PDF Oxu

Siyasət

  • 66

Ulu Öndər, əbədiyaşar Lider Heydər Əliyevin 90 illik yubileyi xalqımız tərəfindən böyük coşqu hissi ilə qeyd olunacaq

Ulu Öndər, əbədiyaşar Lider Heydər Əliyevin 90 illik yubileyi xalqımız tərəfindən böyük coşqu hissi ilə qeyd olunacaq

Prezident İlham Əliyevin Sərəncamından: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır"

(Əvvəli ötən sayımızda )

Bu il Azərbaycan xalqının görkəmli oğlu, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü tamam olmaqdadır. Müasir, müstəqli Azərbaycanın banisi, nəhəng dövlət xadimi Heydər Əliyevin xalqımızın əbədiyaşar Lideri kimi gördüyü mütərəqqi işləri ölkəmizin dünyada tanınmasına təkan vermişdir. Bu gün istər regionda, istərsə də beynəlxalq aləmdə Azərbaycanın adı yüksək, mötəbər məqamlarda səslənir. Eyni zamanda, ölkəmizin dinamik inkişafı Heydər Əliyev konsepsiyasının, siyasi kursunun məntiqi nəticəsidir. Məhz belə əhəmiyyətli amillərin üzərində Heydər Əliyev dühasının dayanması Azərbaycan adlı müstəqil respublikamızın qüdrətini dünyaya sərgiləyir.

Bu gün Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, Prezident İlham Əliyev apardığı uğurlu, praqmatik və məqsədyönlü siyasəti ilə ölkəmizin adını dünya tarixinə qızıl hərflərlə yazır.

Heydər Əliyev və idman siyasətinin uğurlu əsasları

Azərbaycan qədim idman ənənələrinə malik ölkələrdən biridir. Ölkəmizdə tarixən idmanın müxtəlif növləri inkişaf etmişdir. Heydər Əliyev Azərbaycanda Olimpiya və idman hərəkatının genişlənməsinin təşəbbüskarı və ilhamçısı idi. 1994-cü ilin aprel ayında Ümummilli Lider Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançı və onu muşayət edən digər rəsmi şəxsləri qəbul etmişdir. Qəbulda Azərbaycan Olimpiya Hərəkatının vəziyyəti və onun inkişaf perspektivləri haqqında geniş fikir mübadiləsi aparıldı. Bu görüşdən bir neçə ay sonra Prezidentin Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradıldı. Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanının böyük tarixi əhəmiyyəti var idi. Bu mənada 1994-cü ili ölkəmizin idman həyatında dönüş ili adlandırmaq olar.

Həmin ildən müstəqil Azərbaycan dövləti idmana və bədən tərbiyəsinə sahib çıxdığını, bu sahənin dövlət siyasətində önəmli yer tutduğunu rəsmən bəyan etdi

Ulu Öndərimiz Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoydu. Bunun nəticəsi kimi idman nailiyyətlərinin qazanılması istiqamətində yaranmış müəyyən boşluqdan sonra 1994-cü ildə Azərbaycan idmançıları rəsmi beynəlxalq yarışlarda 12 qızıl, 15 gümüş və 22 bürünc medal əldə etdilər. 1995-ci ilin martından dekabrınadək Atlanta Olimpiadasına lisenziya yarışlarında iştirak edən idmançılarımızı, həmin il dekabrın 30-da Azərbaycan dövlətinin başçısı qəbul etdi. 1995-ci ildə respublika idmançıları rəsmi yarışlardan ölkəmizə 23 qızıl, 3 gümüş, 22 bürünc medal gətirdilər. Bu nailiyyətlərə Heydər Əliyev böyük əhəmiyyət vermiş, bunları təkcə idman uğurları kimi deyil, daha geniş və yüksək anlamda yanaşma nümunəsi kimi göstərib qiymətləndirmişdi: "Sizin nailiyyətləriniz, eyni zamanda, böyük siyasi xarakter daşıyır, dövlətçiliyimizin nailiyyətləri kimi qiymətləndirilməlidir. Biz bunu məhz belə də qiymətləndiririk".

O dövrün ən mühüm hadisəsi 1996-cı ildə Azərbaycanın, müstəqil dövlət kimi, ilk dəfə Olimpiya Oyunlarına qatılması idi

Ölkəmiz Atlantada Olimpiya Oyunlarına 23 idmançı ilə təmsil olundu. 197 ölkədən 10788 idmançı idmanın 26 növü üzrə 271 dəst medal uğrunda mübarizə aparırdılar. Azərbaycan olimpiya yığma komandası bu yarışlarda 1 gümüş medal qazandı. Sərbəst güləşçimiz Namiq Abdullayev müstəqil dövlətimizə ilk Olimpiya medalını bəxş etdi. 1996-cı il ərzində idmançılarımız səy və fəallıqlarını qat-qat artırmışdılar. Həmin il ayrı-ayrı idman növləri üzrə 80-dən çox turnirdə iştirak etmiş, rəsmi Avropa və dünya çempionatlarında 22 qızıl, 17 gümüş, 29 bürünc medal qazanmışdılar. 1997-ci il Azərbaycanın idman aləmi üçün xüsusilə əlamətdar olmuşdur. İlk növbədə, qeyd etmək lazımdır ki, bütün idman mütəxəssislərinin, idman təşkilatlarının gözlədiyi "Bədən tərbiyəsi və idman haqqında" qanun qüvvəyə minmişdir. Bu qanun hazırda idmanımızın inkişafının hüquqi bazasının təminatçısıdır. 1997-ci ilin ən böyük uğuru isə ölkəmizin idman tarixində özünəməxsus yer tutan Azərbaycan Milli Olimpiya Komitəsinin hesabat-seçki konfransının keçirilməsi, ən səriştəli, təşəbbüskar, bacarıqlı namizəd kimi, İlham Əliyevin Prezident olmaqla, MOK-un yeni rəhbərliyinin seçilməsi olmuşdur. Bu seçim ölkəmizdə idmanın inkişafına güclü təkan verdi. Ölkəmizin dünya Olimpiya Hərəkatına fəal şəkildə qoşulması Azərbaycanın dünya dövlətləri arasında nüfuzunun artmasında mühüm rol oynamışdır. İdmana dövlət tərəfindən davamlı diqqət və qayğı idmançı və məşqçiləri daha əzmlə və səylə işləməyə, daha mübariz olmağa və yeni nailiyyətlər əldə etməyə ruhlandırırdı. Bunun nəticəsidir ki, 1997-ci ildə onlar müxtəlif səviyyəli beynəlxalq yarışlarda 54 qızıl, 45 gümüş və 37 bürünc medal, ümumilikdə, 136 medal əldə edərək, ölkəmizin idman salnaməsinə şərəfli səhifə yazmışdılar. Bununla bərabər ölkəmizdə idman qurğularının bərpası, yeni obyektlərin tikilib istifadəyə verilməsi, Olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya, o cümlədən, zehni bacarıq və istedad tələb edən idman növlərinin də tərəqqisinə xüsusi diqqət yetirildi.1998-ci ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycanın uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında" Sərəncam hal-hazırda dünyanın ən güclü şahmatçıları ilə bir sırada mübarizə aparmağa və qələbə qazanmağa qadir idmançılar nəslinin meydanda olmasına zəmin yaratmışdır. 1998-ci ilin mühüm idman hadisələrindən biri Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında respublikamızın nümayəndə heyətinin iştirakı idi. Azərbaycan dünyanın 67 ölkəsinin cərgəsinə qatılmışdır.

2000-ci il XXVII Yay Olimpiya Oyunları - daha böyük qələbələrə doğru atılan addımlar

XXVII Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı və işlərin yüksək səviyyədə aparılması üçün Heydər Əliyev müvafiq Sərəncam imzalamışdır. Sözügedən Sərəncam ölkəmizdə Olimpiya Oyunlarına hazırlıq işinə güclü təkan verdi. Ölkəmizdə idman üçün yaradılan münbit şəraitdən faydalanan idmançı və məşqçilər 1998-ci ildə yeni yüksək idman nailiyyətlərinə imza atdılar. Həmin il idmançılarımız 60 qızıl, 45 gümüş və 63 bürünc medal qazanaraq Vətənə daha sanballı nailiyyətlər bəxş etmişdilər. 1999-cu ildə Azərbaycanın idman ictimaiyyətini yeni möhtəşəm uğurlar gözləyirdi. Həmin il bir sıra mühüm idman yarışlarının və bu sahə ilə bağlı digər tədbirlərin keçirilməsi ilə də əlamətdar oldu. Avqustun 1-dən 9-dək Bakıda keçirilən yeniyetmələr arasında boks üzrə Avropa Çempionatında Azərbaycan idmançıları yüksək nəticələr əldə etdilər. 1999-cu il idmançılarımızın əldə etdikləri nailiyyətlərin artması baxımından daha əlamətdar oldu. Həmin il dünyanın müxtəlif ölkələrində keçirilmiş 179 beynəlxalq yarışda ölkəmizin 1200 nəfər idmançısı iştirak edərək, Vətənə 166 medal, o cümlədən, 70 qızıl, 45 gümüş, 51 bürünc medal gətirdilər. 2000-ci il XXVII Yay Olimpiya Oyunlarına hazırlığın sonuncu mərhələsi idi. Olimpiya Oyunlarına hazırlıq istiqamətində bir çox beynəlxalq yarışlarda iştirak böyük əhəmiyyət daşıdığı kimi, respublikadaxili yarışların da rolu olduqca böyükdür. 2000-ci il avqustun 25-də Ümümmilli Liderimizin iştirakı ilə Azərbaycan idmançılarının Sidney Yay Olimpiya Oyunlarına yolasalma mərasimi keçirildi. Həmin mərasimdə Prezident idmançılara xeyir-duasını verdi, onlara bu yarışlarda uğurlar arzuladı. Azərbaycan idmançıları Sidney Olimpiya Oyunlarında 2 qızıl, 1 bürünc medal qazanıb, 199 ölkə arasında 34-cü yerdə qərar tutdu. Olimpiya yığma komandamızın bu möhtəşəm yarışlarda Avropa ölkələri arasında 23-cü yeri tutması idmanımızın böyük qələbəsi idi. İlin yekun nəticələrinə görə, Azərbaycan idmançıları 160 medal, o cümlədən, 53 qızıl, 38 gümüş, 69 bürünc medal əldə etmişdilər. Bu isə Azərbaycan gəncliyinin, Azərbaycan idmançılarının yeni əsrdə, yeni minillikdə daha böyük uğurlar qazanacağından xəbər verirdi. Bu uğurlar, ilk növbədə, dövlətimizin gənclər və idman siyasətinin parlaq nəticəsi kimi qiymətləndirilir.

