Prezident İlham Əliyevin Sərəncamından: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır"
(Əvvəli ötən sayımızda )
Bu il Azərbaycan xalqının görkəmli oğlu, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü tamam olmaqdadır. Müasir, müstəqli Azərbaycanın banisi, nəhəng dövlət xadimi Heydər Əliyevin xalqımızın əbədiyaşar Lideri kimi gördüyü mütərəqqi işləri ölkəmizin dünyada tanınmasına təkan vermişdir. Bu gün istər regionda, istərdsə də beynəlxalq aləmdə Azərbaycanın adı yüksək, mötəbər məqamlarda səslənir. Eyni zamanda, ölkəmizin dinamik inkişafı Heydər Əliyev konsepsiyasının, siyasi kursunun məntiqi nəticəsidir. Məhz belə əhəmiyyətli amillərin üzərində Heydər Əliyev dühasının dayanması Azərbaycan adlı müstəqil respublikamızın qüdrətini dünyaya sərgiləyir.
Bu gün Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, Prezident İlham Əliyev apardığı uğurlu, praqmatik və məqsədyönlü siyasəti ilə ölkəmizin adını dünya tarixinə qızıl hərflərlə yazır.
DİASPOR QURUCULUĞU SAHƏSİNDƏ HƏLLEDİCİ MƏRHƏLƏ
Ulu Öndər Heydər Əliyev: "Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam"
2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Taleyin qismətindən Azərbaycan xalqı ötən əsrin 90-cı illərinədək vahid ideologiya ətrafında dövlətçilik ənənələri formalaşdırmaq, ümummilli mənafe ətrafında birləşmək imkanından məhrum olmuşdur. 1991-ci ilin oktyabrında canı, qanı bahasına müstəqilliyinə qovuşmuş respublikamızda cəmiyyətin qütbləşərək parçalanması, milli maraq və mənafelər ətrafında səfərbər olunmaması, birlik və həmrəylik ideyalarının özünə yer tapmaması ciddi problem kimi özünü göstərmiş, milli inkişafı əngəlləyən amilə çevrilmişdi. Bunun nəticəsi kimi, 1993-cü ilin iyun ayınadək Azərbaycanda vətəndaş sülhü və həmrəyliyi mövcud olmamış, cəmiyyətdəki siyasi konfrontasiya kəskinləşərək ağır siyasi böhrana gətirib çıxarmış, bütövlükdə ölkə parçalanmaq və müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Bu arzuolunmaz vəziyyət yalnız 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra aradan qalxmışdır. Ulu Öndər müxtəlif səbəblərdən Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər ətrafında birləşməsinə, onların malik olduğu güclü potensialın ümummilli problemlərinin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyev respublikaya ikinci rəhbərliyi dövründə vətəndaş sülhünün və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır. Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürmüşdür. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam", - deyən Ulu Öndər yeritdiyi siyasətlə dünya azərbaycanlılarının şəksiz siyasi-mənəvi liderinə çevrilmişdir.
Ulu Öndər özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil. Məhz bu səbəbdən də xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları təşkilatlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu sahədə dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirmək, habelə digər hüquqlarını reallaşdırmaqdır.
Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını səfərbər etmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq istiqamətində ardıcıl və sistemli iş aparır.
SOYDAŞLARIMIZI BİRLƏŞDİRƏN QÜRUR FAKTORU
2001-ci ilin ən yaddaqalan və milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı Sərəncama əsasən, keçirilən bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır.
Qurultayda 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatdan 403 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultaya ABŞ, Almaniya, Avstraliya, Avstriya, Böyük Britaniya, Danimarka, Estoniya, Gürcüstan, Hollandiya, İsrail, İsveçrə, Finlandiya, Fransa, Kanada, Qazaxıstan, Latviya, Moldova, Özbəkistan, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrdən nümayəndələr gəlmişdilər.
Ümummilli Lider Heydər Əliyev həmin qurultaydakı çıxışında dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı fikirlərini söyləmişdir. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əkshücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr kimi diqqəti cəlb etmişdir.
Həmin qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoymuş, Ümummilli Lider Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə" Fərman imzalamışdır. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar yaratmışdır. Dövlət Komitəsinin yaradılması dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur.
Ulu Öndər Heydər Əliyev hər zaman vurğulamışdır ki, insan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın: " Dünyada, eyni zamanda, assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır".
TARİXİ QƏTNAMƏ
Dünya Azərbaycanlılarının I Qurultayının qətnaməsində də qeyd edilmişdir ki, xarici ölkələrdə mütəşəkkil və güclü diasporu olmalıdır. Belə ki, güclü diasporun mövcudluğu doğma Vətənin güclənməsinə xidmət etməklə bərabər, həm də dünya azərbaycanlıları arasında geniş əlaqələrin yaradılmasına, onların milli və vətəndaş hüquqlarının qorunmasında səylərin birləşdirilməsinə zəmin yaradır: "Diasporun Vətənlə və bir-biri ilə əlaqələrinin möhkəmliyi diasporun saflığına və milli birliyinə xidmət edən amil, Vətənindən ayrı düşmüş insanların milli-mənəvi dəyərlərə bağlılığını qoruyub artıran vasitədir. Diaspor öz vətəni ilə mövcud olduğu ölkələr arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərinin bərqərar olmasında da müstəsna əhəmiyyətə malikdir".
(Ardı növbəti sayımızda)
RƏFİQƏ KAMALQIZI