Azərbaycanın müasir tarixində əlahiddə xidmətləri ilə yadda qalan dahi şəxsiyyət Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Bu gün Ulu Öndərin xatirəsini daim əziz tutan xalqımız Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, Heydər Əliyev ideyalarının reallığa çevrilməsi üçün səyini əsirgəmir.Onun dövlətçiliyimizin möhkəmləndirilməsi və Azərbaycan xalqının özünə güvəninin, gələcəyə inamının artırılması yönündəki müstəsna xidmətləri ilə bağlı, təbii ki, saatlarla danışmaq olar və bunu bir yazıya sığdırmaq faktiki mümkün deyil. Amma sadəcə, Heydər Əliyev xarizmasını xatırlamaq yetərlidir. Bu, elə Azərbaycan deməkdir! Azərbaycanın böyüklüyü, bütövlüyü deməkdir və bunu düşünəndə adam özünü güclü hiss edir və fəxr edirsən ki, nə yaxşı, azərbaycanlısan...Azərbaycanın bütün uğurları Heydər Əliyevlə bağlıdır. Bu, şanlı, şərəf dolu bir tarixdir! İllər, əsrlər, qərinələr keçəcək, dahi Heydər Əliyevin ŞAH ƏSƏRİ olan Azərbaycanda O, anılacaq, xatırlanacaq, ruhuna dualar oxunacaq. Və həmişə seviləcək! Bunu O, özü qazanıb! Azərbaycanı parçalanmalardan qorumaqla, uğursuzluq zolağından çıxarmaqla və əzmlə irəliyə - uğurlara aparmaqla!Əminliklə demək olar ki, hazırda Azərbaycanın mövcudluğu, inkişafı və tərəqqisi bu dövlətin Heydər Əliyev tərəfindən yaradılmış özülünün kifayət qədər möhkəmliyi ilə əlaqədardır. Heydər Əliyevin yaratdığı fundamental baza üzərində qurulan Azərbaycan dövləti həyatın bütün sahələrində böyük uğurlar əldə edir. Buna görə də, biz Heydər Əliyevin xidmətləri, Onun bugünkü Azərbaycan tarixindəki rolu haqqında danışarkən, bir yandan Heydər Əliyevin öz sağlığı zamanı həyata keçirdiyi islahatları və Onun nailiyyətlərini qeyd etməli, digər tərəfdən isə Onun qurduğu dövlətin bu günün özündə də əldə etdiyi uğurları birmənalı şəkildə qiymətləndirməliyik. Hörmətli Prezidentin də dəfələrlə açıq şəkildə vurğuladığı kimi, Azərbaycanın əldə etdiyi nailiyyətlər Heydər Əliyev siyasətilə bağlıdır. Azərbaycan cəmiyyəti ölkəmizdə qazanılan uğurların əksəriyyətinə görə, məhz Heydər Əliyev siyasətinə özünü borclu bilir. Bir sözlə, Heydər Əliyev Azərbaycanın ən ağır dövrlərində ölkəni başının üstünü almış təhlükələrdən xilas edə bilib. Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurub, müasir Azərbaycan cəmiyyətini formalaşdırıb, cəmiyyətimizin əsas dəyərlərini müəyyənləşdirib və həmin dəyərlər bu gün müasir cəmiyyətimizin inkişafının əsas təməl prinsipləri kimi öz missiyasını yerinə yetirir.O, istər hakimiyyətinin birinci mərhələsində, istərsə də müstəqillik illərində çox böyük məhəbbətlə Azərbaycana xidmət edib. Hakimiyyətinin birinci dönəmində Azərbaycanı aqrar ölkədən inkişaf etmiş sənaye respublikasına çevirə bildi. Etiraf olunmalıdır ki, Azərbaycan xalqının Sovet İttifaqı məkanında tanımırdılar, beynəlxalq səviyyədə isə ölkəmiz haqqında təsəvvür belə yox idi. Heydər Əliyev Azərbaycanı tanıtmaq üçün bütün mümkün imkanlardan istifadə etdi və qısa zaman kəsiyində Azərbaycan sovet məkanında tanınan respublikaya çevrildi. Azərbaycan xalqı nəinki Sovet İttifaqında, eyni zamanda, xarici ölkələrdə tanındı. Təkcə həmin dövrdə çox məhdud xarakter daşıyan kütləvi informasiya vasitələri ilə deyil, həm də Zeynəb Xanlarova, Rəşid Behbudov kimi korifey müğənnilərimiz vasitəsilə, onları dünya səhnəsinə çıxarmaqla Azərbaycan xalqını tanıda bildi. Ermənilərin hücumu nəticəsində torpaqlarımız işğala məruz qalırdı, belə bir vəziyyətdə Ümummilli Lider xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra təkbaşına Azərbaycanı ağır və fəlakətli vəziyyətdən çıxara bildi.Bu dahi şəxsiyyət ilk olaraq Azərbaycanın neft strategiyasının əsaslarını yaratdı, beynəlxalq nüfuzumuz xeyli dərəcədə artdı. Bütün bu əsaslar üzərində ölkə Prezidentinin aparmış olduğu siyasətlə Azərbaycan iqtisadi cəhətdən regionun lider dövlətinə çevrildi. Azərbaycan nə qədər varsa, Heydər Əliyevin ruhu var, Azərbaycanın bu günü də, gələcəyi də Heydər Əliyevin siyasi irsi ilə birbaşa bağlıdır və bu siyasi irs durduqca ölkəmiz daha yeni-yeni uğurlara imza atacaqdır.Ümumiyyətlə, Heydər Əliyev xalqının əsrlər boyunca uğrunda çarpışdığı ən ümdə haqqını reallığa çevirdi. Bizləri ən yüksək məqama - müstəqilliyə qovuşdurdu. Dünyanın döşünə döyən xalqlarına millətimizin layiqli mövqeyini qətiyyətlə nümayiş etdirdi. Heydər Əliyev xəyalları belə çin etmək qüdrətinə yiyələndiyini dəfələrlə ortaya qoydu. İnsanın Vətənin timsalına çevrilməsi dünyada nadir hadisələrdəndir. Məhz Azərbaycan xalqının Ümummilli Lideri statusunu qazanmış Heydər Əliyev də planetin bu əlçatmaz mərtəbəyə yüksələn tək-tək şəxsiyyətlərindən biri oldu. Lakin bütün bu dəyərlərin bir başlanğıc nöqtəsi mövcud idi...1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında Günəşi doğdu. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanı arxasına xalqının taleyinə tam yiyə durmaq iqtidarına olan soydaşımız keçdi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcını qoydu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. O, hələ Sovet İttifaqı dövründə böyük uzaqgörənliklə və müdrikliklə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı.Bu danılmaz məntiqin mahiyyətinə qədərincə varmaq üçün insanda yalnız və yalnız heyrət doğuran faktların təkcə bir qisminə diqqət kəsilmək kifayətdir. Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə gələnədək ən geridə qalan respublikalardan biri sayılan Azərbaycan qısa müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötdü. 1969-1982-ci illərdə milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı isə 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı və ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini iki dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yeri açıldı, xalqımızın güzəranı qat-qat yüksəldi. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artırılaraq 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Artıq keçən əsrin 80-ci illərinin əvvəllərində ən nüfuzlu ali məktəblərə respublikamızdan təhsil almağa göndərilənlərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Hər il 800-1000 azərbaycanlı gənc isə ittifaqın sayılıb-seçilən hərbi məktəblərində ordu quruculuğunun sirlərinə yiyələnirdi. Dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi titanik və kompleks fəaliyyət nəticəsində Azərbaycan keçmiş ittifaqın daxili imkanlarına və intellektual potensialına arxalanaraq özünü idarə etmək iqtidarında olan iki respublikasından birinə çevrildi.1993-2003-cü illər də Ulu Öndərin planetin nadir şəxsiyyətlərindən, dövlət və ictimai xadimlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi. Onun mükəmməl idarəçilik məktəbi sayəsində Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxdı. 1996-cı ildən respublikamız yenidən dirçəliş mərhələsinə qədəm qoydu. 