PDF Oxu

Siyasət

  • 45

RAGT gəncləri irəliyə doğru aparan təşkilatdır

Leyla Əliyeva: "Biz, Azərbaycanın gənc nəsli dünyaya açıq gözlə baxmaq və daim Vətənimizi unutmamaq, köklərimizi və ənənələrimizi sevgi ilə yanaşmaq və qoruyub saxlamaq istəyirik"

RAGT gəncləri irəliyə doğru aparan təşkilatdır

Müasir dövrümüzdə Azərbaycan gəncliyinin səsi dünyanın müxtəlif bölgələrindən eşidilir. Müstəqil dövlətimizin verdiyi imkanların nəticəsi olaraq Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil şəkildə layihələri ilə dünya arenasında təmsil olunmağa qadirdir. Belə ki, Azərbaycan dəyərlərinin, ictimai-siyasi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında gəncliyin öz yeri, xidməti vardır. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyalı Azərbaycanlı Gənclər Təşkilatının sədri, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın bir gənc, ölkəmizi təmsil edən nümayəndə olaraq, Azərbaycanın səsinin yayılmasında xüsusi yeri var. Belə ki, o, genişmiqyaslı layihələrlə çıxış edərək, Azərbaycan həqiqətlərini dünyaya bəyan edir.

Bu gün Leyla Əliyevanın sədri olduğu RAGT Rusiyanın bütün regionlarını əhatə edən və ölkələrimizin gələcəyi üçün çox böyük əhəmiyyətə malik olan mühüm gənclər təşkilatlarından birinə çevrilib. Təşkilatın ətrafına toplaşan gənclər vahid məqsədlər naminə həmrəydir və sıx birləşib. Milliyyətindən, yaşından, dini etiqadından və cinsi fərqlərindən asılı olmayaraq, RAGT-da hamıya yer var. Təşkilatın sədri Azərbaycanın imicini saxlamaq, Vətənimizi ləyaqətlə təmsil etmək məqsədi ilə layihələr reallaşdırır.

RAGT gəncləri təşəkkül və cəmiyyətdə özünütəsdiq yolu ilə savadlı və etibarlı şəkildə irəli aparan bir təşkilatdır. Özünün böyük coğrafi əhatə dairəsi və geniş maraqları sayəsində haqlı olaraq ümumrusiya təşkilatına çevrilmiş RAGT Rusiyada yaşayan minlərlə azərbaycanlı gənci ictimai fəaliyyətə cəlb etməyə nail olmuşdur. Leyla Əliyeva təşkilatı yaradarkən, şübhəsiz ki, iki ölkə arasında qarşılıqlı inteqrasiya proseslərini gücləndirmək istəyindən çıxış edib. Sözsüz ki, RAGT məhz bu missiyanı uğurla yerinə yetirir.

RAGT-ın nüfuzu ilbəil artır, onun üzvlərinin sayı çoxalır, həll edilən və müzakirə olunan məsələlərin əhatə dairəsi genişlənir. Təşkilatın 70-dən artıq regional bölməsi vardır. Rusiyanın bir sıra ali məktəblərində Azərbaycan gənclik qrupları yaradılıb. Gənclər mütəmadi olaraq müxtəlif müsabiqələr, sərgilər, konfranslar təşkil edir, humanitar və xeyriyyə layihələrində fəal iştirak edirlər. Belə ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Gəncləri bir ideya ətrafında toplamağa çalışan və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Leyla Əliyeva çıxışlarının birində belə deyir: "Xaricdə yaşayan Azərbaycan gəncləri bu münaqişə haqqında həqiqəti dünya birliyinə çatdırmalı və Vətənimizi, dilimizi, mədəniyyətimizi, ənənələrimizi heç vaxt unutmamalıyıq. Mən inanıram ki, əgər biz, Rusiyada yaşayan Azərbaycan gəncləri həmişə əlbir olsaq, bir-birimizi eşitsək, bir-birimizə kömək etsək, bir-birimizə məhəbbətlə yanaşsaq, onda istənilən çətinlikləri dəf edə biləcəyik və həmişə üzüağ, alnıaçıq olacağıq".

RAGT sağlamlığa və sağlam həyat tərzinə böyük diqqət ayırır. Artıq bir neçə ildir keçirilən "Qanın milləti yoxdur" aksiyası çərçivəsində qurumun könüllüləri ehtiyacı olan bütün şəxslərə təmənnasız qan verirlər. Bu aksiya təkcə Moskvanı deyil, RF-nin regionlarını da əhatə edir. RAGT, həmçinin, "Sağlamlığına əmin ol - xəstəliyə "YOX" de" aksiyası da təşkil edir. Bu aksiya çərçivəsində bütün arzu edənlər pulsuz müayinə olunurlar. Qurumun Birləşmiş Millətlər Təşkilatının İÇV/QİÇS üzrə birgə proqramı olan UNAIDS-lə müştərək layihəsi çərçivəsində RAGT-ın fəalları universitet və məktəblərdə QİÇS-ə dair maarifləndirmə işləri aparır, narkotiklərin, tütünün zərərindən söz açır, habelə, müvafiq mühazirələr oxumaq üçün regionları dolaşırlar. Bütün bunlarla yanaşı, RAGT ətraf mühitin qorunması məsələsinə də böyük diqqət yetirir və beynəlxalq İDEA hərəkatının bütün layihələrini dəstəkləyir.

RAGT-nin ətrafında birləşən Azərbaycan gəncləri ölkəmizdə yaşanılan həqiqətləri dünya birliyinə çatdırır və Vətənimizin, dilimizin, mədəniyyətimizin, ənənələrimizin qorunmasında birmənalı çıxış edirlər. RAGT bir təşkilat kimi sülh və firavanlıq aşılayır. Bütün görülən işlərdən belə qənaətə gəlinir ki, müasir dövrümüzdə RAGT gəncləri təşəkkül və cəmiyyətdə özünütəsdiq yolu ilə savadlı və etibarlı şəkildə irəli aparan bir təşkilatdır. Özünün belə böyük coğrafi əhatə dairəsi və geniş maraqları sayəsində haqlı olaraq ümumrusiya təşkilatına çevrilmiş RAGT Rusiyada yaşayan minlərlə azərbaycanlı gənci ictimai fəaliyyətə cəlb etməyə nail olub və bu iş davam etdirilir.

RAGT-ın genişmiqyaslı fəaliyyəti xalqlar arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, Azərbaycan gənclərinin birləşməsinə və cəmiyyətə inteqrasiyasına şərait yaradır. Bu, xalqımıza məxsus olan ali dəyərlərdir. Leyla xanımın gördüyü işlərin sayəsində Azərbaycan həmişə müxtəlif dinlərin, müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşadığı ölkə kimi təqdim olunur. "Bizim üçün tolerantlıq nailiyyət deyildir, bu, həyat tərzidir, normadır. Azərbaycan həmişə açıq və sülhsevər ölkə olmuşdur"- deyən Leyla xanım əməlləri ilə bu fikirləri təsdiq edir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər