İlham Əliyev: "Biz qapılarımızı geniş şəkildə açmışıq və dostlarımızı, tərəfdaşlarımızı Azərbaycanda işləməyə, sərmayə qoymağa dəvət etmək istəyirik"
Yanvarın 22-də İsveçrənin Davos şəhərində 43-cü Ümumdünya İqtisadi Forumu öz işinə başlayıb. Əsas müzakirə mövzusu 2013-cü il üçün "Dayanıqlı dinamika" olan forumun işində dünyanın 100-dən çox ölkəsindən 2500-dən çox qonaq iştirak edir. Eyni zamanda, tədbirə 50 ölkənin hökumət və dövlət başçıları qatılıb.
Forumun işində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.
İnkişaf çox sürətlə gedir
Davos bu dəfə Azərbaycan üçün daha fərqli idi, çünki bir çox yerlərdə ölkəmizlə bağlı reklamlar yerləşdirilmişdi. "CNN-İnternational" televiziya kanalının iqtisadi məsələlər üzrə müxbiri Riçard Kest də öz reportajında bu məqama diqqət çəkir: "Burada - Davosda inkişaf edən iqtisadiyyatlar arasındakı yarışma aydın şəkildə görünür. Nəinki inkişaf etmiş dünyanın, o cümlədən, Rusiyanın, Malayziyanın və Azərbaycanın reklamlarını burada hər yerdə görmək olar. Ölkə potensialının inkişaf etdirilməsi Azərbaycana çoxsaylı sərmayələrin cəlb edilməsinə yol açdı. 2012-ci ildə ölkə iqtisadiyyatına yatırılan əsas sərmayələrin həcmi 18 faiz artmışdır. Bu həcmdə daxili sərmayələrin payı təxminən 80 faiz olmuşdur".
Elə Riçard Kestə müsahibəsində Prezident İlham Əliyev bu məqama belə aydınlıq gətirir: "Düzdür, ölkə inkişaf edir. İnkişaf çox sürətlə gedir və şübhəsiz ki, biz ölkəmizi beynəlxalq biznes ictimaiyyəti və xüsusilə də, Azərbaycan ilə hələ də əməkdaşlıq etməyən işgüzar dairələrə daha geniş şəkildə təqdim etmək istəyirik. Biz qapılarımızı geniş şəkildə açmışıq və dostlarımızı, tərəfdaşlarımızı Azərbaycanda işləməyə, sərmayə qoymağa dəvət etmək istəyirik.
Əlbəttə, Dünya İqtisadi Forumu bu baxımdan ən əlverişli məkandır. Yəni, burada beynəlxalq biznes və siyasi dairələrin elitası toplaşır. Beləliklə, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri və nümayəndələri buraya gəlirlər. Ona görə də bura ölkənin təqdimatını keçirmək üçün ən yaxşı məkandır".
Ləng qlobal artım məsələləri gündəmdədir
Davosda ləng qlobal artım məsələləri gündəmdədir. Budəfəki Ümumdünya İqtisadi Forumuna bir çox dünya və Avrozona ölkələri dövlətlərin iqtisadiyyatını iflic vəziyyətinə salan böhrandan yaxa qurtarmağın yollarını tapmaq ümidi ilə qatılıblar.
Çünki Avropa Komissiyasının proqnozuna əsasən, 2013-cü ildə Avrozonanı resessiya gözləyir, o, ilk növbədə, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya və Sloveniyanı öz təsirinə məruz qoyacaq. İşsizlik səviyyəsi 2013-cü ildə yeni rekord həddə - 11,8 faizə çatacaq.
Avropa komissiyasının sədri Olli Rennin proqnozları bədbin səslənir: "Avropa iqtisadi yenidənqurma proseslərini yaşayır, buna görə də qarşıda bizi "çətin vaxtlar" gözləyir".
Borc böhranı genişlənməkdə davam edəcək, Avrozonada dövlət borcunun səviyyəsi 2014-cü ildə ÜDM-in həcmi 88,8 faizdən 94,3 faizə yüksələcək. Rekord göstərici yenə də Yunanıstana məxsus olacaq (2013-2014-cü illərdə ÜDM-in 188 faizi), ikinci yerdə isə İtaliya gələcək. Həmçinin, Portuqaliya və İrlandiyanın dövlət borcu ÜDM-in həcmini üstələyəcək, Belçikada isə bu rəqəm 99,9% sərhədlərinə yaxınlaşacaq.
