Bununla Azərbaycan dövləti sübut etdi ki, onun gücü və imkanları yetərincədir.
İdman tariximizə yazılan uğurlu qələbə ilə
2012-ci il həm də "İdman ili" kimi uğurlu il oldu. Belə ki, il çərçivəsində ölkədə çoxsaylı turnirlər keçirildi, idmançılarımız ardıcıl qələbələr qazandılar. Prezident İlham Əliyevin ölkədə idman infrastrukturunun inkişaf etdirilməsinə diqqət və qayğısı, gənclərin kütləvi şəkildə idmana axınının təmin edilməsi, sözsüz ki, belə yüksək nailiyyətlərin əldə olunmasının başlıca səbəbidir. Ötən il London Yay Olimpiya Oyunlarında idmançılarımız ikisi qızıl, ikisi gümüş, altısı bürünc olmaqla 10 medal qazandılar və Azərbaycan dünyanın 204 ölkəsi arasında 30-cu, Avropanın 54 ölkəsi arasında 15-ci yeri tutaraq milli olimpiya tariximizdə rekord nəticə əldə etdi. Paralimpiyaçılarımız isə dördü qızıl olmaqla 12 medal əldə edərək dünyada 27-ci yeri qazandılar. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində ötən ilin yekunlarına həsr olunan tədbirdə çıxışı zamanı bildirib ki, 2012-ci il idmançılarımız üçün çox uğurlu il olub: "2012-ci ildə idmançılar tərəfindən müxtəlif beynəlxalq yarışlarda 700-dən çox medal qazanılıb. Onlardan 255-i qızıl medaldır. İdmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil ediblər.
2013-cü il - növbəti illərin uğurları
Dövlət başçısı 2015-ci ildə Bakıda Avropa Olimpiya Oyunlarının keçirilməsinə toxunaraq bildirib ki, bu tarixi qərardır: "İlk növbədə, ona görə ki, bu, birinci Avropa Olimpiya Oyunları olacaqdır. Bu günə qədər baxmayaraq ki, Olimpiya hərəkatı tarixən Avropa məkanından başlamışdır və Olimpiya Oyunlarının bərpası da müasir dövrdə yenə də Avropa qitəsində baş vermişdir, - Avropa Olimpiya Oyunları heç vaxt keçirilməmişdir. Birinci oyunların keçirilməsi özlüyündə ciddi bir addımdır, Olimpiya hərəkatında bir dönüşdür. Bu oyunların bizə həvalə edilməsi, bu məsuliyyətin bizə tapşırılması, əlbəttə ki, böyük tarixi əhəmiyyətə malik olan bir hadisədir".
Beləliklə, yola saldığımız 2012-ci ildə Azərbaycan öz tərəqqi tarixində yeni şanlı səhifəsini açaraq, dünyaya sübut etdi ki, ölkəmizin sürətli inkişafı Prezident İlham Əliyev tərəfindən yürüdülən praqmatik, mütərəqqi və müdrik siyasətin bariz nümunəsidir.
RƏFİQƏ KAMALQIZI