Gənclərin Yeni Azərbaycan Partiyasına qoşulması təşkilatın enerji gücünü daha da artırır
Bu gün ölkəmizin davamlı tərəqqi yolunu uğurla davam etdirməsi bilavasitə Yeni Azərbaycan Partiyasının inkişafına da özünün müsbət təsirini göstərməkdədir. Sevindirici hallardandır ki, partiyanın sıralarına qoşulanlar arasında gənclər üstünlük təşkil edir. Bu amil artıq bir neçə ildir özünü davamlı olaraq göstərməkdədir. Gənclərimizin partiyamızın sıralarına böyük həvəslə qoşulması bir tərəfdən Prezident İlham Əliyev siyasətinin gənclərimiz arasında dəstəklənməsinin göstəricisidir. Digər tərəfdən, bu faktor YAP-ın özünün həm cəmiyyətdə, həm də gənclər arasında mövqeyinin güclənməsindən xəbər verir. Gənclərin partiyamıza qoşulması YAP-ın gücünü, gənclik enerjisini artırır. Və təbii ki, bu inkişafda gənc nəslin nümayəndələrinin də rolu olduqca əhəmiyyətlidir. Öz fikirlərini "Səs" qəzeti vasitəsilə açıqlayan gənclər dövlətin gənclər siyasətini demokratik dəyərlərin bariz nəticəsi kimi qiymətləndirdilər.
Nəcəf Novruzov, Nərimanov rayon gənclər və idman idarəsinin rəisi:
- Bildiyiniz kimi, hər bir millətin yaşaması və inkişafı üçün, təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkkürü, düşünmə qabiliyyəti və inadkrlığı lazımdır. Səbəbsiz deyildir ki, bütün dövrlərdə millətin adını tarixə yazan da elə sağlam gənc qüvvələr olmuşdur. Bunu gözəl bilən Ümummilli Liderimiz Heydər Əliyev də belə qüvvə yaratmaq arzusu ilə 26 iyul 1994-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyini yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin gənclər forumu keçirildi və həmin günü Azərbaycanın tarixinə gənclər günü kimi yazdı. 1997-ci il fevralın 1-də isə Azərbaycan Respublikası Prezidentinin forum nümayəndələrinin bir qrupu ilə görüşündə I Forumdan keçən bir il ərzində görülmüş işlər təhlil olundu və gəncliklə bağlı əsas problemlərin həlli yolları müəyyən edildi. Ulu Öndər Heydər Əliyevin elə həmin gün imzaladığı Sərəncamla fevralın 2-si Gənclər Günü elan edildi. Keçən müddət ərzində, gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Bu işlər ölkə başçısı cənab İlham Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Qarşıdan növbəti prezident seçkiləri gəlir. Gənclərimiz ötən seçkilərdə olduğu kimi bu seçkilərdə də İlham Əliyev ətrafında birləşəcəklərini bəyan edirlər.
Rəşad Abasəliyev, YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədri:
- Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.
Bu gün müasir Azərbaycan gəncliyi inkişafının yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət - gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Lakin təəssüf hissi ilə demək istəyirəm ki, bu torpağın suyundan içərək böyüyən, bu dövlətdə təhsil alan, dövlətin qayğısı ilə xaricdə təhsilini davam etdirmək üçün gedən, öz maraqları üçün xarici kəşfiyyat orqanlarına satılmış bəzi gənclər ölkəmizdə daxili stabilliyi pozmaq, xaos yaratmaq, ölkəmizdə günbəgün artan inkişaf prosesinə mane olmaq, Azərbaycanı beynəlxalq arenada nüfuzdan salmaq niyyətindədirlər.
Ancaq Azərbaycanın sağlam düşüncəli gəncləri çoxluq təşkil edir və həmin gənclər ölkənin bugünkü sosial-iqtisadi durumundan, artmaqda davam edən inkişaf səviyyəsindən, əldə edilən uğur və nailiyyətlərdən məmnundurlar. Hər bir dövlətdə müxalifətin olması labüddür və siyasətə müxalif olmaq olar. Lakin milli-mənəvi dəyərlərmizə, mənəviyyatımıza, inkişafımıza, uğurlarımıza və bilavasitə, vətənə müxalif olmaq lazım deyil. Küçələrə çıxıb səs-küy salmaqla, ictimai asayişi pozmaqla, portallarda əxlaqsız sözlər yazmaqla, yalan məlumat və ittihamlar irəli sürməklə heç nəyə nail olmayacaqlarını bildikləri təqdirdə bu cür addımların artması, bilavasitə, onların hansı qüvvələrə xidmət etməsinin bariz sübutudur. Biz YAP Sabunçu rayon təşkilatının gəncləri bir daha bildirmək istəyirik ki, 5-10 nəfər Azərbaycan gəncliyi deyil. Bu gün Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin yürütdüyü daxili-xarici siyasətə inanır və Onun ətrafında bundan sonra da daha sıx birləşəcəyini bəyan edir.
RƏFİQƏ HÜSEYNOVA