Prezident İlham Əliyev: "Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edəcəkdir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə, prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldiləcəkdir"
Giriş: 2012-ci ili yüksək nailiyyətlərlə başa vuran Azərbaycan Respublikası yeni dönəmə qədəm qoyur. İnkişafının keyfiyyətcə daha yeni bir mərhələsinə adlayan dövlətimizin bu il ərzində də uğurlar qazanacağı heç kəsdə şübhə doğurmur. Xüsusilə də, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının icrasının ilk ilinin 2013-cü il olduğunu nəzərə alsaq, cəmiyyətimizin sosial-iqtisadi və ictimai-siyasi kontekstdə daha da irəliləyəcəyini əminliklə söyləmək olar. Həmçinin, sosiumun keyfiyyətcə yeni dəyərlər qazanması, hakimiyyətlə vətəndaşlar arasında konstruktiv dialoqun qurulması, insanlarda hakim elitaya münasibətdə möhkəm inamın formalaşması sözügedən uğurların davamlı olacağına da əminlik yaradır.
Əlbəttə ki, perspektiv inkişafın konstant apriorunu təşkil edən, sosial-iqtisadi və siyasi təməl rolunu oynayan bu günə qədər əldə olunmuş nailiyyətlər son 10 ilin (2003-2013) uğurlarıdır. Təbii ki, 1993-2003-cü illərin nailiyyətləri Azərbaycanın inkişafı üçün möhkəm dayaqlar formaşlaşdırıb, cəmiyyətin intellektual və kreativ enerjisini ölkənin inkişafı üçün səfərbər edib, sosiumda hakimiyyətə münasibətdə qəti fikir yaradıb. Bu uğurların formalaşdırdığı özül üzərində start götürən sosio-mədəni, eyni zamanda, sosial-iqtisadi modernləşmə siyasəti isə Prezident İlham Əliyevin ölkənin başçısı seçilməsindən sonra reallaşdırılmağa başlanıb.
Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və rəqabətədavamlı iqtisadiyyata malikdir, beynəlxalq reytinqlərin hesabatlarında müsbət mənada daim öncül sırada dayanır. Bütün bunlara da son 10 il ərzində nail olunub. Ona görə də, 2003-2013-cü illəri müasir Azərbaycan tarixinin növbəti "qızıl onilliyi" adlandırırıq. "Qızıl onillik" çərçivəsində Azərbaycanın daha çox inkişafına təkan vermiş əsas prioritetlərdən biri sahibkarlığa dövlət dəstəyi olduğundan, elə ilk olaraq, bu sferanın tərəqqisindən yazırıq...
Sahibkarların hüquqları dövlət tərəfindən müdafiə olunur
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Dövlət başçısı sahibkarların bütün qayğılarına diqqətlə yanaşıb və onların ən yaxın dostu olduğunu bəyan edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son 9 ildə sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı və digər sahələrlə bağlı sistemli tədbirlərin miqyası daha da genişlənib. Sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması ilə bağlı qətiyyətli addımlar atılıb.
Hökumətin həyata keçirilən iqtisadi islahatlarının əsas istiqamətlərindən biri investisiya mühitinin daha da yaxşılaşdırılmasından, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsindən, yeni iş yerlərinin açılmasından və nəticə etibarilə əhalinin maddi rifahının yaxşılaşdırılmasından ibarətdir. Məhz bu məqsədlə Azərbaycanın dövlət başçısı davamlı olaraq, yerli və xarici iş adamları ilə görüşlər keçirir, görüşlərin nəticəsi kimi çox mühüm qərarlar imzalayır. Həmin qərarlarda ölkənin iqtisadi inkişafına məsul olan dövlət orqanları ilə sahibkarlar arasında müntəzəm dialoqun qurulması ön plana çəkilir. Sahibkarların hüquqlarının qorunması və üzləşdikləri maneələrin aradan qaldırılması dövlətin müvafiq orqanlar qarşısında qoyduğu mühüm vəzifələr hesab olunur. Bununla bağlı normativ-hüquqi baza yaradılıb, sahibkarların fəaliyyəti ilə bağlı yoxlamaların predmeti, yoxlamanın meyarları müəyyən olunub. Bütün hallarda yoxlamaların aparılmasında birbaşa əsas faktor kimi sahibkarların hüquqlarının qorunması başlıca məsələdir.
