Prezident İlham Əliyevin Sərəncamından: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır"
(Əvvəli ötən sayımızda )
Bu il Azərbaycan xalqının görkəmli oğlu, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü tamam olmaqdadır. Müasir, müstəqli Azərbaycanın banisi, nəhəng dövlət xadimi Heydər Əliyevin xalqımızın əbədiyaşar Lideri kimi gördüyü mütərəqqi işləri ölkəmizin dünyada tanınmasına təkan vermişdir. Bu gün istər regionda, istərsə də beynəlxalq aləmdə Azərbaycanın adı yüksək, mötəbər məqamlarda səslənir. Eyni zamanda, ölkəmizin dinamik inkişafı Heydər Əliyev konsepsiyasının, siyasi kursunun məntiqi nəticəsidir. Məhz belə əhəmiyyətli amillərin üzərində Heydər Əliyev dühasının dayanması Azərbaycan adlı müstəqil respublikamızın qüdrətini dünyaya sərgiləyir.
Bu gün Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, Prezident İlham Əliyev apardığı uğurlu, praqmatik və məqsədyönlü siyasəti ilə ölkəmizin adını dünya tarixinə qızıl hərflərlə yazır.
"Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyinin böyük bayram kimi qeyd olunması ulu tariximizin dünyaya tanıdılması kimi yadda qaldı
2000-ci ildə Azərbaycan xalqı möhtəşəm "Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyini böyük bayram kimi təntənə ilə qeyd etdi. Söz yox ki, "Kitabi-Dədə Qorqud" eposu həm də böyük türk dünyasının bir mədəniyyət simvolu və incisidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsi üçün bir çox nəhəng işlərə imza atmışdır. Bunlardan biri də məhz "Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyinin böyük təntənə ilə qeyd olunması haqqında imzalanan Sərəncamıdır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vurğulamışdır ki, bu yubiley xalqımız üçün üçün, bütün türk dünyası üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi bir hadisədir: "Bu, bizim tarixi köklərimizə, milli ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, xalqımızın çoxəsrlik tarixinə olan hörmət, ehtiram bayramıdır. Bu, bizim milli azadlığımızın, dövlət müstəqilliyimizin bayramıdır".
"Kitabi-Dədə Qorqud" 1300 il ərzində bizim xalqlarımızın mənəvi qidası olmuşdur
Azərbaycan xalqının, bütün türkdilli xalqların böyük tarixi abidəsi olan "Kitabi-Dədə Qorqud" 1300 ildir ki, yaşayır. Əgər 1300 ildən də öncə "Kitabi-Dədə Qorqud" dastanının yaranması üçün xalqlarımızın nə qədər səylər doğurduğunu və nəhayət, bu tarixi abidəni yaratdığını nəzərə alsaq, onda təsəvvür edə bilərik ki, bizim xalqlarımızın nə qədər qədim tarixi, dərin kökləri və nə qədər zəngin mədəniyyəti vardır: "1300 il ərzində "Kitabi-Dədə Qorqud" böyük, möhtəşəm, şanlı yol keçmişdir. "Kitabi-Dədə Qorqud" bütün çətinliklərə, məhdudiyyətlərə baxmayaraq, 1300 il ərzində bizim xalqlarımıza mənəvi qida olmuş, onların yaşamasına, mübarizə aparmasına, öz milli mənliyini dərk edib, hifz etməsinə daim yardım göstərmişdir".
Yubiley ilə bağlı nitq söyləyən Ulu Öndər vurğulamışdır: "Azərbaycanda "Kitabi-Dədə Qorqud" irsinin öyrənilməsi, tədqiq edilməsi, təbliğ olunması sahəsində böyük işlər görülmüş və bunlar "Kitabi-Dədə Qorqud"u bizim xalqımıza, bütün türk dünyasına, türkdilli xalqlara tanıtmış və onun nə qədər zəngin sərvət olduğunu bütün dünyaya nümayiş etdirmişdir".
Onu da xatırladaq ki, məhz yubiley ərəfəsində Bakıda Türkdilli Dövlətlər Birliyinin VI zirvə görüşü də keçirilmişdi. Heydər Əliyev "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyindəki çıxışında bu məsələyə xüsusi önəm vermiş və qeyd etmişdir ki, Türkdilli Dövlətlər Birliyinin yaranması türk dünyasında, bizim xalqlarımızın hər birinin həyatında tarixi hadisə olmuşdur: "Türkdilli Dövlətlər Birliyinin VI Bakı zirvə görüşü öz işini uğurla sona çatdırdı. Biz bu zirvə görüşündə Türkdilli Dövlətlər Birliyi yaranan vaxtdan keçmiş 8 il ərzində gördüyümüz işləri təhlil etdik, ona nəzər saldıq və böyük nailiyyətlər əldə etdiyimizi bildirdik. Təbiidir ki, Türkdilli Dövlətlər Birliyinin yaranması türk dünyasında, bizim xalqlarımızın hər birinin həyatında tarixi hadisə olmuşdur...Bu gün biz hamımız VI zirvə görüşünü uğurla başa çatdıraraq, xalqlarımızın müştərək tarixi abidəsi olan "Kitabi-Dədə Qorqud"un yubileyinə toplaşmışıq. Bu yubileyə daha da çox əhəmiyyət verən, onun səviyyəsini qaldıran odur ki, biz onu türkdilli dövlətlərin başçıları ilə birlikdə keçiririk. Mən bu yubileydə iştirak edənlərin, bizim dəvətimizi qəbul edib Azərbaycana gələnlərin hamısına təşəkkürümü bildirirəm və onların hamısını səmimi qəlbdən salamlayıram".
"Biz fəxr edirik ki, "Kitabi-Dədə Qorqud" kimi tarixi abidəmiz vardır, fəxr edirik ki, "Kitabi-Dədə Qorqud" kimi ulu əcdadımız vardır"
Qeyd edək ki, "Kitabi-Dədə Qorqud"un yubileyinə dünyanın bir çox ölkələrindən ictimai-siyasi xadimlər, alimlər, yazıçılar qonaq gəlmişlər, Azərbaycanda keçirilən elmi konfranslarda iştirak etmişlər.
"Kitabi-Dədə Qorqud"un tədqiq, təbliğ olunmasının Azərbaycan xalqına çox böyük faydalar verdiyini deyən Ulu Öndər vurğulayıb ki, biz öz tarixi köklərimizi, milli-mədəni irsimizi bir daha dərk etməyə başladıq: "Artıq biz dərk edirik ki, Azərbaycan xalqı, bütün türkdilli xalqlar dünya sivilizasiyasına nə qədər böyük töhfələr vermişlər. Bunların içərisində "Kitabi-Dədə Qorqud"un xüsusi yeri vardır. "Kitabi-Dədə Qorqud" bizim ana kitabımızdır. Dədə Qorqud bizim ulu babamızdır, əcdadımızdır. Biz fəxr edirik ki, "Kitabi-Dədə Qorqud" kimi tarixi abidəmiz vardır, fəxr edirik ki, "Kitabi-Dədə Qorqud" kimi ulu əcdadımız vardır...Biz dövlət müstəqilliyimizi əldə edəndən, milli azadlığımıza çatandan sonra bu birliyin təmin olunması üçün böyük imkanlar əldə etmişik və bu birliyin bizim xalqlarımız üçün nə qədər əhəmiyyətli olduğunu dərk etmişik. "Kitabi-Dədə Qorqud"un birliyə çağırışı bu gün hər birimiz üçün lazımdır. Dövlət müstəqilliyi yolu ilə gedən, ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu aparan Azərbaycanda milli birlik, milli həmrəylik hər şeydən vacibdir. Bu gün biz "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyini təntənəli bayram edərək, onun bu vəsiyyətlərinə sədaqətimizi bildiririk və bəyan edirik ki, Azərbaycan xalqı müstəqillik yollarında qarşıda duran bütün ağır və çətin məsələlərin həll edilməsində daha da bir, daha da əlbir olacaqdır və daim irəliyə doğru gedəcəkdir".
Bu gün bizim hər birimiz Ulu Öndər Heydər Əliyevin dəyərli sözlərini ibrət kimi qəbul edir, Onun tövsiyyələrini həyatımızın kredosu kimi həyata keçiririk
"Kitabi-Dədə Qorqud"un həm də bir qəhrəmanlıq dastanı olduğunu deyən Heydər Əliyev hər bir azərbaycanlının "Kitabi-Dədə Qorqud"un vəsiyyətlərindən bu gün həyatında istifadə edərək, xalqımızda vətənə məhəbbət, sevgi, sədaqət, vətənpərvərlik, hisslərinin artırıldığını vurğulayıb: "Kitabi-Dədə Qorqud" insanları, xalqları sülhə, barışa dəvət edibdir. Bizim xalqımız bu gün "Kitabi-Dədə Qorqud"un bu vəsiyyətlərinə sadiqdir. Ermənistan tərəfindən Azərbaycana edilən təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal olunubdur, işğal edilmiş ərazilərdən bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan didərgin düşüb çadırlarda ağır vəziyyətdə yaşayırlar. Biz böyük zərbələr almışıq. Amma bunlara baxmayaraq, Azərbaycan xalqı yenə də bütün dünyaya öz sülhsevərlik siyasətini nümayiş etdirir. Biz Dədə Qorqud yolu ilə gedirik. Biz sülh yolu ilə gedirik. Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Biz bütün ölkələrdə, türkdilli ölkələrdə sülhün, əmin-amanlığın bərqərar olunmasını istəyirik. Beləliklə, bu gün biz yubiley günündə Dədə Qorqud vəsiyyətlərinə sədaqətimizi bir daha nümayiş etdiririk. "Kitabi-Dədə Qorqud" dastanının hələ açılmayan səhifələri, hələ bu günə qədər məlum olmayan fikirləri bundan sonra aşkar ediləcək, Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinə və bütün türk dünyasına çatdırılacaqdır. Biz bu gün böyük iftixar hissi keçiririk".
Bu gün bizim hər birimiz Ulu Öndər Heydər Əliyevin dəyərli sözlərini ibarət kimi qəbul edir, Onun tövsiyyələrini həyatımızın kredosu kimi həyata keçiririk. Çünki Onun da vurğuladığı kimi, bizim "Kitabi-Dədə Qorqud" kimi böyük tarixi abidəmiz vardır. Çünki bu gün biz sərbəstik, azadıq, müstəqilik və öz tarixi keçmişimizi, öz mənəvi dəyərlərimizi, öz mədəniyyətimizi olduğu kimi təhlil edib xalqımıza, millətimizə və gələcək nəsillərə çatdırmağa qadirik və "Kitabi-Dədə Qorqud" vəsiyyətləri bizə deyir ki, daim müstəqillik yolu ilə getmək, Azərbaycanın milli azadlığını və dövlət müstəqilliyini əbədi etmək bizim hər birimizin qarşısında duran ali məqsəddir.
(Ardı var)
RƏFİQƏ KAMALQIZI