PDF Oxu

Siyasət

  • 36

İlham Əliyev: “Heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaqdır”

İlham Əliyev: “Heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaqdır”

Aprelin 1-də Bakının Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, bu məhəllə qaçqınlar və məcburi köçkünlər üçün indiyədək salınmış sayca 78-ci yaşayış məntəqəsidir. Yeni salınmış məhəlləyə Azərbaycan Dövlət Neft Akademiyasının tələbə şəhərciyində müvəqqəti məskunlaşmış 760 ailə və ya 3420 məcburi köçkün köçürüləcəkdir. Məcburi köçkünlərdən 460-ı Zəngilan, 66-sı Ağdam, 52-si Cəbrayıl, 40-ı Füzuli, 142-si isə Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocavənd, Xocalı rayonlarındandır. Diqqətə çatdırıldı ki, 12 hektar sahəni əhatə edən yeni məhəllədə inşa edilmiş 760 evdən 90-ı birotaqlı, 490-ı ikiotaqlı, 170-i üçotaqlı, 10-u dördotaqlıdır. Məhəllədə 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və s. tikilmişdir. Məhəllənin inşasına ötən ilin aprelində başlanılmışdır. Tikinti işləri bu ilin martında tam başa çatdırılmışdır. Dövlətimizin başçısı əvvəlcə Zəngilan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə maraqlandı. Sonra Azərbaycan Prezidenti Zəngilan rayonundan məcburi köçkün Vəli Quliyevin mənzilində yaradılan şəraitlə tanış oldu. Dövlətimizin başçısı çay süfrəsi ətrafında mənzilin sahibi ilə söhbət etdi. Azərbaycan Prezidenti məhəllədə salınmış "Şəfəq" uşaq bağçası ilə də tanış oldu. Daha sonra Prezident İlham Əliyev 540 şagird yerlik məktəbdə yaradılmış şəraitlə tanış oldu. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məcburi köçkünlərlə görüşlərini, təhsilə diqqət və qayğısını, eləcə də məhəllənin baş planını əks etdirən stendlər quraşdırılmışdır. Prezident İlham Əliyev məktəbin kompyuter otağında, idman zalında yaradılmış şəraitlə tanış oldu, Zəngilan rayonunun "Araz" idman klubunun idmançılarının nümunəvi çıxışlarına baxdı. Dövlətimizin başçısı idmançılarla xatirə şəkli çəkdirdi.

Məktəbin ikinci mərtəbəsində Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət guşə yaradılmışdır. Məktəblə tanışlıqdan sonra dövlətimizin başçısı burada məcburi köçkünlər və inşaatçılarla görüşdü. Prezident İlham Əliyev mərasim iştirakçılarını təbrik edərək dedi ki, bu gün Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni məhəllənin açılışı çox gözəl hadisədir. Prezident qeyd etdi ki, bu şəhərciyin istifadəyə verilməsi bir daha Azərbaycan dövlətinin siyasətini əks etdirir: "Bizim siyasətimiz isə ondan ibarətdir ki, hər şey Azərbaycan vətəndaşı üçün olmalıdır. Məcburi köçkünlərin problemlərinin həlli bütün dövrlərdə diqqət mərkəzində olmuşdur. Birinci qəsəbə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmışdır. O vaxtdan bu günə qədər 77 qəsəbə tikilmişdir. Bu, 78-cidir. Burada yeniliklər də çoxdur. Hündür binalar tikilmişdir. Əminəm ki, bu siyasət gələcək illərdə uğurla davam etdiriləcəkdir. Keçən il 20 min məcburi köçkün öz yaşayış şəraitini yaxşılaşdırmışdır. Bu il də ən azı 20 min köçkünün yaşayış səviyyəsi yaxşılaşdırılacaqdır. Bu işlər bundan sonrakı illərdə də görüləcəkdir. Dövlət bu istiqamətdə öz siyasətini uğurla aparır. Bu il bütün mənbələrdən məcburi köçkünlərin problemlərinin həlli üçün 600 milyon manata qədər vəsait nəzərdə tutulmuşdur. Bu məbləğin 300 milyondan çox hissəsi yeni qəsəbələrin tikintisinə sərf ediləcəkdir. Keçən ilin sonunda biz Müşfiqabad qəsəbəsində buna oxşar məhəllənin açılışını qeyd etmişik. Bu il isə buradayıq. Bundan sonra Mingəçevirdə, Gəncədə, başqa şəhərlərdə yeni qəsəbələr tikiləcəkdir.