Sahibkarlığın inkişafına xidmət edən uğurlu Dövlət Proqramları var
Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı müxtəlif dövlət proqramları mövcuddur. Dövlət, eyni zamanda, sahibkarlara müxtəlfi vasitələrlə dəstək göstərir, onların maddi ehtiyaclarını ödəyir, mühüm layihələr həyata keçirməklə, bu sahəyə davamlı olaraq yardımlar edir. Sahibkarlığın inkişafında ən mühüm rol oynayan proqramlardan biri və sahibkarlıq sektorunda strateji inkişaf konsepsiyası kimi qiymətləndirilən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı xüsusi olaraq qeyd etmək olar. Bu sənəd, ölkəmizin ümumi inkişaf meyarları ilə yanaşı, sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin və müəssisələrin yaradılması ilə bağlı prioritet istiqamətlərinə görə fərqlənir.
Dövlət Proqramında sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, onların investisiya layihələrinin güzəştli qaydada kreditəşdirilməsi və iş adamlarının maarifləndirilməsinə yönəldilmiş bir sıra tədbirlərin həyata keçirilməsi ilə bağlı hədəflər geniş yer alıb. Başlıca prioritetlərdən biri sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi nəzərdə tutulub. Proqramın əsas müddəaları sırasında sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilməsini təmin etməkdən ibarətdir. Bu siyasətin iqtisadiyyatın bütün sahələrində, xüsusilə, prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilməsi başlıca məqsədlərdəndir. Buna görə də, davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından sahibkarlıq sahəsində mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bura kiçik və orta sahibkarlığın (KOS) dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində KOS-un rolunun gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması, kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən, istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi kimi məsəllər daxildir. Həmçinin, sahibkarlığın dəstəklənməsinin müasir təşkilati modellərinin yaradılması, o cümlədən, sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və sair strukturların yaradılmasının davam etdirilməsi, ticarət yarmarkalarının yaradılması, yerli iqtisadiyyatın yönümünü nəzərə almaqla rayonlarda işsizlər üçün kadrların peşə hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin yaradılması, sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının alınması da nəzərdə tutulur.
Regionların inkişafı ilə bağlı proqramlar da sahibkarlığın tərəqqisinə dəstəkdir
Regionların inkişafı ilə bağlı Dövlət Proqramında sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onların zəruri nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnməsi, beynəlxalq təcrübənin öyrənilməsi, sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi istiqamətində tədbirlərin təşkili ilə bağlı mühüm vəzifələr qoyulub. Bununla yanaşı, Dövlət Proqramının əsas məqsədlərindən biri sahibkarlıq bölməsində yeni texnologiyaların tətbiqi əsas məsələlərdən biridir. Qeyd olunur ki, sahibkarlıq istehsalın xüsusi innovasiya formasıdır.O,müəyyən tarixi və sosial-iqtisadi şəraitdə həlledici üstünlüyə malik olur və bütün ictimai təkrar istehsalın dinamik inkişafını təmin edir.Biznesin xüsusi növü olan sahibkarlığın məqsədi ümumiyyətlə mənfəət deyil,əlavə mənfəət,başqa sözlə, sahibkar gəliri əldə etməkdir.
Bu istiqamətdə əsas tədbirlərdən biri bölgələrdə fəaliyyət göstərən sahibkarlar üçün treyninq və seminarların keçirilməsi, dəyirmi masaların təşkilidir. Dövlət Proqramının icrasına uyğun olaraq son illər bütün iqtisadi rayonlarda ölkə sahibkarlarının hər birini əhatə etməklə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda silsilə tədbirlər keçirilir. Bu cür tədbirlərin davamı kimi bölgələrdə iqtisadi dövlət qurumlarının nymayəndələrinin iştirakı ilə sahibkarın istehsal etdikləri məhsulların və xidmətlərin sərgisinə baxış olur, emal sənayesi, kənd təsərrüfatı, tikinti sahələri üzrə istehsal olunan məhsullar, qədim xalq sənəti nümunələri, həmçinin, turizm sahəsində göstərilən xidmətlər kompleksi nümayiş etdirilir. Eyni zamanda, sərgidən sonra bu tədbirlərin yekunu olaraq Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin sahibkarlara paylanması da həyata keçirilir.
Sahibkarlara verilən kreditlərin 99 faizi regionların payına düşür ki, bu da bölgələrdə sahibkarlıq fəaliyyətinin daha da inkişafına geniş imkan yaradır. Son illərdə rayonlarda yüzlərlə yeni istehsal sahəsinin yaradılması və ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının həcminin artması milli sahibkarlıq sektorunun yüksək inkişafının göstəricisidir. Beləliklə, bölgələrdə sahibkarlığın intensiv inkişafı hər il daha geniş vüsət alır və bu tendensiya qarşıdakı illərdə yeni nailiyyətlərin əldə olunmasına impuls verir.
"SƏS" Analitik Qrupu