PDF Oxu

Siyasət

  • 25

Müasir Azərbaycan tarixinin növbəti “qızıl onilliyi”... 2003-2013

Müasir Azərbaycan tarixinin növbəti “qızıl onilliyi”... 2003-2013

Yeni idarəetmə formulu və milli inkişaf epoxası

Giriş: 2012-ci ili yüksək nailiyyətlərlə başa vuran Azərbaycan Respublikası yeni dönəmə qədəm qoyur. İnkişafının keyfiyyətcə daha yeni bir mərhələsinə adlayan dövlətimizin bu il ərzində də uğurlar qazanacağı heç kəsdə şübhə doğumur. Xüsusilə də, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının icrasının ilk ilinin 2013-cü il olduğunu nəzərə alsaq, cəmiyyətimizin sosial-iqtisadi və ictimai-siyasi kontekstdə daha da irəliləyəcəyini əminliklə söyləmək olar. Həmçinin, sosiumun keyfiyyətcə yeni dəyərlər qazanması, hakimiyyətlə vətəndaşlar arasında konstruktiv dialoqun qurulması, insanlarda hakim elitaya münasibətdə möhkəm inamın formalaşması sözügedən uğurların davamlı olacağına da əminlik yaradır.

Əlbəttə ki, perspektiv inkişafın konstant apriorunu təşkil edən, sosial-iqtisadi və siyasi təməl rolunu oynayan bu günə qədər əldə olunmuş nailiyyətlər son 10 ilin (2003-2013) uğurlarıdır. Təbii ki, 1993-2003-cü illərin nailiyyətləri Azərbaycanın inkişafı üçün möhkəm dayaqlar formaşlaşdırıb, cəmiyyətin intellektual və kreativ enerjisini ölkənin inkişafı üçün səfərbər edib, sosiumda hakimiyyətə münasibətdə qəti fikir yaradıb. Bu uğurların formalaşdırdığı özül üzərində start götürən sosio-mədəni, eyni zamanda, sosial-iqtisadi modernləşmə siyasəti isə Prezident İlham Əliyevin ölkənin başçısı seçilməsindən sonra reallaşdırılmağa başlanıb.

Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və rəqabətədavamlı iqtisadiyyata malikdir, beynəlxalq reytinqlərin hesabatlarında müsbət mənada daim öncül sırada dayanır. Bütün bunlara da son 10 il ərzində nail olunub. Ona görə də, 2003-2013-cü illəri müasir Azərbaycan tarixinin növbəti "qızıl onilliyi" adlandırırıq. "Qızıl onillik" çərçivəsində Azərbaycanın daha çox inkişafına təkan vermiş əsas prioritetlərdən biri sahibkarlığa dövlət dəstəyi olduğundan, elə ilk olaraq, bu sferanın tərəqqisindən yazırıq...

Milli inkişaf epoxasına qədəm qoyan Azərbaycan yeni əsrdə özünəməxsus inkişaf ssenarilərini həyata keçirməklə orta gəlirli ölkələr şkalasında yer almağa nail olub. Ötən 10 ildə makroinkişaf paradiqmasına sistemliliklə nail olan Azərbaycanın proqressiv irəliləyiş yolu, ilk növbədə, milli iqtisadi modelin hazirlanması, keçid iqtisadiyyatına xarakterik idarəetmə formulasından uzaqlaşması və modernizativ intibah platformasıni həyata keçirməsi impuls verib. Təbii ki, bu ali meyarlar Prezident İlham Əliyevin müəllifi olduğu rasional milli inkişaf doktrinasının ssenarilərinə əsaslanaraq, reallaşmış uzunmüddətli tərəqqi konsepsiyasında öz əksini tapıb. Azərbaycanın yaxın siyasi tarixinə nəzər salsaq, 2003-cü ildən sonrakı dövrü Azərbaysanın siyasi, iqtisadi, sosial, ictimai, humanitar, elmi-mədəni həyatında tamamilə yeni proseslərin baş verdiyi bir tarixi dövr kimi xarakterizə etmək olar.