1996-2003-cü illərdə Azərbaycanda bütün makroiqtisadi göstəricilər iki-üç dəfə artdı. Ölkədə üç min yeni sənaye müəssisəsi yaradılaraq onların sayı 5202-yə çatdırıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard ABŞ dolları məbləğində investisiya qoyuldu. Bu müddətdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar vüsət götürdü. Respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəldi.Heydər Əliyevin müdrik siyasəti sayəsində düşmənlərin ara verməyən məkrinə, min bir hiyləsinə baxmayaraq Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin toqquşması baş vermədi, respublikamızda anlaşma hökm sürdü, tolerantlıq başlıca meyar olaraq qaldı. Ulu Öndər strateji hədəfləri zərgər dəqiqliyi ilə müəyyənləşdirmək və onları kompleks şəkildə həyata keçirmək bacarığı ilə xüsusilə fərqlənirdi. Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitliyin dayanıqlılığına nail olma məharəti, iqtisadi qüdrət, güclü sənaye potensialı, elmi-texniki tərəqqi, təhsil, müasir ordu quruculuğu, kadr hazırlığı, xalqın güzəranın və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi və layiqincə təbliği və sair Ümummilli Liderin başlıca strateji hədəfləri idi. Məhz Heydər Əliyevin beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər onun Azərbaycana, ölkəmizin timsalında regiona, nəticə etibarı ilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirmək yolunda atdığı mühüm addımlardır. Ümumilikdə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin ən intensiv inkişaf mərhələsinə təkan verdi.2003-cü ildən bəri ötən zaman kəsiyi də Ulu Öndərin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Onun layiqli davamçısı Prezident İlham Əliyev istər övlad, istərsə də bir millətin təmsilçisi, sərkərdəsi kimi Heydər Əliyev ucalığının təcəssümüdür. Məhz Heydər Əliyev siyasi kursuna əsaslanan, yaradıcı şəkildə zamanın nəbzinə uyğun yeni keyfiyyətə köklənən, maksimum milli mənafeyə söykənən dövlət siyasəti hesabına dünyanın sükanından möhkəm-möhkəm yapışan, dünən bizlərə yarıkönül münasibət bəsləyən xalqlar indi strateji dostluq andı içirlər.Hazırda, sözün əsil mənasında, doğma Azərbaycanımız XXI əsrin nur qapısıdır. Ölkəmiz zəngin iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi, tükənməz mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün dünyanın diqqət mərkəzindədir. Artıq Azərbaycanın mükəmməlliyi ilə fərqlənən, peşəkarcasına balanslaşdırılan dövlət siyasəti, o cümlədən, xoşməramlı energetika siyasəti bariz nümunə rolunu oynayır.Ulu Öndərin adını daşıyan, beynəlxalq imici durmadan artan fond da Heydər Əliyev mənəviyyat bulağından qaynaqlanır. Milli mənafeyə, soykökümüzə bağlı xeyirxah missiyası ilə seçilən Heydər Əliyev Fondu artıq sərhədlər aşır. Onun sorağı dünyanın sayılıb-seçilən dövlətlərindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir. Fondun reallaşdırdığı tədbirlər sayəsində muğamımız və təkrarolunmaz mədəniyyətimiz qarşısında daim öz mədəniyyətləri ilə öyünən xalqlar heyrətlərini gizlədə bilmir, Azərbaycanın mənəvi incilərini dünya mədəni irsi siyahısına salmaq məcburiyyətində qalırlar. Heydər Əliyev Fondunun fəaliyyətinin ən dəyərli məqamlarından biri də Azərbaycan nəinki dünənki, eləcə də, bugünkü zənginliyini, xüsusilə intellektual potensialını qədərincə ortaya qoya bilməsi ilə diqqəti cəlb edir. Bir sözlə, istər xalqımız, istərsə də onun adını daşıyan fond əməllərində Heydər Əliyev ucalığını başlıca meyar götürür.Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi sayılan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir dünyadır, ümmandır.
ƏHƏD ABIYEV,Daşkəsən rayon icra hakimiyyətinin başçısı