Martın 12-də Azərbaycan Respublikasının Prezidenti Monteneqro Respublikasına rəsmi səfərə gəlib. Podqoritsa Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu. Hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Monteneqro Prezidenti Filip Vuyanoviç qarşıladı. Hərbi orkestrin ifasında Azərbaycanın və Monteneqronun dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Monteneqronun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Monteneqro Prezidenti Filip Vuyanoviçə təqdim olundu. Dünən Monteneqroya rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev "Villa Qoritsa" Dövlət İqamətgahında parlamentin sədri Ranko Krivokapiç ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Bu səfərin Azərbaycan ilə Monteneqro arasında gələcək əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulandı. Parlamentlərarası əlaqələrin, həmçinin dostluq qruplarının ikitərəfli münasibətlərin inkişafındakı rolu qeyd edildi. Həmçinin, görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı üçün yaxşı imkanların olduğu bildirildi. Monteneqro Respublikasında rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də bu ölkənin Baş naziri Milo Dukanoviç ilə görüşüb. Görüşdə Azərbaycan ilə Monteneqro arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu bildirildi. Azərbaycan Prezidenti İlham Əliyevin bu səfərinin iqtisadi əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd edildi. Azərbaycanın Monteneqroya investisiya yatırmasının önəmi diqqətə çatdırıldı.
Monteneqro ilə Azərbaycan arasında turizm, infrastruktur, nəqliyyat, bank sistemi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunun bildirildiyi görüşdə iqtisadi əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu. Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də Monteneqronun Baş naziri Milo Dukanoviç ilə görüşdən sonra bu ölkədə Azərbaycan tərəfindən həyata keçiriləcək layihələrlə tanış olub. Podqoritsa şəhərinin meri Mujomir Muqoşa Azərbaycan dövlətinin başçısına məlumat verdi ki, Monteneqroda fəaliyyət göstərən "AzMont" Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzi və Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi şəhərin mərkəzi küçələrindən birinə "Bakı" adının verilməsi barədə Podqoritsa şəhər meriyası qarşısında məsələ qaldırmışdır. Bu məsələ ilə bağlı Monteneqro Hökuməti, Mədəniyyət, Xarici İşlər və Avropaya İnteqrasiya nazirlikləri, Podqoritsa meriyası və şəhər parlamentinin üzvləri ilə aparılmış müzakirələr nəticəsində şəhər parlamenti 2013-cü il fevralın 12-də paytaxtın mərkəzi küçələrindən birinə "Bakı" adının verilməsinə dair müvafiq qərar qəbul etmişdir. Qərara əsasən, Podqoritsanın Mihail Lalic Bulvarından Sdutentska küçəsinə uzanan Meşe Selimoviç küçəsinin davamı olan küçəyə "Bakı" adı verilmişdir. Hazırda küçədə təmir işləri aparılır və "Bakı" sözü yazılmış lövhələr quraşdırılır.
Bundan başqa, Azərbaycan xalqının görkəmli şairi və dramaturqu Hüseyn Cavidin xatirəsinin Avropa ölkəsində əbədiləşdirilməsinin vacibliyini nəzərə alaraq, "AzMont" Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzi və Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi Podqoritsa şəhərində böyük ədibin büstünün ucaldılması təşəbbüsü ilə çıxış etmişdir. Monteneqro Hökuməti, Mədəniyyət, Xarici İşlər və Avropaya İnteqrasiya nazirlikləri, Podqoritsa meriyası və şəhər parlamentinin üzvləri ilə aparılmış müzakirələr nəticəsində 2012-ci il dekabrın 26-da şəhər parlamentində paytaxtın "Kral parkı"nda dahi Azərbaycan ədibi Hüseyn Cavidin büstünün qoyulmasına dair mütləq səs çoxluğu ilə qərar qəbul olunmuşdur. "Kral parkı" şəhərin mərkəzində - Prezident Administrasiyasının, Parlamentin, Nazirlər Kabinetinin və Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin binalarının yaxınlığında yerləşir. Layihəyə əsasən, parkda Hüseyn Cavidin büstünün qoyulması, giriş qapısında Azərbaycan və Monteneqro gerblərinin vurulması, xalqımızın milli memarlıq üslubundan geniş istifadə olunması nəzərdə tutulur. Podqoritsa şəhər parlamentinin 2013-cü il fevralın 12-də qəbul edilmiş qərarına əsasən, Hüseyn Cavidin bürüncdən büstü hündürlüyü 1,6 metr olan ağ mərmər postamentin üzərində qoyulacaqdır. martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin Çetinye şəhərindəki Prezident iqamətgahında təkbətək görüşü olub. Prezidentlər rəsmi foto çəkdirdilər. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edildi. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmli olduğunun vurğulandığı görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin bu səfərinin əlaqələrimizin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminlik bildirildi. Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinin vurğulandığı görüşdə beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Monteneqro arasında dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə olundu, ölkələrimizdə həyata keçiriləcək birgə iqtisadi layihələrin əhəmiyyəti qeyd edildi. Azərbaycanın Monteneqroda müxtəlif istiqamətlər üzrə birgə iqtisadi layihələrin reallaşdırılması perspektivləri baxımından bu səfərin önəmi vurğulandı. Ölkəmizin Monteneqroya investisiya qoyuluşunun iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi. Energetika, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığımızın yaxşı potensialı olduğunun vurğulandığı görüşdə əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminlik bildirildi. martın 12-də Prezident İlham Əliyevin və Prezident Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Monteneqro-Azərbaycan sənədlərinin imzalanma mərasimi olub. "Azərbaycan Respublikası və Monteneqro Hökuməti arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqıda Bəyannamə"ni Azərbaycan Prezidenti İlham Əliyev və Monteneqro Prezidenti Filip Vuyanoviç imzaladılar. "Azərbaycan Respublikası və Monteneqro Hökuməti arasında beynəlxalq kombinə edilmiş daşımalar haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Monteneqronun Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri İqor Lukşiç imzaladılar. "Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Monteneqro İnsan Resurslarının İdarə Edilməsi üzrə İdarəsi arasında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Monteneqronun Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri İqor Lukşiç imzaladılar. "Azərbaycan Respublikası və Monteneqro Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya"nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Monteneqronun maliyyə naziri Radoye Juqiç imzaladılar.