PDF Oxu

Siyasət

  • 35

"Atəşgah" əbədiyaşar bir məbəddir

Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılma, yenidənqurma işləri yeddi ay ərzində başa çatdırılıb

"Atəşgah" əbədiyaşar bir məbəddir

Azərbaycanın tarixi abidələri, mədəniyyəti onun çoxəsrliyini, qədimliyini özündə ehtiva edir. Bu torpağın hər bir qarışında Azərbaycanın milli dəyərləri yaşayır və dünyada ölkəmizin tanınmasında müstəsna rola malikdir. Azərbaycanın paytaxtında yerləşən "Atəşgah" belə abidələrimizdən biridir. Qədim mənbələrdə Azərbaycan, xüsusilə də, Bakı bölgəsi əbədi odların yandığı yer kimi qeyd edilib. Od məbədi olan "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmişdir. Bu Od Məbədi kimyaçı-alim Mendeleyevi, məşhur rus rəssamı Vereşşagini, fransız yazıçısı Aleksandr Dümanı, Nobel qardaşlarını, Cəvahirləl Nehrunu, İndira Qandini, dünya şöhrətli kinorejissor Rac Kapuru, şərqşünas-alim Dornu və bir çox məşhur şəxsiyyətləri öz tarixiliyi və orijinallığı ilə cəlb edib. Suraxanı "Atəşgah"ında gördüklərindən çox heyrətlənən Düma özünün "Qafqaz səfəri" adlı əsərində bu Od Məbədini olduqca emosional və heyrətamiz bir qələmlə təsvir edərək yazırdı: "...Mənzilbaşına çatmağımız iki saat çəkdi. Təpəliyə qalxdıqda, qarşıda təsəvvürə gəlməyən qəribə bir mənzərə açıldı. "Atəşgah" dövrəsindəki binalar, tüstü və alov sovuran yüzlərlə irili-xırdalı ağaclar ovuc içi kimi görünürdü. Külək əsdikcə yanan alovun dilləri sanki qəribə rəqslər edir, gah bulaq kimi qaynayır, gah dalğa tək yan-yörəyə hücum edib şahə qalxır, gah da gözlənilmədən ucalırdı. Elə bir təsəvvür yaranırdı ki, guya külək alovla oynayır, onlar bir-birinə sarılır, sonra bir-birilə əlbəyaxa olurlar. Külək nə qədər cəhd edirdisə, odu-alovu söndürə bilmirdi".

Bəli, "Atəşgah" əbədi yaşar bir məbəddir. Heç də təsadüfi deyil ki, dünyanın unikal turizm guşələrindən olan Abşeron yarımadası və bu məkandakı qədim tarixə malik maddi-mədəniyyət abidələri Azərbaycana gələn hər bir əcnəbi qonaqda xalqımızın zəngin keçmişi və təkrarsız mədəniyyəti barədə güclü təəssürat yaradır. Hazırda dünyada yalnız iki yerdə - Şimali Hindistanda və Azərbaycanda belə bir atəşgah mövcuddur. Atəşpərəstlərin ən ali sitayiş və ibadət məbədi - ziyarətgahı isə məhz Azərbaycandakı Suraxanı "Atəşgah"ıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci ildə Suraxanıdakı "Atəşgah" ərazisinin "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğu elan edilməsi ilə bağlı imzaladığı Sərəncam Azərbaycan tarixi abidələrinə olan diqqətin nümunəsidir.

Belə ki, 2012-ci ilin sentyabrından başlayaraq, Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikinti işləri sürətlə həyata keçirilərək, yeddi ay ərzində başa çatdırılıb. Buradakı əsas binada qoruq idarəsi, muzey, muğam evi, milli tətbiqi sənətə aid olan dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı, həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası və sair var. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binaları və abidələri əks etdirən guşələr yaradılıb. Burada əcdadlarımızın istifadə etdikləri məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur.

Hazırda sahəsi 1368 kvadrat metr, yaxud 0,14 hektar olan "Atəşgah" 1972-ci ildən muzey kimi fəaliyyət göstərsə də, 1975-ci ildə bərpa edildikdən sonra Dövlət Tarix-Arxitektura Muzey-Qoruğunun filialına çevrilmişdir. Əvvəllər olduğu kimi, buraya yenə də hər il yüzlərlə turist gəlir. Onların arasında müxtəlif dinlərin nümayəndələri də var. Onlar bu müqəddəs məkana - Od Məbədinə öz ulu əcdadları kimi həm də ziyarətə gəlir, oda, atəşə, xeyirxah ruhlara dualar oxuyurlar. Novruz bayramlarında isə bura gələn müsəlmanlar həm də qurbanlar kəsirlər.

Suraxanı "Atəşgah"ı unikal şedevr və milli-maddi sərvət kimi bu gün də qədim din olan zərdüştiliyin ardıcılları haqqında ən müfəssəl məlumat verən, bütün yer üzündəki iki nadir "Atəşgah"dan birincisi olaraq qalmaqdadır.

NƏZAKƏT

Digər xəbərlər