Prezident İlham Əliyev Azərbaycanı dünyanın aparıcı idman ölkəsinə çevrilməsini təmin edib
Dünya idman ailəsində ən yüksək statuslu mövqeyə malik olması respublikamızın iqtisadi və siyasi qüdrətinin artması fonunda baş verir
"Dövlət siyasətinin nəticəsidir ki, bu gün biz Azərbaycanı dünya birliyinə idman dövləti kimi təqdim edə bilirik".
Prezident İlham Əliyev
Giriş: 2012-ci ili yüksək nailiyyətlərlə başa vuran Azərbaycan Respublikası yeni mərhələyə qədəm qoyur. İnkişafının keyfiyyətcə daha yeni bir mərhələsinə adlayan dövlətimizin bu il ərzində də uğurlar qazanacağı heç kəsdə şübhə doğurmur. Xüsusilə də, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının icrasının ilk ilinin 2013-cü il olduğunu nəzərə alsaq, cəmiyyətimizin sosial-iqtisadi və ictimai-siyasi konteksdə daha da irəliləyəcəyini əminliklə söyləmək olar. Həmçinin, sosiumun keyfiyyətcə yeni dəyərlər qazanması, hakimiyyətlə vətəndaşlar arasında konstruktiv dialoqun qurulması, insanlarda hakim elitaya münasibətdə möhkəm inamın formalaşması sözügedən uğurların davamlı olacağına da əminlik yaradır. Əlbəttə ki, perspektiv inkişafın konstant apriorunu təşkil edən, sosial-iqtisadi və siyasi təməl rolunu oynayan bu günə qədər əldə olunmuş nailiyyətlər son 10 ilin (2003-2013) uğurlarıdır. Təbii ki, 1993-2003-cü illərin nailiyyətləri Azərbaycanın inkişafı üçün möhkəm dayaqlar formaşlaşdırıb, cəmiyyətin intellektual və kreativ enerjisini ölkənin inkişafı üçün səfərbər edib, sosiumda hakimiyyətə münasibətdə qəti fikir yaradıb. Bu uğurların formalaşdırdığı özül üzərində start götürən sosio-mədəni, eyni zamanda, sosial-iqtisadi modernləşmə siyasəti isə Prezident İlham Əliyevin ölkənin başçısı seçilməsindən sonra reallaşdırılmağa başlanıb. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və rəqabətədavamlı iqtisadiyyata malikdir, beynəlxalq reytinqlərin hesabatlarında müsbət mənada daim öncül sırada dayanır. Bütün bunlara da son 10 il ərzində nail olunub. Ona görə də, 2003-2013-cü illəri müasir Azərbaycan tarixinin növbəti "qızıl onilliyi" adlandırırıq. "Qızıl onillik" çərçivəsində Azərbaycanın idman ölkəsi kimi inkişafından yazırıq...
10 ilə yaxındır ki, martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Güclü idmançıları ilə dünya arenasında özünün layiqli yerinin möhkəmləndirən respublikamızda idmanın bütün növlərinə olan diqqət və qayğı Azərbaycanın idman ölkəsi olmasını şərtləndirməkdədir. Son illər bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlinin qoyulması, idmanın kütləviliyi ilə bağlı davamlı tədbirlərin həyata keçirilməsi ölkəmizdə idman sektorunun mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Milli Olimpiya Komitəsinin sədri, Prezident İlham Əliyevin birbaşa diqqətində olan idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi idman sektorunun ildən-ilə keyfiyyət dəyişikliklərinə məruz qalmasına və Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsinə dərin zəmin yaradıb.
Azərbaycanın dünya idman ailəsində ən yüksək statuslu mövqeyə malik olması respublikamızın iqtisadi və siyasi qüdrətinin artması fonunda baş verir. Eyni zamanda, Azərbaycan ən mötəbər idman yarışlarında, olimpiya oyunlarında uğurlu nəticələr əldə etməklə həm də sivilizasiyalararası dialoqun vacib atributu kimi çıxış edir. Bu möhtəşəm yarışlar milliyyətindən, irqindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, milyonlarla insanı bir araya gətirən, onlar arasında sivil dialoq yaradan unikal mədəniyyət hadisəsi sayılır və Azərbaycan bu tədbirlərdə iştirak etməklə, həm də, dünya miqyasında özünütəsdiq imkanı qazanır.