Nobel mükafatı laureatı olmuş və 2008-ci il böhranının öncədən xəbər vermiş Nuriel Rubini fondunun ekspertləri hesab edir ki, artıq 2013-cü il Avrozona dağılmağa başlayacaq. Avropa böhranı hətta Almaniyaya da təsirsiz ötüşmədi. Avrokomissiya Almaniyanın ÜDM-in artımı ilə bağlı 2013-cu illə bağlı verdiyi proqnozu iki dəfə - 1,7 faizdən 0,8 faiz aşağı salıb.
"Bu vaxtacan Almaniya iqtisadiyyatı qonşuların düşdüyü çətinlikdən sığortalanmışdı, amma son məlumatlar göstərir ki, Almaniya da böhran zonasına daxil olub" - Avropa Mərkəzi Bankının sədri Mario Draqi bildirib. Almaniya üçün xarici olan bazarlarda tələbat sürətlə aşağı düşür, artıq etimad böhranı investisiyalara güclü zərbə endirib, bütün bunlar iqtisadi məsləhətçilərin Almaniya hökumətinə təqdim etdiyi 476 səhifəlik illik hesabatda da öz əksini tapıb.
Çin Xalq Respublikasında 2012-ci ildə artım ənənəvi 10 faizdən 7,8 faizə qədər azalıb. Hindistan üzrə qiymət isə 1,3 punkt azalaraq 4,9 faizə düşüb. Yaponiyadakı artım tempi isə builki 2,2 faizdən, növbəti ildə 1,2 faizə enəcək. "The Financial Times" yazır ki, Dünya Bankı da həmçinin, Çinin artım proqnozunu 8,2 faizdən 7,7 faizə endirib. BVF-nin iqtisadçıları İspaniya, İtaliya və digər böhran ölkələrini yenə də büdcələrini ixtisar etməyə və artımı bərpa etmək üçün rəqabət qabiliyyətini artırmağa səsləyib.
Avropa Birliyi ölkələrində vergilər artırılır
"Fitch Ratings" Avropa Birliyi ölkələrindən Yunanıstan, İrlandiya, Portuqaliya, İspaniyanın reytinqlərini aşağı salıb. Avropada maliyyə və iqtisadi böhranın başqa bir fəsadı büdcə gəlirlərinin formalaşmasında yaranan çətinliklərlə bağlıdır. Avrozonanın əksər ölkələrində 2013-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Bu ölkələrin büdcə gəlirlərini formalaşdırmaq üçün maliyyə çatışmazlığı yarandığından, gələn il bir sıra sahələrə ayrılan xərclərin azaldılması, daha çox sosial sahələrə ayrılan xərclərin azaldılması nəzərdə tutulur. Artıq bəzi ölkələrin parlamentləri büdcədə sosial xərclərin azaldılması barədə qərar qəbul edib. Bunun nəticəsidir ki, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan və digər Avrozona ölkələrində əhalinin kütləvi narazılığı ilə müşayiət olunan yürüş və mitinqlər son günlərdə daha da genişlənib. Avropada vətəndaşların narazılığının güclənməsinə səbəb olan amillərdən biri də vergi dərəcələrinin artırılmasıdır. Avropa ölkələrində böhrandan çıxmaq məqsədilə mövcud vergi dərəcələrinin yüksəldilməsi ilə yanaşı, əlavə vergi növləri də tətbiq edilir. Təkcə Fransada gələn il müəssisə və fiziki şəxslər üzrə vergilərin 10 milyard avro artırılması nəzərdə tutulur.
