Prezident İlham Əliyev: "Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu hallar var, bunlar aradan götürülməlidir"
Bu gün Azərbaycan Respublikası nəinki Cənubi Qafqazın, hətta Avropa qitəsinin belə ən sürətlə inkişaf edən, modernləşən ölkəsidir. Azərbaycan son illər ərzində iqtisadiyyatın liberallaşdırılması, şaxələndirilməsi və səmərəli reformaların keçirilməsi nəticəsində böyük uğurlar, nailiyyətlər əldə edib. Bu nailiyyətlərin əldə edilməsində isə uğurlu formul kimi çıxış edən bir sıra faktorlar var: birincisi, neft strategiyası, ikincisi, sosial-iqtisadi inkişaf konsepsiyası, üçüncüsü, siyasi-hüquqi islahatların sosial-iqtisadi reformalarla paralel aparılması və nəhayət, bütün bunların mərkəzində duran Azərbaycan vətəndaşı faktoru. Azərbaycanda hər zaman insan amilinin əsas götürülməsi və atılan addımların hamısının vətəndaşların xeyrinə hesablanması, məhz ölkəmizin uğurlu inkişafını təmin edib.
Prezident İlham Əliyev bütün çıxışlarında insan amilini irəli sürür və bütün görülən işlərin bu faktora istiqamətləndirilməsini tapşırır. Elə fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda söylədiyi kimi, "insan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir".
Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır
Qeyd etdiyimiz kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaş durur. Bu gün həyata keçirilən işlər, görülən tədbirlər və verilən qərarlar, əlbəttə ki, birbaşa olaraq, vətəndaşlarımızın rifahına xidmət edir. "Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar. Hiss edəcəklər və edirlər ki, onların arxasında güclü Azərbaycan dövləti var ki, onları heç vaxt darda qoymaz, bütün zamanlarda onlara dəstək olacaqdır", - deyən Prezident İlham Əliyev bir daha bəyan edir ki, Azərbaycan vətəndaşlarının güzəranı dövlətin prioritetidir.
Bəzi hallarda vətəndaşlar incidilir
Əlbəttə ki, inkişaf və quruculuq olan yerdə çatışmazlıqlar da olmalıdır. Dünyanın heç bir yerində ideal cəmiyyət olmadığı kimi, elə Azərbaycanda da bu, mövcud deyildir. Bəzi hallarda vətəndaşlar məmurların özbaşınalığı və süründürməçiliyilə qarşılaşırlar. Bu cür hallar vətəndaşlarda təbii olaraq, etirazlar yaradır və onlar da müdafiə olunmaq üçün birbaşa olaraq, Prezident İlham Əliyevə müraciət edirlər. Dövlətimizin başçısı isə vətəndaşların bu cür çağırışlarına səs verərək, müvafiq tədbirləri görür. "Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə, bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz", - deyən Prezident İlham Əliyev özbaşınalıq edən məmurları layiq olduqları şəkildə həm cəzalandırır, həm də tərbiyələndirir: "Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət! Hər birinə, burada oturan bütün icra başçılarına. Hamısını mən təyin etmişəm. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmurlar. Hər birinə demişəm ki, gedin, insanlara arxa durun, gedin, köməklik göstərin. Gedin, hörmət edin insanlara. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu hallar var, bunlar aradan götürülməlidir. Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir".
Təmtəraqlı məclislər qadağan olunmalıdır
Əlbəttə ki, ən çox narahatçılıq doğuran məqamlardan birini də məmurların özləri üçün böyük məclislər, təmtəraqlı toylar və yubileylər düzəlmələridir. Bu cür hallar isə cəmiyyətdə narazılıqlar doğurur. Məhz bu məsələyə də reaksiya verən Prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzində keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib ki, "özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər düzəldirlər. Yaraşırmı bu, dövlət məmuruna?! Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin! Kim bunu edir, kimi mən nəzərdə tuturam, bilir. Bu, həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir. Ona görə, hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar, özləri və onların ailə üzvləri, uşaqları".
Plyonkalılar kimlərdən gizlənirlər?
Diqqətçəkici məsələlərdən birini də elə məmurların və onların yaxınlarının özlərini cəmiyyət daxilində fərqləndirmələri, plyonkalı maşınlarda gəzmələridir. Heç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plyonkalı maşında getmir, əksinə, bəzi məmurlar sanki gizlənirmiş kimi tünd qara şüşələrlə əhatələnirlər. Prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzində keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda, həmçinin, söyləyib ki, bir neçə il bundan əvvəl mən göstəriş vermişdim ki, maşınların hamısının plyonkaları sökülsün və buna son qoyulsun: "Özüm demişəm ki, mən Prezidentəm, mənim maşınımda plyonka yoxdur. Hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər?! Ya qorxurlar ki, kimsə onları görəcək?! İndi camaat onları görsə, nə olar? Əriyərlər onlar?! Nə olacaq?! Mən demişəm, o vaxt tədbirlər görüldü, söküldü. Mənə, bu gün səhər buraya gəlməzdən əvvəl maraqlanırdım, daxili işlər naziri deyir ki, təkcə keçən il 24 min plyonka sökülüb. Bu 24 min adamın qulağı yoxdur?! Onlar eşitmir ki, mən nə deyirəm?! Yaxud da ki, onların yadından çıxır?! Bu, bəlkə də o qədər də böyük məsələ deyildir. Amma bu, bir göstəricidir. Bu, nə ayrı-seçkilikdir cəmiyyətdə?!
Sənin vəzifən var, pulun var, sən özünü fərqləndirirsən?! Sən get özünü öz işin ilə, öz əməlin ilə, ağlın ilə, ölkəyə verilən töhfə ilə fərqləndir, plyonka ilə, bahalı əşyalarla yox! Ona görə mən deyirəm, - bu gün də daxili işlər nazirinə dedim, - bir də eşitsəm, bilsəm ki, plyonkalı maşın var, o maşın müsadirə edilməlidir. İndi bilmirəm, burada, qanunvericilikdə hansı düzəlişlər etmək lazımdır, onu edərik. Belə olmaz! Harınlayırlar, qudururlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?! Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxaracağam lazım bildikdə. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır. Bunu hamı bilsin! Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər! Hamısı həbs ediləcək! Vəssalam! daxili işlər naziri gündə mənə məlumat verəcəkdir. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır. Onu hamı bilsin! Mən hesab edirdim ki, bu barədə bir neçə dəfə dediyim sözlər hamıya çatdı. Amma görürəm ki, sonra unudulur. Bu, son xəbərdarlıqdır. Cəmiyyətdə normal davranış qaydaları var, olmalıdır. Bizi millət kimi saxlayan bizim ənənələrimizdir, adətimizdir, davranış qaydalarıdır. İndi bunu pozmaq istəyənlər öz cəzasını alacaqlar".
Göründüyü kimi, cəmiyyətdə narazılıq doğuran məsələlərin hamısı Prezident İlham Əliyevin diqqətindədir. Dövlətimizin başçısı sosiumu narahat edən problemləri həll etməklə, ilk növbədə, insanların yaxşı yaşamasını təmin edir. Digər tərəfdən isə, bu cür tədbirlərlə vətəndaşların dövlətə olan etibarı və inamı möhkəmlənir. Düşünürük ki, bundan sonra da Azərbaycanda vətəndaş-dövlət münasibətləri bu cür yüksək səviyyədə olacaq və cəmiyyətimizin problemləri ardıcıl olaraq, həll ediləcək. Əlbəttə ki, cəmiyyətdə bu fikrə tam inam var, çünki hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev bütün vətəndaşların qarantıdır.
"Səs" Analitik Qrupu