PDF Oxu

Siyasət

  • 31

2013- cü il Azərbaycan üçün daha uğurlu il olacaq

2013- cü il Azərbaycan üçün daha uğurlu il olacaq

İlham Əliyev: "Ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadi liberallaşma, dünya iqtisadiyyatına inteqrasiya siyasətimiz 9 milyard dollara yaxın xarici sərmayənin qoyulmasına gətirib çıxarmışdır"

Bu gün Azərbaycanın hərtərəfli inkişafı və bu istiqamətdə aparılan ardıcıl işlər özünü bütün sahələrdə ehtiva etməkdədir. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq ötən 2012-ci ildə də ölkəmizin tərəqqisi davamlı xarakter almış, qarşıya qoyulmuş bütün vəzifələr müvəffəqiyyətlə icra olunmuşdur. Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı aparılan müzakirələrdə bütün bu deyilənlər öz əksini tapmışdır. Prezident İlham Əliyev bu barədə öz fikirlərini bildirərkən, bir daha əminliklə vurğulamışdır ki, 2012-ci il də tarixdə uğurlu il kimi qalacaqdır.

"Düşünülmüş iqtisadi siyasətimiz artıq öz gözəl nəticələrini verməkdədir"

Dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatı keçən il öz dinamik inkişafını qoruya bilib və bu il görüləcək işlər ölkəmizi daha da böyük nailiyyətlərə gətirib çıxaracaq: "Çünki 2003-cü ildə müəyyən edilmiş 10 illik inkişaf planımız bu il başa çatır. 2004-cü ilin əvvəlində regional inkişaf proqramı qəbul edilmişdir və bu il bu proqramın ikinci mərhələsi başa çatacaqdır. Əminəm ki, proqramda müəyyən edilmiş bütün vəzifələr bu ilin sonuna qədər təmin ediləcəkdir. Bütövlükdə, ötən il ölkə iqtisadiyyatı üçün çox uğurlu il olmuşdur. Bu da təsadüfi deyil. Çünki keçən ilin uğurları bundan əvvəlki dövrdə müəyyən edilmişdir. Bizim düşünülmüş iqtisadi siyasətimiz artıq öz gözəl nəticələrini verməkdədir və dinamika müsbətdir, inkişaf çox sevindiricidir. Beləliklə, 2012-ci ilin yekunları ilə bağlı, əslində, ilin əvvəlində də bizim heç bir şübhəmiz yox idi. Mən keçən ilin əvvəlində qeyd etmişdim ki, əminəm, 2012-ci il də uğurlu olacaqdır. Belə də oldu. Bütün iqtisadi göstəricilər yüksək səviyyədədir. Ümumi daxili məhsul 2,2 faiz artmışdır. Bu, əslində, inkişaf etmiş ölkələr, xüsusilə, böhranlı illər üçün çox yüksək göstəricidir. Əlbəttə, templərimiz əvvəlki illərdə daha da yüksək olduğuna görə, bizim üçün bu, o qədər də qəbuledilən deyildir. Ancaq nəzərə alsaq ki, keçən il neft hasilatında azalma olmuşdur və sənaye istehsalı, ümumiyyətlə, 2,3 faiz azalmışdır, ümumi daxili məhsulun 2,2 faiz səviyyəsində artımı çox müsbət göstəricidir".

Qeyri-neft sektoru keçən il 9,7 faiz artmışdır

Ölkə Prezidenti ümumi daxili məhsulun qeyri-neft sektorunun hesabına artdığını bildirib: "Qeyri-neft sektorumuz keçən il 9,7 faiz artmışdır. Beləliklə, biz ölkə iqtisadiyyatını şaxələndirməklə bağlı bir neçə il bundan əvvəl qarşıya qoyulmuş vəzifəyə artıq nail ola bilmişik. Qeyri-neft sənayemiz də artır. Bu da son illər ərzində sənayeləşmə siyasətinin düzgün istiqamətdə aparılmasının təzahürüdür. Qeyri-neft sənayemiz təxminən 8 faiz artmışdır. Kənd təsərrüfatı təxminən 6 faiz artmışdır. Makroiqtisadi vəziyyət çox müsbətdir. İnflyasiya cəmi 1,1 faiz səviyyəsindədir ki, bu, son illərdə ən aşağı səviyyədir. Əhalinin pul gəlirləri isə 13,8 faiz artmışdır. Yəni, inflyasiya ilə pul gəlirləri arasında fərq 10 faizdən çoxdur. Bu da, əlbəttə, hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricilərdən biridir" .

Sosial siyasətin uğurlu nəticələri

Ötən il dövlətin apardığı sosial sahədə də bir çox uğurlar əldə edilmişdir. Dövlət başçısı keçən il çox böyük sosial proqramların icra edildiyini vurğulamışdır: "Təbii ki, möhkəm siyasi sabitlik üzərində qurulmuş iqtisadi sabitlik,- infrasturktur layihələri, sosial proqramlar və digər sahələrdəki fəaliyyətimiz 2012-ci ildə də çox gözəl nəticələrə gətirib çıxarmışdır".

Sosial məsələlərin həllinə gəldikdə, dövlət başçısı bildirib ki, keçən il uzun illər sovet dövründən dondurulmuş vəziyyətdə qalmış əmanətlərə kompensasiya verilməsi proqramı başlamışdır və ilin sonunda artıq proqramın böyük hissəsi icra edilmişdir: "Vətəndaşlara yüz milyonlarla manat vəsait verilmişdir və əminəm ki, bu proqram yaxın aylarda başa çatacaqdır. Biz elə planlaşdırırdıq ki, bu proqramı bu ilin sonuna qədər artıq başa çatdıracağıq. Bu, çox böyük siyasi addım idi. Azərbaycan dövlətinin sosial siyasətinin nə qədər düzgün olduğunu göstərir".

Yoxsulluğun səviyyəsi 6 faizə enib

Dövlət başçısı Regional İnkişaf Proqramların da uğurla icra olunduğunu deyərək bildirib ki, artıq İkinci Proqram başa çatmaq üzrədir: "Qarşıya qoyulmuş bütün vəzifələr icra edilib. Keçən il 117 min yeni iş yeri açılmışdır ki, onlardan 93 mini daimi iş yeridir. Proqramın əvvəlindən 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, bu da öz növbəsində, işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərmişdir. İşsizliyin səviyyəsi 2012-ci ildə bir qədər aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir. İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür - 7,6 faizdən 6 faizə. Bu, hesab edirəm ki, hətta inkişaf etmiş ölkələr üçün çox gözəl göstəricidir. 2013-cü ildə görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində, əminəm ki, yoxsulluq səviyyəsi daha da düşəcək və beləliklə, 10 il bundan əvvəl qarşımıza qoyduğumuz vəzifə, Azərbaycanda yoxsulluğu tamamilə aradan götürmək vəzifəsi də artıq təmin ediləcəkdir. 2012-ci ildə Bakı və onun qəsəbələrinin inkişafı Proqramı da uğurla icra edilmişdir, böyük işlər görülmüşdür. Bu il bu Proqram başa çatmalıdır. Bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir, yollar salınır, müasir şərait yaradılır. Bu Proqramın icrası daim nəzarət altındadır və əminəm ki, bu ilin sonuna qədər qəsəbələrin əsas infrastruktur və sosial problemləri öz həllini tapacaqdır. Biz bu məsələyə kompleks şəkildə yanaşmışıq".

