Prezident İlham Əliyevin Sərəncamından: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır"
(Əvvəli ötən saylarımızda)
Bu il Azərbaycan xalqının görkəmli oğlu, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü tamam olmaqdadır. Müasir, müstəqli Azərbaycanın banisi, nəhəng dövlət xadimi Heydər Əliyevin xalqımızın əbədiyaşar Lideri kimi gördüyü mütərəqqi işləri ölkəmizin dünyada tanınmasına təkan vermişdir. Bu gün istər regionda, istərdsə də beynəlxalq aləmdə Azərbaycanın adı yüksək, mötəbər məqamlarda səslənir. Eyni zamanda, ölkəmizin dinamik inkişafı Heydər Əliyev konsepsiyasının, siyasi kursunun məntiqi nəticəsidir. Məhz belə əhəmiyyətli amillərin üzərində Heydər Əliyev dühasının dayanması Azərbaycan adlı müstəqil respublikamızın qüdrətini dünyaya sərgiləyir.Bu gün Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, Prezident İlham Əliyev apardığı uğurlu, praqmatik və məqsədyönlü siyasəti ilə ölkəmizin adını dünya tarixinə qızıl hərflərlə yazır.Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi Onu daim öz qəlbində əbədi yaşadan Azərbaycan xalqı tərəfindən də nəhəng coşqu hissi ilə qeyd olunacaq. Belə ki, Ulu Öndərin 90 illik yubileyinin təntənəli şəkildə keçirilməsi ilə bağlı ölkə Prezidenti Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunmuşdur: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur".
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir".
HEYDƏR ƏLİYEV
Dərin mənəvi, mədəni, elmi, iqtisadi potensiala, əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan həm də özünün zəngin təbii sərvətləri ilə məşhurdur. Bu sərvətlər içərisində neft amili əsas yer tutur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsil sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir. Belə ki, Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində nəhəng inkişaf yolu keçmişdir. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonralarında, daha dəqiq desək, müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanmışdır. Bu imkanı reallığa çevirən isə, əlbəttə ki, Ümummilli Lider Heydər Əliyev dühasıdır.
XX ƏSRİN 70-80-Cİ İLLƏRİ AZƏRBAYCAN NEFT SƏNAYESİNİN BÖYÜK NAİLİYYƏTLƏRİ İLƏ YADDA QALMIŞDIR
Bütün dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda "qara qızılın" sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir. XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verən Azərbaycan cəbhəni yanacaqla təmin edərək, alman faşizmi üzərində qələbədə böyük rol oynamışdır. 1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft Daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoymuşdur. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır.
HEYDƏR ƏLİYEVİN NEFT SƏNAYESİNDƏ GÖRDÜYÜ İŞLƏR ONUN UZAQGÖRƏN PLANLARININ BAŞLANĞIC NÖQTƏSİ İDİ
XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri olmuşdur. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. 70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi də Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin bu illərdə respublikanın həyatının bütün sahələrində olduğu kimi, neft sənayesində də gördüyü işlər Onun uzaqgörən planlarının - Azərbaycanı "Əsrin Müqaviləsi"nə, xalqımızın müstəqilliyinə və rifahına doğru aparmaq niyyətlərinin əsasını təşkil edirdi.
"ƏSRİN MÜQAVİLƏSİ" ADLANDIRILAN TARİXİ SAZİŞ MÜSTƏQİL AZƏRBAYCANIN NEFT SALNAMƏSİNƏ ƏBƏDİ HƏKK OLUNDU
Müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas vasitələrdən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, ölkəni bürümüş daxili ziddiyətlər, səbatsızlıq, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirdi. Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. O cümlədən, neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin Müqaviləsi" adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. "Əsrin Müqaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu sazişin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Azərbaycanın "Əsrin Müqaviləsi"ndən başlanan yolu haqqında Ulu Öndər Heydər Əliyev demişdir: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".
FÖVQƏLADƏ ƏHƏMİYYƏTLİ DAHA BİR HADİSƏ - TARİXİ GERÇƏKLİYƏ ÇEVRİLƏN BAKI-SUPSA REALLIĞI
1999-cu il aprelin 17-də müstəqil Azərbaycanın tarixində fövqəladə əhəmiyyətli daha bir hadisə baş vermişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Ukrayna Prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir. "Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti Şimala yox, Qərbə istiqamət götürmüşdür. Real həyat növbəti dəfə Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyini, onun siyasi, iqtisadi, kommersiya və digər risklərin dəqiq hesablanmış balansı və Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurduğu çoxvariantlı ixrac strategiyasının əsaslı olduğunu göstərdi. Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqlidir. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdapşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir.
BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİ - AZƏRBAYCANIN BEYNƏLXALQ ALƏMDƏKİ NÜFUZ SAHİBLİYİNƏ DOĞRU ATILAN NƏHƏNG VƏ QƏTİYYƏTLİ ADDIM
Yalnız Ulu Öndər Heydər Əliyevin yüksək nüfuzu və müxtəlif ölkələrin dövlət və hökumət başçıları siyasi və işgüzar dairələrin nümayəndələri, neft şirkətlərin rəhbərləri ilə mütəmadi danışıqları nəticəsində Azərbaycan neftinin Türkiyəyə nəql olunması barədə mühüm hökumətlərarası sazişlər imzalanmışdır. Xəzərin Azərbaycan bölməsindəki neft və qaz yataqları 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gedişində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstanın prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair" saziş imzalamışlar. Eyni zamanda, Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının prezidentləri bu layihəni dəstəkləyən "İstanbul Bəyannaməsini" imzalamışlar. Bununla da Azərbaycanın uzunmüddətli siyasi və iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda, regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün Ümummilli Lider Heydər Əliyev tərəfindən növbəti mühüm addım atılmışdır.Ulu Öndər Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.
(Ardı növbəti sayımızda)
RƏFİQƏ KAMALQIZI