Cənab Prezident İlham Əliyev: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır"
Məlum olduğu kimi, Cənab Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi haqqında Sərəncam imzalamışdır. Belə bir Sərəncamın imzalanması və Sərəncamda qeyd olunan tezislər ciddi elmi-publisistik yazıların yazılmasına səbəb olacaqdır. Mən bu qısa məqalə şərçivəsində Ümummilli Lider Heydər Əliyevın "müstəqilliyimiz əbədidir" kəlamını təhlil etməyə səy edəcəm.
Müstəqillik tarixən heç də bütün millətlərə nəsib olmamışdır. Azərbaycan isə qədim dövlətçilik ənənələri olan bir ölkədir. Təsadüfi deyildir ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini "bizim üçün ən əziz, ən qiymətli" hadisə, "tarixi nailiyyət" hesab etmişdir. Onun digər "müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" məşhur fikri də öz aktuallığını hər zaman qoruyub-saxlayır. Məhz belə bir çətin və şərəfli iş, ancaq böyük tarixi şəxsiyyətin, müdrik dövlət xadiminin ardıcıl və məqsədyönlü səyləri nəticəsində uğurla həyata keçirilmişdir.
Ümumiyyətlə, Heydər Əliyevin nəzəri irsi elə böyük bir xəzinədir ki, onu çoxyönlü istiqamətlərdə təhlil etmək mümkündür. Bu, onun ideyalarında, prinsipial mövqeyində və ictimai-siyasi həyatında öz əksini tapmaqdadır.
Məşhur alman filosofu Hegelin tarixin mahiyyəti ilə bağlı çox müdrik fikirləri və fəlsəfəsi vardır. O, tarixi proseslərin baş verməsinin əvvəlcədən planlanması və rasional şəkildə idarə edilməsinin 100 faiz mümkün olmadığını iddia edir. Belə ki, tarixi proseslər öz axarı ilə ziqzaqlı və ya dolambaclı şəkildə cərəyan edir. Ancaq hadisələrin sonrakı təsvir və təhlili isə rasional şəkildə tutarlı olaraq tədqiq oluna bilər. Məhz müstəqilliyimiz dövründən 20 il keçdikdən sonra biz dövlətçilik tariximizdə Heydər Əliyev dühasının nə qədər dəyərli olduğunu bir daha başa düşürük. Təsadüfi deyildir ki, bu dahi şəxsiyyət sayəsində Azərbaycan qlobal miqyasda öz sözünü demiş və hal-hazırda da Heydər Əliyevın layiqli davamçısı İlham Əliyev sayəsində deməkdədir.
Əlbəttə ki, Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizi əbədi olaraq adlandırmasında onun, eyniz zamanda, keçmiş Sovet İttifaqında rəhbər vəzifələrdə işləməsi və xüsusilə, Azərbaycana 14 il birbaşa rəhbərlik etməsində də axtarmaq lazımdır. Təsadüfi deyildir ki, hörmətli Prezident Heydər Əliyev özünün bir çıxışında belə demişdir: " Mən o vaxt Azərbaycanın gələcəyi haqqında düşünürdüm ". Məsələ burasındadır ki, bu dövrün həqiqətləri yalnız indi-indi, hadisələrin zahirdə görünməyən dərin qatları təhlil edilərkən aşkarlanır.
1993-cü ildən Azərbaycanda bütün atributlara malik güclü dövlət yaradıcılığına başlandı. Belə ki, dövlət quruculuğunun ilk addımları atılmadan, dövlətin əsasları möhkəmləndirilmədən, birdən-birə, qısa müddətdə demokratiyanın bütün komponentlərinin qərarlaşması nəinki qeyri-mümkündür, həm də yolverilməzdir. Məhz Heydər Əliyevın uzaq görən siyasəti və məqəsdyönlü siyasi strategiyası nəticəsində 1993-2003- cü illər arasında Azərbaycanda ciddi dövlətçilik ənənəsi yaradıldı və demokratik islahatlar həyata keçirildi. Bu, eyni zamanda, xalq-dövlət birliyinin də öz növbəsində yaranmasına səbəb oldu. Həm daxildə, həm də xaricdə həyata keçirilən siyasi xətt xalq tərəfindən yüksək qiymətlənirildi.
Ümumiyyətlə, müstəqilliyimiz və Azərbaycanın dövlətçilik ənənəsinın daha da analitik şəkildə başa düşülməsi üçün Heydər Əliyevın bu fikirlərinə müraciət etmək yerində olar: " XX əsrdə bizim qazandığımız uğurlar, o cümlədən, müstəqil dövlət qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdı, xüsusilə, XIX əsrdə formalaşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb tapmaq lazımdır".
"Müsəqilliyimiz əbədidir" kəlamını təhlil edərkən, bir məqamı da vurğulamaq istərdim ki, Ümummilli Lider Heydər Əliyevın çoxsaylı kəlamları, eyni zamanda, kompleks şəkildə bir-birini açıqlayıcı mahiyyət daşıyır. Belə ki, Heydər Əliyev bu kontekstdə əbədi müstəqilliyimizi belə qiymətləndirir: "Keçid dövrü yaşayan ölkələrə başçılıq etmək istəyən şəxslər gərək çox təcrübəli, dünyanı bilən adam olsun". Bu ifadələrə əlavə olaraq onu qeyd edə bilərəm ki, əks təqdirdə Heydər Əliyev kimi təcrübəli siyasətçi Azərbaycan tarixində olmamış olsaydı, formaq müstəqillik qalsa da, başqa dövlətlərin təsiri altına düşmək yaxud da antimilli ünsürlərin təsiri altında qalmaq kimi acı həqiqətlərlə qarşılaşmış olardıq.
Rəşad İlyasov,fəlsəfə doktoru