İlham Əliyev: "Ölkəmizin inkişafı, eyni zamanda, bölgələrin inkişafından keçir"
Müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur. Azərbaycan Respublikası regionlarının inkişafında müşahidə olunan vəziyyət mövcud potensialdan səmərəli istifadə etməklə regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsini və onlar arasında fərqin minimuma çatdırılmasını tələb edir. Bu baxımdan 2004-2008 və 2009-2013-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları qəbul olunub.
Dövlət Proqramları çərçivəsində bir çox tədbirlər həyata keçirilib davam etdirilməkdədir. Bunların sırasında kənd təsərrüfatı məhsullarının emalı, müəssisələrin istehsal fəaliyyətinin bərpa edilməsi, yeni istehsal müəssisələrinin qurulması, regionlarda sahibkarlara kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılması, infrastrukturun qurulması, əhalinin işlə təmin edilməsi və digər tədbirlər aiddir.
Uğurlu inkişaf, perspektivli nəticələr
"Azərbaycan dövləti uğurla inkişaf edir və biz bu inkişafı Qəbələ rayonunun timsalında açıq-aydın görürük". Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyev bu günlərdə Qəbələdə olarkən bu fikirləri söyləyərək bildirmişdir ki, burada həm sosial, həm mədəniyyət, infrastruktur layihələri uğurla icra edilir. "Bir müddət bundan əvvəl biz Qəbələ Beynəlxalq Aeroportunun açılışını qeyd edirdik. O vaxt mən demişdim ki, əgər biz Qəbələdə müasir turizm obyektlərini yaratmaq istəyiriksə, mütləq beynəlxalq aeroport olmalıdır. Artıq buradan xarici ölkələrə uçuşlar təşkil edilir. Bu uçuşların sayı getdikcə artacaqdır. Qəbələ rayonunun sakinləri və ətraf rayonlarda yaşayan soydaşlarımız da bundan istifadə edirlər. Eyni zamanda, xarici qonaqlar da Qəbələyə indi rahat gələ bilirlər. Yəni, aeroportun tikilməsi, mədəniyyət ocaqlarının, otellərin yaradılması - bütün bunlar reallıqdır və bu, son illərin reallıqlarıdır".
"Ölkəmizin inkişafı, eyni zamanda, bölgələrin inkişafından keçir"
Prezident İlham Əliyev ictimaiyyətlə görüşü zamanı vurğulayıb ki, ölkəmizin inkişafı, eyni zamanda, bölgələrin inkişafından keçir. "Doqquz il bundan əvvəl regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi ilə o vaxtdan bu günə qədər regionlarda çox böyük işlər görülmüşdür. Regionlarla paytaxt arasındakı fərq azalır. Baxmayaraq ki, paytaxt da sürətlə inkişaf edir. Bu fərqi azaltmaq o qədər də asan məsələ deyildir. Ancaq hər bir şəhərdə yaşayış üçün normal şəraitin yaradılması bizim son illərdə apardığımız siyasətin əsas istiqaməti olmuşdur".
Son 9 il ərzində on minlərlə yeni müəssisə yaradılıb, 1 milyon 400 mindən çox iş yerləri açılmış, 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 Olimpiya İdman Kompleksi və digər sosialyönümlü obyektlər istifadəyə verilib, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kredit verilibdir. Bütün bu həyata keçirilən infrastruktur layihələrinin uğurlu tətbiqi nəticəsində bölgələrin siması dəyişir, regionlardan paytaxta miqrasiyanın qarşısı alınır. Eyni zamanda, dövlət başçısı İlham Əliyevin bölgələrə səfərlərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının sürətləndirməsinə dair Sərəncam imzalaması, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması da bu məqsədə xidmət edir. Çünki bölgələrə səfərləri zamanı Prezident İlham Əliyevin əhali tərəfindən böyük sevinclə qarşılanması verdiyi hər bir vədinin konkret əməli işdə təsdiqini tapması, ən başlıcası isə xalq-iqtidar birliyinin möhkəmliyi ilə bağlıdır. "İqtisadi islahatların əsasında xalqın sosial müdafiəsinin gücləndirilməsi dayanır" deyən dövlət başçısı qeyd edir ki. iqtisadi uğurlar yalnız rəqəmlərdə deyil, gündəlik həyatda öz əksini tapmalıdır. Regionların simasının dəyişməsi, bölgələrdən paytaxta miqrasiyanın qarşısının alınması da deyilənlərə əyani sübutdur.
Bölgələrin inkişafında turizm önəmli yer tutur
Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması üçün inkişaf etdirilməsi vacib olan perspektiv sahələrdən biri də turizmdir. Digər sektorlardan fərqli olaraq turizm ekologiyaya zərər vurmayan, xammal və ya industrial texnologiya tələb etməyən, faydalı qazıntıların istifadəsinə ehtiyac duymayan bir sektordur. Təsadüfi deyil ki, bir çox ölkələrin əsas gəlirləri məhz bu sektordan əldə olunur. Dövlət başçısı Qəbələdə olarkən dağ xizəyi mərkəzinin yaradılmasına toxunan dövlət başçısı, qeyd edib ki, bu da son illərin reallıqlarıdır: "Azərbaycanda heç vaxt dağ xizəyi mərkəzləri olmamışdır. Artıq bir neçə aydır ki, Qusar rayonundakı Şahdağ turizm xizək mərkəzi fəaliyyətə başlamışdır. Bu yaxınlarda mənə verilən məlumata görə, şənbə-bazar günlərində iki min insan, turist gəlir və bu imkanlardan istifadə edir. Yəni, bu, Qusar rayonunun inkişafına böyük bir dəstəkdir, orada gedən bütün işlərə böyük təkan verəcək. Eyni qaydada Qəbələdə də xizək mərkəzi yaradılır. Yəqin ki, gələn ildən, bəlkə də artıq bu ilin sonundan fəaliyyətə başlayacaqdır. Bu da əlavə turistlərin cəlb edilməsinə şərait yaradacaq".
Bütün bunlar da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün uğurla davam etdirilməsindən qaynaqlanır.
R.KAMALQIZI