PDF Oxu

Siyasət

  • 75

Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini üzvi şəkildə birləşdirən ziyalı

Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini üzvi şəkildə birləşdirən ziyalı

Prezident İlham Əliyevin Sərəncamı əsasında Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyi qeyd olunacaq

Azərbaycan tarixinin dönəmlərində onun ictimai-siyasi-mədəni həyatında əməli fəaliyyəti olan simaların isminə tez-tez rast gəlinir. Azərbaycan vətəndaşı qürurunu özündə yaşadan hər kəs mürəkkəb proseslərdə, xalqın, dövlətin mənafeyi baxımından çıxış edərək, öz bacarıq və potensialını ortaya qoyub. Azərbaycan tarixinə şaxəli fəaliyyəti ilə iz salan Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov da iradəsini ortaya qoyaraq uzun illər mübarizələr qoynunuda ömür sürmüşdür. Xalqın mənafeyi, onunu işıqlı gələcəyi naminə ömrünün sərf etmiş ziyalıların fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiyəmtləndirildiyindən Azərbaycan Prezidenti İlham Əliyev 25 fevral tarixində Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinin yüksək səviyyədə təşkili məqsədi ilə Sərəncam imzalayıb. Əlimərdan bəy Topçubaşov Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini üzvi şəkildə birləşdirməklə xalqımızın tarixi nailiyyəti kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, onun beynəlxalq aləmin subyekti olaraq dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərinin qurulmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadimdir. O, Azərbaycanın görkəmli siyasi xadimlərindən, diplomatlarından və hüquqşünaslarından biri kimi şöhrət tapıb.

Qeyd edim ki, Əlimərdan bəy Topçubaşov 1862-ci ildə Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlib. İlk təhsilini I Tiflis Gimnaziyasında alan və bu təhsil ocağını müvəffəqiyyətlə bitirən Topçubaşov 1884-cü ildə Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olur. Lakin qısa zamandan sonra o, hüquq fakültəsinə keçir və 1888-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Elmi nailiyyətlərinin nəticəsi olaraq hüquq elmləri namizədi adını alır. Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası Ə.Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi alması üçün hazırlaşması haqqında qərar qəbul edir. Lakin 1889-cu ildə qəbul edilmiş universitet haqqında çar qanunu xristian olmayan Ə.Topçubaşova müvafiq vəzifəni tutmağa icazə vermir. Ə.Topçubaşov bu hadisədən sonra Tiflisə gələrək məhkəmədə, vəkil vəzifələrində çalışır. Tiflis Geodeziya Məktəbində hüquqdan dərs deyir. 1896-cı ildə Bakıya gələn Ə.Topçubaşov vəkilliklə məşğul olaraq mürəkkəb məhkəmə proseslərini udur. Bu nailiyyətlər şəhər əhalisi içərisində ona böyük nüfuz və hörmət qazandırır.

BAKININ SİYASİ VƏ İCTİMAİ MÜBARİZƏ SƏHNƏSİNİN PUBLİSİSTİ

Əlimərdan bəy Topçubaşov müxtəlif sahələrin mütəxəssisi olaraq tanınmış və uğurlar onu müşayiət etmişdir. Belə ki o, 1897-ci ildən 1917-ci ilin axırlarına kimi "Kaspi" qəzetinin yaradıcılarından və redaktorlarından biri olub. Bu illərdə onun yüzlərlə məqalələri dərc edilib. Həmin məqalələrdə Ə.Topçubaşov Azərbaycanın bir neçə şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, nəzəri, Rusiya imperiyasında yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrı-seçkilik siyasətini pisləyən publisistik məqalələrlə çıxış edib.

Ə.Topçubaşov jurnalistliyə başladığı dövrdən Bakının siyasi və ictimai mübarizə səhnəsinə daxil olmuş, ömrünün sonuna kimi bu mübarizənin ön sıralarında getmiş və onun başçılarından birinə çevrilmişdir. 1905-1907-ci illər rus inqilabı dövründə Azərbaycanın bir çox ziyalısı, o cümlədən, Ə.Topçubaşov xalqın azadlıq mübarizəsinə qoşulmuşdur. O, bu dövrdə çar hökumətinə zəhmətkeşlərin mənafeyini müdafiə edən bir sıra petisiyalar yazmış, iclas, yığıncaq, mitinqlərdə çıxış etmiş, Bakı Dumasının üzvü, sonralar sədri olmuş, Rusiyada yaşayan müsəlmanların vahid təşkilatının - "İttifaqi müslümün" yaradılması və fəaliyyətində iştirak etmiş, onun proqram sənədlərini tərtib etmiş, Nijni-Novqorodda, Sankt-Peterburqda keçirilmiş I-IV qurultaylar demək olar ki, onun sədrliyi ilə keçmiş, "İttifaqi müslümün" qurultaylar tərəfindən seçilmiş MK-nın daimi bürosunun üzvü olmuşdur.

