Prezident İlham Əliyevin Sərəncamından: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır"
(Əvvəli ötən sayımızda )
Bu il Azərbaycan xalqının görkəmli oğlu, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü tamam olmaqdadır. Müasir, müstəqli Azərbaycanın banisi, nəhəng dövlət xadimi Heydər Əliyevin xalqımızın əbədiyaşar Lideri kimi gördüyü mütərəqqi işləri ölkəmizin dünyada tanınmasına təkan vermişdir. Bu gün istər regionda, istərsə də beynəlxalq aləmdə Azərbaycanın adı yüksək, mötəbər məqamlarda səslənir. Eyni zamanda, ölkəmizin dinamik inkişafı Heydər Əliyev konsepsiyasının, siyasi kursunun məntiqi nəticəsidir. Məhz belə əhəmiyyətli amillərin üzərində Heydər Əliyev dühasının dayanması Azərbaycan adlı müstəqil respublikamızın qüdrətini dünyaya sərgiləyir.
Bu gün Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, Prezident İlham Əliyev apardığı uğurlu, praqmatik və məqsədyönlü siyasəti ilə ölkəmizin adını dünya tarixinə qızıl hərflərlə yazır.
Azərbaycan səhiyyəsinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu
Yetmiş ildən artıq bir müddətdə Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması birbaşa inzibatçılıqla həyata keçirilmiş, iqtisadi tənzimləyicilər isə əslində olmamışdır. Səhiyyə sisteminin maliyyələşdirilməsi kəmiyyət göstəricilərinə, ilk növbədə, çarpayı fonduna, tibb işçiləri və əczaçıların sayına, digər subyektiv göstəricilərə əsaslanırdı. Tibb müəssisələri, xüsusən də, müalicə-profilaktika və sanitariya-epidemioloji müəssisələr vahid ümumittifaq normativlərinə əsaslanır, respublikanın, onun bölgələrinin, hər bir inzibati ərazinin spesifik xüsusiyyətləri, onların faktik infrastrukturu, endemikliyi, ölkə patologiyasının olması, ətraf mühitin, sanitariya abadlığının vəziyyəti və s. nəzərə alınmırdı. İdarəetmənin inzibati metodlarının amirliyi və keyfiyyət göstəriciləri əsasında dövlət maliyyələşdirməsi sahənin ekstensiv inkişafına gətirib çıxarmışdı. Səhiyyəyə ayrılan cüzi miqdarda vəsait yeni obyektlərin tikilib istifadəyə verilməsinə, resurs təminatı, yeni texnika və texnologiya ilə təchiz edilmə, kadrların ixtisasının artırılması əvəzinə, hazırlanan tibb kadrları sayının artırılmasına yönəldilirdi. Bəyan etdiyi humanist prinsiplərə baxmayaraq, əslində, sistem insana subyekt kimi deyil, həkimi və ya tibb müəssisəsini sərbəst surətdə seçmək, göstərilən tibbi yardımın keyfiyyətli olmasını tələb etmək hüququndan məhrum olan, səhiyyənin bir obyekti kimi baxırdı. Tamamilə aşkar idi ki, bəyan edilmiş humanist dəyərlər və məqsədlər öz qanunlarına tabe olan iqtisadi vasitələrdən təcrid edilmiş şəkildə mövcud ola bilməzdi.
Son nəticədə səhiyyənin resurslarından son dərəcə səmərəsiz istifadə olunur, tibb işçilərinin öz vəzifələrinə qeyri-peşəkar münasibəti kütləvi xarakter daşıyırdı, göstərilən tibbi yardım mədəniyyətindən isə danışmağa dəyməzdi. Sovet İttifaqının dağılması və onun subyektləri arasında iqtisadi əlaqələrin qırılması, dövlətin ictimai-siyasi sisteminin dəyişməsi ölkənin iqtisadiyyatında, sosial həyatında və digər sahələrdə və əlbəttə ki, səhiyyə sistemində köklü islahatlar aparılmasını tələb edirdi.
