PDF Oxu

Siyasət

  • 76

Xalq Prezident İlham Əliyevin növbəti beşillikdə də Azərbaycana rəhbərlik etməsini istəyir

Xalq Prezident İlham Əliyevin növbəti beşillikdə də Azərbaycana rəhbərlik etməsini istəyir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından sonra ölkə Ağsaqqallar Şurasının da 2013-cü il prezident seçkilərinə dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürməsi cəmiyyətimizin arzusunu reallaşdırıb

Bu bir faktdır ki, bu gün Azərbaycan dövləti siyasi və iqtisadi baxımdan regionun ən sabit və dinamik inkişaf edən ölkəsidir. Həmin inkişaf və dinamizmi eynilə insanlarımızın həyatında da öz əksini tapmaqdadır. Ölkə iqtisadiyyatı getdikcə daha da artır və şaxələnir, sahibkarlar sinfi formalaşır, əhalinin maddi rifah halı yüksəlir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə davam etdirlən Heydər Əliyev siyasəti xalqımızın maraqlarına uyğundur və ölkəmizə yalnız inkişaf gətirir.

Azərbaycan Cənubi Qafqazın "parlayan ulduzu"dur

Qeyd edək ki, Azərbaycan bu gün dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir. Elə gün yoxdur ki, dünyanın ən tanınmış və güclü dövlətlərinin, şirkətlərinin nümayəndələri Azərbaycana gəlməsin, görüşlər keçirməsin. Bütün bunlar, əlbəttə ki, Azərbaycanın sürətli inkişafından və iqtisadi səmərəlilik baxımından cəlbedici olmasından irəli gəlir.

Məhz Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi və şaxələndirməsi nəticəsində 2003-cü ildən bəri ümumi daxili məhsul üç dəfə, qeyri-neft ümumi daxili məhsulu isə 2,4 dəfə artıb. Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötüb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalıb. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil edib və xarici ticarət dövriyyəsi 6,4 dəfə artıb. Təsadüfi deyil ki, dünyanın ən nüfuzlu "Standard & Poor’s", "Fitch" və "Moody’s" beynəlxalq agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə layiq görülən ilk ölkə də məhz Azərbaycandır. "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq imici durmadan yüksələn Azərbaycan "Yüksək insan inkişafı" və "Yuxarı orta gəlirli" ölkələr qrupuna daxildir.

Bununla yanaşı, Azərbaycanda 2003-cü ildən bəri sənaye istehsalı 2,6 dəfə, 2003-2012-ci illərdə aqrar sektor 1,4 dəfə, heyvandarlıq məhsullarının istehsalı isə 3,4 dəfə artıb. 2003-cü ildən bəri turizm sektoru 8,5 dəfə və ölkəmizə gələn turistlərin sayı isə 3,3 dəfə yüksəlib. Son doqquz il ərzində 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 Olimpiya İdman Kompleksi və digər sosialyönümlü obyektlər istifadəyə verilib. Həmçinin, sahibkarlığın, özəl sektorun ümumi daxili məhsuldakı payına nəzər salsaq, görərik ki, bu, artıq 80 faizdən çoxdur. Son rəqəmlərə görə ümumi daxili məhsulda özəl sektor 83 faiz təşkil edir.

Azərbaycanda sahibkarlar sinfi formalaşıb

Azərbaycanın bu qədər inkişaf etməsində, əlbəttə ki, biznes mühitinin şəffaflaşdırılması, sahibkarlar sinfinin formalaşdırılması da müəyyən rol oynayır. Çünki sahibkarlıq elə bir fəaliyyət formasıdır ki, bununla cəmiyyətin istənilən üzvü qanun çərçivəsində məşğul ola bilər. Eyni zamanda, kiçik və orta sahibkarlıq subyektləri Azərbaycan stratifikasiyasının orta təbəqəsini təşkil edirlər. Məhz bu sahənin sürətli inkişafı da Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Prezident İlham Əliyev "Mən bütün sahibkarları əmin etmək istəyirəm ki, hökumət sahibkarlığın inkişafına bütün mümkün yardımı göstərəcək. Onların sərmayələri ölkənin bütün guşələrində etibarlı müdafiə olunacaq" deyərək biznes sektorunun tam təhlükəsiz şəkildə fəaliyyət göstərdiyinə işarə edirdi. Eyni zamanda, bu ilin fevral ayının 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bir daha vurğulanıb ki, ölkəmizdə sahibkarlıq sektoruna, biznes mühitinə bütün şərait yaradılıb. Elə, son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kreditin verilməsi, həmçinin, bu il isə sahibkarlara daha 250 milyon manat kreditin veriləcəyini nəzərə alaraq, demək olar ki, bu sektorun inkişafı Azərbaycan dövlətinin prioritetidir.

