PDF Oxu

Siyasət

  • 22

Azərbaycan: Ən dinamik inkişaf edən ölkə

Dövlət başçısı İlham Əliyevin «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» sərəncamı dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı əvəzsiz xidmətlərinə bir daha işıq salacaq

Azərbaycan: Ən dinamik inkişaf edən ölkə

Dövlət başçısı İlham Əliyevin müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərini nəzərə alaraq, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin ölkə miqyasında layiqincə keçirilməsinin təmin edilməsi məqsədilə 21 yanvar 2013-cü il tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamı ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Bugünkü müasir, müstəqil, iqtisadi inkişaf modeli digər dövlətlərə nümunə göstərilən, iqtisadi möcüzələr ölkəsi kimi tanınan, beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilən, dünya birliyində özünə layiqli yer tutan, beynəlxalq münasibətlər sisteminin əsas aparıcı qüvvəsinə çevriləərək, etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin şah əsəridir.

Ölkə Prezidenti İlham Əliyevin məlum sərəncamı ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərinə bir daha işıq salaraq, onun ideyaları əsasında günbəgün mökəmlənən Azərbaycanın uğurları təhlil olunacaq, onların fonunda qarşıdakı on il üçün müəyyənləşdirilən, inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasına xidmət edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əhəmiyyəti bir nəzərdən keçiriləcək. Arxadan qalan hər gün keçilən yolun aydın təhlili və düzgün qərarların qəbul olunması üçün olduqca əhmiyyətlidir. Bu baxımdan müstəqilliyinin 21 ilini arxada qoyan Azərbaycanın tarixində 1991-1993-cü illərin proseslərinin 1993-cü ilin iyunundan bu gunə qədər baş verən hadisələrlə müqayisəli təhlilinə zərurət duyulur. Bu faktı xüsusi vurğulamaq lazımdır ki, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan tarixinə Qayıdış, Qurtuluş günü kimi yazılıb. Müstəqilliyinin ilk illəri xaos, anarxiya, özbaşınalıq dövrü kimi xarakterizə olunan Azərbaycanın tarixində 1993-2003-cü illər dirçəliş, inkişaf dövrü kimi həkk olunub. 1993-cü ilin iyununda ümummilli lider xilaskarlıq missiyasını üzərinə götürməklə Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. O, müasir Azərbaycan dövlətçiliyinin bərpa və inkişaf etdirilməsinə, ictimai-siyasi sabitliyin, ərazi bütövlüyünün təmin olunması kimi mürəkkəb vəzifələrin həlli üçün ölkə həyatında vacib olan işlərə- dövlət intizamının, qanunçuluğun, hüquq-mühafizə orqanlarının, ordunun möhkəmləndirilməsinə başladı. Bu fakt xüsusi olaraq önə çəkildi ki, bir dövlətin beynəlxalq aləmdə özünü təsdiqləməsində xarici siyasətin düzgün qurulması əsas şərtdir. Eyni zamanda ərazi bütövlüyümüzü, suverenliyimizi, sərhədlərimizin toxunulmazlığını təmin etmək üçün hərbi siyasətin düzgün qurulmasına da böyük ehtiyac var. Müharibə şəraitində yaşayan bir ölkə üçün bu. olduqca vacibdir. Sərəncamda da qeyd olunduğu kimi, ulu öndər Heydər Əliyevin vaxtilə Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması ilə bağlı həyata keçirməyə başladığı müdrik siyasəti milli ordumuzun formalaşması və Azərbaycan Silahlı Qüvvələrinin yaradılması mərhələlərindən keçərək onun Cənubi Qafqazda aparıcı hərbi qüvvə olmasına gətirib çıxardı. Bu gün Azərbaycanın hərbi büdcəsinin 3 milyard dollardan artıq olması da bu sahəyə diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyev hər zaman bəyan edir ki, Azərbaycanın hərbi büdcəsi ümumilikdə Ermənistanın büdcəsi qədər olmalıdır.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində atdığı addımlar, genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını artırmaqla yanaşı, ölkəmizin dünya birliyinə açılan yoluna işıq" saldı. Müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran ümummilli lider Heydər Əliyev iqtiadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməsi onun uzaqgörən siyasətinin göstəricilərindəndir. Dahi şəxsiyyət bildirirdi ki, heç bir dövlət qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi olmadan iqtisadiyyatını təkbaşına inkişaf etdirə bilməz. Dövlətimizin "açıq qapı" siyasəti, xarici investorlarda qoyacaqları vəsaitlərin təhlükəsizliyinə böyük inam yaratması investisiya axınının sürətlənməsinə, əməkdaşlıq əlaqələrinin genişlənməsinə imkan yaratdı. Azərbaycanın malik olduğu təbii resursların dünya bazarlarına çıxarılması, neft gəlirlərinin ölkəmizin hərtərəfli inkişafına, xalqımızın rifahının yüksəlməsinə yönəldilməsi ulu öndər Heydər Əliyevin uzağa hesablanmış fəaliyyətində əsas yer tuturdu. "Əsrin müqaviləsi"nin imzalanmasından öncə Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının keçirilməsi Azərbaycanın enerji imkanlarının dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Artıq sayca XIX Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransı keçirilib. 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Bakıda təntənəli şəkildə Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti arasında sonralar "Əsrin müqaviləsi"" adını almış "Azəri, Çıraq və Günəşli (suyun dərin hissəsi)" yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" saziş imzalandı. İmzalanma mərasimində ümummilli lider Heydər Əliyev bildirmişdir: "Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, xalqımızın öz sərvətlərinə sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir."