Hərbi əməliyyatların, Azərbaycan ərazisinin 20 faizə qədərinin işğal edilməsinin, 1 milyonadək qaçqın və məcburi köçkünün olmasının, əhalinin miqrasiyası və nizamsız yerdəyişməsinin dərinləşdirdiyi siyasi, iqtisadi və sosial böhran fonunda respublikanın səhiyyəsi öz resurslarının görünməmiş böhranı ilə qarşılaşmış, səhiyyə sistemi isə əhalinin tibbi-sanitariya yardımına olan minimum ehtiyacını hətta belə ödəmək iqtidarında deyildi. Böhran nəticəsində demoqrafik göstəricilərin pisləşməsi meyili nəzərə çarpırdı. 1992-1993-cü illərdəki çətin proqnozlaşdırılan, müvafiq surətdə 1012,3 % (1992-ci il), 1229,1% (1993-cü il) təşkil edən inflyasiya, tibb müəssisələrinin fəaliyyət göstəriciləri həcminin, demək olar, dəyişməməsi və büdcə təsisatlarının kəskin şəkildə azalması əhalinin sağlamlığının pisləşməsinə şərait yaratmış, sahənin texniki və texnoloji durğunluğuna səbəb olmuşdu. Demoqrafik göstəricilərin pisləşməsi ilə yanaşı, sosial baxımdan təhlükəli infeksion xəstəliklərin dinamikası da mənfi istiqamətdə dəyişmişdi.
Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır
Yalnız 1993-cü ildə respublikada səhiyyə sektorunda vəziyyətin qiymətləndirilməsinə dair səylər göstərildi və sahənin uzunsürən, dərin böhrandan çıxarılması üçün yollar axtarılmasına başlandı. Azərbacan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəyə yenidən rəhbərliyinin ilk günlərindən başlayaraq siyasi, iqtisadi və sosial inkişafın təxirəsalınmaz vəzifələri sırasında səhiyyə problemini də başlıca problemlərdən biri - dərin analitik iş görülməsini, səhiyyə şəbəkəsinin və onun bütün potensialının sosial-iqtisadi formasiyanın prinsipcə yeni şəraitinə uyğunlaşdırılmasını tələb edən problem səviyyəsinə qaldırdı.
Səhiyyə sisteminin istiqamətinin dəyişdirilməsi, əhaliyə tibbi yardım göstərilməsi və bu yardımın təşkili sahəsində islahatlar ölkənin iqtisadi və sosial infrastrukturunu inkişaf etdirməyin qlobal strateji proqramının, bazar iqtisadiyyatına malik dünyəvi, demokratik cəmiyyət qurulması prinsiplərinə söykənən proqramın bir hissəsi kimi müəyyənləşdirildi. Buna uyğun olaraq, bütün sahənin təşkilini, onun xidmətlərinin mahiyyətini və faktik fəaliyyətini, habelə, sahənin səmərəli fəaliyyətini təmin edən ictimai funksiyanı müəyyənləşdirmək yolu ilə onların qarşılıqlı münasibətlərini köklü surətdə dəyişdirmək, dövlət idarəetməsinin yeni sistemini yaratmaq vəzifəsi qarşıya qoyuldu.
Azərbaycan hökumətinin gördüyü tədbirlər, habelə, pullu tibbi xidmətlərin inkişafı və beynəlxalq humanitar təşkilatların yardımı sayəsində səhiyyənin fəaliyyətinin bəzi mühüm istiqamətlərində problemin gərginliyi azaldı və ya aradan qaldırıldı. Bütünlükdə isə, səhiyyə sistemində əsaslı islahatın aparılması Azərbaycan dövlətinin geniş iqtisadi və sosial siyasətində ən vacib vəzifələrdən biridir. Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən, səhiyyənin inkişafına da əsaslı təkan verdi. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artdı.
