PDF Oxu

Siyasət

  • 75

Regionların inkişafı dövlətin diqqət mərkəzindədir İlham Əliyev: “Biz bu inkişafı Qəbələ rayonunun timsalında açıq-aydın görürük”

Regionların inkişafı dövlətin diqqət mərkəzindədir İlham Əliyev: “Biz bu inkişafı Qəbələ rayonunun timsalında açıq-aydın görürük”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də təyyarə ilə Qəbələ rayonuna səfərə gəlmişdir. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Qəbələ rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev Parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi. Dövlətimizin başçısına məlumat verildi ki, nəhəng "Ağ royal" formasında tikilmiş bina ətraf ərazi ilə ahəngdar mühit yaradır. Binanın alt qatında avtomobillər üçün xüsusi qaraj inşa olunmuşdur. Mərkəzin foyesi genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Burada Mədəniyyət Mərkəzinin hazırkı görünüşü və gələcək layihələrlə bağlı maketlər də vardır. Foyedə, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə də yaradılmışdır. Mərkəzdə teatr tamaşalarının, konsert proqramlarının, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan mövcuddur. Bildirildi ki, üç qrim, bir məşq otağının fəaliyyət göstərdiyi mərkəzdəki 400 yerlik əsas tamaşa salonu nümunəvi tərtibatı ilə diqqəti cəlb edir. İkinci mərtəbədə müşavirə zalı, iki VİP, üç dərnək, rejissor və aktyorların istirahəti, həmçinin teatr kostyumlarını saxlamaq üçün otaqlar yerləşir. Bu binanı fərqləndirən cəhət daxili divarların ekoloji baxımdan təmiz və nəfis şəkildə işlənmiş taxta materiallarla üzlənməsidir. Bina ən müasir akustik texnologiya və dünya standartlarına uyğun teatr texnikası avadanlığı, Avropanın aparıcı şirkətlərinin istehsalı olan üzlük və tamamlama materialları ilə, məxsusi çıraq və mebellərlə təchiz edilmişdir. Tikinti zamanı müasir texnologiyadan, yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunması binanın xarici və daxili görüntüsünü daha cəlbedici etmişdir. Diqqətə çatdırıldı ki, Qəbələdə tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq yeni binada rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılmışdır. Burada xüsusi qazanxana, transformator yarımstansiyası, mühafizə və yanğınsöndürmə sistemləri quraşdırılmış, su anbarı tikilmişdir. Mərkəzin yerləşdiyi ərazi Qəbələnin ümumi görkəminə uyğun olaraq abadlaşdırılmışdır. Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi. Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələrini salamlayaraq bildirdi ki, bu gün Qəbələ ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilib:

"Sizi ürəkdən salamlayıram. Qəbələ Mədəniyyət Mərkəzinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl, möhtəşəm binadır. Çox gözəl memarlığa malikdir. Eyni zamanda, burada bütün tədbirlərin keçirilməsi üçün çox gözəl şərait vardır. Keçən dəfə Qəbələdə olarkən mərkəzin tikintisi ilə tanış olmuşdum və bu gün biz bu gözəl mərkəzin açılışında bərabər iştirak edirik.

Bu, doğrudan da gözəl hadisədir. İlk növbədə, Qəbələdə müasir mədəniyyət, incəsənət mərkəzinin tikilməsinə böyük ehtiyac var idi, digər tərəfdən ölkəmizin ümumi inkişafını göstərir. Çünki belə gözəl, həm memarlıq, həm funksional cəhətlərdən çox gözəl binaların tikilməsi onu göstərir ki, Azərbaycan dövləti uğurla inkişaf edir. Biz bu inkişafı Qəbələ rayonunun timsalında açıq-aydın görürük. Çünki burada həm sosial, həm mədəniyyət, infrastruktur layihələri uğurla icra edilir. Bir müddət bundan əvvəl biz Qəbələ Beynəlxalq Aeroportunun açılışını qeyd edirdik. O vaxt müəyyən fikirlər var idi ki, bu aeroport necə işləyəcək, işləyəcəkmi, yoxsa yox? Ancaq o vaxt mən demişdim ki, əgər biz Qəbələdə müasir turizm obyektlərini yaratmaq istəyiriksə, mütləq beynəlxalq aeroport olmalıdır. Artıq buradan xarici ölkələrə uçuşlar təşkil edilir. Bu uçuşların sayı getdikcə artacaqdır. Qəbələ rayonunun sakinləri və ətraf rayonlarda yaşayan soydaşlarımız da bundan istifadə edirlər. Eyni zamanda, xarici qonaqlar da Qəbələyə indi rahat gələ bilirlər. Yəni, aeroportun tikilməsi, mədəniyyət ocaqlarının, otellərin yaradılması - bütün bunlar reallıqdır və bu, son illərin reallıqlarıdır.

