PDF Oxu

Siyasət

  • 25

İqtisadi təşəbbüslər xalqın rifah halının yaxşılaşdırılmasına yönəlib

Məqsəd iqtisadiyyatı çoxşaxəli inkişaf etdirməkdir

İqtisadi təşəbbüslər xalqın rifah halının yaxşılaşdırılmasına yönəlib

2013-cü ilin dövlət büdcəsi ölkəmizin əldə etdiyi uğurların və təcrübənin bir daha təsdiqidir. Belə ki, cari ilin dövlət büdcəsinin gəlirləri 19 159 000 min manat, xərcləri isə 19 850 000 min manatdır. İqtisadiyyatın aynasının büdcə olduğunu nəzərə alsaq, bu rəqəm ölkənin iqtisadi inkişafı barədə aydın təsəvvür yaradır. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə dövlət büdcəsi 1,2 milyard dollar idi. Azərbaycan dövlət büdcəsi ilə Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir. Bir faktı qeyd etmək kifayətdir ki, Ermənistanın ümumi dövlət büdcəsi ölkəmizin hərbi büdcəsi qədərdir.

İnkişafın Azərbaycan modelinin mövcudluğu və bir çox dövlətlər üçün nümunə göstərilməsi uğurlu siyasətin nəticəsidir. "Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdik-neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək." Dövlət başçısı İlham Əliyev bildirir ki, iqtisadi inkişaf prosesi elədir ki, bu inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür və həm də statistik rəqəmlərdə öz əksini tapır. Ötən ilin 9 ayının statistik rəqəmlərinə diqqət yetirək. İqtisadi artım 1,1 faiz təşkil edib. Qeyri-neft iqtisadiyyatı 10,3 faiz artmışdır. Dövlət başçısı bu göstəricinin fonunda bildirmişdir ki, məqsədimiz iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etdirməkdir. Bu əminlik də ifadə olunur ki, qeyri-neft sektorunun inkişafı gələcəkdə neft-qaz amilindən asılılığı aşağı endirəcək. Ötən il ölkə iqtisadiyyatına 20 milyard dollar sərmayə qoyulub. Onların əsas hissəsi, təqribən 70 faizi daxili investisiyalardır. İqtisadiyyatımız istər neft-qaz, istərsə də qeyri-neft sektoru sahəsində xarici investorlar üçün cəlbedicidir. Ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşıb. Bu da ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərinin tam şəkildə bərqərar olmasının təsdiqidir. Valyuta ehtiyatları ötən ilin əvvəlindən 5 milyard dollar artaraq 45 milyard dollar səviyyəsinə çatmışdır. Valyuta ehtiyatlarının idarə edilməsi istiqamətində yeni istiqamətlərin araşdırıldığını qeyd edən dövlət başçısı İlham Əliyev bu gerçəkliyi də diqqətə çatdırır ki, əgər valyuta ehtiyatlarını adambaşına hesablasaq Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdən birindədir.

Proqnoz göstəriciləri də ölkəmizin davamlı inkişafından xəbər verir. Belə ki, proqnozlara əsasən, 2013-2016-cı illər ərzində əhalinin gəlirlərinin orta hesabla illik 6,6 faiz artımı, eyni zamanda əsas kapitala qoyulan böyükhəcmli investisiyalar və ixrac ÜDM-nin tələb komponentlərinin iqtisadi artıma müsbət töhfəsini təmin edəcək. Cari ildə iqtisadi artım 5,3 faiz, sonrakı üç ildə isə orta illik iqtisadi artım 5,3 faiz həcmində proqnozlaşdırılır ki, bunu da əsasən daha dinamik qeyri-neft sektoru təmin edəcək. Belə ki, qeyri-neft sektorunun 2013-cü ildə 11,7 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Nəticədə ortamüddətli dövrdə qeyri-neft sektorunun ÜDM-də payı 47,6 faizdən 70,6 faizə qədər artacaq, neft sektorunun payı isə 52,4 faizdən 29,4 faizə qədər azalacaq. Bu onu göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir.

İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da özünü göstərir

Ötən ilin 9 ayında əhalinin pul gəlirləri 12 faiz artıb. "Bizim bütün iqtisadi təşəbbüslərimiz və ümumiyyətlə, iqtisadi strategiyamız Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir" söyləyən dövlət başçısı İlham Əliyev bu istiqamətdə mühüm nailiyyətlərin əldə olunduğunu önə çəkərək, bunları görülən işlərin məntiqi nəticəsi kimi diqqətə çatdırır. Orta aylıq əmək haqqı, orta aylıq pensiya artıb. Orta aylıq əmək haqqı 500 dollara, orta pensiya 190 dollara bərabərdir. "Artım sürətlidir, ancaq bu, bizi qane edə bilməz. Baxmayaraq ki, müqayisə aparmaq və uğurlarla öyünmək üçün imkan var, hesab edirəm ki, gələcək illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcəkdir. Bu, davamlı bir prosesdir." Bir rəqəmi də qeyd edək ki, hazırda ölkəmizdə pensiyalar əmək haqlarının 40 faizini təşkil edir ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin kriteriyaları səviyyəsindədir.

"Bir neçə il bundan əvvəl qarşıya qoymuşdum ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın" bildirən dövlət başçısı İlham Əliyev son illərdə yoxsulluq şəraitində yaşayan insanların sayının beş dəfə azalmasını bu məqsədə çatmaq istiqamətində atılan addımların uğurlu nəticəsi kimi qeyd edir. Son 10 ildə yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, neft gəlirlərindən səmərəli istifadəyə yönələn addımlardan biri kimi 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması və toplanan vəsaitlərin təyinatı üzrə xərclənməsi qeyd olunmalıdır. Fondun yaradılması iqtisadi inkişafda yeni mərhələnin başlanması, ümummilli lider Heydər Əliyevin milli sərvətlərimizdən gələcək nəsillərin bəhrələnməsi və iqtisadiyyatın kompleks inkişafının təmin olunmasına yönəlmiş uzunmüddətli iqtisadi strategiyasının nəticəsi kimi dəyərləndirildi. Bunun davamı olaraq Prezident İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya (2005-2025-ci illər)" təsdiqləndi. Strategiyanın uğurlu icrası bugünkü reallıqlardan da aydın görünür. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması uğurlu sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Dövlət başçısı İlham Əliyev neft-qaz sektorunu iqtisadiyyatın dayağı kimi dəyərləndirir.

Yalnız düzgün siyasət sosial və iqtisadi məsələlərin uğurlu həllinə yol aça bilər

Dövlət başçısı İlham Əliyev çıxışlarında diqqəti dünyanın müxtəlif yerlərində yaşanan gərginliklərə, qarşıdurmalara, müharibələrə, maliyyə və iqtisadi böhrana yönəldərək bildirir ki, bütün bunlar belə bir gerçəkliyin təsdiqidir- Yalnız düzgün siyasət sosial və iqtisadi məsələlərin uğurlu həllinə yol aça bilər. Həmin ölkələr yaşanan maliyyə-iqtisadi böhranları beynəlxalq maliyyə qurumlarının yardımı olmadan çözmək imkanında olmadıqlarını büruzə verdilər. Azərbaycan isə o ölkələrdəndir ki, öz hesabına yaşayır, heç bir yerdən yardım almır. Bəzi maliyyə qurumları ölkəmizə ayırdıqları kreditlərin həcmini azaldarkən, yaxud birdəfəlik dayandırarkən bu amili önə çəkirlər ki, Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları hər bir problemi təkbaşına həll etməyə imkan verir. Bu inam da ifadə edilir ki, ölkəmizin hazırkı inkişaf tempi davam edərsə, çox qısa zamanda yoxsulluq səviyyəsi heçə enəcək. Azərbaycanın yeni iqtisadi və sosial cağırışların müzakirəsi üçün əsas məkan seçilməsində də yoxsulluqla mübarizə istiqamətində atdığı uğurlu addımlar və nəticələr önəmli rol oynayır.