60-cı illərin sonu, 70-ci illərin əvvəlləri, daha dəqiq desək, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı. Respublikanın xalq təsərrüfatının bütün sahələrində,elm və təhsildə, incəsənət və mədəniyyətdə, səhiyyə və məişətdə sıçrayışlı bir inkişaf dövrü başladı. Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edildi. 90-cı illərin əvvəlləri xalqımızın müstəqillik uğrunda mübarizəsinin ilk illərinə xas olan bir sıra çətinliklərlə müşayiət edilsə də, həmin illər vaxtilə Azərbaycan səhiyyəsində qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal elmi axtarışlarla əlamətdardır. Prezident Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu gün qüvvədə olan Əsasnaməsi məhz Heydər Əliyev tərəfindən 29 dekabr 1998-ci il tarixdə imzalanmış Fərmanla təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 760 №-li Sərəncamı ilə səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyası yaradıldı. Onun tərkibinə iqtisadiyyat, maliyyə, ədliyyə nazirləri, Milli Bankın, Sosial Müdafiə Fondunun, Həmkarlar İttifaqları Konfederasiyasının, Dövlət Sığorta Nəzarətinin sədrləri, digər nazirliklərin və baş idarələrin rəhbərləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsul işçiləri və başqaları daxildir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 49 №-li Fərmanı ilə "Azərbaycan Respublikasında səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında Əsasnamə" təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qanunvericilik aktlarının və Dövlət proqramlarının əməli surətdə həyata keçirilməsi məqsədi ilə bir sıra normativ və metodik sənədlər işləyib hazırlanmış və təsdiq etmişdir.
Səhiyyənin beynəlxalq əlaqələrində yeni mərhələ
Hələ 90-cı illərdə müstəqillik yoluna yenicə qədəm qoymuş, Azərbaycan dövlətinin bütün sahələri kimi, milli səhiyyəmiz və tibb elmimiz də yalnız ölkəmizin çərçivəsində qalaraq inkişaf edə bilməzdi. Günün tələbi Azərbaycan səhiyyəsini dünyaya və həmçinin, dünya səhiyyəsini Azərbaycana bir daha təqdim etmək idi. Bu səbəbdən, 1994-cü ildə Səhiyyə Nazirliyində beynəlxalq əlaqələr üzrə xüsusi şöbə yaradıldı. Şöbənin prioritet vəzifələrinə xarici ölkələrlərin səhiyyə sistemində olan yeniliklər, Azərbaycan səhiyyəsində islahatlar, Azərbaycanda fəaliyyət göstərən donor gurumları ilə səhiyyəyə aid layihələrin hazırlanması, Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı, BMT Uşaq Fondu, USAİD, Sərhədsiz həkimlər, Qızıl Xaç Federasiyası və nüfüzlu qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq daxil idi. Bundan başqa, şöbənin qarşısında ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri, Azərbaycanda olan digər nazirliklərin beynəlxalq əlaqələr idarələri ilə görülən birgə vəzifələr dururdu. Azərbaycanda " Yoxsulluğun azaldılması və iqtisadi inkişaf" Dövlət Proqramının həyata keçirilməsində iqtisadi və sosial məsələlərlə yanaşi səhiyyədə islahatlar əhəmiyyətli yer tutur. Səhiyyəyə aid islahatların həyata keçirilməsində və bu layihələrin dünya standartlarına uyğun səviyyədə olmasının tənzimi beynəlxalq əlaqələr şöbəsinin əsasnaməsinə daxildir. Səhiyyənin prioritet vəzifələrinə daxil olan hədəflər və bunlara uyğun tədbirlərin keçirilməsinin koordinasiyasında Beynəlxalq Əlaqələr Şöbəsi əhəmiyyətli rol oynayır. Belə ki, Azərbaycan Respublikası hökuməti ilə ÜST Avropa Bürosunun birgə fəaliyyətini özündə əks etdirən Medium Text Programme (MTP) adlanan əsas sənədin tərtib edilməsi və onun bütün hökumət və beynəlxalq səviyyələrdə təsdiq olunmasında, sənədin irəliləməsində Beynəlxalq Əlaqələr Şöbəsi fəal iştirak etmişdir.Bu proqram çərçivəsində hər bir layihənin fəaliyyəti, milli mütəxəssislərin beynəlxalq konfrans və seminarlarda iştirakı tədbirləri şöbə tərəfindən əlaqələndirilir. Görülən işlər və böyük səylər nəticəsində artıq bu gün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST) tərəfindən poliomielitdən azad bölgə elan edilmişdir. Təsadüfi deyildir ki, Azərbaycan Səhiyyəsində İnformasiya sisteminin təkmilləşdirilməsi və inkişafı sahəsi 3 dövlət proqramında öz əksini tapmışdır.
Beləliklə, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan müstəqil respublikamız dirçəldikcə, ölkələr arasındakı sərhədlər şəffaflaşdıqca, elmi və iqtisadi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin beynəlxalq aləmə inteqrasiyası artır və əlaqələri genişlənir.
(Ardı var)
RƏFİQƏ KAMALQIZI