Almaniyanın "Frankfurter Allgemeine Sonntagszeitung" həftəlik qəzetində "Kürü həmişə var" sərlövhəli məqalə dərc olunmuşdur.
Məqalədə müəllif Andreas Lesti ölkəmizin inkişafı haqqında geniş məlumat vermişdir. O, Bakı şəhərinin Xəzər dənizinə açılan heyrətamiz mənzərəsini xüsusi qeyd etmiş və Heydər Əliyev Mərkəzinin, "Alov qüllələri" binasının, Dənizkənarı Milli Parkın və "Baku Crystal Hall"un paytaxtımıza əlavə gözəllik verdiyini diqqətə çatdırmışdır.
Müəllif, eyni zamanda, Kanadanın otellər şəbəkəsi olan "Four Seasons"ın dünyanın müxtəlif yerlərindəki 92 mehmanxanasından birinin də Bakıda yerləşdiyi barədə məlumat vermişdir. Yazıda yenicə tikilmiş və üç ay əvvəl istifadəyə verilmiş "Four Seasons" otelinin klassik memarlıq üslubunda inşa olunmuş binasından xüsusilə bəhs edilmişdir.
A.Lesti Azərbaycanın Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini bərpa etdiyini və neft-qaz gəlirləri hesabına milli gəlirini 12 dəfə artırdığını vurğulamışdır. Bununla yanaşı, o, Bakının XXI yüzillikdə Qərb ilə Şərq arasında, Balkan və keçmiş Sovet İttifaqı ölkələri arasında dinamik hərəkətliliyi ilə seçildiyini bildirmişdir. Eyni zamanda, müəllif Bakının İstanbul ilə eyni coğrafi uzunluqda, Tehran ilə eyni coğrafi paralellərdə yerləşdiyini vurğulayaraq bu sintezin Qafqaz dağları, neft kəmərləri, "Eurovision" mahnı müsabiqəsi və ağ balıq kürüsü ilə tamamlandığını xüsusilə qeyd etmişdir.
Bakının ekzotik görünüşünə görə Milan, Barselona və Parislə müqayisə oluna biləcəyinin bildirildiyi yazıda İçərişəhərin təsvirinə də xüsusi yer verilmişdir.
Məqalənin sərlövhəsi avstriyalı yazıçı Yohannes Mario Zimmelin 1960-cı ildə çapdan çıxmış "Kürü həmişə olmur" kitabının adından qaynaqlanır. Müəllif Bakıda olduğu zaman "Four Seasons" otelində qatıldığı bir ziyafətdə qonaqlara böyük miqdarda qara kürünün verilməsindən təsirlənərək məqaləsini məhz belə adlandırmışdır.
AzərTAc