İlham Əliyev: "Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük"
Azərbaycanın tarixinə növbəti bir şanlı səhifə yazıldı. 2013-cü ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarıldı. Bununla da, Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoymaqla və ilk kosmik peykini buraxmaqla kosmik klubun üzv ölkəsi oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu tarixi hadisə ilə bağlı təbrikində deyildiyi kimi, bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür: "Bu, doğrudan da, tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük".
Bununla da sübut olundu ki, Azərbaycan həqiqətən güclü, qüdrətli potensiala malik dövlətdir.
Peykin orbitə çıxarılması Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir
Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Çünki bu layihəni yalnız yüksək iqtisadi inkişafa malik olan dövlətlər həyata keçirə bilər. Artıq Azərbaycanın beynəlxalq aləmdə iqtisadi cəhətdən reytinqi ildən-ilə yüksəlir. Bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, beynəlxalq nüfuzu artan ölkə kimi tanınır. Həqiqətən də, müsbət inkişaf meyilləri ölkənin iqtisadi qüdrətinin daha da möhkəmlənməsini, Azərbaycanın inkişaf etmiş ölkələr səviyyəsinə çatmasını təmin edir. İnkişafın Azərbaycan modeli, həm də ona görə uğurlu nəticələr əldə etməyə imkan verir ki, iqtisadi və siyasi islahatlar bir-biri ilə qarşılıqlı əlaqəli şəkildə aparılır. Azərbaycan dövləti sosialyönümlü bazar iqtisadiyyatının qurulmasında məqsəd və vəzifələri, hədəfləri dəqiq əsaslandırılmış strateji proqramlardan istifadə edir, sosial tərəqqini, keyfiyyətli inkişafı xarakterizə edən göstəricilərin daim yaxşılaşmasını özünün vacib vəzifələrindən sayır. İlk süni peykin orbitə çıxarılması böyük hadisə olmaqla yanaşı, ölkəmizə iqtisadi dividendlər gətirəcəyi şübhəsizdir. Belə ki, peyk resurslarının 20 faizi ölkəmizin yerli tələbatını ödəmək üçün istifadə ediləcək, qalan 80 faizi isə dünya bazarlarına ixrac olunacaqdır. Təxminən 40 faizinin satışı üçün şərti müqavilələr imzalanmışdır. Telekommunikasiya peykinin orbitə çıxarılması ilk növbədə ölkə iqtisadiyyatının stabilliyini və uğurlu inkişafını təsdiq edir, digər tərəfdən, ölkədə yüksək səviyyədə inkişaf edən İKT-dən xəbər verir və müasir düşüncəyə əsaslanan, gələcəyə uğurla atılan bir addım kimi qiymətləndirilir.
Müasir dövlət, intellektin təntənəsidir
Bu gün müasir insan, müasir dövlət və müasir düşüncə anlayışlarına tez-tez rast gəlirik. Müasir dövlətin əsaslarını informasiya texnologiyaları təşkil edir və müasir dövlət müasir insanlar tərəfindən qurulur, inkişaf etdirilir. Müasir düşüncə gələcəyə yönəldilmiş anlayışdır və onun əsasını dərin intellekt, elmi nailiyyətlər və dünyada baş verən hadisələri dərin analiz etmək qabiliyyəti təşkil edir. Bu amillər müasir dövlətin əsaslarını təşkil edir. Qeyd etmək lazımdır ki, müasir düşüncənin nəticəsidir ki, Azərbaycan 20 illik müstəqil tarixində öz telekommunikasiya peykini əldə etdi. Bu hadisə bir daha göstərdi ki, ölkədə Prezident İlham Əliyev tərəfindən aparılan siyasət müasir dəyərlərə, intellektual əsaslara arxalanır və Azərbaycan sürətlə inkişaf edir. Azərbaycanın inkişaf modeli müasir dövlət quruculuğunun nümunəsidir və Azərbaycanda İKT sektorunun inkişafının əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, 2003-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında İKT sahəsində Azərbaycanın Milli Strategiyası hazırlanmışdır və bu sənəddə qoyulan məsələlərin həlli 2012-ci ildə uğurla başa çatdırılmışdır. Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan sabit, güclü və beynəlxalq aləmdə yüksək nüfuza malik olan ölkə olmaqla yanaşı, həm də kredit alan ölkədən kredit verən, eyni zamanda, sərmayə yatıran, həmçinin, yüksək İKT səviyyəsi olan ölkəyə çevrilibdir.
Azərbaycanda İKT sektorundan olan gəlirlər 5 ildə iki dəfə artır
Bu gün dünyada elə sahə yoxdur ki, onun inkişafı İKT-siz mümkün olsun. XX əsrin ən böyük nailiyyətlərindən biri olan insan genomunun açılması İKT-siz mümkün deyildir! Hər bir inkişaf etmiş ölkənin güclü İKT infrastrukturu mövcuddur və ya əksinə. Ölkə Prezidenti İlham Əliyevin 2013-cü ili "İKT İli" elan etməsi heç də təsadüfi deyil. Son illər İKT-nin inkişafı sahəsində Azərbaycan böyük uğurlar əldə edib və bu sahədə inkişaf tempinə görə bir çox inkişaf etmiş ölkələri geridə qoyub. Belə inkişaf nəticəsində 2013-cü il fevralın 8-də Azərbaycan özünün ilk telekommunikasiya peykini orbitə çıxardı. Dünya ekspertlərinin qənaətinə görə, İKT sektorundan olan gəlirlər 5 ildə iki dəfə artır. Ona görə gələcəkdə dünya ÜDM-in 80 faizini İKT gəlirləri təşkil edəcək. Qeyd edək ki, son üç ildə Azərbaycanda İKT gəlirləri iki dəfə artaraq, dünya göstəricisini geridə qoymuşdur. Dünyada İKT sektoruna maraq getdikcə artmaqdadır. Əgər bir neçə il bundan öncə İKT sahəsində dünyanın sadəcə 20-30 faiz şirkəti çalışırdısa, bu gün bunların sayı 50 faizi keçmişdir və həmin rəqəm getdikcə artmaqdadır. Dünya Bankının statistikasına əsasən, ölkələrin inkişafında üç amil xüsusi rol oynayır - insan faktoru, sənaye və təbii sərvətlər. Dünyanın ən inkişaf etmiş regionunda insan faktorunun inkişafa təsiri 76 faiz təşkil edir. Ona görə Azərbaycan Prezidenti İlham Əliyev İKT sektorunu ölkədə ikinci prioritet sahə elan edib və "Neft faktorunu insan kapitalına çevirək" tezisini irəli sürüb. 2012-ci ildə İKT sektorunun gəlirləri Azərbaycanda 18 faiz təşkil edib və bu göstərici dünya göstəricisindən 2,5 dəfə yüksəkdir.
Azərbaycan orbitə daha bir neçə peyk çıxaracaq
Azərbaycan peyk qruplaşmasının yaradılması yolu ilə gedir. Azərbaycan yalnız bir peyklə kifayətlənməyəcək. Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı Yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılır. Fərəhli haldır ki, BMT-nin uyğun komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunub və ölkəmiz kosmik fəzanın sülh məqsədləri ilə istifadəsi üzrə öhdəliklər götürüb. Bu hadisə Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın müasirləşməsinin, modernləşməsinin, ölkəmizin ən son texnologiyalara sahib olmaq niyyətlərinin bariz nümunəsidir.
RƏFİQƏ HÜSEYNOVA