İdman sahəsində nailiyyətlərin başlıca amili kimi cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri seçilməsini xüsusi qeyd etmək olar. Bu hadisə ölkə idmanın inkişafında keyfiyyətcə yeni mərhələnin başlancığına çevrildi. İdman sahəsində, yüksək mütəşəkkillik təmin edildi, respublikada idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlər planı işlənib hazırlandı. Məhz bunun nəticəsidir ki, MOK prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər sayəsində ölkə idmançıları davamlı uğurlara imza atdılar. 2000-ci ildə ikinci dəfə iştirak etdikləri Sidney olimpiya oyunlarında iki qızıl və bir bürüc medal qazandılar. Həmin il Azərbaycan bədən tərbiyəsi və idman hərəkatı tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün müstəqil Azərbaycan dövləti Olimpiya oyunlarında özünün ilk qızıl medalını qazandı. XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan 199 ölkə arasında 34-cü yeri tutmaqla, idman ölkəsinə çevrildiyini bir daha nümayiş etdirdi. Respublika idmançılarının Sidneydəki uğurları beynəlxalq arenada da böyük maraqla qarşılanmışdı. Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq qurumun 2000-ci il noyabrın 16-dan 19-a kimi Polşanın paytaxtı Varşava şəhərində keçirilən XXIX Baş Assambleyasında olimpiya hərəkatında fəal mövqe tutan ölkələr sırasında Azərbaycanın da adını çəkildi. MOK prezidenti İlham Əliyevin 2003-cü ildə xalqın siyasi idarəsi ilə dövlət başçısı seçilməsindən sonra ölkədə idman və olimpiya hərəkatında keyfiyyətcə yeni mərhələ başlandı. 2004-cü ildə ölkədə bədən tərbiyəsi və idmanın sistemli inkişafını, bu sahənin hüquqi, iqtisadi, sosial bazasının möhkəmləndirilməsini təmin edəcək "Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafı üzrə Dövlət Proqramı" təsdiqləndi. Ölkə idmançıları 2004-cü ildə Yunanıstanın paytaxtı Afinada keçirilən XXVIII Yay Olimpiya oyunlarında daha parlaq nəticələrə imza atdılar. Bu olimpiya oyunlarına qədər Dünya və Avropa çempionatlarında uğur qazanan idmançılarımız "Afina-2004-ə" 12 idman növü üzrə 38 lisenziya əldə etmişdilər. İlk dəfə olaraq Azərbaycanın bədii gimnastları və taekvondoçuları da XXVIII Olimpiya Oyunlarında respublikamızın idman şərəfini qorumaq hüququ əldə etdilər.
Azərbaycan idmançıları 2008-ci ildə Pekində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarında da inamla çıxış etdilər. 2008-ci il avqustun 11-i Azərbaycanın idman tarixində daha bir əlamətdar gün oldu - cüdoçu Elnur Məmmədli Pekin Olimpiadasında Azərbaycana ilk qızıl medalı qazandırdı. Yunan-Roma güləşində yarışan Rövşən Bayramov və Vitali Rəhimov isə komandamıza iki gümüş medal qazandırdılar. Pekin Olimpiadasının altıncı günündə azərbaycanlı cüdoçu Mövlud Mirəliyev respublikamıza bürünc medal qazandırdı. Bu, idmançılarımızın Pekində qazandığı sayca dördüncü medal idi. Mariya Stadnik isə bürünc medalın sahibi oldu. Azərbaycan idmançıları Pekində 7 medal qazanaraq komanda hesabında 39-cu yeri tutdular.