İnkişaf etmiş ölkələrdə sosial ödəmələrin azaldığını, iş yerlərinin bağlandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, bunun əksi olaraq ölkəmizdə yeni iş yerləri yaradılır, əmək haqları və pensiyalar artırılır, sosial proqramlar uğurla icra edilir. Ötən ilin iyun ayından sovet dövründən qalmış əmanətlərə kompensasiya verilməsi prosesinə başlanılması da uğurlu sosial siyasətin əsas tərkib hissələrindən idi. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində əhalinin sosial müdafiəsinin gücləndirilməsini prioritet məsələ kimi önə çəkərək bildirmişdir ki, əmək haqları, pensiyalar ildə ən azı iki dəfə artırılmalıdır. Bu əminliyin yaranmasına səbəb isə ölkəmizin iqtisadi və maliyyə imkanlarının günbəgün genişlənməsidir. Bircə faktı qeyd etmək kifayətdir ki, bu gün Azərbaycan böyük həcmdə maliyyə vəsaiti tələb edən layihənin öz imkanları hesabına həyata keçirmək imkanındadır. 2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi buna əyani sübutdur. Kəmərin istifadəyə verilməsi mərasimində dövlət başçısı İlham Əliyev diqqəti uğurlarımıza yönəldərək bildirmişdir ki, biz bundan sonra da çalışacağıq ki, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edək. "Bizim konkret proqramlarımız-regional inkişaf proqramı, ölkəmizin gələcək inkişaf proqramı vardır. Biz fəaliyyətimizi bu proqramlara uyğun şəkildə qururuq. Son illər ərzində əldə edilmiş uğurlar, artan iqtisadiyyat və gözəlləşən, abadlaşan şəhərlər, yeniləşən infrastruktur-bütün bunlar Azərbaycan reallıqlarıdır." Bu, eyni zamanda onu təsdiqləyir ki, dövlətimiz üçün insan faktoru ən mühüm vəzifələrdən biridir və bu istiqamətdə ardıcıl, məqsədyönlü siyasət həyata keçirilir. Yaxın zamanlarda istifadəsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi istiqamətində atılan addımlar da ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır.

Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası hər bir addımda xalqa arxalanmaq, onların sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyevin tez-tez paytaxtın ayrı-ayrı rayonlarında, qəsəbələrində, eyni zamanda bölgələrimizdə olarkən ictimaiyyət nümayəndələri ilə görüşməsi, onların problemləri ilə yaxından tanış olaraq, həlli ilə bağlı aidiyyatı qurumlara tapşırıqlarını verməsi də bu qayğının təzahürüdür. Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində rayonların və qəsəbələrin siması əhəmiyyətli dərəcədə dəyişmiş, quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Dövlət başçısının hər bir rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ayrılıqda sərəncamlar imzalaması və dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılması da bu diqqət və qayğıdan irəli gəlir. Dövlət başçısının vurğuladığı kimi, ən önəmlisi budur ki, Azərbaycan cəmiyyətində islahatların aparılması üçün çox böyük həvəs, maraq, böyük ruh yüksəkliyi vardır. Rayonlar arasında sağlam rəqabət aparılır. Uğurlarımız fonunda bu inam da ifadə edilir: "Mən iqtisadi sahədə gələcəkdə heç bir problem görmürəm, bu, mümkün deyildir. Biz ancaq və ancaq inkişaf yolu ilə gedəcəyik." Bu uğurlar, eyni zamanda belə bir həqiqəti təsdiqləyir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

"İki sahil"in Analitik Qrupu

Digər xəbərlər