Heydər Əliyev Fondunun layihələri əsasında kor və zəif görən insanlar üçün regionlarında müvafiq mərkəzlər yaradılıb
Elm və texnologiyaların tərəqqisi bəşəriyyətin rifahı üçün mühüm əhəmiyyət kəsb edən amildir. İnformasiya cəmiyyəti tələblərinin bərqərar olduğu dövrdə hər iki sahədəki dinamik inkişaf özünü göstərir.
Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafına dair Milli Strategiya"nın hazırlanması ilə bağlı verdiyi Fərmanı müxtəlif sahələri və cəmiyyətin müxtəlif təbəqələrini informasiya texnologiyaları ilə təmin etməkdə mühüm addım oldu. Ölkəmizdə informasiya cəmiyyətinin qurulmasını qarşısına məqsəd qoyan belə bir strategiyanın qəbul edilməsi Rabitə-İnformasiya Texnologiyası Nazirliyinin yaradılmasını zəruri etdi və Prezident İlham Əliyev bu addımı atdı. 2004-cü ildən etibarən virtual Azərbaycan formalaşmağa başladı. "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"nın (2003-2012-ci illər)" gerçəkləşdirilməsi həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində, ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyasını təmin etmiş oldu. Ölkəmizdə "Elektron Azərbaycan" anlayışı meydana çıxdı. Respublikamızda ən yeni texnologiyaların tətbiqinin nəticəsi olaraq, milli irsimiz və mədəniyyətimizlə bağlı materiallar virtual məkanda daha dolğun şəkildə yerləşdirilib. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı əsasında 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi bu işi daha da sürətləndirəcək.
İnformasiya-kommunikasiya texnologiyalarının geniş bir səpgidə inkişaf etdirilməsində Heydər Əliyev Fondunun da rolu müstəsnadır. Belə ki, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, onların sağlamlığını mühafizə etmək, sosial problemlərini həll etmək kimi məsələləri qarşısına məqsəd qoyan Heydər Əliyev Fondu bu sahəyə də diqqət ayırmışdır. Yaradıldığı ilk gündən cəmiyyətimizin ən zəif təbəqələrinə böyük diqqət və qayğı ilə yanaşır. Artıq bu gün hamıya tanış olan fəaliyyəti bunu sübut edir. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat", "Yeniləşən Azərbaycana yeni məktəblər", "Uşaq evi və internat məktəblərinin inkişafı" proqramları qısa bir zamanda həyata keçirilib və nəticədə, minlərlə insana yardım göstərilib. Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında "Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi"nə dair əməkdaşlıq sazişinin və layihə sənədinin imzalanması fiziki qüsuru olan insanların cəmiyyət həyatında fəal iştirakına töhfəsini verib. Layihə belə insanlara informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına kömək göstərməyə istiqamətlənib. Əlil insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılmasına yönələn ilk layihə çərçivəsində kor və zəif görən insanlar üçün respublikamızın müxtəlif regionlarında müvafiq mərkəzlər yaradılıb.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci Xanımı, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışının təmin edilməsi" layihəsi çərçivəsində Məhdud Fiziki İmkanlı İnsanlar üçün Yevlax Regional İnformasiya Mərkəzi, Naxçıvan Regional İnformasiya Mərkəzi, Məhdud Fiziki İmkanlı İnsanlar üçün Gəncə Regional İnformasiya Mərkəzi və s. istifadəyə verilib. Müasir texnologiyalarla təchiz olunan mərkəzlərdə oxu zalı, təlim-tədris bölməsi, audiokitabxana, ədəbiyyat fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, internetə çıxış, internetdə informasiyanın tapılması, əldə olunması xidmətlərini təmin edən kompyuter salonu fəaliyyətdədir. Bütün bunlarla yanaşı, kor və zəif görənlər üçün kompyuterlərə Brayl displeyi, "VideoLight" böyüdücü cihazı quraşdırılıb. Brayl displeyi görmə qabiliyyətini itirmiş insanların internetdən istifadə etməsinə tam şərait yaradır. "Videolight" böyüdücü cihazı vasitəsilə istənilən informasiyanı lazımi qədər böyütmək olar. Kor və zəif görən insanlar "Kitab həvəskarı - kompakt" oxu maşınının imkanlarından istifadə edə bilirlər. Bu qurğunun vasitəsilə Azərbaycan, türk, ingilis, rus və s. dillərdə istənilən kitabı səsləndirmək belə mümkündür. Mərkəzlərdəki kompyuterlər əqli cəhətdən zəiflər üçün zehni inkişaf etdirən oyunlarla təmin edilib. Kitabxanada nitq və eşitmə problemi olanlar üçün subtitrli filmlər göstərilir.
"Kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışının təmin edilməsi" layihəsi çərçivəsində Bakının Nərimanov rayonunda kor və zəif görən uşaqlar üçün Respublika İnternat Məktəbində müvafiq mərkəz də fəaliyyətdədir. Burada model İKT sinifləri uşaqların ixtiyarına verilib. Mərkəzdə quraşdırılan Almaniya istehsalı olan kompyuterlər kor və görmə qabiliyyəti zəif uşaqlar üçün hazırlanmış ən son model texnologiyadır. Brayl əlifbası ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabı kompyuterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək mümkündür.
Heydər Əliyev Fondunun fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirdiyi layihə əsasında məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyaları tədris olunur.
Azərbaycanda 300 mindən artıq əlil insanın yaşadığı zamanda fondun prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın 40 minə qədər kor və görmə qabiliyyəti zəif olan şəxslərə yardım etmək məqsədi ilə "Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi" layihəsinə imza atması Onun humanizminin daha bir göstəricisidir.
Nəzakət ƏLƏDDİNQIZI