Bu gün Qəbələ ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilibdir. Bakıdan, digər yerlərdən, digər şəhərlərdən, başqa ölkələrdən buraya gələnlərin sayı getdikcə artır. Turizmin inkişafı gələcəkdə yəqin ki, Qəbələ rayonunun iqtisadi inkişafının müəyyən faizini öz üzərinə götürəcəkdir. Bu, elə bir sahədir ki, bu sahə daim inkişafda olur və iş yerlərinin yaradılmasına kömək, eyni zamanda, rayonun inkişafına və ölkəmizin dünyada tanınmasına xidmət göstərir. Bu gün müasir otellər, turizm kompleksləri, istirahət zonaları açılır. Əlbəttə, belə gözəl mədəniyyət mərkəzinin açılışı görülən bütün bu işlərə əlavə dəstək verəcəkdir. Qəbələ artıq dünyada çox məşhur şəhərə çevrilibdir. Qəbələ musiqi festivalları artıq gözəl ənənədir. Dünyanın aparıcı musiqi kollektivləri bu festivalda iştirak etmək üçün gəlirlər. Bilirəm ki, bir dəfə gələnlər ondan sonra da gəlmək istəyirlər. Bu da çox gözəl əlamətdir.

Çünki burada görülən işlər, qonaqlara göstərilən qonaqpərvərlik, yaradılan şərait, otellər və ümumiyyətlə, gözəl nadir ab-hava Qəbələyə turistləri daha da böyük dərəcədə cəlb edəcəkdir. Buraya gələn hər bir xarici qonaq öz ölkəsinə qayıtdıqdan sonra əlbəttə ki, Qəbələ haqqında, Azərbaycan haqqında tanışlarına və dostlarına məlumat verir. Beləliklə, vaxt keçdikcə Qəbələ haqqında dünyada daha da dolğun məlumat əldə edilir və bu da çox sevindirici haldır. Çünki ölkəmizin inkişafı, eyni zamanda, bölgələrin inkişafından keçir. Doqquz il bundan əvvəl regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi ilə o vaxtdan bu günə qədər regionlarda çox böyük işlər görülmüşdür. Regionlarla paytaxt arasındakı fərq azalır. Baxmayaraq ki, paytaxt da sürətlə inkişaf edir. Bu fərqi azaltmaq o qədər də asan məsələ deyildir. Ancaq hər bir şəhərdə yaşayış üçün normal şəraitin yaradılması bizim son illərdə apardığımız siyasətin əsas istiqaməti olmuşdur. Hər bir yerdə iş yerləri, gözəl şərait, yüksək səviyyədə tibbi xidmət olmalıdır, təhsil müəssisələri təmir edilməlidir. Qəbələnin inkişafı bunu göstərir."

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsinin açılışında iştirak etmişdir. Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev dövlətimizin başçısına məlumat verdi ki, Qəbələ atıcılıq klubunun layihəçisi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutudur. Klubun inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Xüsusi memarlıq üslubunda inşa olunan binada qeydiyyat bölməsi, iclas və məşğələ otaqları, atəş zonasındakı nəticələri müşahidə etmək üçün xüsusi zal yaradılmışdır. Binada ayrıca tibb məntəqəsi də fəaliyyət göstərəcəkdir. Kluba gələnlər elektromobillərlə atəş zonasına daxil olacaqlar. Burada idman silahlarından istifadə etmək üçün xüsusi qaydalar da müəyyən edilmişdir. Atəş zonasında silahlar boşaldıldıqdan sonra təhvil alınacaqdır. Təhlükəsizliyin təmin olunması və yanğından mühafizə məqsədi ilə klubun ərazisində müşahidə kameraları və yanğından mühafizə məntəqələri qurulmuşdur. Ərazidə ayrıca bayraq meydançası da yaradılmışdır.

Prezident İlham Əliyev elektromobillə atəş zonasına gəldi. Atəş zonasında idmançılar saniyədə 15-42 metr sürətlə uçan hədəfləri nişan almalıdırlar. Bu məqsədlə ərazidə bir neçə uçan hədəf aparatları yerləşdirilmişdir. Prezident İlham Əliyev uçan hədəflərə bir neçə sərrast atəş açdı. Qeyd edildi ki, klubda atıcılıq idmanının daha çox yayılan və Olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılmışdır. Klubun ərazisində Olimpiya yarışlarında tətbiq edilən və bütün texniki inventarlarla təchiz olunan sahə də yaradılmışdır. Burada yarışların izlənilməsi üçün ayrıca tamaşaçı bölməsi qurulmuş, nəticələri qeydə alan elektron tablo yerləşdirilmişdir. Bundan əlavə, klubun ərazisində 1200 kvadratmetr sahədə 10 metrlik, 3 min kvadratmetr sahədə isə 25 metrlik tirlər quraşdırılmışdır. Burada uşaq və yeniyetmələr üçün tədris mərkəzi də yaradılmışdır. Ümumilikdə 300 kvadratmetr sahədə silah anbarı, 4,5 hektar ərazidə beş dairəvi və səngər stend atıcılığı meydançası, 4 min kvadratmetr sahədə səkkiz sporting meydançası inşa edilmişdir. Dairəvi və səngər stend atıcılığı avadanlığı Fransadan, sporting avadanlığı İngiltərədən, tir avadanlığı İsveçrədən, elektron tablo isə İtaliyadan gətirilmişdir. Burada idman-ovçuluq ləvazimatı mağazasının fəaliyyət göstərməsi klubun özəlliklərindən biridir. Mağazada atıcılıq idmanında tətbiq olunan ən son texniki avadanlıq, idman silahları, geyim növləri və digər vasitələr satışa çıxarılacaqdır. Klubda, eyni zamanda, balıqçılıqla maraqlananların da istəkləri nəzərə alınmışdır. Diqqətə çatdırıldı ki, ümumilikdə növbəti mərhələdə görüləcək işlər nəticəsində klubun ərazisində 45 atıcılıq yeri üçün 50 və 25 metrlik, 30 atıcılıq yeri üçün 10 metrlik tirlər, səkkiz dairəvi səngər, yeddi meydança, 25-50 metr məsafələrdə ox atmaq üçün sahə, elektromobilləri yükləmək və saxlamaq üçün otaq və sahə, istirahət məkanları tam şəkildə istifadəyə veriləcəkdir.

Prezident İlham Əliyev Qəbələ atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsində görülən işlərdən razılığını bildirdi, sonrakı mərhələdə həyata keçiriləcək tədbirlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi. Fevralın 28-də rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısına məlumat verildi ki, məscidin tikintisinə 2010-cu ilin may ayında başlanılmışdır. Heydər Əliyev Fondunun sifarişi ilə tikilən məscid binasının layihəçisi "Konstruktor MMC", binanın podratçısı isə "Gilan inşaat" MMC-dir. Binanın tikinti sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü isə 25 metrdir. İnşaat işləri zamanı yerli tikinti materiallarından geniş istifadə olunmuşdur. Məscidin həyətində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin milli mənəvi və dini dəyərlərimizə qayğısını əks etdirən fotoguşə yaradılmışdır. Məscidlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla ümumilikdə 600 nəfər mömin ibadət edəcəkdir.

Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divarları və sütunları Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilmişdir. Dini ocağın həyətində kiçik memarlıq üslubunda iki fəvvarə də inşa edilmişdir. Məscidin həyətində, həmçinin axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunmuşdur. Binanın həyəti yaşıllaşdırılmış, dekorativ ağaclar əkilmiş, müasir işıqlandırma sistemləri quraşdırılmışdır.

