PDF Oxu

Siyasət

  • 107

Azərbaycan regionda Serbiya üçün çox etibarlı tərəfdaşa çevrilib

Azərbaycan regionda Serbiya üçün çox etibarlı tərəfdaşa çevrilib

İlham Əliyev: "Bütün beynəlxalq təşkilatlarda biz bir-birimizə ənənəvi olaraq qarşılıqlı dəstək veririk və bu dəstək çox əhəmiyyətlidir"

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin fevralın 8-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçi və xanımı Dragitsa Nikoliçi qarşılayıblar. Fəxri qarovul dəstəsinin rəisi Serbiya Respublikasının Prezidentinə raport verib. Daha sonra Serbiyanın və Azərbaycanın dövlət himnləri səslənib. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Tomislav Nikoliçə, Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin Azərbaycan Respublikasına rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Azərbaycan ilə Serbiya arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib. Görüşdə ikitərəfli, regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib: "Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bu Sizin Azərbaycana birinci səfərinizdir və mən əminəm ki, səfərin çox gözəl yekunları olacaqdır. Biz Sizinlə artıq geniş fikir mübadiləsi apardıq və görürük ki, bütün sahələrdə birgə əməkdaşlıq üçün çox gözəl imkanlar vardır. Mən əminəm ki, Sizin səfəriniz bizim siyasi əlaqələrimizi daha da möhkəmləndirəcəkdir. Əlbəttə, bu əlaqələr iqtisadi sahədə əlaqələrin inkişafına güclü təkan verəcəkdir. İqtisadi sahədə artıq birgə fəaliyyət üçün gözəl təcrübəmiz vardır. Əminəm ki, səfər zamanı yeni layihələr haqqında konkret və dəqiq qərarlar veriləcəkdir. Xüsusilə energetika, nəqliyyat, investisiyaların qoyuluşu sahələrində əməkdaşlıq üçün çox gözəl perspektivlər vardır. Əminəm ki, Sizin səfəriniz bütövlükdə Serbiya-Azərbaycan əlaqələrinin inkişafı üçün çox əhəmiyyətli olacaqdır və Siz ölkənizə ən xoş arzularla, təəssüratlarla qayıdacaqsınız. Bir daha xoş gəlmisiniz." Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç səmimi qəbul üçün minnətdarlığını bildirib: "Cənab Prezident, hesab edirəm ki, Serbiyanın Azərbaycana olan mehriban münasibətlərini əlavə şərh etməyə ehtiyac yoxdur. Bu dostluq Serbiyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq daimi olaraq qalır. Dünyanın Şərq hissəsində Azərbaycan Serbiya üçün çox etibarlı bir tərəfdaşa çevrilib. Müdrikliklə idarə etdiyiniz ölkədə vətəndaşlar azadlıq şəraitində yaşayır. Hesab edirəm ki, hər iki tərəf bu dostluqdan bəhrələnir və vaxt artıq gəlib yetişib ki, biz bu dostluğu konkret iqtisadi əməkdaşlığa çevirək. Serbiya əslində bunu hər zaman sizə təmənnasız edəcəkdir. Biz də istəyirik ki, siz bizə yardım edəsiniz ki, bu günə qədər apardığımız işlərin miqyasını daha da genişləndirək. Hesab edirəm ki, ölkələrimiz arasında olan birbaşa sərmayələr uzun perspektivli investisiyalara çevrilə bilər."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Serbiya sənədlərinin imzalanma mərasimi olub. "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə"ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Serbiya Respublikasının xarici işlər naziri İvan Mrkiç imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Serbiya Respublikasının xarici işlər naziri İvan Mrkiç imzaladılar.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirib ki, Serbiya ilə Azərbaycan arasında olan əlaqələr dostluq və strateji tərəfdaşlıq üzərində qurulub:

"Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Mən Sizi, cənab Prezident, bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Bu Azərbaycana Sizin birinci səfərinizdir. Mən çox şadam ki, səfər uğurlu keçir. Əminəm ki, səfərin nəticələri çox müsbət olacaq və əlaqələrimizin gələcək inkişafını təmin edəcəkdir. Biz Sizinlə bu gün keçirdiyimiz fikir mübadiləsi əsnasında ikitərəfli əlaqələrimizin bütün aspektlərini geniş şəkildə müzakirə etdik. Bir daha görürük ki, Serbiya ilə Azərbaycan arasında olan əlaqələr dostluq və strateji tərəfdaşlıq üzərində qurulmuşdur. Biz bundan sonra da siyasi əlaqələrimizi gücləndirəcəyik və bütün sahələrdə tərəfdaşlığın möhkəmlənməsi işinə öz töhfəmizi verəcəyik. Beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığımız da çox müsbətdir. Bütün beynəlxalq təşkilatlarda biz bir-birimizə ənənəvi olaraq qarşılıqlı dəstək veririk və bu dəstək çox əhəmiyyətlidir. Xüsusilə ölkələrin ərazi bütövlüyü məsələlərində biz daim bir-birimizin yanındayıq. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, bütün münaqişələr beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edilməlidir. Beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həll edilməlidir. Heç bir ölkənin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri o ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Əminəm ki, gələcək illərdə də, - bu barədə biz Sizinlə bu gün bir daha öz fikirlərimizi bildirdik, - biz qarşılıqlı surətdə bir-birimizi bütün üzv olduğumuz beynəlxalq təşkilatlarda dəstəkləyəcəyik. Beynəlxalq məsələlərə gəldikdə, deyə bilərəm ki, ölkəmiz üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsi əfsuslar ki, öz həllini tapmır. Azərbaycan torpaqları uzun illərdir ki, Ermənistan tərəfindən işğal altındadır. Bu işğal və xalqımıza qarşı törədilən etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün şəraitində yaşayır. Baxmayaraq ki, torpaqlarımızın 20 faizi işğal altındadır, erməni işğalçı qüvvələri öz işğalçı siyasətini davam etdirir. Bütün mötəbər beynəlxalq təşkilatlar bu məsələyə dair öz qərarlarını vermişlər, qətnamələr qəbul edilmişdir. Onların içərisində əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi xüsusi yer tutur. Bu qətnamələrdə erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması haqqında çox dəqiq ifadələr mövcuddur.

Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul etmişlər. Yəni ki, məsələnin həlli üçün hüquqi baza kifayət qədər genişdir. Bu məsələ tezliklə beynəlxalq hüquq normalarına uyğun şəkildə və tarixi ədalət əsasında həllini tapmalıdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Əminəm ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək və beləliklə, bu ədalətsizliyə son qoyulacaqdır. Əlbəttə, Azərbaycanın bu məsələdə haqq işini dəstəkləyən bütün ölkələrə, o cümlədən Serbiyaya biz öz minnətdarlığımızı bildirmək istəyirik.

Onu da qeyd etmək istəyirəm ki, indicə imzaladığımız Birgə Bəyannamədə bu məsələ ilə bağlı və eyni zamanda, Kosovo məsələsində Azərbaycanın Serbiyanı dəstəkləməsi haqqında kifayət qədər dəqiq ifadələr artıq vardır.

Biz, eyni zamanda, iqtisadi sahədə əməkdaşlığı da geniş müzakirə etdik. Bu sahədə də artıq gözəl təcrübə vardır. Birinci layihə icra edilir. Əminəm ki, ondan sonra başqa layihələr də icra ediləcəkdir. Serbiya iqtisadiyyatı Azərbaycan investorları üçün çox cəlbedici iqtisadiyyatdır. Əminəm ki, səfər zamanı əldə ediləcək razılaşmalar əsasında gələcəkdə həm Azərbaycan investisiyalarının daha da böyük həcmdə Serbiya iqtisadiyyatına qoyuluşu, eyni zamanda, digər birgə layihələr haqqında biz səylərimizi davam etdirəcəyik. Çox istərdim ki, yaxın aylarda yeni konkret layihələr üzərində iş aparılsın ki, bu layihələr də uğurla nəticələnsin.

Eyni zamanda, biz Sizinlə Azərbaycanın təşəbbüsü ilə başlanmış və uğurla icra edilən layihələr haqqında fikir mübadiləsi apardıq, Serbiyanın bu layihələrdə iştirakı haqqında danışdıq. Onların içində Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və Trans-Anadolu qaz kəmərinin çəkilişi layihələri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Serbiya arasında nəqliyyat, energetika sahələrində əməkdaşlıq üçün çox gözəl imkanlar vardır. Eyni zamanda, digər sahələrdə - rabitə və kommunikasiya, turizm və infrastruktur sahələrində də əməkdaşlıq üçün gözəl imkanlar vardır. Əlbəttə, ikitərəfli əlaqələrimiz üçün humanitar sahədə əməkdaşlıq da mühüm rol oynayır. Bu sahədə də, hesab edirəm ki, son illər ərzində böyük uğurlar əldə edilibdir. Xalqlarımızın görkəmli şəxsiyyətlərinin xatirəsinə ucaldılmış abidələr bunun bariz nümunəsidir. Bu gün Bakıda görkəmli serb alimi Nikola Teslanın şərəfinə abidənin açılışı gözlənilir. Mənim Serbiyaya səfərim zamanı ulu öndər Heydər Əliyevin və böyük bəstəkar Üzeyir Hacıbəylinin abidələri Serbiyada açılmışdır. Yəni, bu məsələlər də, şübhəsiz, iki ölkəni bir-biri ilə daha da sıx birləşdirir. Əminəm ki, aramızda olan dostluq, partnyorluq, tərəfdaşlıq əlaqələri Sizin səfərinizdən sonra yeni pilləyə qalxacaq və beləliklə, biz bundan sonra da dost və tərəfdaş kimi uğurla əməkdaşlıq edəcəyik. Bir daha, hörmətli cənab Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Bir daha Sizə "Xoş gəlmisiniz!" deyirəm."

