Martın 18-də Bakıda "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda Beynəlxalq konfrans işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib. BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov Azərbaycanın beynəlxalq müstəvidə oynadığı rola, dünyada təhlükəsizliyə verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev konfransda nitq söylədi. Dövlətimizin başçısı terrorizmə qarşı mübarizənin həmişə aktual olduğunu bildirərək dedi ki, Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdən biridir. Ölkəmizin dəfələrlə ermənilərin terror aktlarına məruz qaldığını, həmin hadisələr zamanı iki minə yaxın vətəndaşımızın qətlə yetirildiyini, minlərlə insanın xəsarət aldığını deyən Prezident İlham Əliyev erməni terrorizminin hər zaman təcavüzkar separatçılıqla müşayiət olunduğunu və bunun Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi ilə nəticələndiyini diqqətə çatdırdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri barədə danışan dövlətimizin başçısı bu münaqişənin beynəlxalq və regional təhlükəsizliyə böyük təhdid olduğunu vurğuladı, beynəlxalq qurumlar və təşkilatların bununla bağlı qəbul etdiyi qərarların kağız üzərində qaldığını bildirdi. Azərbaycanın münaqişənin sülh yolu ilə həll edilməsi üçün səylərini davam etdirdiyini qeyd edən Prezident İlham Əliyev Ermənistanın bu məsələdə "status-kvo"nu qoruyub saxlamağa çalışdığını diqqətə çatdırdı.
Prezident İlham Əliyev konfrans iştirakçılarına XX əsrin ən faciəli hadisələrindən olan Xocalı soyqırımı haqqında danışdı, bu gün 4 ölkənin parlamentinin bu faciəni soyqırımı kimi tanıdığını, bu istiqamətdə digər ölkələrdə də iş aparıldığını söylədi. Azərbaycan dövlətinin başçısı ölkəmizin terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini birləşdirmək zərurətindən də danışdı.
Prezident İlham Əliyev Azərbaycanın terrorizmə qarşı mübarizənin daim diqqət mərkəzində saxlanılması üçün əlindən gələni etdiyini və 50-dən artıq ölkənin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin və ekspertlərin iştirak etdiyi bugünkü konfransın Bakıda keçirilməsinin də Azərbaycanın bu mövzuya verdiyi əhəmiyyətin daha bir təsdiqi olduğunu bildirdi, ötən ilin may ayında ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyini zaman respublikamızın bu məsələni diqqətdə saxladığını vurğuladı. Terrorizmin ölkələrin tərəqqisinə ən böyük maneə olduğunu söyləyən dövlətimizin başçısı ilk növbədə onun yaranma səbəbləri və inkişafının qarşısının alınması vacibliyinə toxundu: "Azərbaycan terrorçuluğa qarşı mübarizəyə fəal şəkildə töhfə verir. Biz qəti şəkildə hesab edirik ki, beynəlxalq ictimaiyyət əvvəlcə beynəlxalq terrorçuluğun aydın tərifini verməlidir. Azərbaycan öz siyasi addımları və praktiki fəaliyyəti ilə terrorçuluğa qarşı aparılan qlobal mübarizəyə fəal şəkildə töhfə verməyə çalışır. Qəti surətdə inanırıq ki, beynəlxalq ictimaiyyətin bütün səylərinin birləşdirilməsi sayəsində biz bu mübarizədə qələbə qazana bilərik. Səbəblərindən asılı olmayaraq, terrorçuluğa haqq qazandırılması haqqında söhbət belə gedə bilməz. Terror aktlarının kimə qarşı törədilməsindən asılı olmayaraq, terror təşkilatları arasında fərq qoyulmamalıdır. Buna görə, hesab edirəm ki, səylərin geniş şəkildə birləşdirilməsi və terrorçuluğa qarşı hərtərəfli əməkdaşlığın aparılması bu mübarizədə bizə yardımçı olacaq və uğurumuzu təmin edəcəkdir. Düşünürəm ki, bu gün keçirilən konfransda müzakirə edilən mövzulardan biri terrorçuluğa qarşı mübarizənin aparılmasında beynəlxalq ictimaiyyətin hansı şəkildə daha səmərəli fəaliyyət göstərməsi ilə bağlı olacaqdır. Çünki tarixdən və müasir dövrdən bilirik ki, istənilən bir ölkə nə qədər güclü müdafiə olunsa belə, təkbaşına terrorçuluğa qarşı təsirli mübarizə apara və terror aktlarından 100 faiz sığortalana bilməz."
Bəzi hallarda terrorizmi islamla bağlamaq cəhdlərinin, islamofobiya meyillərinin narahatlıq doğurduğunu deyən Prezident İlham Əliyev bunun dünyada milyonlarla insanın hisslərinə toxunduğunu və bu meyillərin qəbuledilməz olduğunu qeyd etdi.
Ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dinc və dostluq şəraitində yaşadığını diqqətə çatdıran dövlətimizin başçısı Azərbaycanda mövcud olan multikulturalizmin alternativi olmadığını dedi. Terrorizmə qarşı mübarizədə təhsilin roluna toxunan Prezident İlham Əliyev ölkəmizdə təhsil məsələlərinə böyük diqqət yetirildiyini, savadlılığın səviyyəsinin 100 faiz təşkil etdiyini, informasiya-kommunikasiya texnologiyalarına böyük sərmayələrin yatırıldığını, ölkəmizdə kosmos sənayesinin inkişaf etdiyini bildirdi. "Yoxsulluğun azaldılması da terrorçuluqla mübarizədə vacib amillərdən biridir", - deyən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan bu sahədə də böyük uğurlara nail olmuşdur. On il ərzində yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə enmişdir, növbəti illərdə yoxsulluğun sosial amil kimi tamamilə öz həllini tapacağı gözlənilir. Bu məsələlərin həlli hər bir ölkə üçün vacibdir, çünki bu amillərdən terrorizmə qarşı mübarizədə əsas vasitələr kimi istifadə oluna bilər.
Prezident İlham Əliyev bir daha konfransın işinə uğurlar arzuladı. BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov BMT-nin baş katibi Pan Gi Munun konfrans iştirakçılarına müraciətini çatdırdı. Müraciətdə Azərbaycanın mühüm toplantıya ev sahibliyi etməsi ilə bağlı minnətdarlıq ifadə olunmuşdur. "Bizim ən böyük silahımız səfərbərliyimizdir", - deyən Yuri Fedotov bu konfransın terrorizmə qarşı mübarizə yolları, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsini müzakirə etmək üçün əla fürsət olduğunu söylədi. O, konfransa ev sahibliyi edən Azərbaycanın nümayiş etdirdiyi qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl Tüveycri də konfransın Azərbaycan Prezidentinin dəstəyi sayəsində ərsəyə gəldiyini söylədi və buna görə də dövlətimizin başçısına minnətdarlığını bildirdi. "İslam dini məsum insanların öldürülməsini böyük günah sayır. Ona görə də terrorizm hər hansı dinə məxsus deyildir. Bu, cinayətdir", - deyən İSESCO-nun baş direktoru ümumi hədəfin daha sağlam əməkdaşlığın qurulmasından ibarət olduğunu , əsas səylərin təhsil, elm və mədəniyyətə yönəldilməsinin vacibliyini vurğuladı. Əbdüləziz Osman əl Tüveycri əmin-amanlığın və tolerantlığın mövcud olduğu Bakı şəhərində keçirilən konfransın işinə uğurlar arzuladı.