Prezident İlham Əliyevə Qurani-Kərim hədiyyə olundu. Dövlətimizin başçısı məsciddə yaradılan şəraitdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Qəbələyə səfəri çərçivəsində heyvandarlıq-südçülük kompleksinin açılışında iştirak etmişdir.

Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində ölkənin müxtəlif bölgələrində yeni istehsal sahələri istifadəyə verilir, rayon və kəndlərdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qəbələ heyvandarlıq-südçülük kompleksi də belə müəssisələrdən biridir. Müəssisənin ümumi dəyəri 12,9 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 3 milyon manat güzəştli kredit ayrılmışdır. Kompleksdə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2011-ci ilin sonunda başlanmışdır. Bu ilin fevral ayında isə işlər tam başa çatdırılmışdır.

Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, kompleks sağmal inəklər üçün fermalar, yem təsərrüfatı, avtopark və digər köməkçi sahələrdən ibarətdir. Müəssisə ABŞ-ın "BouMatic" şirkətinin ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə sistemləri, bir dəfəyə 40 baş inək tutumlu "Paralel" tipli sağım avadanlığı, soyutma sistemləri və digər avadanlıqla təchiz edilmişdir. Sahibkarlıq subyekti tərəfindən hər biri gündəlik 25 litrdən çox südvermə qabiliyyətinə malik 500 baş "Holstein Friesian" cinsindən olan inək gətirilmişdir. Hazırda sağmal heyvanların sayı 660 başa çatdırılmış, onlardan 150 bala alınmışdır. Gələcəkdə kompleksdə sağmal inəklərin sayının min başa çatdırılması nəzərdə tutulur.

Qeyd olundu ki, bir inəkdən ildə 8 min 500 litr, ümumi fermada isə gündəlik təqribən 15 ton süd sağımı proqnozlaşdırılır. İstehsal olunan süd Qəbələ süd emalı zavoduna göndərilir. Burada "Jalə" brendi ilə ağartı məhsulları istehsal olunur. Kompleks üçün Qəbələ rayonu ərazisində mövcud əkin sahələri hesabına yem təsərrüfatı yaradılmışdır. Bütün aqrotexniki normalara riayət etməklə aparılan növbəli əkin hesabına təsərrüfatda yüksək məhsuldarlığa nail olunur. Bunun nəticəsində müəssisənin yemə olan tələbatı tam ödənilir.

Diqqətə çatdırıldı ki, layihənin icrası nəticəsində 95 nəfər iş yeri ilə təmin olunmuşdur. Tətbiq olunan müasir texnologiyanın istifadəsi, cins heyvanların yemlənməsi və bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədi ilə burada çalışan mütəxəssislərin bir hissəsi Hollandiyada xüsusi kurs keçmişdir. Gələcəkdə təcrübələrinin artırılması üçün digər işçilərin də kurs və seminarlara göndərilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Qəbələ rayonuna səfəri çərçivəsində "Aspi-Aqro" MMC-nin "Aspi Winery" üzüm emalı zavodunun açılışında iştirak etmişdir. Dövlətimizin başçısına məlumat verildi ki, digər bölgələrdə olduğu kimi, Qəbələ rayonunda da sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Rayonun Qaradeyin kəndi ərazisində "Aspi-Aqro" MMC-nin "Aspi Winery" üzüm emalı zavodunun fəaliyyətə başlaması həmin tədbirlərin davamlılığından xəbər verir. Zavonun təsisçisi olan "Aspi Agro" MMC-nin əsas məqsədi respublikada geniş yayılmış və qədim tarixə malik şərabçılıq sahəsinin əvvəlki şöhrətinin bərpa edilməsi və Azərbaycan süfrəsinin dünyanın ən gözəl, yüksək keyfiyyətli üzüm növləri və şərab çeşidləri ilə təmin olunmasıdır. Müəssisə öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə və Azərbaycan şərabçılarının ənənələrinə əsaslanaraq, üzümün yetişdirilməsindən yüksək keyfiyyətli şərab və konyak məhsullarının buraxılışınadək tam bir istehsal prosesini özündə birləşdirir. "Aspi-Aqro" MMC üzümçülük tingləri istehsalı və satışı üzrə dünyanın ən qabaqcıl şirkətləri olan İtaliyanın "VİVA Cooperative Rausedo" VCR və Fransanın "GONTARD FRERES" şirkətləri ilə sıx əlaqə yaradaraq, Qəbələ rayonunda nadir iqlim şəraitinə malik, vaxtilə şərab sənayesinin çiçəkləndiyi yerdə - Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində geniş üzüm sahələri salmışdır.