Ulu öndərin müəllifi olduğu neft strategiyasının təməli "Əsrin müqaviləsi""nin imzalandığı gün qoyuldu və 1994-cü ilin 20 sentyabrı tarixə müstəqil Azərbaycanın neft sənayesinin ən parlaq mərhələsi kimi yazıldı. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev həmin günü müvafiq fərmanı ilə Neftçilər Günü" kimi əbədiləşdirdi. "Əsrin müqaviləsi"nın imzalanması ilə Azərbaycan nəinki Xəzər hövzəsinin böyük, zəngin resurslarını dünya şirkətləri üçün açdı, eyni zamanda, ölkəmizin uzunmüddətli və uğurlu inkişafını təmin etdi. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını əks etdirir. Bu gün Azərbaycan investisiya cəlbediciliyinə görə MDB məkanında ön yerdə dayanır. 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 120 milyard dollar investisiya qoyulub. Bu investisiyaların 50 milyard dollardan çoxu neft-qaz sektorunun payına düşür.

"Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" söyləyərək təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan ümummilli lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirlərin şəffaf və ədalətli bölünməsini təmin etdi. Bu gün Neft Fondunun aktivlərinin həcmi 32 milyard dollardan artıqdır. Şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Fondun maliyyə dəstəyi əsasında reallaşdırılan sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır.

Azərbaycanın hazırda Avrasiya məkanında həm dayanıqlı infrastruktura və şaxələnmiş neft-qaz kəmərləri sisteminə malik etibarlı enerji daşıyıcıları təchizatçısı kimi tanınması, eyni zamanda xarici bazarlarda nüfuzlu investor kimi çıxış etməsi də ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasının nəticəsidir. Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələri xalqlar, dövlətlər arasında əməkdaşlıq əlaqələrinin inkişafında körpü rolunu oynayır. Yeni yataqların kəşfi neft-qaz ehtiyatlarını artırır ki, bu da yeni layihələrin gündəmə gətirilməsinə stimul verir. "Əsrin müqaviləsi"nin ilk bəhrəsi olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri regional çərçivədən çıxaraq beynəlxalq əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, BTC neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycan beynəlxalq enerji ailəsinə daxil oldu, həm iqtisadi, həm də siyasi baxımdan böyük uğurlar əldə etdi. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihəninin həyata keçirilməsinin mümkünsüzlüyü də ölkəmizin artan nüfuzunun və siyasi çəkisinin təsdiqidir.

