PDF Oxu

Siyasət

  • 41

Azərbaycanda çox güclü sosial siyasət aparılır

Azərbaycanda çox güclü sosial siyasət aparılır

İlham Əliyev: "Bir çox beynəlxalq maliyyə qurumları ölkəmizdəki inkişafı yüksək qiymətləndirərək, qeyd edirlər ki, bu inkişaf, ilk növbədə, ölkədə həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin nəticəsidir"

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının artıq 4-cü ili tamam olur. Həmin il ərzində atılan addımların nəticəsi göz önündədir. Regionların inkişafı ilə bağlı birinci Proqram kimi, ikinci Proqram da Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Dövlət başçısı Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ildönümü ilə bağlı konfransdakı çıxışında bildirmişdir ki, Azərbaycanın sosial-iqtisadi inkişafının artıq neçə vaxtdır dünyanın diqqətini özünə cəlb edir: "Bir çox beynəlxalq maliyyə qurumları ölkəmizdəki inkişafı yüksək qiymətləndirərək, qeyd edirlər ki, bu inkişaf ilk növbədə, ölkədə həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin nəticəsidir".

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafında qəbul edilən iki Dövlət Proqramı müstəsna rol oynayıb. Birinci Dövlət Proqramında qarşıya qoyulan bütün məsələlər uğurla həyata keçirilib. Bölgələrdə mövcud olan sosial-iqtisadi məsələləri tam həll etmək üçün isə ikinci Dövlət Proqramı qəbul edilib. İkinci Proqramda da hər rayonda, hər kənddə görüləcək işlərin həcmi və icra müddəti dəqiq müəyyən olunub. Bu da işin icrasına nəzarəti gücləndirməyə imkan verir. Nəticə isə çox uğurludur. Bu barədə Prezident İlham Əliyev "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda demişdir: "Bir sözlə, keçən dövr haqqında kifayət qədər məlumat vardır və bir də görülən bütün bu işlər göz qabağındadır. 2009-cu ilin əvvəlində proqramın yeni dövrü başlanmışdır... Artıq üç ildir ki, İkinci Dövlət Proqramı icra edilir. Deyə bilərəm ki, bütün vəzifələr artıqlaması ilə icra edilir. Birinci Proqrama gəldikdə, orada nəzərdə tutulmuş məsələlər, təbii ki, öz həllini tapmışdır. Ondan əlavə tədbirlər də görülmüşdür".

"Həyata keçirilən hər bir layihə həm keyfiyyət, həm də kəmiyyətinə

görə istənilən səviyyədən də yaxşı başa

çatdırılmaqdadır"

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. Bu proqramların içində ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Dövlət Proqramının icrasının nəticələri onu göstərir ki, həqiqətən də, aparılan tədbirlər, həyata keçirilən hər bir layihə həm keyfiyyət, həm də kəmiyyətinə görə istənilən səviyyədən də yaxşı başa çatdırılmaqdadır. Sosial, mədəni, infrastruktur obyektlərinin istifadəyə verilməsi, energetika və kommunal xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması bütövlükdə regionları 8 il əvvəlki simasından fərqləndirir.

"Bu proqram ölkə

iqtisadiyyatının inkişafı üçün əsas sənəd kimi qəbul edilib"

Dövlətimizin başçısının sözlərinə görə, bu proqram ölkə iqtisadiyyatının inkişafı üçün əsas sənəd kimi qəbul edilib. Proqramda bütün vəzifələr, icra mexanizmləri, maliyyə resursları göstərilib. Dövlətimizin başçısının sözlərinə görə, bundan sonra da dövlət xətti ilə investisiya proqramları icra ediləcək: "Amma mən çox istərdim ki, özəl sektor daha da böyük həcmdə investisiyalar qoysun, həm öz imkanlarını genişləndirsin, eyni zamanda, ölkənin inkişafı üçün də bunun böyük əhəmiyyəti vardır".

Bu gün biz regionların sosial-iqtisadi inkişafı İkinci Dövlət Proqramının icrası nəticəsində ölkə boyu həyata keçirilən nəhəng quruculuq işlərinin şahidiyik. regional inkişaf proqramları çərçivəsində əhalinin məşğulluğunun artırılması və yoxsulluğun azaldılması sahəsində mühüm irəliləyişlər əldə olunub. Artıq bölgələrdə fəaliyyət göstərən minlərlə müəssisədə çalışan insanların işlə təmin olunmaları regionlarda işsizlik probleminin həllinə şərait yaradır. Yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi bütövlükdə bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxarmışdır. Ölkədə 1 milyondan çox iş yerinin yaradılması, iqtisadi fəal əhalinin sayının 4,5 milyon nəfəri ötməsi, yoxsulluğun səviyyəsinin 7,6 faizə qədər enməsi, minlərlə yeni müəssisənin yaradılması birbaşa regional inkişaf proqramının icrasının məntiqi nəticəsidir.

Yeni Dövlət Proqramı hazırlanacaq

Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı yeni Dövlət Proqramının hazırlanacağını bəyan edərkən bildirmişdir ki, 2009-2013-cü illərə dair regional inkişaf proqramının icrası başa çatdıqdan sonra yeni proqram hazırlanacaq. Regionların inkişafı ilə yanaşı, ümumilikdə, respublikamızın iqtisadi və sosial tərəqqisinə xüsusi töhfə verəcək bu proqramı Dövlət İnkişaf Proqramı adlandıran Prezident İlham Əliyev artıq bu konsepsiyanın hədəflərinin məlum olduğunu bəyan edib. Onu da xatırladaq ki, davamlı olaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqrama əlavə xarakteri daşıyan tədbirlər planı hazırlanır və həyata keçirilir. Bu əlavələr yeni şəraitin tələblərindən, innovasiyaların tətbiqi zərurətindən irəli gəlir. Bu gün bölgələrdə quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Birinci və İkinci Dövlət Proqramlarında nəzərdə tutulan məqsədələrin yerinə yetirilməsi, xüsusilə də, rayonlardakı mövcud sosial infrastrukturların və kommunal xidmət sektorlarının tam yenidən qurulması artıq 2013-cü ildən sonrakı dövrdə başqa hədəflər üzrə tədbirlərə yol açacaq. Belə ki, 2013-cü ildən sonrakı dövrdə sürətlə inkişaf edən Azərbaycanın qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi vəzifələr duracaq. Yaxın dövrdə orta gəlirli dövlətlər statusuna malik ölkə kimi respublikamızda inkişaf meyillərinin tələblərinə uyğun layihələrin icrası zərurətə çevriləcək. 2014-2018-ci illərə dair yeni regional inkişaf proqramının hazırlanması da məhz bu zərurətlərdən irəli gəlir. Dövlət İnkişaf Prqoramı adlanan konsepsiyanın əsas hədəfi regionların və paytaxtın potensial iqtisadi resurslarının ümumi inkişafa cəlb olunması yolu ilə ümumi daxili məhsulun yüksək artımını və Azərbaycanın daha da güclü dövlətə çevrilməsini təmin etməkdən ibarətdir.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər