PDF Oxu

Siyasət

  • 46

Azərbaycan regionun güc mərkəzinə çevrilir

İlham Əliyev: "Biz hesab edirik ki, bölgəmizin gələcəyi bizim cəmiyyətimizin nə dərəcədə uğurla modernləşməsindən asılı olacaq"

Azərbaycan regionun güc mərkəzinə çevrilir

Zaman keçdikcə, müasir beynəlxalq diplomatiyada dəyişikliklərin baş verməsinin şahidi oluruq. Bu dəyişikliklərin bəzi tendensiyaları qloballaşma prosesinin yaratdığı bir sıra məsələlərlə bağlıdır. Eyni zamanda, müstəqil dövlətlərin suverenliyinin təmin olunması ilə böyük, hegemon dövlətlərin maraqlarının təmin olunması arasında müəyyən ziddiyyətlər yaranmaqdadır. Bu ziddiyyətlər dünyanın yenidən fraqmentləşməsinə, eləcə də, yeni lider dövlətlərin yaranmasına şərait yaradır. Qloballaşma, regionlaşma və sonucda hər bir dövlətin öz marağının reallaşması ilə əvəz oluna bilər. Bu faktorun qarşısının alınması üçün regional birliklərin aktivliyini artırmaq təklif edilən metodlardan biridir.

Regional siyasətin danılmaz uğuru

Cənubi Qafqaz üçün bu məqam daha prinsipial məna kəsb edir. Çünki buradakı dövlətlər arasında münaqişələr mövcuddur və onlar artıq dünya siyasətinə ciddi təsir etməkdədir. İlk növbədə, Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar və işğalçılıq siyasəti regional sabitliyə ən çox mənfi təsir edən amil olaraq sərgiləşir. Bu həqiqət timsalında yerli dövlətlərin regional siyasətinin mahiyyəti ön plana çıxmaqdadır.

Artıq reallıq sübut edir ki, Cənubi Qafqazda, hələlik, yalnız Azərbaycan öz regional siyasətini müstəqil mərkəz kimi ortaya qoyur. Bu, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır. Təhlil etsək, görərik ki, Azərbaycanda yürüdülən uğurlu regional siyasətin iki konkret təzahür forması var. Onlardan biri regional məsələlərin həllində müvəffəqiyyətli diplomatiyadan istifadə etməkdir. Qeyd edək ki, bu gün aktiv diplomatiya müasir tarixi şəraitdə daha əhatəli bir anlayışa çevrilmişdir. Daha dəqiq desək, diplomatiyanın aktivliyini çoxlu sayda regional və qlobal geosiyasi faktorlara bağlılığı xarakterizə edir.

Məşhur fransız diplomatı Taleyran diplomatın üç əsas keyfiyyətə malik olduğunu bildirir: vətənpərvər, peşəkar və əxlaqlı. Bütün bunlara görə regional siyasətin mərkəzi statusunu daşımaq, faktiki olaraq, hər bir diplomatın konkret fəaliyyətindən asılıdır. Aktiv diplomatiyanın bu aspektlərini özündə birləşdirən Azərbaycan regional problemlərin həllində nəticələr almaqdadır. Bunu enerji layihələrinin həyata keçirilməsində, regional münaqişələrin həllində nümayiş etdirilən mövqedə, beynəlxalq terror və narkoticarətə qarşı aparılan mübarizədə və regionun sosial-iqtisadi, mədəni problemlərinin həllində iştirakda aydın görmək olar.

Regional lider kimi qlobal təhlükəsizlik sistemində iştirak

Artıq dünyanın və regionun aparıcı dövlətləri həmin gerçəklikdən çıxış edərək, Cənubi Qafqaz siyasətlərini tənzimləyirlər. Bunların fonunda region dövlətlərinin yeritdikləri daxili və xarici siyasətin aktuallığı daha da artır. O cümlədən, Azərbaycanın bölgədəki mövqeyi daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Bunun əsas səbəbi Azərbaycanın Cənubi Qafqazın iqtisadi və mədəni baxımdan ən potensiallı dövləti olmasıdır. Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi dünyanın aparıcı ölkələri artıq qəbul etmişlər, regionda yeritdikləri siyasətdə həmin faktoru ciddi olaraq nəzərə alırlar. Bu baxımdan, Prezident İlham Əliyevin söylədiyi önəmli fikirlər diqqət çəkir: "Biz hesab edirik ki, bölgəmizin gələcəyi bizim cəmiyyətimizin nə dərəcədə uğurla modernləşməsindən asılı olacaq. Yəni demokratik islahatların inkişafı, iqtisadi islahatların həyata keçirilməsi siyasi sistemin, bizim cəmiyyətimizin modernləşdirilməsi siyasətindəki aktivliyimizdən asılı olacaq".

Həmin fikirlərdə iki mühüm məqam lakonikliyi və konkretliyi ilə ifadə olunmuşdur. Birinci məqam cəmiyyətimizin modernləşməsi ilə daxili və xarici siyasətin sıx bağlı olmasından ibarətdir. İkinci məqam isə bu modernləşmənin Azərbaycanın Cənubi Qafqazın lider dövləti kimi üzərinə düşən geosiyasi, demokratik, iqtisadi, diplomatik və sosial-mədəni vəzifələrin həyata keçirilməsi ilə birbaşa əlaqəli olmasıdır. Hər iki aspektin ümumi fonunda Azərbaycanın güclü və müasir dövlət qurmaq naminə modernləşməsində xarici siyasətin oynadığı rol aktual görünür. O prizmada Azərbaycanın modernləşməsinin ikinci mərhələsində xarici siyasətimizin regional liderlik və təhlükəsizlik baxımından oynaya biləcəyi rolun iki mühüm cəhəti üzərində dayanmaq istərdik. Bu cəhətlər ölkə başçısı İlham Əliyevin çıxışlarında dolğun və dəqiq ifadə olunub.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər