PDF Oxu

Siyasət

  • 39

Azərbaycan dünya idman aləmində önəmli yer tutur

Azərbaycan dünya idman aləmində önəmli yer tutur

İlham Əliyev: "Bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur"

Ötən il dekabrın 8-də Romada keçirilən Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında tarixdə ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi və səsvermə nəticəsində Avropa Oyunlarının Bakıda təşkil olunması qərarı bizi həm sevindirdi, həm də qürurlandırdı. Və bu qərar da təsadüfi deyildi.

Dünya birliyində rolumuz artır

Prezident İlham Əliyevin söylədiyi kimi, "Bu qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynamışdır. İlk növbədə, ölkəmizin beynəlxalq nüfuzu öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada böyük hörmətə malik olan bir ölkədir. Dünya birliyində bizim rolumuz, təsir imkanlarımız artır və dünya birliyi Azərbaycana böyük hörmətlə və etimadla yanaşır".

2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsinin Azərbaycan üçün nə qədər önəmli hadisə olduğunu cənab Prezidentin elə bu münasibətlə xalqa ünvanladığı təbrikində görmək olur: "Bu, doğrudan da, tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur".

Artıq oyunlara hazırlıq işlərinə başlanılıb. Elə dövlət başçısı İlham Əliyevin I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında imzaladığı Sərəncamı Avropa Olimpiya Oyunları ilə bağlı hazırlıq işlərinə start verilməsinin xəbərçisidir.

Nailiyyətlərə verilən yüksək qiymət

Sərəncamda qeyd olunur ki, 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etməsi böyük tarixi hadisədir: "Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən, idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir".

Ümumiyyətlə, son illər idman sahəsinə dövlət tərəfindən ayrılan diqqət və qayğı ölkəmizə saysız-hesabsız uğurlar, qələbələr qazandırıb. Təkcə 2012-ci ildə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda 700-dən çox medal qazanıb və onlardan 255-i qızıl medaldır.

2012-ci ildə idman infrastrukturunun yaradılması ilə bağlı genişmiqyaslı işlər davam etdirilib. İl ərzində Cəlilabad və Astarada olimpiya mərkəzləri istifadəyə verilib. Beləliklə, bölgələrdə tikilmiş İdman Olimpiya komplekslərinin sayı 35-ə çatıb, 8 kompleksdə tikinti işləri davam etdirilir. Bir neçə kompleksin tikintisi nəzərdə tutulur. Bir neçə ildən sonra hər bir rayon mərkəzində, hər bir şəhərdə müasir Olimpiya obyektləri yaradılması nəzərdə tutulur.

Bakı şəhərində də yeni tikilmiş idman obyektləri istifadəyə verilib, təmir edilib. Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmir olunub. Bakıda "Səkkizinci kilometr" Stadionu tikilib və böyük gimnastika kompleksinin inşası davam edir. Eyni zamanda, su idman növləri sarayının tikintisi nəzərdə tutulub.

2011 ildə böyük Olimpiya Stadionunun təməli qoyulub və bu sahədə praktiki addımlar atılmağa başlanılıb.

Ötən il Bakıda avqust ayında yeniyetmələr arasında sərbəst yunan-Roma qadın və çimərlik güləşi üzrə keçirilən dünya çempionatı ilə növbəti olimpiya oyunlarına hazırlıq məqsədilə tədbirlərə start verilib. 16 ölkənin futbol komandalarının iştirakı ilə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatı isə artıq Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənəsinə sadiq olmasının sübut edir. Həm FİFA, həm UEFA-nın prezidentləri Azərbaycanda keçirilmiş bu çempionatı yüksək qiymətləndiriblər.

Böyük tarixi qələbələr

2012-ci ildə elan olunmuş "İdman ili"ndə paytaxtda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirində idmançılarımız 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. Güləş üzrə gənclər arasında Taillandın Pattaya şəhərində keçirilən dünya çempionatı da Azərbaycan pəhləvanlarının möhtəşəm uğuru ilə yadda qalıb. Çempionatın II və III yerlərini bölüşən Rusiya və Türkiyə millilərini geridə qoyan yığmamız 40 xalla komanda hesabında birinci olub. Bakıda keçirilən boks üzrə tələbələr arasında dünya çempionatında da gənclərimiz uğurla çıxış edərək 5 qızıl medalın sahibi olublar. 2012-ci ilin son 9 ayının statistikasına görə, ölkəmizdə 145 respublika, 33 beynəlxalq yarış keçirilib, 248 beynəlxalq yarışda və 83 təlim-məşq toplantısında idmançılarımızın iştirakı təmin olunub.