Milli inkişaf doktrinası ölkəmizdə yeni sistemə transformasiyanı təmin etməklə, keçid iqtisadiyyatına son vermək üçün fundamental bir makroiqtisadi-sosial idarəçilik institunun formalaşmasına baza yaratdı. Keçid dövrünün başa çatması ilə əlaqədar sosial-iqtisadi inkişafın yeni mərhələsi başlandı və bu mərhələnin əsas hədəfləri müəyyən edildi. Azərbaycan keçid dövrü yaşayan postsovet ölkələri, xüsusilə də, Şərqi Avropa və Baltikyanı ölkələrlə müqayisədə bu mərhələni islahatları paralel şəkildə həyata keçirməklə və insanların sosial rifahının yüksəldilməsini əsas prinsip hesab etməklə arxada qoymağa nail olub. Azərbaycan 2000-ci ilin ikinci beşilliyində bazar iqtisadiyyatına keçidi uğurla davam etdirərək, transformasiyalı iqtisadiyyatda makroiqtisadi proporsiyaların formalaşmasının öz nəzəri üsullarının və metodologiyasının tələblərini reallaşdırmaqla yeni iqtisadi sistemə keçidi möhkəmləndirdi. Azərbaycan qeyd olunan həmin amilləri nəzərə alaraq, fundamental iqtisadi model hazırlamaqla bugünkü dinamik inkişafa müvəffəq olub.

Makroiqtisadi stabilliyin qorunub saxlanması, iqtisadi-idaretmə sistemində institutsional dəyişikliklərin başa çatdırılması, inflyasiyanın aşağı salınması və əhalinin gəlirlərinin artmasına yönələn sosial siyasətin dərinləşdirilməsi, büdcənin sosial və investisiya yönümlülüyünün gücləndirilməsi, sosial meyilli iqtisadiyyatın formalaşması, işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin yaradılması, regionların tarazlı inkişafı sosial-iqtisadi tərəqqinin əldə olunması ilə nəticələnib.

Azərbaycan hazırlayaraq həyata keçirdiyi inkişaf ssenariləri və böhran zamanı iqtisadi manevrləri ilə keçid iqtisadiyyatına malik ölkə deyil, dünya dövlətləri içərisində inkişaf etmiş sabit dövlət olmasını təsdiqlədi. Çünki keçid iqtisadiyyatını yaşayan ölkə heç vaxt qlobal resessiyaları bu qədər məharətlə dəf edə bilməzdi. Azərbaycan hazırki inkişaf mərhələsinə, bazar iqtisadiyyatına malik idarəetmə sisteminə genişmiqyaslı, kompleks islahatlar aparmaqla nail olub. İqtisadiyyatın modernizasiyası üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, bazar iqtisadiyyatının başlıca tələblərindən biri olan özəlləşdirmə siyasətinin aparılması, sahibkarlıq sektorunun və azad biznesin inkişafını stimullaşdıran proqramların icra olunması, özəl bölmənin iqtisadiyyatda aparıcı mövqeyinin təmin edilməsi, orta təbəqənin formalaşması üçün dövlətin geniş imkanlar yaratması və digər faktorlar keçid dövrünün sona çatması və yeni inkişaf dövrünün start götürməsinə əhəmiyyətli zəmin yaradıb. Azərbaycan hökuməti ölkənin dinamik inkişafı üçün bazar iqtisadiyyatının bütün başlıca komponentlərinə böyük diqqət ayırıb və iqtisadiyyatın liberallaşmasına geniş üfüqlər açıb. Hökumət iqtisadiyyatdakı rolunu effektli yerinə yetirməklə yanaşı, investisiya siyasətini təşviq edib, iqtisadi islahatların sosialyönümlülüyünü təmin edə bilib. Bazar iqtisadiyyatının elementlərinin effektiv şəkildə yerinə yetirilməsi iqtisadi idarəetmənin sistemliliyini və səmərəliliyini artırıb.

2010-cu ildən sonrakı dövrdə ölkəmizin makroiqtisadi mənzərəsi tam qətiyyətlə, onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı struktur baxımından tamamilə keçid epoxeyasından uzaqdadır və modernləşmə mərhələsinə qədəm qoyub. Təbii ki, keçid iqtisadiyyatından yeni modernləşmə erasına daxil olmaq milli iqtisadi inkişafın yeni modelinin hazırlanması və tətbiqi sayəsində mümkün olur. Azərbaycan MDB-də bu mükəmməl iqtisadi model hazırlayan novator ölkə kimi səciyyələndirilə bilər. İqtisadi modelin uğurla nəticələnməsi həm də dövlətin siyasi qətiyyətindən, onun güclü iradəsindən asılıdır. Azərbaycanın dövlət başçısının həm novatorluğu, həm də qətiyyəti bu mənada iqtisadi modelin yüksək effektiv nəticələrə səbəb olmasının birbaşa real məntiqi nəticəsi kimi çıxış edir.