BİRİNCİ DÖVLƏT DUMASININ ÜZVÜ

Tarixi mənbələrdə göstərilir ki, Bakının ictimai-siyasi həyatının ən qaynar və ziddiyyətli dövründə - 1905-ci ilin sentyabrında çarizm Bakı proletariatını inqilabi mübarizədən çəkindirmək məqsədilə neft sənayeçiləri ilə fəhlə nümayəndələrinin müşavirəsini keçirməyə icazə verir. Müşavirəyə nümayəndələr göndərmək üçün seçkilər keçirildi. Müşavirəyə seçilən nümayəndələr arasında Ə.Topçubaşovun da adı var idi. Müşavirə Sankt-Peterburqda keçirilmiş və Ə.Topçubaşov müşavirədə Bakı fəhlələrinin acınacaqlı vəziyyəti haqqında məlumat verərək, onların mənafeyini müdafiə etmişdir. Rusiyada zəhmətkeşlərin inqilabi mübarizəsinin getdikcə qüvvətləndiyindən qorxan çarizm 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxarır. 1906-cı ilin mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirilir. Azərbaycandan Birinci Dövlət Dumasına tanınmış simalarla yanaşı, Ə.Topçubaşov da seçilir. Elə həmin ildən başlayaraq Sankt-Peterburqda Birinci Dövlət Duması fəaliyyətə başlayır. Ə.Topçubaşov Dumada bir sıra məsələlərin müzakirəsində iştirak edir, hökumətin aqrar və köçürmə siyasətini pisləyir, Rusiyadakı azsaylı xalqlara, əsasən, müsəlmanlara muxtariyyət verilməsi tələbinin tərəfdarı olur. Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovdu. 200-ə yaxın deputat Dumanın qovulmasına etirazını bildirir və Vıborqda iclas keçirərək "Vıborq müraciətnaməsi"ni qəbul edirlər.

Ə.Topçubaşov demokratik əsaslarla yaranmağa başlamış ictimai və siyasi təşkilatları, inqilabi nailiyyətləri dəstəkləyir, azadlıq, bərabərlik və qardaşlığın qorunub və möhkəmlənməsinə təkan verirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük sevinclə qarşılayan Ə.Topçubaşov AXC yarandığı gündən etibarən bir hüquqşünas alim kimi onun dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin yaranması sahəsində var qüvvəsilə çalışmışdır. Azərbaycanda, o cümlədən, bütün Qafqazda məşhur olan və hörmət qazanan Ə.Topçubaşov Azərbaycanın ilk parlamentinin sədri seçilmişdir. Parlamentin prezidenti seçilən Ə.Topçubaşov yüksək təhsilli hüqüqşünas, öz görüşlərində dözümlü olması ilə diqqətdə idi.

Azərbaycan Respublikasının dünyanın böyük dövlətləri tərəfindən tanınması Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi idi. Çətin və gərgin əməyin nəticəsində əldə edilən qələbə münasibətilə Ə.Topçubaşov Parisdən Azərbaycan Respublikasının baş naziri Nəsib bəy Yusifbəyova yazırdı: "Siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur... bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik... Ona görə də belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa-olsun, müstəqillik əldə edəcəyimizə inanırdıq... Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq".

Görkəmli xadim Ə.Topçubaşov Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra 1920-ci ildən Parisdə yaşamış, ictimai-siyasi fəaliyyətini davam etdirmişdir. Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, AXC-nin yaranması, ədəbi xadimlər haqqında kitab, qəzet və jurnallarda məqalələr yazmışdır. Siyasi mühacirətin görkəmli xadimlərindən biri kimi Ə.Topçubaşov Fransa rəsmi dairələrinin nümayəndələri ilə görüşərək Azərbaycanın işğalına son qoyulması uğrunda mübarizədə milli qüvvələrə yardım edilməsi məsələsini qaldırmış, ikitərəfli əlaqələrə dair problemləri müzakirə etmişdir. Ömrünün son gününə qədər Parisdə yaşayan və mübarizəli ömürün müəllifinə çevrilən Əlimərdan bəy Topçubaşov 1934-cü ilin 5 noyabrında Parisin Sen-Deni rayonunda vəfat etmiş və Müqəddəs Kloud qəbristanlığında dəfn olunmuşdur.

ZÜMRÜD

Digər xəbərlər