Azərbaycan dövləti bütün bu istiqamətdəki işlərini ardıcıllıqla həll edir. Bilirsiniz ki, birinci mərhələdə, əlbəttə, ən ağır vəziyyətdə yaşayan soydaşlarımız, çadır şəhərciklərində yaşayan soydaşlarımız diqqət mərkəzində idi. Biz o proqramı uğurla və vaxtından əvvəl icra edə bilmişdik. 2007-ci ildə sonuncu çadır şəhərciyi ləğv edilmişdir. Ondan sonra bəyan edilmişdir ki, fin qəsəbələrində, yataqxanalarda, məktəblərdə, uşaq bağçalarında yaşayan məcburi köçkünlərin də məsələləri öz həllini tapacaq və artıq bu istiqamətdə də çox vacib işlər görülmüşdür. Bu il fin qəsəbələri tamamilə ləğv edilir və yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin də artıq belə qəsəbələrə köçürülməsi prosesi başlamışdır.

Bakı Dövlət Universitetinin, Dövlət Neft Akademiyasının yataqxanalarında məskunlaşmış vətəndaşlar, o cümlədən də siz artıq bax, bu gözəl qəsəbələrə köçürülürsünüz. Azərbaycanda çox güclü sosial siyasət aparılır və bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Məcburi köçkünlər ən çox əziyyət çəkən insanlardır. Erməni işğalından sonra siz uzun illər çox ağır şəraitdə yaşamısınız. Məcburi köçkünlərin bəziləri hələ də ağır şəraitdə yaşayırlar. Biz bunu bilirik və bütün bu məsələləri ardıcıllıqla həll edirik. Əlbəttə, imkan daxilində. İlk illərdə maliyyə imkanlarımız o qədər də böyük deyildi. Amma buna baxmayaraq, Dövlət Neft Fondundan birinci ödəmələr ulu öndər Heydər Əliyevin göstərişi ilə məcburi köçkünlərin problemlərinin həlli üçün sərf edilmişdi. O vaxt hələ bizim maliyyə imkanlarımız məhdud olduğu bir dövrdə birinci böyük vəsait məhz bu məqsədlərə istiqamətləndirilmişdi. Bu gün əlbəttə ki, iqtisadi və maliyyə imkanlarımız böyük dərəcədə artmışdır. Ona görə də, görülən işlərin həcmi də artmışdır. Yenə də deyirəm, təkcə bu il 600 milyon manatdan çox vəsait bu məqsədlər üçün sərf ediləcəkdir. Bu, böyük məbləğdir. Ancaq o da həqiqətdir ki, hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var - həm Bakıda, həm başqa şəhər və rayonlarda, məktəblərdə, uşaq bağçalarının binalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda. Bu məsələlər tədricən öz həllini tapacaqdır. Bu il 20 min köçkün yeni mənzillərlə təmin ediləcəkdir. Bu qəsəbədə isə 3500-ə yaxın məcburi köçkün yaşayacaqdır. Bu, əslində bir şəhərcikdir.

Görülən bütün bu işlər bir daha onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu günə qədər 140 min məcburi köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür. Yəni bu, böyük bir işdir, elə bil ki, yeni böyük bir şəhər salınmışdır. Onu da bilməliyik ki, dünyada ən çox qaçqın-köçkün olan ölkə Azərbaycandır. Azərbaycanın əhalisi artır. Ancaq, eyni zamanda, məcburi köçkünlərin də sayı artmaqdadır. 1992-ci ildə onların sayı bir milyon idi, indi isə artıq 1 milyon 100 min, bəlkə də 1 milyon 200 min məcburi köçkün vardır. Əlbəttə ki, bu, böyük maliyyə vəsaiti tələb edən məsələdir. Ancaq yenə də deyirəm, nəzərə alsaq ki, Azərbaycanda sosial siyasət çox uğurla aparılır, birinci növbədə ən böyük vəsait məcburi köçkünlərin problemlərinin həlli üçün nəzərdə tutulmuşdur. Gələcək illərdə də bu siyasət davam etdiriləcəkdir. Ola bilsin ki, gələcək illərdə daha da böyük məbləğlər ayrılacaqdır. Amma onu da bilməliyik ki, keçən il Dövlət Neft Fondundan bütün dövrlərdə ən böyük məbləğ ayrılmışdır - 300 milyon manat. Əvvəlki illərdə 100 milyon, 200 milyon, yəni, ötən il 300 milyon manat, bu il də 300 milyon manat təkcə Neft Fondundan ayrılmışdır. Eyni zamanda, ilin əvvəlində Prezidentin ehtiyat fondundan da 14 milyon manat təxirəsalınmaz tədbirlərin görülməsi üçün ayrılmışdır. İstisna deyil ki, il ərzində ehtiyat fonddan bu məsələlərə yenə də vəsait ayrılacaqdır. İndi Azərbaycan iqtisadiyyatı o qədər sürətlə inkişaf edir ki, bizim o qədər də böyük maliyyə problemlərimiz yoxdur. Ancaq biz ölkə qarşısında duran problemləri də həll edirik. Əlbəttə ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması onların arasında ən böyük diqqətə layiq olan məsələdir. Ancaq digər məsələlər də var - infrastruktur layihələri, abadlıq-quruculuq, yenidənqurma işləri. Dövlət büdcəmizin həcmi artır, amma xərclər də artır və bu məsələləri uğurla həll etmək üçün biz hələ çox işləməliyik.

O ki qaldı əsas məsələnin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Azərbaycanın mövqeyi birmənalıdır. Bu mövqe həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Hazırda işğal altında olan bütün torpaqlar tarixi torpaqlarımızdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu deməyə əsas verən bir çox amillər vardır. Onların içərisində həm hüquqi, həm siyasi, həm tarixi, həm də iqtisadi amillər vardır. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bütün beynəlxalq təşkilatlarda qəbul edilmiş qətnamələr bunu göstərir. Yəni, bu, məsələnin həlli üçün əsas hüquqi və siyasi şərtlərdir.

Eyni zamanda, bölgədə qüvvələr nisbəti artıq bizim xeyrimizə dəyişmişdir. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Ermənistan isə ildən-ilə tənəzzülə uğrayır. Bizim əhalimiz artır - artıq 9 milyon 300 min nəfərdir. Ermənistanın əhalisi hətta onların rəsmi statistik məlumatlarına görə ildə təxminən 100 minə qədər azalır. Ona görə, mən deyəndə tam əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir, bu amillərə əsaslanıram. Ancaq eyni zamanda, mən də, hər birimiz də çox istəyirik ki, bu məsələ tezliklə həllini tapsın. Biz çox istəyirik təxirəsalınmaz tədbirlər görülsün ki, işğala son qoyulsun. Əfsuslar olsun ki, dünyada mövcud olan ikili standartlar, ikili yanaşma məsələnin həllinə imkan vermir.

Münaqişənin birinci mərhələsində demək olar ki, Ermənistan ilə Azərbaycan arasında hərbi və iqtisadi sahədə paritet mövcud idi. Ancaq biz artıq bu pariteti dəyişdirə bilmişik. Bu gün fərq çox böyükdür. Fərq böyüdükcə beynəlxalq təşkilatlardan və bu məsələ ilə məşğul olan ölkələrdən yeni mesajlar gəlir - məsələ yalnız sülh yolu ilə həllini tapmalıdır, başqa yol ola bilməz.

Ermənistan torpaqlarımızı hərb yolu ilə işğal edib. O vaxt bu işğalın nəticələrini aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Onların heç biri 20 ildir ki, icra edilmir. Necə ola bilər ki, hansısa başqa bir məsələ ilə bağlı qətnamə qəbul edilir və bir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildir ki, məsələ həllini tapmır və biz ancaq məsələnin sülh yolu ilə həll edilməsini eşidirik. Nəyə görə? Ona görə ki, ikili standartlar vardır. Bizim tam hüququmuz vardır və beynəlxalq hüquq bizə bu imkanları tanıyır ki, biz istənilən yolla ərazi bütövlüyümüzü bərpa edək. BMT-nin Nizamnaməsində bu müddəalar vardır ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün imkanlardan istifadə etməlidir. Helsinki Yekun Aktında ölkələrin ərazi bütövlüyü prinsipi hər bir başqa prinsipdən üstündür, o cümlədən ölkələrin, xalqların öz müqəddəratını təyinetmə prinsipindən üstündür. Ancaq ədalətsizlik, ikili standartlar, erməni lobbisi və onun dünyadakı havadarları, bir də vasitəçilərin passivliyi deyə bilərəm ki, məsələnin həlli üçün lazımi şəraiti yaratmır. Ancaq buna baxmayaraq, biz öz siyasi və diplomatik səylərimizi daha da böyük əzmlə, iradə ilə davam etdirəcəyik. Beynəlxalq təşkilatlarda fəaliyyətimizi daha da fəallaşdıracağıq. Eyni zamanda, ordu quruculuğu işində daha da ciddi addımlar atılacaqdır. İqtisadi və regional məsələlərdə Ermənistanı indiki təcrid vəziyyətində saxlamaq üçün bütün imkanlardan istifadə edəcəyik. Əminəm ki, bu kompleks tədbirlər nəticəsində və ölkəmizin artan qüdrəti hesabına biz ərazi bütövlüyümüzü tezliklə bərpa edəcəyik. Bir daha demək istəyirəm, məndə heç bir şübhə yoxdur ki, biz doğma torpaqlarımıza, o cümlədən Zəngilana da, Qarabağa da, Şuşaya da qayıdacağıq və Azərbaycan bayrağı bütün şəhərlərimizdə dalğalanacaqdır. Buna şübhəm yoxdur. Sadəcə olaraq, biz hamımız istəyirik ki, bunu tezliklə həll edək və tezliklə sizi doğma torpağınıza göndərək və orada sizin üçün gözəl binalar, evlər tikək, qəsəbələr, şəhərlər salaq."

Zəngilan rayonundan məcburi köçkün Xuduş İsgəndərov göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkdirildi.

Digər xəbərlər