Sərəncamda qeyd olunduğu kimi, idmançılarımızın olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında inamlı qələbələri respublikamızda idmana olan qayğının bariz nümunəsi kimi Olimpiya hərəkatında yüksək dəyərləndirilərək ölkəmizin idman şöhrətinin artmasına xidmət edib.

2012-ci ildə keçirilən XXX London Yay Olimpiya Oyunlarında idmançılarımızın əldə etdikləri böyük tarixi qələbəni xatırlamaq kifayətdir. Belə ki, olimpiyaçılarımızın sahib olduqları medalların sayı, dünya ölkələri arasında Azərbaycanın tutduğu yüksək mövqe Londondakı qələbəmizin möhtəşəmliyini göstərir. 200-dən çox ölkənin iştirak etdiyi Olimpiya Oyunlarında Azərbaycan 30-cu yerdə qərar tutub. Medalların sayına görə, 24-cü yerdə mövqeyini möhkəmlədən respublikamız müsəlman dövlətləri arasında 3-cü, Avropa ölkələri arasında isə 15-ci olub. İki qızıl, iki gümüş, altı bürüncü aktivinə yazan idmançılarımız bütövlükdə 10 medal əldə ediblər. London Paralimpiya Oyunlarında 21 idmançı ilə təmsil olunan komandamız 12 medal qazanıb. Paralimpiyaçılarımız 4 qızıl, 5 gümüş, 3 bürünc medalla 27-ci yeri öz adlarına yazdırmağı bacarıblar.

Oyunların yüksək səviyyədə keçirilməsi üçün geniş imkanlar yaradılır

Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə daim artan nüfuzu, iqtisadi qüdrəti, dinamik inkişafı, genişmiqyaslı müasir infrastruktur layihələri, mövcud ictimai-siyasi sabitlik və həyata keçirilən islahatlara ümumxalq dəstəyi bu tarixi qərarın qəbul edilməsində öz mühüm rolunu oynamışdır. Hal-hazırda Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş, bütövlükdə Azərbaycanda müasir idman infrastrukturu yaradılmış və həmin sahədə müvafiq proseslər davam etdirilməkdədir. Bütün bunlar I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə böyük imkanlar açır.

2015-ci ildə keçiriləcək Avropa Olimpiya oyunlarında Bakıdakı mövcud idman zalları və qurğulardan istifadə ilə yanaşı, bəzi idman növləri üçün müvəqqəti idman qurğuları inşa ediləcək. Bundan başqa, həmin vaxtadək oyunların açılış mərasiminin təşkili üçün 65 min nəfərlik Olimpiya stadionu hazır olacaq. Su İdmanı Mərkəzi və Gimnastika Kompleksinin 2015-ci ilədək istifadəyə verilməsi gözlənilir. Bundan başqa, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, T.Bəhramov adına Respublika Stadionu, şəhərdəki digər idman mərkəzləri müxtəlif idman növləri üzrə yarışların təşkilində istifadə olunacaq.

Həmçinin, Olimpiya Şəhərciyi kimi iştirakçılar "Koroğlu" metrostansiyasının yaxınlığında tikilib istifadəyə verilmiş yaşayış binalarında yerləşdiriləcək. Şəhərciyin ərazisində məşqlər üçün meydançaların və tibb məntəqələrinin tikilməsi planlaşdırılır.

Mədəniyyətimizin himayədarı, gözəl təşkilatçı

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Avropa Oyunlarının keçirilməsi üzrə yaradılan Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədr seçilməsi isə heç də təsadüfi deyil.

Azərbaycan mədəniyyətinin böyük himayədarı olan Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də özünün gözəl təşkilatçı olduğunu nümayiş etdirib. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.

Hələ ötən il Azərbaycanda keçirilən və yüksək səviyyədə təşkil olunan, uzun müddət dünya mətbuatının gündəmindən düşməyən "Eurovision-2012" Mahnı Müsabiqəsinin təşkilatçılığı da Mehriban xanım Əliyevaya həvalə edilmişdi. Elə ölkəmizin bu müsabiqədə iştirakının təşəbbüskarı da məhz ölkəmizin birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondu olub.

Dövlət başçısının imzaladığı Sərəncamda vurğulandığı kimi, "Bu oyunların Bakıda təşkili ölkəmizin bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaqdır".

Cabir

Digər xəbərlər