PDF Oxu

Siyasət

  • 65

Hər şey Azərbaycan vətəndaşı üçündür

İlham Əliyev: "Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir"

Hər şey Azərbaycan vətəndaşı üçündür

Prezident İlham Əliyevin son çıxışı demək olar ki, Azərbaycan cəmiyyətində bir əks-səda yaratdı. Ölkə başçısının söylədiyi fikirlər dövlətin ölkə insanına verdiyi dəyərdən xəbər verirdi: "Yerli icra orqanları, icra başçıları öz məsuliyyətlərini dərk etməlidirlər, dövlət siyasətini aparmalıdırlar. Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar. Hiss edəcəklər və edirlər ki, onların arxasında güclü Azərbaycan dövləti var ki, onları heç vaxt darda qoymaz, bütün zamanlarda onlara dəstək olacaqdır".

Dövlət başçısı hər zaman xalqın yanındadır

Ölkə Prezidentinin konfransdakı çıxış formaca və məzmunca kifayət qədər fərqli idi. Bu günə qədər Prezident İlham Əliyev məmurları işindəki nöqsanlara görə tənqid etmiş, bəzi hallarda cəzalandırmışdı. Budəfəki sərt xəbərdarlıq isə məhz vətəndaşlara görə edildi. Prezidentin çıxışındakı bəzi məqamlar bunu bir daha təsdiqləyir: "İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir".

Bununla da Prezident açıq bir şəkildə bəyan etdi ki, o, məmurların deyil, xalqın yanındadır. Məmurlar da daşıdıqları vəzifəyə ona görə təyin olunub ki, vətəndaşlara xidmət göstərsinlər. Bəzi məmurların işinə məsuliyyətlə yanaşmaması, rəhbərlik etdikləri, çalışdıqları qurumun sadə insanlara qarşı laqeyd, biganə münasibəti narazı vətəndaş kütlələrinin yaranmasına səbəb olur. Bir çox hallarda radikal müxalifətdəki "liderlər" iqtidarı tənqid edərkən daha çox məmur özbaşınalığa daha çox diqqəti çəkir və bu faktordan da istifadə edərək narazı insanları ətraflarına toplamağa çalışırdılar. Lakin Prezident İlham Əliyevin son çıxışı təsdiqlədi ki, dövlət başçısı hər zaman xalqın yanındadır.

Vəzifəli şəxslərlə bağlı Sərəncam imzalanıb

Hətta konfransdakı çıxışından bir neçə gün sonra Prezident İlham Əliyev vəzifəli şəxslərlə bağlı Sərəncam imzaladı. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanununun tətbiqi barədə Sərəncama əsasən, Nazirlər Kabineti 3 ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

3 ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etməli və bu Prezidentə məlumat verməlidir.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verməlidir. Həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etməlidir və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, Məcəlləyə edilən dəyişikliyə əsasən dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən, dövlət büdcəsindən, həmçinin, məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, habelə, büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılmasına görə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri bu əməllər 1000 manatadək olan məbləğdə törədildikdə 300 manatdan 500 manatadək, bu əməllər min manatdan yuxarı məbləğdə törədildikdə 500 manatdan 700 manatadək cərimə edilirlər.

Uğurlu və dayanıqlı inkişaf təmin ediləcək

Prezident İlham Əliyev son müşavirədə həm də komandasında islahatlar aparacağını aydın şəkildə bildirdi. Müşavirədən bir neçə gün sonra Prezidentin Sərəncamı ilə Şamaxı və İsmayıllı rayonlarının icra başçıları tutduqları vəzifədən azad edildi. İlk dəyişiklik ondan xəbər verir ki, son müşavirə ölkənin siyasi gündəmini ciddi şəkildə dəyişəcək və yeni mühitlə qarşılaşacağıq. Bu isə, sözsüz ki, islahatlar mühiti deməkdir.

Dövlət başçısının konfransda yekun çıxışında söylədiyi kimi: "Gələcək planlarımızla bağlı deyim ki, artıq bu ilin sonunda ikinci Dövlət Proqramı başa çatır. Yenə də demək istəyirəm, əminəm proqram uğurla başa çatacaqdır. Ancaq biz gələcəyə baxmalıyıq və baxırıq. Hesab edirəm ki, artıq üçüncü Dövlət Proqramının hazırlanması ilə bağlı işlər başlamalıdır. Əminəm ki, 2014-cü ildə üçüncü Dövlət Proqramı - beşillik proqram qəbul ediləcəkdir. O proqramda edə bilmədiyimiz, yəni, çatdıra bilmədiyimiz məsələlər öz əksini tapacaqdır və beləliklə, ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin ediləcəkdir".

Məmurlar daha yaxşı işləyə bilər

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov televiziya proqramlarının birində çıxışı zamanı deyib ki, Prezident Administrasiyası vətəndaşlarla təmasları artıracaq: "Rayonların icra strukturlarında Bakıdan, mərkəzi hakimiyyətdən gedən vəzifəli şəxslər müntəzəm olaraq yerli vətəndaşlarla görüşlər keçirəcək, onları dinləyəcək, məsləhətləşəcək. Vətəndaşların fərdi problemləri ilə yanaşı, ölkənin qarşısında duran ictimailəşmiş problem və vəzifələrlə bağlı da bir sıra qurumlarla görüşlər, məsləhətləşmələr planlaşdırılıb".

Əli Həsənov müsahibəsində ölkə Prezidentinin tənqidi çıxışına dair suallara da cavab verərkən deyib ki, Prezidentin tənqidi bir siqnaldır, hər kəs özünü düzəltməlidir: "Bugünkü komanda ilə Prezident yüksək nəticələr qazanıb, böyük işlər görüb. Amma cənab Prezident hesab edirsə ki, məmurlar bundan daha yaxşı işləyə bilər, deməli, bu, belədir".

Azərbaycan düzgün yoldadır

Azərbaycanın sürətli və hərtərəfli inkişafı, əlbəttə ki, düşmənlərini, regionda yenidən təsir gücünə sahib olmaq istəyən böyük qüvvələri narahat edir. Onlar hər vəchlə ölkədəki sabitliyi pozmağa çalışır, iqtidarla xalq arasında nifaq salmağa cəhd edirlər. Ona görə istər dövlət məmuru, istərsə də sadə vətəndaş xüsusilə həssas bir dövrdə, prezident seçkiləri ərəfəsində üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir. Çünki düşmənimiz bizə dostumuzdan daha yaxındır.

Bütün bunlara baxmayaraq, ölkə başçısının sözləri ilə desək, Azərbaycan düzgün yoldadır, bizim xarici siyasətimiz də çox müsbətdir: "Biz dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüyük, rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 46-cı, MDB məkanında birinci yerdəyik. Biz böyük maliyyə imkanlarına malikik. Bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuzun 70 faizini təşkil edir. Bu, dünya miqyasında çox yüksək göstəricidir. Yoxsulluq 6 faizə düşübdür, işsizlik aradan qaldırılır və biz gələcəyə baxırıq. Bir neçə gün bundan əvvəl birinci Azərbaycan telekommunikasiya peykinin kosmosa buraxılması tarixi hadisədir və Azərbaycanın ümumi inkişafını göstərir. Əminəm ki, bu inkişaf bundan sonra da uğurlu və dayanıqlı olacaqdır. Bu inkişafı təmin etmək üçün bütün qurumlar, vəzifəli şəxslər öz məsuliyyətini dərk etməli və ölkənin inkişafı üçün daha da səmərəli işləməlidirlər".

Cabir

Digər xəbərlər