Serbiya Prezidenti Tomislav Nikoliç isə öz bəyanatında bildirib ki, Azərbaycan ilə Serbiya arasında sarsılmaz dostluq əlaqələri mövcudur: "Hörmətli cənab Prezident! Xanımlar və cənablar! Zati-aliləri! Əslində hətta biz belə razılığa gəlmişdik ki, burada elə bir nəfər çıxış edə bilərdi. Çünki Sizin burada söylədiyiniz hər bir sözə mən şərik çıxıram və bu, əslində Azərbaycan ilə Serbiya arasında sarsılmaz dostluğun ünvanına söylənilən sözlərdir. Bu dostluq bir neçə il bundan öncə yaradılmışdır. Biz Serbiyada hakimiyyətə gəldikdən sonra bu münasibətləri daha da möhkəmləndirmək fikrindəyik. Azərbaycan Serbiyanın dostudur. Qeyd etmək istəyirəm ki, həyat tərzinə, xalqlarına görə ölkələrimizin oxşarlıqları vardır. Azərbaycan Serbiyanı dəstəkləyir. Bu, bir daha onu sübuta yetirir ki, müxtəlif dinlərə malik olan xalqlar coğrafi məsafəyə baxmayaraq, insanlar arasında anlaşmanın möhkəmlənməsinə xidmət edə bilərlər. Biz Azərbaycana çox minnətdarıq, ölkəniz bizə dəstək verir ki, ədalət bərpa olunsun. Biz də Azərbaycanı dəstəkləyirik. Əgər söhbət ədalətdən gedirsə, digər maraqlar kənarda qalmalıdır. Biz tələb edirik ki, bütün başqa maraqlar kənara atılsın. Əgər söhbət Serbiyadan və Azərbaycandan gedirsə, ədalət bərqərar olunmalıdır. Biz bir çox hallarda mübarizə aparmışıq, itkilər olubdur. Lakin biz hər zaman bu sınaqlardan lazımi qaydada çıxmışıq. Azərbaycan əhalisinə görə Serbiyaya yaxındır. O ki qaldı həyat standartlarına görə, Sizin əhaliniz daha yaxşı yaşayır. Biz də istərdik ki, həyatı eyni standartlarda təmin edək. Təbii, biz istərdik ki, həmçinin elə bir şərait qurulsun ki, bu, hər iki xalqın maraqlarına cavab versin. Hətta belə fikir də söyləmək istəyirəm ki, işgüzar dairələr üçün əgər cəlbedici şəhərlər varsa, məsafələr rol oynamır. Cənab Prezident, biz gözəl anlayırıq ki, bu baxımdan Sizin başqa ölkələrin, o cümlədən Serbiyanın yardımına ehtiyacınız yoxdur. Lakin buna baxmayaraq, biz bu işi təmənnasız aparmaq istəyirik. Biz istərdik ki, insanlarımız işlə təmin olunsun, istehsalat baş tutsun. Onlar öz məhsullarını tədarük etsin və daha yaxşı yaşasınlar. Qeyd etmək istəyirəm ki, ölkənizin hətta üzv olmadığı təşkilatlarda da biz Sizi dəstəkləyəcəyik. O təşkilatlarda ki, bizim ölkə özü yoxdursa, Azərbaycan bizi orada təmsil etsin. Bu yaxınlarda biz Azərbaycan ilə daimi əsaslarla işgüzar dairələr, həmçinin adi insanlar arasında təmasların qurulmasına nail olacağıq. Biz görəcəyik ki, bu, ikitərəfli əməkdaşlığımıza da nə qədər vacibdir. Bu, nəinki regionlarımız üçün, həmçinin bütövlükdə qitə üçün xeyirli olacaqdır. Bizim aramızda bu qədər yaxınlaşma çox yaxşı haldır. Əslində bu, hətta biz müxalifətdə olan vaxtda başlamışdır. Lakin indi biz hakimiyyətdəyik. Bu onu göstərir ki, bütün Serbiya Azərbaycanın tərəfindədir. Keçmiş müxalifət indiki hakimiyyətdədir. Biz istənilən məsələdə razılaşmaya bilərik. Amma Azərbaycana gəldikdə isə, hər zaman ümumi mövqe nümayiş etdiririk. Azərbaycanın zəngin dini və mədəni irsi vardır. Azərbaycan tərəfindən iki layihə maliyyələşdirilibdir. Pravoslav kilsəsi və bir məscid yenidən qurulubdur. Serbiya da bir dövlət kimi eyni rol oynayır. Ölkəmizdə bütün dinlərin nümayəndələri, 30-dan artıq etnik azlığın təmsilçiləri yaşayır. Onlar universitetlərdə öz doğma dillərində dərs alırlar. Həmçinin bildirmək istəyirəm ki, burada biz həm öz vətəndaşlarımıza və digər dinlərin təmsilçilərinə də eyni münasibət bəsləyərik. Bilirsiniz, hakimiyyət dəyişir, insanlar bir-birini əvəz edir. Lakin istəyirəm ki, bizim xalqlar başladığımız bu işləri daha da irəli aparsınlar. Çox sağ olun!"

Digər xəbərlər