Xarici siyasətin mükəmməl prioritetləri

2012-ci il xarici siyasətlə bağlı da çox uğurlu olmuşdur. Dövlət başçısı Azərbaycanın xarici siyasət sahəsində fəaliyyətinin genişləndirdiyini vurğulamışdır: "Keçən il Azərbaycan tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu, tarixi nailiyyətdir. Ümumiyyətlə, 2011-ci ilin sonunda Təhlükəsizlik Şurasına seçilməyimiz çox böyük tarixi hadisə və Azərbaycan dövlətinin dünya miqyasında nüfuzunun göstəricisi idi. Biz keçən il dünyanın bir nömrəli qurumuna uğurla sədrlik etmişik və əlbəttə, bizim beynəlxalq nüfuzumuz da, təsir imkanlarımız da artıbdır. Biz, deyə bilərəm ki, keçən il dünyada özümüzü daha da böyük dərəcədə təsdiq edə bilmişik. Çox şadam ki, 2011-ci ildə beynəlxalq birlik tərəfindən bizə göstərilən inam Azərbaycan tərəfindən qorundu və hesab edirəm ki, il ərzində bu inam daha da artdı. Çünki bu mötəbər quruma, əlbəttə ki, beynəlxalq birlik tərəfindən bizə olan inamın nəticəsində seçilmişik. Biz il ərzində bu inamı doğrulda bilmişik. Azərbaycan etibarlı tərəfdaşdır, bütün məsələlərlə bağlı öz mövqeyinə malikdir. Bizim mövqeyimiz ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan mövqedir. Hesab edirəm ki, bir il ərzində BMT-də bizi dəstəkləyən ölkələrin sayını artıra bilmişik. Eyni zamanda, keçən il beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox vacib qərarlar qəbul edilmişdir. Onların arasında Qoşulmama Hərəkatının zirvə görüşündəki yekun bəyannaməni mən xüsusilə qeyd etmək istəyirəm. Qoşulmama Hərəkatında dünyanın əksər ölkələri toplaşmışdır və Azərbaycan bu təşkilata bu yaxınlarda üzv olmuşdur".

"Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar"

Dövlət başçısı ötən il ordu quruculuğu istiqamətində də böyük işlərin görüldüyünü bildirib: "Ordumuzun gücləndirilməsi üçün böyük tədbirlər görülmüşdür, böyük sayda texnika, silah-sursat alınmışdır, infrastruktur yaradılmışdır. Keçən il ümumi hərbi xərclərimiz üç milyard dollardan çox idi. Bu il büdcəmizdə hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir. Müqayisə üçün deyim ki, Ermənistanın ümumi büdcəsi iki milyard dollardan azdır. Əlbəttə, bu, bizə yeni imkanlar yaradır. Biz bu imkanlardan da istifadə edəcəyik".

Ölkə Prezidenti, həmçinin, vurğulayıb ki, ordu quruculuğu işində, əlbəttə, təkcə maddi-texniki təchizat rol oynamır, eyni zamanda, peşəkarlıq və nizam-intizam da öz rolunu oynayır. Həm peşəkarlıq, həm nizam-intizam artmalıdır: "Ordu cəmiyyətin bir parçasıdır. Orduda xidmət edən vətəndaşlar cəmiyyətin üzvləridir. Hər bir sahədə olduğu kimi, orduda da qüsurlar, nöqsanlar ola bilər. Ən önəmli məsələ ondan ibarətdir ki, bu nöqsanlar və qüsurlar vaxtında aşkarlanır və dövlət tərəfindən ciddi ölçülər götürülür. Biz gələcəkdə də ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkarlığın, nizam-intizamın artırılması istiqamətində siyasətimizi aparacağıq. Bu gün bizim ordumuz Cənubi Qafqazda aparıcı hərbi qüvvədir. Bizim ordumuz böyük nailiyyətlərə çatıbdır. Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar. Biz buna heç vaxt imkan vermərik. Mən də Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm. Azərbaycan xalqı da buna imkan verməyəcəkdir və ordumuza kölgə salmaq istəyən ünsürlərə öz layiqli cavabını verəcəkdir və verir" .

Ölkə başçısı İlham Əliyev bütün uğurlara və əldə olunmuş nailiyyətlərə rəğmən 2013-cü ildə də həmin uğurların davam etdirilməsinin vacibliyini xüsusilə qeyd edib: "Hesab edirəm ki, 2013-cü ildə bu sahədə biz daha da böyük nailiyyətlərə çatmalıyıq. İl başlayır, bütün dövlət, hökumət qurumları öz vəzifə borcunu bilirlər. Əminəm ki, hər bir dövlət məmuru bu il ərzində öz vətəninə, xalqına sədaqətlə xidmət edəcək və 2013-cü ili də biz uğurla başa vuracağıq".

R.HÜSEYNOVA

Digər xəbərlər