Həmin dövrdə dünyada müxtəlif siyasi qütblərin, ideologiyaların, sivilizasiyaların qarşı-qarşıya gəldiyi, ənənəvi, modern və postmodern dünyagörüşü və simvollarının toqquşduğu bir zamanda Azərbaycanın siyasi liderinin qətiyyəti və əzmkarlığını heyrətamiz və təqdirolunacaq hal kimi qəbul etmək olar. Məhz buna görə də, Prezident İlham Əliyevi həm də keçid dövrünün bütün çətinliklərini aradan qaldıran, dünyaya öz inkişaf modelini təqdim edərək, ölkəni iqtisadi yüksəlişin səviyyəsinə görə dünyanın lider dövlətləri sırasına çıxarmağı bacaran unikal dövlət başçısı kimi yeni tarixə imza atan inkişaf modelinin müəllifi saymaq mümkündür. Ümumiyyətlə, milli iqtisadi inkişaf modeli dedikdə cəmiyyətin məqsədi, inkişaf istiqamətləri və onlara nail olunmasının metod və vasitələri başa düşülür. Hər bir ölkənin özünəməxsus inkişaf yolu və konsepsiyası, eyni zamanda, onların iqtisadi inkişaf modellərini fərqləndirən xüsusiyyətlər mövcuddur. Bu, iqtisadiyyatın tənzimlənməsində dövlətin iştirak səviyyəsi, iqtisadi inkişafın istiqamətləri, iqtisadi inkişafı təmin edən metod və mexanizmlərin tərkibi, onlardan istifadə səviyyəsi, bazar iqtisadiyyatına keçidi təmin edən iqtisadi islahatların tempidir. Hər bir ölkənin iqtisadi inkişaf səviyyəsini, sosial və milli şəraitini nəzərə alan hökumətin iqtisadi siyasəti əsasında milli inkişaf modeli formalaşdırılır. İqtisadi inkişaf modeli milli iqtisadiyyatın inkişaf yollarını ortaya qoyan baxış olmaqla hökumətin iqtisadi siyasətinin reallaşdırılmasını təmin edən vasitələrin və mexanizmlərin toplumudur.

Ölkəmizin milli iqtisadi inkişaf modeli vahid iqtisadi siyasət strategiyasının fundamental prinsiplərinə əsaslanır. Azərbaycanın iqtisadi modeli sosialyönümlü olmaqla, pozitiv iqtisadi və investisiyatutumlu mahiyyətinə görə fərqlənir. Respublikamız tamamilə modern, heç bir ölkənin inkişaf konsepsiyasını təkrarlamayan, özənəməxsus inkişaf yollarını və metodlarını birləşdirən, milli mənafeləri daha üstün tutan, dövlət-vətəndaş münasibətlərinin ən yüksək formada inkişafını tənzimləyən, sosial tərəqqini və yüksək rifahı təmin edən, öz spesifikliyi ilə fərqlənən milli iqtisadi modelin sahibidir.

İqtisadi modelin hansı uğurlu nəticə verməsinin məntiqi yekunu ölkənin makroiqtisadi inkişaf indikatorlarında, onun vətəndaşlarının sosial rifahını xarakterizə edən göstəricilərdə, insan inkişafı ilə bağlı qiymətləndirmələrdə öz əksini tapır. Bu mənada, Azərbaycanın mühüm pozitiv nəticələrə nail olmasını tam təfsilatı və detalları ilə görmək olar. Azərbaycan insan inkişafı indeksinə görə son illərdə yüksək nəticələr əldə edib. Qeyd olunan indeks üzrə respublikamızın mövqeyi dünya dövlətləri sırasında əhəmiyyətli dərəcədə yüksəlib. Ölkəmiz insan inkişafı indeksinin orta illik tempinə görə MDB dövlətləri arasında son 10 il ərzində aparıcı dövlət olub.

Azərbaycan insan hüquq və azadlıqlarının qorunması, sistemli şəkildə demokratik islahatların miqyasının genişlənməsi, söz və fikir azadlığının inkişafı, vətəndaşların mənafeyinin qorunmasına xidmət edən davamlı tədbirlərin həyata keçirilməsi, bazar iqtisadiyyatının təmin edilməsi, sosial siyasətin dərinləşməsi və digər sahələrdə əhəmiyyətli dərəcədə irəliləyişlər əldə edib. Bütün bunların fonunda, onu demək mümkündür ki, Azərbaycan tamamilə yeni inkişaf erasına daxil olub və özünün mükəmməl iqtisadi modelini tətbiq etməklə, davamlı və pozitiv artım meyilləri əldə edib. Beləliklə, Azərbaycan özünün yeni inkişaf tranziti ilə keçid dövrünün siyasi tarixdə arxaikləşməsinə nail olub və müasir inkişaf etmiş ölkə statusunda Mərkəzi-Şərqi Avropa dövlətləri ilə eyni səviyyədə dünya iqtisadiyyatına sıx inteqrasiyanın və milli inkişafın yeni komponentlərini tətbiq etməyə başlayıb.

"Səs" Analitik Qrupu

Digər xəbərlər