Azərbaycan müasir dövrümüzdə beynəlxalq aləmdə diqqətdə olan dövlətlər sırasındadır. Özünün ideologiyası, tarixi, iqtisadi nailiyyətləri, mədəniyyəti, coğrafi mövqeyi baxımından inkişaf etmiş dövlətlər sırasında nüfuza malikdir. Dövlətimizin müstəqillik illərində böyük sıçrayışları yaşaması beynəlxalq aləmdə bu nüfuzu daha da dərinləşdirib. Bunun nəticəsi olaraq, bu gün Azərbaycana dünyanın müxtəlif ölkələrindən turist axını güclənib. Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanın turizm sahəsinə ayırdığı diqqət dövlətin dünyada turizm potensialını nümayiş etdirməyə şərait yaradır. Bunun müqabilində Azərbaycana gələn turistlərin axını ilbəil artır.
2011-ci ilin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Turizm ili " elan edilməsi ölkədə turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına səbəb oldu. "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiqi isə bu işin daha da sürətlənməsi ilə nəticələndi. Turist axını çox olan rayonlarda turist düşərgələrinin təşkil edilməsi, turizm sahəsində fəaliyyət göstərən orta və kiçik sahibkarlara dəstək məqsədi ilə təyinatlı və güzəştli kreditlərin ayrılması da bu nailiyyətlərin əldə edilməsinə zəmin oldu.
Bu gün ölkəmizdə fəaliyyət göstərən hotellərin sayı 500-ə çatıb. Bu proses davam etməkdədir. Statistik rəqəmlər, eləcə də, inşa olunan hotellər artıq Azərbaycan turizminin dünya miqyasında rəqabət apara biləcək şəkildə qurulmasından xəbər verir. Ölkəmizin turizm bazarının dünya bazarına daha rəqabətli çıxması üçün müəyyən tədbirlər görülüb. Turizmin inkişafına dair Dövlət Proqramı çərçivəsində ölkədə azad rəqabətin təmin olunması yolu seçilib. Rəqabət və təkliflərin müxtəlifliyi isə qiymətlərin aşağı salınmasına səbəbdir. Həm keyfiyyət, həm də müəyyən qədər qiymətlərin tənzimlənməsi turist axının artması ilə nəticələnib.
Daxili turizm bazarında infrastruktur qurulub, mehmanxana və turizm şirkətləri çeşidli xidmətlər göstərirlər. Təbii ki, ötən il Bakıda yeni beşulduzlu hotellərin istifadəyə verilməsi bu sahəni daha da inkişafına təkan oldu. Bu gün Azərbaycanda mövcud olan potensialdan səmərəli istifadə, həyata keçirilən layihələr, infrastrukturun qurulması turizmin sürətli inkişafına töhfələrini verməkdədir. Bildiyimiz kimi, Azərbaycanda hazırda daha çox yay turizminə üstünlük verilir. Bu fəsildə həm ölkə daxilində, həm də bir sıra xarici ölkələrdən gəlmiş əcnəbi turistlərin sayı artır. Etiraf etməliyik ki, insanlar qış turizminə də meyillidirlər. Yay turizm mövsümündən sonra qış turizm mövsümünə keçid ölkəmizin bu mövsümdə də turistləri lazımı səviyyədə qəbul etmək imkanı olduğunu göstərir. Azərbaycan ərazisində inşa olunanlar sırasında isə ən prioriteti Şahdağ Qış-Yay Turizm Kompleksidir. Şahdağ qış-yay turizm kompleksi geniş perspektivləri var. Kompleksin fəaliyyətə başlaması ölkəmizdə qış turizminin inkişafına və daha kütləvi xarakter almasına zəmindir. Mütəxəssislərin fikrincə, "Şahdağ" kompleksinin tikilməsi turizmin bu istiqamətinin imkanlarını daha da artırır. Qusar rayonunun Dağlıq Alayan kəndi ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksində inşaat işləri yüksək standartlara uyğun olaraq həyata keçirilib. Şahdağ Milli Parkının ərazisində salınan bu kompleksin tikintisi ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradıb.
Azərbaycanda qış turizmi orijinal cəhətləri ilə Qubada daha çox özünü göstərir. Turizm marşurutları Quba-Təngəaltı-Qonaqkənd, Quba-İspik-Xınalıq və Quba-Uzunmeşə olmaqla 3 istiqamət üzrə təyin edilib. Sözügedən turizm marşurutları üzərində 40-a yaxın istirahət obyekti, eləcə də, 100-dək təbiət və tarixi memarlıq abidəsi yerləşir. Turistlərin Qubaya artan marağını və mövcud əlverişli təbii mühiti nəzərə alan turizm mütəxəssisləri rayonda müasir tipli turizm obyektləri yaratmağa başlayıblar.
Qaxda da qış turizmi üçün əlverişli məkandır. Qax rayonda hazırda 10 turizm obyekti fəaliyyət göstərir və yeni turizm mərkəzlərinin inşası da davam etdirilir. Yerli turizm mütəxəssislərinin hesablamalarına görə, 2009-cu ildə rayona 4 mindən yuxarı turist gəlmişdisə, 2011-ci ildə onların sayı 15 min nəfərdən artıq olub. Qax daha çox turizm sektoru inkişaf edən və bu sahədə geniş imkanlara malik bir rayon kimi ölkəmizdə yaxşı tanınır. Hazırda rayon iqtisadiyyatının ən gəlirli sahələrindən birini turizm sektoru təşkil edir. Artıq bu sahədən gələn gəlir hesabına bir sıra işlər görülüb, yeni layihələrə imza atılıb.
Azərbaycanın bir sıra məkanlarda qış turizmini inkişafına zəmin mövcuddur. Bu sırada Daşkəsəni və Lerik rayonunu da qeyd etməliyik. Qış turizminin inkişafı üçün yeni layihə hazırlanıb. Dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşən Daşkəsəndə qış turizminin inkişafı üçün geniş imkanlar var. Murovdağın ətəklərində yerləşən rayonda qışın şaxtalı keçməsi qış mövsümündə dincəlmək istəyən turistləri özünə cəlb edə bilər ki, bu da rayonun iqtisadi inkişafına müsbət təsir göstərər. Layihə də məhz bu amillər nəzərə alınaraq hazırlanıb.
Bu gün Azərbaycan özünün inkişaf mərhələsini yaşayır. Bütün sahələrdə olduğu kimi, turizm sahəsində də böyük sıçrayışlar müşahidə olunmaqdadır. Azərbaycan milli dəyərləri, tarix-mədəniyyət obyektləri, qoruqları, iqlimi, relyefi turizmin inkişafına təsirini göstərməkdədir.
NƏZAKƏT ƏLƏDDİNQIZI