Dövlət müstəqilliyimizin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının rolunu bütün çıxışlarında önə çəkən dövlət başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına məhz 28 may- Respublika Günündə çatmasının da rəmzi mənası olduğunu xüsusi vurğulayır. Bildirdi ki, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanmasaydı, Azərbaycanın bugünkü iqtisadi durumunu və beynəlxalq aləmdə yerini təsəvvür etmək çətin deyildi. 19 ildə bu strategiya inkişafdadır, bu strategiyaya yeni istiqamətlər cəlb edilir. Beləliklə, bu gün Azərbaycanın enerji resursları tam şəkildə Azərbaycan xalqının maraqlarının xidmətindədir.

Bir gerçəklik də hər zaman önə çəkilir ki, təbii resurslarla zəngin çox ölkələr var. Amma onlarda bu ehtiyatlar heç də hər zaman uğur gətirmir. O ölkələrdə təbəqələşmə prosesi sürətlə gedir. Amma Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Çünki iqtisadi prioritetlər, neft strategiyası müəyyənləşdirilən zaman dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə olunub. Ölkəmizin artan iqtisadi imkanları uğurlu sosial siyasətin həyata keçirilməsinə təmin edir.

Keçilən yol eyni zamanda böyük təcrübənin əldə olunmasına stimuldur. Neft strategiyasının uğurla həyata keçirilməsində böyük rola malik olan Azərbaycan Dövlət Neft Şirkətinin əldə etdiyi təcrübə göz qabağındadır. ARDNŞ bu gün Azərbaycandan kənarda-Türkiyədə, Gürcüstanda, Ukraynada, Qazaxıstanda, İsveçrədə, Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə müxtəlif layihələr həyata keçirir. Prezident İlham Əliyevin bildirdiyi kimi, ARDNŞ-in gücləndirilməsi həm Azərbaycanın maraqlarına cavab verir, həm də ölkədə neft-qaz sənayesinin inkişafı, sosial məsələlərin həlli üçün çox vacibdir. Dövlət Neft Şirkəti etibarlı tərəfdaş kimi öz imkanlarını ortaya qoyur. "Biz əməkdaşlığın dərinləşməsi üçün bütün tədbirləri görürük. Xaricə qoyduğumuz milyardlarla ölçülən investisiyalar Azərbaycanın maraqlarını təmin edir. Gələcəkdə bu, bizə ondan da çox gəlir gətirəcəkdir. Çünki bütün bu investisiyalar iqtisadi amillərə söykənir. Yəni, bu, kommersiya yönümlü investisiyalardır. Bilirik ki, biz ondan da çox mənfəət götürəcəyik. Ancaq bu gün yox, 5 ildən, 10 ildən sonra. Ona görə bu baxımdan həmin investisiyaların çox böyük əhəmiyyəti vardır. Bu, Azərbaycanın gələcəyinə qoyulan vəsaitdir. Gələcək nəsillər bax bu gün qoyulan o sərmayənin nəticələrini görəcəklər, biz də görəcəyik." Bu gün uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirmə siyasəti də Heydər Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir.

Dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş, dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasəti, ölkə daxilində sabitliyin təminatına, dövlətçiliyin möhkəmlənməsinə, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadəyə, insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən biri-birindən əhəmiyyətli addımları bugünümüzün reallıqları üçün baza rolunu oynadı. "Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik." Azərbaycanın 1993-cü ildən bəri demokratik islahatlar sahəsində atdığı addımlar daim təqdir olunur, ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olan dövlətlərin sayının artmasında bu amilin rolu önə çəkilir. Azərbaycanın 2001-ci ilin yanvarında dünyanın nüfuzlu təşkilatı olan, bilavasitə demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması da demokratik dəyərləri dünəninin, bu gününün və gələcəyinin əsası kimi qəbul edib, bu istiqamətdə atdığı məqsədyönlü addımların nəticəsidir. Dövlət başçısı İlham Əliyevin hər zaman vurğuladığı kimi, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Ölkəmizin bir çox beynəlxalq təşkilatlara üzv qəbul olunmasında məqsəd dəyərlərimizi qabaqcıl ölkələrin meyarlarına uyğunlaşdırmaqdır. Bu gün modernləşmənin, müasirləşmənin həyata keçirilən siyasətin əsas prioriteti kimi qəbul edilərək, bu istiqamətdə atılan addımlar da deyilənlərin təsdiqidir. Müxtəlif sahələrin inkişafına yönələn qanunlarımızın, Milli Konstitusiyanın dövrün tələblərinə uyğunlaşdırılması üçün daim təkmilləşdirilməsi, dünya ölkələrinin təcrübəsinin bu sənədlərdə öz əksini tapmasına səy göstərilməsi də bu istəkdən qaynaqlanır.

