Prezident İlham Əliyevin Sərəncamından: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır"
(Əvvəli ötən sayımızda)
Bu il Azərbaycan xalqının görkəmli oğlu, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü tamam olmaqdadır. Müasir, müstəqli Azərbaycanın banisi, nəhəng dövlət xadimi Heydər Əliyevin xalqımızın əbədiyaşar Lideri kimi gördüyü mütərəqqi işləri ölkəmizin dünyada tanınmasına təkan vermişdir. Bu gün istər regionda, istərsə də beynəlxalq aləmdə Azərbaycanın adı yüksək, mötəbər məclislərdə səslənir. Eyni zamanda, ölkəmizin dinamik inkişafı Heydər Əliyev konsepsiyasının, siyasi kursunun məntiqi nəticəsidir. Məhz belə əhəmiyyətli amillərin üzərində Heydər Əliyev dühasının dayanması Azərbaycan adlı müstəqil respublikamızın qüdrətini dünyaya sərgiləyir.
Bu gün Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, Prezident İlham Əliyev apardığı uğurlu, praqmatik və məqsədyönlü siyasəti ilə ölkəmizin adını dünya tarixinə qızıl hərflərlə yazır.
Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi Onu daim öz qəlbində əbədi yaşadan Azərbaycan xalqı tərəfindən də nəhəng coşğu hissi ilə qeyd olunacaq. Belə ki, Ulu Öndərin 90 illik yubileyinin təntənəli şəkildə keçirilməsi ilə bağlı ölkə Prezidenti Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunmuşdur: " Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur ".
TARİXİMİZİN MÖHTƏŞƏM GÜNÜ- 1969-CU İL 14 İYUL
Tarix ən ədalətli hakimdir. Bu gün yaxın tariximizə diqqətlə nəzər yetirdikdə bugünkü inkişafımız, sabitlik və xoş güzəranımız üçün kimə borclu olduğumuzu yaxşı anlayırıq. Belə şəxsiyyətin siyasət meydanına çıxması böyük tarixi hadisə kimi daim yaddaşlarda yaşayır. 1969-cu il iyulun 14-ü ən yeni tariximizin məhz belə şərəfli, müqəddəs səhifələrindəndir. Həmin dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi. O zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Bütün sahələrdə tənəzzül baş alıb gedirdi. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün, sözün əsil mənasında, dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu. Hələ gənclik illərindən əmək fəaliyyətinə başlayan, 1944-cü ildən 1969-cu ilədək Dövlət Təhlükəsizlik Komitəsində sıravi əməkdaşdan sədr vəzifəsinə qədər şərəfli yol keçən, bu orqanın milliləşməsində, respublikamızın mənafelərinə xidmətə yönəlməsində ciddi və sistemli tədbirlər həyata keçirən Heydər Əliyev alicənab şəxsiyyəti, dərin vətənpərvərliyi, müdrikliyi, idarəetmə bacarığı, yorulmaz fəaliyyəti ilə böyük şöhrət qazanmışdı. Belə bir dahi insanın Azərbaycanda rəhbərliyə başlaması respublikanın xilası üçün yeganə düzgün yol idi. Beləliklə, o zamankı Azərbaycan KP MK-nın 1969-cu il 14 iyul tarixli plenumunda Heydər Əlirza oğlu Əliyev Birinci Katib seçildi. Həmin plenumdakı çıxışında O, özünün fəaliyyət platformasını çox konkret şəkildə ifadə etdi: "Mənə təzəcə tapşırılan bu vəzifənin bütün məsuliyyətini dərk edirəm. Qarşıma qoyulan öhdəliklərin çətinliyini, ağırlığını anlayıram və var qüvvəmlə çalışacağam ki, mənə göstərilən etimadı doğruldum... Mənə elə gəlir ki, bizim gələcək uğurlarımızın rəhni yalnız aktiv, birgə zəhmət ola bilər".
BÖYÜK QURUCULUQ VƏ YÜKSƏLİŞ MƏRHƏLƏSİ
Qısa müddətdə Heydər Əliyev bütün xalqı vahid amal - respublikanı düçar olduğu böhranlı vəziyyətdən çıxartmaq üçün birgə fəaliyyət ideyası ətrafında səfərbər edə bildi. Bu məsul vəzifəyə seçilməsini sonralar Ulu Öndər özü belə dəyərləndirmişdi: "Taleyimdəki bu dəyişiklik mənə öz xalqıma, millətimə daha çox, daha yaxşı xidmət göstərməyim üçün şərait yaratdı".
Respublika rəhbəri seçildikdən az sonra, Azərbaycan KP MK-nın 1969-cu il 5 avqust tarixli plenumunda geniş məruzə ilə çıxış edən Heydər Əliyev mövcud problemləri və gələcək vəzifələri əhatəli təhlil yolu ilə hamının diqqətinə çatdırdı, işi iş bilənə, bacarıqlı və ləyaqətli adamlara tapşırmamağın doğurduğu acınacaqlı nəticələri bir daha vurğuladı. Ümummilli Liderimiz həmin mərhələdəki fəaliyyətini xatırlayarkən demişdi: "O illər bizim respublika üçün çox uğurlu oldu. Bir çox vaxtlarda mən işimi qurtarandan sonra da evə getmir, saatlarla kabinetimdə əyləşib respublikanın gələcək inkişafı üçün daha hansı tədbirlərin görülməsinin vacibliyini düşünürdüm. İstəyirdim ki, vəzifəmin mənə verdiyi səlahiyyətlərdən istifadə edib, xalqın güzəranını bir qədər də yaxşılaşdırım".
Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik edildi, sənaye və kənd təsərrüfatının bütün sahələrində, respublika iqtisadiyyatında böyük yüksəlişlərə nail oldu, Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən, qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı. Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı. Xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə doqquzuncu, onuncu və on birinci beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutdu.
İNKİŞAF STATİSTİK RƏQƏMLƏR İLƏ: 1969-1982
1969-1982-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə, respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. Bu gün Bakıya, Azərbaycanın rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, Kür su kəməri, yaşıllıq zonaları, istirahət ocaqları, neçə-neçə yollar, o cümlədən, yurdun şimal-qərb ucqarını paytaxta bağlayan Bakı-Balakən dəmir yolu, Dağlıq Qarabağın mərkəzə - Bakıya bağlılığını artırmaq və orada Azərbaycan mühitini canlandırmaq üçün görülən mühüm tədbirlər, o cümlədən, Xankəndinə dəmiryolu çəkilməsi Heydər Əliyev zəkasının, Onun yorulmaz fəaliyyətinin, bu böyük insanın bütün varlığına hopmuş Vətən sevgisinin nəticəsi idi.
1969-1982-ci illər ərzində Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən, nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.
BÖYÜK AZƏRBAYCANLI
Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə Heydər Əliyev şəxsən özü başçılıq edirdi. Bir sözlə, daim xalqının gələcəyini düşünən BÖYÜK AZƏRBAYCANLI hələ o vaxtlar zamanı qabaqlayaraq, XXI yüzilliyin Azərbaycanı üçün güclü kadr potensialı yaradırdı. Heydər Əliyevin XX yüzilliyin 70-80-ci illərinin əvvəllərində həyata keçirdiyi kompleks inkişaf proqramları nəticəsində Şimali Azərbaycan o zaman dağılmağa başlamış böyük SSRİ məkanında qabaqcıl sənaye, kənd təsərrüfatı və mədəniyyət respublikasına çevrildi. Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır. Vətənin bütün guşələrində Azərbaycanın haqqı tapdalanmış böyük şəxsiyyətlərinin heykəllərini ucaltdırdı, repressiya qurbanı olmuş böyük Cavidi, ölümündən illər keçdikdən sonra Vətənə qaytardı, Kerçdə, Krımda həlak olmuş minlərlə azərbaycanlının şərəfinə Sapun Qora yaxınlığında abidə ucaltdırdı. İlk dəfə olaraq, Azərbaycanın görkəmli sənət adamlarının böyük bir dəstəsinə - şairlərimizə, yazıçılarımıza, bəstəkarlarımıza Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi də təkzibolunmaz tarixi faktdır. Doğma xalqı, el-obası üçün canını qoyan, elə buna görə də Moskvaya "irəli çəkilib" müəmmalı şəkildə həyat çırağı söndürülən, sonra da "millətçi" damğası yapışdırılan və adının çəkilməsi belə yasaq olunan Nəriman Nərimanovun əzəmətli heykəlini ucaltdırmaq Heydər Əliyev şəxsiyyətinin Vətən qarşısında böyük xidməti idi. Sonralar Nərimanova Ulyanovsk şəhərində də abidə ucaltdırmağa nail olan Heydər Əliyev bir daha sübut etdi ki, onu Vətən - xalq təəssübkeşliyindən döndərmək heç kəsin hünəri deyil, o cümlədən, hakim sovet rejiminin də! Heydər Əliyevin rəhbərliyi dövründə, XX əsrin 60-cı illərinin sonu - 70-ci illərində, Azərbaycanın ümumi yüksəlişi fonunda xalqımızın tarixi keçmişinə də maraq artdı, bu sahədə də oyanış başlandı. O zaman ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Ensiklopediyası idi. Ensiklopediyanın Baş redaksiyası, redaksiya ətrafında toplanmış alimlərin böyük əksəriyyəti çox cəsarətli çıxışlar edirdilər. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar. Rəsul Rzanın həlledici köməyi ilə bu sətirlərin müəllifi Kiyevin xəritə fabrikində ilk dəfə olaraq Azərbaycan tarixi xəritələrinin hazırlanması və çapına nail oldu. 1972-ci ildə Ensiklopediyanın Baş redaksiyası Rəsul Rzanın redaktorluğu ilə "Azərbaycan SSR xəritələri" (Azərbaycan və rus dillərində) adlı atlas nəşr etdi. Göstərilən tarix xəritələri həmin atlasa daxil edildi. Lakin "sapı özümüzdən olan baltalar" bütün bu məsələləri Moskvaya çuğulladılar, Ermənistandakı tarixçi "dostlarını" köməyə çağırdılar. Bizə "millətçi", "burjua məfkurəçiləri", "sovet hökumətinin və Rusiyanın düşmənləri" damğasını vurmaq məqsədilə xalqımıza qarşı 1918-ci ilin Mart Soyqırımını törətmiş S.Şaumyanın oğlu L.S.Şaumyanı Bakıya gətirtdilər. O zaman "Böyük Sovet Ensiklopediyası" baş redaktorunun birinci müavini, həm də sovet ideologiyasının başında duranlardan biri olan oğul - Şaumyan əlinə düşən fürsətdən istifadə edərək, Azərbaycan ziyalılarına zərbə vurmaq üçün özünü oda-közə vurdu. Lakin məqsədinə çata bilmədi. Çünki Azərbaycana doğma yurdunun təəssübkeşi olan qüdrətli bir şəxsiyyət başçılıq edirdi.
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində, XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə-yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir.
(Ardı növbəti sayımızda)
RƏFİQƏ KAMALQIZI