Prezident İlham Əliyev tərəfindən "Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair" Qanunun təsdiq edilməsi ölkəmizin tarixinə qızıl salnamə kimi yazılacaq hadisələrdəndir. Dövlət başçısının imzaladığı bu tarixi qərar qısa müddət ərzində trans-kontinental bir layihənin sürətlə irəliləməsi üçün dərin zəmin yaradır. Yəni cəmi 5 ay ərzində hər iki ölkənin parlamentlərinin sazişi ratifikasiya etməsi, dövlət başçısı tərəfindən qanunun təsdiq olunması TANAP-ın hansı əhəmiyyətə malik olduğunu göstərdi. Beləliklə, Azərbaycan və Türkiyə hökumətlərinin qətiyyəti və siyasi iradəsi nəticəsində regionun geosiyasi-iqtisadi xəritəsini dəyişən, enerji tarixinə qızıl hərflərlə yazılan ən mühüm hadisə geniş komponentləri ilə strateji mərhələyə keçid aldı.
Azərbaycan və Türkiyə - tranzit məkanların mərkəzi
Bu gün ən nəhəng qaz və neft kəmərləri Azərbaycan-Türkiyə tranzit məkanı vasitəsilə dünyaya uzanmaqdadır, bunun hansı siyasi güc olması bütün dünya dövlətlərinə yaxşı məlumdur. Məhz bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir. "Şahdəniz-2" layihəsinə dair saziş çərçivəsində nəzərdə tutulan və ümumi dəyəri 5 milyard dollar avro, illik həcmi 16 milyard kubmetr olan, ixrac imkanları yaxın gələcəkdə 24 milyard kubmetrə çatdırılması nəzərədə tutulan Trans-Anadolu təbii qaz kəməri layihəsinin imzalanması neft strategiyasının davamı olmaqla respublikamızın dünya enerji bazarında mövqelərini möhkəmləndirən yeni layihə kimi diqqət çəkir. Ekspertlərin "Bu layihə sayəsində Azərbaycanla Türkiyə qaza ehtiyacı olan Qərb ölkələri şirkətlərinin həyata keçirə bilmədiklərini gerçəkləşdirəcəklər" sözləri onu təsdiqləyir ki, yeni layihəyə maraq əvvəlki neft-qaz kəmərlərinə olan diqqətdən daha artıqdır. Məhz bu amil ölkəmizdə uğurla həyata keçirilən diversifikasiya siyasətinin məntiqi nəticəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev məsələyə daha geniş aspektdən yanaşaraq, bildirib ki, TANAP layihəsi dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addımdır: "Artıq TANAP layihəsi dünyada böyük səs salmışdır və dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addımdır. Beynəlxalq aləmdə TANAP layihəsinə olan diqqət onu göstərir ki, Türkiyə və Azərbaycan, həmişə olduğu kimi, lazım olan vaxtda birgə təşəbbüs göstərərək, bütün məsuliyyəti öz üzərinə götürərək bu böyük layihəyə start verdi. Ümid edirəm ki, danışdığımız kimi, yaxın 5 ildə biz TANAP layihəsinin icrasına nail olacağıq və beləliklə, Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olacaq və eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcək".
Dövlət başçısı onu da vurğulayıb ki, uzun illər Azərbaycan qazını Avropaya çıxarmaq üçün müxtəlif variantlar, müxtəlif layihələr müzakirə edilib: "Təəssüf ki, onların heç biri reallaşmadı. Belə olan vəziyyətdə iki qardaş ölkə bütün məsuliyyəti, o cümlədən, maliyyə məsuliyyətini öz üzərinə götürüb. TANAP-ın üstünlüyü ondan ibarətdir ki, bu layihəni biz ikimiz icra edəcəyik. Üçüncü tərəflər üçün də bu layihə açıqdır. Yerdə qalan müəyyən faizlər bizim tərəfdaş olan şirkətlərə verilə bilər. Beləliklə, TANAP layihəsinə beynəlxalq status da verilə bilər".
Prezident İlham Əliyev bildirib ki, əsas məsələ Azərbaycan qazını daha böyük həcmdə Türkiyəyə və Türkiyə ərazisindən Avropa məkanına çatdırmaqdır: "Avropa məkanına çatdıqda bu qazın həmin məkana hansı yollarla daxil ediləcəyi artıq texniki və iqtisadi məsələdir. Coğrafiya belə diktə edir ki, bizim qazımız ya Bolqarıstan, ya Yunanıstan ərazisindən Avropaya gedəcəkdir. Hazırda SOCAR və tərəfdaş şirkətlər bütün variantları nəzərdən keçirirlər. Ən məqbul, ən təhlükəsiz və iqtisadi cəhətdən səmərəli varianta üstünlük veriləcək. Amma onu da qeyd etmək istəyirəm ki, hazırda Avropa Birliyində olan ölkələr bir-biri ilə qaz xətlərini qururlar, yaradırlar. İstənilən nöqtədən Avropaya Azərbaycan qazı daxil olduqda geniş Avropa məkanını əhatə edə bilər. Ümid edirəm ki, 2017-ci ildə bu layihə tamamlana bilər".
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bildirmişdir ki, Azərbaycan və Türkiyə bu layihəni reallaşdırmaqla, əslində, gələcəyə doğru daha bir uğurlu addım atdıqlarını nümayiş etdirdilər: "Türkiyə və Azərbaycan TANAP layihəsi ilə Avropanın enerji təhlükəsizliyində strateji mövqe qazanmaq yolunda mühüm bir addım atmışlar. Daha bir əhəmiyyətli məqam ondan ibarətdir ki, bu layihə Avropa ilə Yaxın Şərqin, Cənubi Qafqazın və Mərkəzi Asiyanın enerji təhlükəsizliyi məsələlərinin əlaqələndirilməsinə imkan yaradacaq".
Artıq bəlli olduğu kimi, Azərbaycan qardaş Türkiyə ilə yanaşı dünyaya səs sala biləcək daha bir nəhəng layihəni reallaşdırmaq üzrədir. TANAP-ın mövcudluğu iqtisadi oldmaqla yanaşı, digər əhəmiyyətli siyasi uğurların məntiqi nəticəsi kimi dəyərləndirilə bilər.
RƏFİQƏ KAMALQIZI