2001-ci ildə ölkədə beynəlxalq yarışların keçirilməsi imkanlarını genişləndirmək və yaxşılaşdırmaq sahəsində yeni işlər görüldü

Həmin il idman kadrlarının hazırlanmasında tarixən müstəsna rol oynamış Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 70 illik yubiley mərasimi dövlət səviyyəsində qeyd edildi. 2001-ci ilin əlamətdar sonluğu isə Azərbaycan idmançılarının rəsmi dünya və Avropa çempionatlarında uğurla çıxış edərək, yeni uğurların əldə olunması oldu. Həmin il Azərbaycan atletləri idman tariximizə 54 qızıl, 45 gümüş və 74 bürünc medal yazdılar. İdmana dövlət tərəfindən göstərilən diqqət və qayğı çərçivəsində həyata keçirilən işlər son illərdə, komanda idman növlərində uğur əldə etməyin mümkün olduğunu göstərdi. İlk dəfə olaraq Bakıda keçirilən Avropa Top Komandaları kubokunun final yarışlarında komanda idman növlərində Azərbaycanın qadın voleybolçuları Avropa miqyasında böyük uğur əldə etdilər. Avropa qadın voleybol komandaları arasında Top komanda kubokunu Bakıda qızlar qazandılar. Həndbol üzrə qadınlardan ibarət yığmamız may ayında paytaxtımızda təşkil olunmuş "Cheleng-Troffi" Kuboku uğrunda yarışlarda parlaq qələbə nümayiş etdirmişdir. Həndbolçularımız ölkəmizə Avropa kubokunu qazandırmışdılar. Otüstü xokkey üzrə qadınlardan ibarət yığma komandamız iyul ayında Litvanın Şaulyay şəhərində Avropa çempionatının seçmə oyunlarının gümüş mükafatçısı olmuşdur. Beynəlxalq idman qurumlarının ölkəmizə olan inam və hörmətinin əlaməti olaraq, 2002-ci ildə Azərbaycan növbəti mötəbər beynəlxalq idman tədbirinin məkanına çevrildi. Həmin ilin mayında Bakıda sərbəst güləş üzrə 45-ci Avropa çempionatı keçirildi. Həm qızıl, həm gümüş, həm də bürünc medal qazanan pəhləvanlarımız bu idman bayramını idmansevərlərimiz üçün ikiqat bayrama çevirdilər. 12-24 may tarixlərində Bakı şəhərində Yeniyetmələrin III Respublika Oyunları keçirilmişdir. Oyunların final mərhələsində 66 komandada birləşən 5000-dən artıq yeniyetmə iştirak etmişdir. Bu isə öz bəhrəsini 14-24 iyun tarixlərində Moskvada MDB, Baltikyani ölkələr və Rusiya regionları yeniyetmələrinin Beynəlxalq İdman Oyunlarında göstərmişdir. Azərbaycan idmançılarının bu məsuliyyətli yarışda 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq 15 MDB dövləti arasında ümumkomanda hesabında 7-ci yeri tutması çox fərəhli olmuş və idman ictimaiyyətimizi ürəkdən sevindirmişdir. İdmanın maddi-texniki bazasını inkişaf etdirməyi qarşısına məqsəd qoymuş Milli Olimpiya Komitəsi ölkənin qədim, mədəni, ictimai və siyasi mərkəzlərindən olan Naxçıvan şəhərində də idman kompleksinin inşasını, Muxtar Respublikanın blokada şəraitində olmasına baxmayaraq, qısa müddətdə başa çatdırdı. 2002-ci il oktyabrın 11-də, Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 10 illik yubileyi böyük təntənə ilə qeyd edildi. Ümummilli Lider Heydər Əliyev 2001-ci ilin sonunda Milli Olimpiya Komitəsinin onillik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında Sərəncam imzalamışdır. Sərəncam ölkə ictimaiyyəti tərəfindən fərəh və iftixar hissi ilə qarşılanmışdır. Bu da təsadüfi deyildi. Son 5 ildə komitənin gördüyü işlər təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurmuşdu. Komitənin 5 illik zaman kəsiyindəki fəaliyyəti miqyasının genişliyi, keyfiyyəti, Olimpiya Hərəkatının və idmanın inkişafındakı rolu ilə seçilir, nəzər-diqqəti cəlb edirdi.

(Ardı var)

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər