İlham Əliyev: "Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır"
Dünən Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin vurğuladığı əhəmiyyətli fikirlər bir çox vacib məqamları özündə əhatə edir. Xüsusilə, konfransda bəzi neqativ halların mövcudluğu, eləcə də onların aradan qaldırılması istiqamətində çıxış edən Prezident İlham Əliyev məmurlara qəti xəbərdarlıq edib.
"Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür"
Qeyd edək ki, Prezident İlham Əliyev bir sıra nöqsanlara sərt münasibətini bildirmiş və vurğulamışdır ki, bəzi hallarda sahibkarlıq sistemində ciddi şəffaflığa nail olunmur. Belə ki, sahibkarlara subsidiyaların verilməsində bu kimi nöqsanlar baş vermişdir: "Biz sahibkarlara subsidiyaları veririk, amma əfsuslar olsun ki, bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda ümumiyyətcə istehsal olunan məhsulun həcmi artırılır, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün. Bəzi hallarda xaricdən gətirilən avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Bu sahədə biz tam şəffaflığı təmin etməliyik. Dövlət öz kəndlisinə öz dəstəyini verir və verəcəkdir".
Xüsusilə fermerlərə müraciət edən dövlət başçısı vurğulayıb ki, onlar öz təkliflərini Prezident Administrasiyasına, hökumətə və digər müvafiq nazirliklərə versinlər və onları narahat edən məsələlər bir daha bəlli olmalıdır: "...Hökumətə, İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və yerli icra orqanlarına təklifləri versinlər ki, biz daha dəqiq bilək ki, onları narahat edən məsələlər nədir".
"Sahibkarlığın dəstəyi ölkəmizin uğurlu inkişafını təmin edəcək" deyə vurğulayan ölkə rəhbəri daim sahibkarlarla görüşdüyünü bildirib: "...Həm Bakıda, həm bölgələrdə açdığım müəssisələrin sayı bəlkə də indi yüzlərlə, minlərlə ölçülür. Ancaq hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər.
Sahibkarları incidən, onlardan qanunsuz tələbdə olan şəxslər cəzalandırılacaqlar. Onlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər".
Hər bir rayona dövlət tərəfindən vəsait ayrıldığını xatırladan Prezident İlham Əliyev bir daha bildirib ki, məhz o vəsaitlə iş görmək lazımdır: "Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Onlar bu işlərdə könüllü iştirak etməlidirlər.
Azərbaycan vətəndaşına dövlət qurumları tərəfindən hər yerdə hörmət olmalıdır, onlarla normal rəftar edilməlidir, təhqir edilməməli, incidilməməlidirlər".
"Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu, yığışdırın, bəsdir!"
Bəzi dövlət məmurlarının təmtəraqlı həyat şəraiti quraraq sadə vətəndaşlara yuxarıdan aşağya baxmalarını ciddi tənqid edən Prezident İlham Əliyev xüsusilə vurğulayıb ki, hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir: "Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət...Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər. Bütün bu hallar aradan götürülməlidir".
"Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır" deyə bildirən ölkə rəhbəri kəskin tənqidini bu cür əlaqələndirib: "Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar, yubileylər keçirdirlər. Yaraşırmı bu, dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bu, bir yol göstərirəm. Belə olmaq lazımdır.
Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu, yığışdırın, bəsdir! Bu, həm yerli icra orqanlarına aiddir, mərkəzi icra orqanlarının da rəhbərlərinə aiddir. Hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar, özləri və onların ailə üzvləri, uşaqları".
Bir çox hallarda bəzi məmur övladlarının avtoxuliqanlıq və qanunlara etinasız yanaşmaları məsələsinə, eləcə də digər bu kimi hallara da sərt və kəskin şəkildə toxunan Prezident İlham Əliyev qeyd etmişdir ki, O, Prezident olmasına baxmayaraq, maşınında heç bir plyonka yoxdur: "Mən Prezidentəm, mənim maşınımda plyonka yoxdur. Hansı isə üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər? Camaat onları görəndə nə olacaq, əriyərlər onlar? Keçən il təkcə 24 min plyonka sökülüb. Bu 24 min adamın qulağı yoxdur? Onlar eşitmir ki, mən nə deyirəm?".
"Harınlayırlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər"
Məmurların öz işləri ilə fərqlənməli olduğunu vurğulayan dövlət başçısı bu kimi hallar sırasında onların harınladıqlarını və heç kimi saymadıqlarını bildirib: "Harınlayırlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə. Mən də lazım bildikdə çıxardacağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır".
"Əgər biz doğrudan da inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə biz korrupsiyanı aradan götürməliyik"
Azərbaycan xalqını həm də bir millət kimi saxlayan amillərdən birinin ənənələrin, adətlərin, davranış qaydalarının olduğunu xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, nöqsanların aradan qaldırılması üçün bundan sonra da tədbirlər görüləcəkdir. Bunun üçün isə ilk növbədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir: " Bizi millət kimi saxlayan bizim ənənələrimizdir, adətimizdir, davranış qaydalarıdır. Bunu pozmaq istəyənlər öz cəzasını alacaqlar. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir. Bu işlərdə hesab edirəm ki, biz istədiyimizə nail ola bilməmişik. Əgər biz doğrudan da inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə biz korrupsiyanı aradan götürməliyik. Bunu etmək üçün güclü siyasi iradə və beynəlxalq təcrübə, cəza tədbirləri və sistem xarakterli islahatlar olmalıdır".
"Hər kəs qanun qarşısında cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir"
Dövlət başçısı bəzi hallarda korrupsiya əməllərinə görə həbs edilmiş insanların "müdafiəçilərinin" meydana çıxdıqlarını bildirib və qeyd edib ki, bütün bunlar heç bir çərçivəyə sığmayan hallardır. Çünki hər kəs qanun qarşısında eynidir: "Ancaq bəzi hallarda korrupsiya xəstəliyinə yoluxmuş insanlar həbs edildikdə onların onlarla müdafiəçisi meydana çıxır. Müdafiə edirlər, komitələr yaradırlar, müraciətlər yazırlar. Hər kəs qanun qarşısında cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir". Prezident İlham Əliyev konfransda bütün orqanların, hüquq-mühafizə orqanlarının daha ciddi mübarizə aparmalı olduqlarını deməklə yanaşı, eyni zamanda, sistem xarakterli islahatların da ciddi şəkildə aparılmalı olduğunu vurğulayıb.
RÖVŞƏN NURƏDDİNOĞLU