Azərbaycan xalqı inkişafı - Prezident İlham Əliyevi dəstəkləyir

Göstərilən səbəblərdəndir ki, bu gün Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir. Hətta sosium artıq tələb edir ki, Prezident İlham Əliyev 2013-cü il prezident seçkilərində yenidən iştirak etsin. Əlbəttə ki, ölkə Konstitusiyası Prezident İlham Əliyevin növbəti dəfə də namizədliyini irəli sürməsini şərtləndirir. Amma cəmiyyət indidən Prezident İlham Əliyevi dəstəklədiyini nümayiş etdirir. Yəni, müəyyən təşkilatlar daxilində birləşmiş insanlar dövlət başçısına olan etimadını qərarlar qəbul etməklə göstərirlər.

İlk addımı AHİK atdı

Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Azərbaycan prezidentliyinə seçkilərdə dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul edib. Həmkarlar ittifaqlarının uğurlarına görə təmsil etdiyi qurum adından Prezident İlham Əliyevə təşəkkür edib: "Çox böyük məmnuniyyətlə elan etmək istəyirik ki, həmkarlar ittifaqları təşkilatları qurultayqabağı yığıncaqlarında builki prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirib. Biz 2003-cü ildə də, 2008-ci ildə də ölkədə ilk dəfə olaraq bu addımı atmışdıq, indi də sözümüzün arxasındayıq".

Ağsaqqallar Azərbaycanın gələcəyini Prezident İlham Əliyevə etibar edir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından sonra ölkə Ağsaqqallar Şurasının da 2013-cü il prezident seçkilərinə dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürməsi cəmiyyətimizin arzusunu reallaşdırıb. Respublika Absaqqallar Şurası qəbul etdiyi müraciətdə isə deyilir ki, Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Prezident İlham Əliyevin rəhbərliyilə aparılan nəhəng quruculuq işlərində daim yaxından iştirak edir, zəngin həyat təcrübələrindən, bilik və bacarıqlarından istifadə etməklə ictimai həyatın müxtəlif sahələrinin inkişafına öz töhfələrini verirlər: "Onlar Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və bu gün uğurla davam etdirilən daxili və xarici siyasət kursunun vətəndaşlar arasında təbliğ edilməsi, əhalinin bütün təbəqələrinin Azərbaycan Prezidenti ətrafında sıx birləşməsi, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Sizin də dəfələrlə vurğuladığınız kimi, dövlətimiz və xalqımız qarşısında duran əsas maneədir. Biz ağsaqqallar problemin ədalətli həlli yolunda atdığınız hər bir addımı dəstəklədiyimizi bildirir, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndiririk".

Ağsaqqallar ölkəmizin gələcək inkişafı və xalqımızın rifahı naminə Prezident İlham Əliyevin apardığı siyasətin davam etdirilməsini zəruri hesab edir, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında yenidən ölkə prezidentliyinə namizədliyinizin irəli sürülməsini alqışlayıb: "Ağsaqqallar Şurasının üzvləri də bu təşəbbüsə qoşulur və qarşıdan gələn prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyirlər. Əmin ola bilərsiniz ki, biz seçki kampaniyasında fəal iştirak edərək apardığınız siyasətin əhali arasında təbliğ olunması işinə maksimum töhfə verməyə çalışacağıq. İnanırıq ki, respublika ağsaqqallarının bu istəyini nəzərə alacaq, dövlət başçısı kimi Vətənimizin hərtərəfli inkişafı və tərəqqisi yönündə göstərdiyiniz fəaliyyəti bundan sonra da davam etdirəcəksiniz".

İnsanlar Prezident İlham Əliyev kimi LİDER istəyir

Bir sözlə, aydın olur ki, bu gün Azərbaycan əlverişli coğrafi vəziyyətinə, təbii sərvətlərinə və iqtisadi potensialına görə bölgənin lider dövlətidir. Avrasiya məkanında reallaşdırılan transmilli enerji və nəqliyyat layihələrində, habelə, regional sülhün və təhlükəsizliyin təmin edilməsində ölkəmiz həlledici rol oynayır. Belə bir şəraitdə Azərbaycana Prezident İlham Əliyev kimi zəngin idarəçilik təcrübəsi olan, geosiyasi vəziyyəti düzgün qiymətləndirməyi və strateji qərarlar qəbul etməyi bacaran, xalqın inandığı, prinsipial və qətiyyətli siyasətçinin rəhbərlik etməsi çox vacibdir. Bu səbəbdən də, insanlar Prezident İlham Əliyev kimi LİDER istəyir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər