İlham Əliyev: "Ölkəmizin inkişafı, eyni zamanda, bölgələrin inkişafından keçir"
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara müntəzəm səfərləri şəhər və kəndlərimizin ildən-ilə abadlaşmasına, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. İnsanlarla həmişə təmasda olması, regionlara səfərlər etməsi, siravi adamlarla, ziyalılarla, gənclərlə görüşləri ona öz işini səmərəli qurmaqda, nöqsanları aradan qaldırmaqda, qarşıya yeni vəzifələr qoyub həyata keçirməkdə imkanlar yaradır, hakimiyyətlə xalqın birliyini möhkəmləndirir. Qeyd etmək lazımdır ki, son doqquz ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Təkcə onu demək kifayətdir ki, ötən illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımız 3 dəfəyə yaxın artaraq, ölkənin ümumi valyuta ehtiyatları 40 milyard dolları ötübdür. Azərbaycanda baş verən iqtisadi artım genişmiqyaslı islahatlar, mühüm dövlət proqramlarının reallaşdırılması, yeni iş yerlərinin yaradılması, yoxsulluğun minimal həddə endirilməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə müşayiət olunubdur.
Bölgələr uğurla inkişaf edir, gözəlləşir və abadılaşır
Bu gün ölkəmizin bütün bölgələri sürətli inkişaf yolundadır. Ölkə Prezidentimiz bu günlərdə Qəbələdə Mədəniyyət Mərkəzinin açılışında etdiyi çıxışında vurğulayıb ki, Azərbaycanın inkişafı, eyni zamanda, bölgələrin inkişafından keçir: "Ölkəmizin inkişafı, eyni zamanda, bölgələrin inkişafından keçir və biz bu inkişafı Qəbələ rayonunun timsalında açıq-aydın görürük".
Dövlət başçısı qeyd edib ki, burada həm sosial, həm mədəniyyət, infrastruktur layihələri uğurla icra edilir: "Bir müddət bundan əvvəl biz Qəbələ Beynəlxalq Aeroportunun açılışını qeyd edirdik. O vaxt mən demişdim ki, əgər biz Qəbələdə müasir turizm obyektlərini yaratmaq istəyiriksə, mütləq beynəlxalq aeroport olmalıdır. Artıq buradan xarici ölkələrə uçuşlar təşkil edilir. Bu uçuşların sayı getdikcə artacaqdır. Qəbələ rayonunun sakinləri və ətraf rayonlarda yaşayan soydaşlarımız da bundan istifadə edirlər. Eyni zamanda, xarici qonaqlar da Qəbələyə indi rahat gələ bilirlər. Yəni, aeroportun tikilməsi, mədəniyyət ocaqlarının, otellərin yaradılması - bütün bunlar reallıqdır və bu, son illərin reallıqlarıdır".
Prezident qeyd edib ki, bu gün Qəbələ ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilib: "Bakıdan, digər yerlərdən, digər şəhərlərdən, başqa ölkələrdən buraya gələnlərin sayı getdikcə artır. Turizmin inkişafı gələcəkdə yəqin ki, Qəbələ rayonunun iqtisadi inkişafının müəyyən faizini öz üzərinə götürəcək. Qəbələ artıq dünyada çox məşhur şəhərə çevrilibdir. Qəbələ musiqi festivalları artıq gözəl ənənədir. Dünyanın aparıcı musiqi kollektivləri bu festivalda iştirak etmək üçün gəlirlər. Buraya gələn hər bir xarici qonaq öz ölkəsinə qayıtdıqdan sonra, əlbəttə ki, Qəbələ haqqında, Azərbaycan haqqında tanışlarına və dostlarına məlumat verir".
Prezident İlham Əliyev Qəbələdə olarkən regionlarla paytaxt arasında fərqin azaldığını da vurğulayıb: "Doqquz il bundan əvvəl regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi ilə o vaxtdan bu günə qədər regionlarda çox böyük işlər görülmüşdür. Regionlarla paytaxt arasındakı fərq azalır. Baxmayaraq ki, paytaxt da sürətlə inkişaf edir. Bu fərqi azaltmaq o qədər də asan məsələ deyildir. Ancaq hər bir şəhərdə yaşayış üçün normal şəraitin yaradılması bizim son illərdə apardığımız siyasətin əsas istiqaməti olmuşdur".
Ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına, iqtisadiyyatımızın güclənməsinə tərəf atılan addımlar
Dövlət başçısı İlham Əliyevin regionlara səfərləri zamanı regionların inkişafına bundan sonra da xüsusi diqqət yetiriləcəyini çıxışlarında vurğulayaraq demişdir: "Ölkəmiz hərtərəfli inkişaf edir. Biz indi ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə məşğuluq və bu sahədə də uğurlar əldə edə bilmişik. Bütün bölgələrdə canlanma, inkişaf vardır. Ən ucqar bölgələrdə, ən ucqar kənddə inkişaf vardır. Hər bir rayonun inkişafı, əslində, ölkəmizin inkişafını gücləndirir. Ölkəmizin inkişafı bölgələrin inkişafı olmadan mümkün deyildir".
Beləliklə də, dövlət başçısının bölgələrə səfərləri bir daha göstərir ki, ölkə rəhbəri İlham Əliyev regionların inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına daim diqqət göstərir, mövcud problemlərin qısa müddətdə aradan qaldırılması ilə bağlı bütün lazımi tədbirləri görür. Eyni zamanda, ardıcıl səfərlər nəzərdə tutulan planların reallaşmasına təkan verir. Bu isə, son nəticədə, ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına, iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır...
RƏFİQƏ HÜSEYNOVA