2012-ci ildə London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunları isə Azərbaycan üçün kifayət qədər mühüm göstəricilərlə yadda qaldı. Respublikamız bu olimpiadada 2 qızıl, 2 gümüş, 6 bürünc medalla 79 ölkə arasında 30-cu yerdə oldu. Ölkəmizin idmançıları London Olimpiadasında rekord sayda-10 medal qazanmaqla Azərbaycanın dünya Olimpiya hərəkatındakı lider mövqeyini bir qədər də möhkəmləndirdilər. Ümumiyyətlə, 2012-ci il Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və idman həyatında bir sıra mühüm hadisələrlə yadda qaldı. 2012-ci ilin ölkəmizdə "İdman İli" elan olunması və məhz bu tarixi dövrdə respublikamızın idman sahəsində ən yüksək nailiyyətlərə imza atmasını qeyd etmək olar. "İdman ili" həqiqətən Azərbaycanın tarixində yeni bir səhifənin açılması, idman sektorunda yeni mərhələnin başlanğıc ili kimi yadda qaldı. Dünya və Avropa çempionatlarında, rəsmi beynəlxalq yarışlarda, ən nəhayət, London Olimpiadasında respublikamızın yüksək göstəricilər qazanması 2012-ci ilin "İdman ili" kimi təsadüfü seçilmədiyini təsdiq etdi.
Respublikamızın London zəfərinə dünya idman ictimaiyyətinin, beynəlxalq idman strukturlarının nüfuzlu xadimlərinin, məşhur məşqçi və olimpiya çempionlarının mövqeyi birmənalı oldu: Azərbaycanda idman çox yüksək inkişaf edib, azərbaycanlı idmançıları fızıki hazırlığına görə, güclü və rəqibinə aman verməyən, döyüşü qələbə əzmi ilə başa vurmağı bacaran peşəkarlardır.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jaq Roqqenin fikri isə daha konkret, lakonikdir: "Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək olmalıdır. Bu sahədə həyata keçirilən siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda idmanla məşğul olmaq böyük bir amilə çevrilib".
Təbii ki, Azərbaycanın idman ölkəsi kimi şöhrətinin artması beynəlxalq idman təşkilatlarının diqqətindən kənarda qala bilməzdi. Respublikamızdakı möhkəm sabitlik, güclü sosial- iqtisadi dinamizm, idman arxitekturası üçün əlverişli mühit ali idman təşkilatlarının diqqətindən yayınmadı və dünya çempionatları və beynəlxalq turnirlərdə yüksək təşkilatçılığına, müasir idman komplekslərinin əlverişli vəziyyətinə görə, seçilən Azərbaycana dünyanın ən nəhəng olimpiya yarışı - Avropa Olimpiya Oyunlarının keçirilməsi etibar edildi. Avropa Olimpiya Komitəsi ilk Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi barədə qərar qəbul etdi.
Avropa Olimpiya Komitəsinin bu tarixi qərarını dünya olimpiya hərəkatının liderlərindən biri kimi ölkəmizə verilən yüksək qiymətin təzahürü saymaq olar. Komitə bu cür beynəlxalq tədbirin keçirilməsində bir neçə mühüm ictimai-sosial faktorları nəzərə alır. İlk növbədə, Olimpiya Oyunlarının keçiriləcəyi ölkənin siyasi sabitlik göstəriciləri, sosial infrastrukturunun vəziyyəti, iqtisadi imkanları və idman infrastrukturu Avropanın ali olimpiya qurumunun başlıca önəm verdiyi əsas məsələlərdəndir.
İdmanın inkişafı, Olimpiya hərəkatının geniş vüsət almasını ölkənin ümumi inkişafının bir göstərici fonunda da dəyərləndirmək lazımdır. Azərbaycan artıq dünyada zəngin neft-qaz ölkəsi kimi deyil, həm də sivilizasiyalararası dialoqa mühüm töhfə verən, beynəlxalq humanitar forumlara ev sahibliyi edən, tolerantlığın mərkəzinə çevrilən ölkə statusunda qəbul olunur. Respublikamız regionda sabitləşdirici faktor rolunda çıxış edərək, bölgəninin təhlükəsizlik seqmentlərini formalaşdırır. İqtisadi və sosial həyatın bütün sahələrindəki dinamika, modernləşdirmə epoxiyası, yüksək sivilizasiya ənənələrinin formalaşması və inkişafı, humantiar aksiyaların, forumların, idman yarışlarının ənənə halını alması ölkəmizin hərtərəfli, dünya sivilizasiyasına mühüm töhfə verdiyini göstərir.
"Səs" Analitik Qrupu