Ərazinin təbii şəraiti, dəniz səviyyəsindən 400 metr yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, illik temperatur göstəriciləri və müxtəlif yerlərdən götürülmüş torpaq nümunələrinin İtaliya və Fransa şirkətlərinin laboratoriyalarında aparılmış analizləri bu yerdə yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən ərazidə əkiləcək üzüm növləri və onların kök sistemləri seçilmişdir. Seçilmiş növlər üzrə yüksək keyfiyyətli üzüm tingləri gətirilmiş və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilmişdir. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınmışdır. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir. Şirkət yerli və xarici sərgilərdə öz məhsulları ilə iştirak edir, müxtəlif medal və nominasiyalar üzrə təltif olunur. Məlumat verildi ki, Qəbələ rayonundakı üzüm emalı müəsissəsinin tikintisinə 2010-cu ilin iyul ayında başlanmışdır. Obyektin layihəçisi "Sülaco" MMC, podratçısı "Aspi-Aqro" MMC-nin müşavirlik və mühəndislik müəssisəsidir. Diqqətə çatdırıldı ki, müəssisədə ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ümummilli liderin Azərbaycanda kənd təsərrüfatının, o cümlədən üzümçülüyün inkişafındakı xidmətlərini və Prezident İlham Əliyevin müxtəlif illərdə Qəbələ rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır. Prezident İlham Əliyev müəssisəni işə saldı, istehsal prosesini izlədi.

Qeyd edildi ki, "Aspi Winery" üzüm emalı müəssisənin illik istehsal gücü 1000 tondur. Zavod İtaliyanın ən məşhur "DELLA TOFFOLA" şirkətinin avadanlığı ilə təchiz olunmuşdur. Hazırda burada 7 növ məhsul ("Chardonnary" , "Viognier", "Syrah", "Cabernet-Merlot", "Limited- Release", "Merlo-Desert", "Reasling") və konyak məhsulları, üzüm arağı "GRAPPA" da istehsal olunur. Gələcəkdə 11 növ məhsulun istehsalı planlaşdırılır. Müəssisədə şərabların təkrarolunmaz çalarlarının yaradılması üçün ən müasir texnologiyadan, İtaliyanın keyfiyyət ənənələrindən və Qəbələnin incə tamlı üzümündən istifadə olunur.

Bildirildi ki, "Savalan" şərablarını məşhurlaşdıran hər şeydən əvvəl ideal coğrafi və iqlim şəraitidir. Belə şəraitdə yetişmiş üzüm özünəməxsus xüsusiyyətlərə malik autentik şəraba çevrilir. Bu, əsrlərlə formalaşan ənənələrin və müasir şərabçılıq meyillərinin ahəngidir. Əllə yığılan üzüm və onun plantasiyanın yaxınlığında tikilmiş, müasir avadanlıqla təchiz olunmuş zavodda şərab məhsulları ən yeni mexanikləşdirilmiş texnologiyaların köməyi ilə emal edilir. Bundan başqa, şərablar İtaliyanın yüksək ixtisaslı texnoloqu Daniel Anderanın rəhbərliyi ilə istehsal olunur. Şərabın hərtərəfli yoxlanması avropalı ekspert Ermanno Murari tərəfindən həyata keçirilir. Şərablar bütün müəyyən olunmuş normalara riayət edilməklə zirzəmidə palıd çəlləklərdə saxlanılır ki, bu da ona əlavə ətir verir. İstehsal olunan şərab məhsulları Rusiyaya ixrac olunur. Şərabların gələcəkdə Ukrayna, İtaliya, İsveç kimi ölkələrə ixrac edilməsi də planlaşdırılır.

Prezident İlham Əliyev müəssisədə bütün saxlama qaydalarına cavab verən şərab anbarına baxdı. Anbarda minimum ciddi şəkildə müəyyənləşdirilmiş temperatur, rütubət və işıqlandırma, zəruri mikromühit mövcuddur. Məhsullar Fransadan və İtaliyadan alınan yüksək keyfiyyətli palıd çəlləklərdə və palıd çənlərdə saxlanılır. Məhsulun belə çəlləklərdə saxlanması bərk zərrəciklərin çəlləyin dibinə çökməsinə səbəb olur ki, onları da oradan təmizləmək asanlaşır. Bundan əlavə, palıd çəlləklərdə saxlanılan əksər şərablar sadə içkini nəfis şəraba çevirməyə qadir xüsusi ətir verir. Məlumat verildi ki burada muzey də fəaliyyət göstərir. Muzeydə "Qədim Qəbələ", "Azərbaycanda qədim şərabçılıq" və "Şərabçılığın xronolgiyası: XIX-XX əsrlər" posterləri, Qəbələdə arxeoloji qazıntılar zamanı aşkar olunan eksponatlar və elektron köşk vardır. Ümummilli lider Heydər Əliyevə, Prezident İlham Əliyevə həsr olunan, üzümçülük və şərabçılığın tarixi ilə bağlı kitablar və stendlər də nümayiş etdirilir, emal olunan məhsullar sərgilənir. Prezident İlham Əliyev muzeydə üzümçülüklə bağlı sənədli filmə baxdı. Bildirildi ki, zavodda ən müasir avadanlıqla təchiz edilən laboratoriya yaradılmışdır. İstehsal olunan məhsullar İngiltərədən alınan, MDB məkanında yalnız bu müəssisədə olan "FOSS" şirkətinin "WineScan FT" lazer analiz aparatı ilə yoxlanılır. Bu aparat kimyəvi preparatlarsız işləyir ki, bu da bir dəqiqəyə şərabın və ya üzüm şirəsinin 24 parametrini maksimal dəqiqliklə müəyyən etməyə imkan verir. Standart laboratoriyalarda bu cür analizlər iki həftədən çox vaxt aparır. Belə bir avadanlığın olması üzüm şirəsində şəkərin səviyyəsinin təyinindən tutmuş şərabın fermentasiyasının nəzarətinə qədər bütün mərhələlərdə şərabın istehsalına nəzarət etməyə imkan verir.

Məlumat verildi ki, "Aspi Winery" üzüm emalı müəssisəsi hazırda layihə gücünün 20-30-i həddində fəaliyyət göstərir. "Aspi-Aqro"ya məxsus 340 hektar üzüm sahəsində İtaliyadan gətirilən 22 şərab sortu, 14 süfrə sortu üzümləri əkilmişdir. Həmin sahədə becərmə işləri ilə 200 nəfər mövsümi işlə təmin edilmişdir. Ən başlıcası isə bu müəssisə Qəbələ rayonunda əhalinin məşğulluğunun təminatında əhəmiyyətli rol oynayacaqdır. Prezident İlham Əliyev dequstasiya otağı ilə də tanış oldu. Dövlətimizin başçısı kollektivə uğurlar arzuladı, müvafiq tapşırıq və tövsiyələrini verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Qəbələdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisi ilə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, dağlıq ərazidə yerləşən, istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaqdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. Artıq beş stansiyada quraşdırma işləri başa çatmışdır. Bir-birindən 1414 metr məsafədə və dəniz səviyyəsindən 1250 metr və 1650 metr hündürlükdə olan stansiyalarda quraşdırma işləri aparılmışdır. Prezident İlham Əliyev kanat lifti ilə kompleksin ərazini gəzdi. Bildirildi ki, hazırda inşa edilən dağ-xizək idmanı bazasının bilavasitə yaxınlığında yerləşən "Qafqaz Resort" otel kompleksi üç otel binasından, SPA mərkəzindən, əyləncə parkından ibarət olmaqla yay istirahəti üçün bütün imkanlara malikdir. Belə şəraitdə "Qafqaz Resort" otel kompleksində qış istirahət məkanının yaradılması, yəni, otelin yaxınlığında dağ-xizək idman növləri üçün kompleksin inşa edilməsi bütün fəsillərdə ekskursiya və digər fəal istirahət imkanlarının mövcudluğu ilə yanaşı, otel yaxınlığında həm də qış idman növləri ilə məşğul olmağa imkan verəcəkdir. Trassa sistemi hər bir qonağın onun üçün məqbul olan enmə zolağı, maillik və çətinlik dərəcəsini seçməsi üçün nəzərdə tutulmuşdur. Yamaclar "Everest" markalı xüsusi təyinatlı kipləşdirici qurğuların köməyi ilə möhkəmləndirilir. Dağ yamaclarının kənarı ilə və ya düzənlik sahələrdə enmə marşrutunun yaradılmasında bu texnikadan istifadə edilməsi səmərəli üsul olmaqla yanaşı, xizək sürənlərin təcrübə toplamasına xidmət edəcəkdir. İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metr təşkil edir. Dağ-xizək liftləri hava şəraiti - küləyin sürəti və istiqaməti, yamacdan enmə, həmçinin xizək sürənlərin digər trassalardan aralı hərəkət etmə imkanları nəzərə alınmaqla qonaqların seçilən ərazinin əlçatan yerlərinə ən məqbul üsullarla çatdırılması üçün nəzərdə tutulmuşdur. Bütün dağ-xizək trassasının enmə zolaqlarının süni qaryaratma generasiya sistemi ilə təchiz edilməsi qərara alınmışdır. Kompleksin ərazisində xizəklə eniş zolaqlarının qar örtüyünün təmin edilməsi məqsədilə burada 223 süni qaryatarma qurğusunun yerləşdirilməsi planlaşdırılmışdır. Bu istirahət mərkəzi gün ərzində 3 min nəfərə xidmət göstərmək imkanına malik olacaqdır. Prezident İlham Əliyevə "Golf Resort" idman və istirahət mərkəzinin layihəsi ilə bağlı da məlumat verildi. Azərbaycanda qolfun populyarlaşdırılması və bu idman növünə marağın artırılması məqsədilə ölkənin ən dilbər guşələrindən birində - Qəbələ rayonunda qolf idman meydançasının, habelə Qolf Akademiyası və klubunun yaradılması qərara alınmışdır. Layihəyə əsasən, Qəbələ rayonu ərazisindən keçən Dəmiraparan çayı ilə ətrafdakı dağ massivinin arasındakı 80 hektarlıq ərazidə qolf meydançasının, qolf klubun, otel binasının, villaların və müvafiq infrastruktur obyektlərinin inşası nəzərdə tutulur. Klassik forma və üslubda inşa ediləcək bu mərkəzdə klub üzvlərinin və qonaqların səmərəli istirahəti üçün hər cür şərait yaradılacaqdır. Prezident İlham Əliyev həm "Tufan" Dağ-xizək Yay-Qış İstirahət Kompleksinin, həm də "Golf Resort" idman və istirahət mərkəzinin tikinti işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Qəbələ rayonuna səfəri çərçivəsində tikilməkdə olan Konqres Mərkəzində inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Dövlətimizin başçısı mərkəzin planı və gələcək görüntülərini əks etdirən stendlərə baxdı.

Prezident İlham Əliyevə məlumat verildi ki, 2,8 hektar ərazidə yerləşəcək mərkəzdə 1200 yerlik ikimərtəbəli konfrans zalı fəaliyyət göstərəcəkdir. Mərkəzin ərazisində avtomobil dayanacağı da yaradılacaqdır. Mərkəzin binasında daş hörgü və beton işləri başa çatdırılmış, metal konstruksiyalar quraşdırılmışdır. Hazırda binanın damı örtülür. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bu yeni sosial obyektə gedən yol çay yatağından keçir. Buraya gediş-gəlişi asanlaşdırmaq üçün həmin çay üzərində yeni körpü salınır. Bütövlükdə, müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 10 min 200 kvadratmetr olacaq Konqres Mərkəzində yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaqdır. Prezident İlham Əliyev tikinti işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.

Digər xəbərlər