Yeri gəlmişkən, həmin ölkələrdə bir çox vergi dərəcələri Azərbaycanla nisbətdə xeyli yüksəkdir. Birbaşa vergilərin üstünlük təşkil etdiyi ölkələrdə fiziki şəxslərdən gəlir vergisi 40-50 faiz təşkil edir. Buna baxmayaraq, İtaliya, İspaniya, Yunanıstan, İrlandiya, Portuqaliya hökumətləri 2013-cü il üçün vergilərin artırılmasını nəzərdə tutan büdcə layihəsini parlamentə təqdim ediblər. İspaniya parlamenti isə vergilərin 18 faizdən 21 faizə qədər artırılması barədə qanun layihəsini ilkin oxunuşda qəbul edib. Avropalı ekspertlər vergilərin artırılmasını "maliyyənin atom bombası" adlandırırlar.
Valyuta ehtiyatlarının həcmi artır
Göründüyü kimi, Avropa Birliyi ölkələrində dövlət büdcəsinin xərcləri, xüsusilə də, sosial xərclər azaldılır, vergi dərəcələri artırılır. Azərbaycanda isə hər il büdcənin gəlir və xərcləri artırılır. Büdcə gəlirlərinin böyük bir hissəsi insanların sosial müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulur.
Azərbaycan regionda o ölkələrdəndir ki, büdcə tərtibatında maliyyə problemi ilə üzləşmir, əksinə, respublikamızın büdcə gəlirləri ilə bərabər, Mərkəzi Bankda və Dövlət Neft Fondunda saxlanılan valyuta ehtiyatlarının həcmi artır. Azərbaycanda vergi dərəcələrinin aşağı salınması - fərdi sahibkarlardan gəlir vergisi dərəcəsinin 35%-dən 20%-ə, müəssisələrdən mənfəət vergisinin 22 faizdən 20 faizə endirilməsi, fiziki şəxslərdən gəlir vergisinin yuxarı həddinin isə 35 faizdən 30 faizə salınması, əlavə dəyər vergisinin 20 faizdən 18 faizə endirilməsi, eləcə də, sadələşdirilmiş vergi ödəyiciləri üçün dövriyyə məbləğinin səviyyəsinin 90 mindən 150 min manata qaldırılması fonunda son illərdə büdcəyə vergi daxilolmalarının həcmi artmaqdadır.
Dünyada böhran yaşayan dövlətlərdən fərqli olaraq, Prezident İlham Əliyevin "CNN-İnternational" televiziya kanalına müsahibəsində söylədiyi kimi, "Bu gün bizim iqtisadiyyatımız çox sabitdir. Biz iqtisadi böhran illərində belə inkişafımızı davam etdirə bilmişik. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Biz 10 ildən də az müddətdə ümumi daxili məhsulu üç dəfə, yəni 300 faizdən çox artıra bilmişik. Hazırda iqtisadiyyatımız daha da şaxələndirilib. Bu, təkcə enerji sahəsinə aid deyil. Hazırda bizim əsas məqsədimiz Azərbaycanın qeyri-enerji sektoruna, xüsusilə, yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və xidmət sahələrinə investisiyaları cəlb etməkdir".
Bakı bu dəfə Dünya İqtisadi Forumuna ev sahibliyi edəcək
Artıq Azərbaycan bütün sahələrdə beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirildiyi məkandır. Son illərdə respublikamızda elm, mədəniyyət, idman, təhsil və digər sahələrdə silsilə beynəlxalq tədbirlər, dünya çempionatları, qlobal forum və konfranslar keçirilməkdədir. Bu, ölkəmizin artan beynəlxalq nüfuzunun, iqtisadi inkişafının və nailiyyətlərinin təcəssümüdür. Avropaya inteqrasiya istiqamətində görülən işlər və əldə edilmiş nailiyyətlər artıq Azərbaycanı beynəlxalq səviyyədə birgə tədbirlərin keçirilməsi üçün etibarlı tərəfdaşa çevirib. Bu baxımdan Davos Dünya İqtisadi Forumunun növbəti sessiyasının Azərbaycanda keçirilməsi təsadüfi deyildir. Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşündə ümumi razılığa əsasən, Davos Dünya İqtisadi Forumunun bu ilin aprelində Bakıda keçiriləcəyi və bunun mühüm hadisə olacağı vurğulanıb. Klaus Şvab ümidvar olduğunu bildirdi ki, Bakıda keçiriləcək Dünya İqtisadi Forumu Cənubi Qafqaz və Orta Asiya regionlarında əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfəsini verəcəkdir.
Cabir