Dövlət başçısı İlham Əliyevin dövlət müstəqilliyimizin yenidən bərpa olunmasının 20 illiyində söylədiyi fikirləri xatırlatmaq istərdik: "İyirmi il həm böyük, həm də çox da böyük olmayan müddətdir. İyirmi il ərzində çox iş görmək olar, heç nə görməmək də olar. Azərbaycanda son 17 ildə, müstəqilliyimizin birinci iki ilini çıxmaq şərti ilə, doğrudan da tarixi nailiyyətlər əldə edilmişdir. Bu gün danışdığımız bütün uğurlar bu müstəqilliyin nəticəsidir." Bu fikirlər Azərbaycanın 1993-cü ildən bu günə qədər keçdiyi yolun, əldə olunan uğurların aydın təsəvvürünü yaradır. Ölkə Prezidenti eyni zamanda 1993-cü ilin iyunun 15-də müstəqil Azərbaycanın tarixinin yeni səhifəsi açıldığını bildirərək bugünkü Azərbaycanı həmin dövrün Azərbaycanı ilə müqayisə edərək bildirir: "O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərcilk var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, onun əməyidir və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk."

Azərbaycanın biri-birini əvəzləyən uğurları harda yaşamasından asılı olmayaraq soydaşlarımızda böyük qürur hissi yaradır. Sərəncamda da qeyd edilir ki, ümummilli lider Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Ulu öndərin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycanı öz vətəni sayması, onu milli ruhun, milli mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, güclü, qüdrətli Azərbaycan hamımızın qürur mənbəyidir.

Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin son 9 ildən artıq dövr ərzində gördüyü işlər, bunların nəticəsi olaraq ölkəmizin qazandığı uğurlar da dünya siyasətçiləri, politoloqları tərəfindən geniş təhlil olunur, yüksək qiymətləndirilir. Azərbaycanın çiçəklənən respublika kimi dəyərləndirilməsi ölkəmizdə həyata keçirilən siyasətin alternativsizliyinin təsdiqidir. Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının 193 üzvündən 155-nin dəstəyini qazanaraq quruma qeyri-daimi üzv seçilməsi iqtisadi-siyasi, demokratik islahatlar və diplomatiya sahəsində qazandığı uğurların nümayişi olmaqla yanaşı ədalət prinsipini həyata keçirdiyi siyasətin önündə saxlamasından irəli gəlir. Düzgün qurulan siyasətin nəticəsi olaraq dünyaya günəş kimi doğan Azərbaycanın qarşısında daha geniş imkanlar açılır. Dövlət başçısı İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında yeni hədəflər və onlara çatmaq yolları müəyyənləşdirilib. Yaxın on ildə Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması, yüksək gəlirli ölkəyə çevrilməsi başlıca hədəfdir. "Azərbaycan xalqının ümummmilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamda bu fikir xüsusi qeyd edilir ki, qarşıdakı 10 il üçün nəzərdə tutulan İnkişaf Konsepsiyası gələcək planları əks etdirməklə yanaşı bir daha sübuta yetirir ki, Heydər Əliyevin ölkəmizin sürətli tərəqqisini bu gün də təmin edən irimiqyaslı proqramları xalqımızın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir.

"İki sahil"in Analitik Qrupu

Digər xəbərlər